“PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN” – Tapdıq Əlibəylinin Qarabağ şeirləri

2 0

Müdhiş, barıt-qan qoxulu 20 Yanvar gecəsində iki körpə oğul övladını ömürdaşına əmanət edib, qan yaddaşının azadlıq təşnəli təlqini ilə Bakının soyuq ruzigarında əliyalın gülləbaranla üz-üzə qalan istiqlal şairi Tapdıq Əlibəyli onu tanıdığım illərdən bəri Vətən sevdalısı olaraq daima bu torpağın təəssübünü   öz qələm  səngərində çəkməkdədir. Qarabağ leytmotivi onun poetik səngərinin ön xəttidir. Yurd işğalı illrində o, bu səngərdən andına sadiq bir əsgər olaraq heç zaman geri çəkilməmişdir. Bu illər ərzində T.Əlibəyli süngü-qələmindən çıxan əksər bədii nümunələr torpaq  itkisinin yaddaş kitabında qalacaq şeirlərdir.
Şairin Qarabağ savaşına həsr olunmuş “Payız çöhrəsində yazdı 44 gün” adlı kitabı da məhz bu düşüncənin ehtiva etdiyi bir ədəbi örnəkdir.

Kitab iki bolümdən ibarətdir. Birinci bölümdə xalqımızın güvənc yeri Azərbaycan əsgərinin qələbə müjdəli, şanalı  44 günlük savaş yolu, ikinci bölümdə isə torpaq itkisinin ağrılı-acılı günlərinin səhifələri verilmişdir. Təbii  ki, şeirlərin məna və məzmun baxımından bu səpkidə sıralanması təsadüfi deyildir: biz xalq olaraq qalibiyyət dolu bu günümüzlə qürur duymaqla yanaşı,  faciələrlə dolu ötən illərimizi də  unutmamalıyıq… Kitabda yer alan şeirlərin bu məzmunda ardıcıllıqla verilməsində bir ədəbi məntiq, oxicuya mesaj var: millət olaraq unutqanlıq mili faciələrin başlanğıcıdır…

İşğal illərində “Vətənin nicatı əsgərindədir”,-deyən qələmdaşım eyniadlı şeirində yazırdı:

Vətən, təklənmisən gör neçə vaxtdır;

Əsrin əvvəlində, əsrin sonunda.

Yağı at oynadır, gör necə vaxtdır,

İblis xislətində, mələk donunda…

Qarabağ mövzusuna şairin öz  fərdi baxış bucağı vardır. Hiss olunur ki,  hansı mövzuya toxunduğunun fərqindədir. Qarabağın işğal illərinə real poetik baxışdan yanaşan şair lakonik, sərrast misralarla əzəli və ikili dünya siyasətnin məntiq düsturunu oxucuya  çatdırmağa çalışır. “Qanına qəltan Xocalı” poeması məhz bu qəbildəndir:

Dünaya zor dilində danışır yenə,

Min il də, yüz il də əvvəl beləymiş…

Həqiqət gör necə düşüb düyünə,

Ədalət libasın şər geyinərmiş.

“Ədalət libasın şər geyinərmiş” , – deyən şair əsərdə insan şəxsiyyətinin psixoloji dramını gözlərimiz qarşısına gətirir. Fərdi insan talelərinin faciələrini   ümumiləşdirərək vahid obrazda canlandırır və beləliklə, oxucu soyqırım şahidlərinin və şəhidlərinin obrazını poemada görə bilir.

Kişilər ağladı kişi sayağı…

Sinəsin gülləyə sipər eylədi.

Yalanmış kişinin ağlamamağı,

Gözündəki yaşı öz qeyrətiydi.

Türk yazarı əzəldən bir haqq aşiqi olub, bəşəri eşqi nəzmə çəkib. Türk əxlaq kodeksində xaliqin yaratdıqlarına kin-küdurət, ədavət yaddır. Bədii təfəkkürümüzdə də zaman-zaman bu öz inikasını tapıb. Əsərdə də şair insan qanına susayan düşmənə münasibətində öz qələm sələflərinin məslək, baxışlarına sadiq qalmışdır:

Qələmim güc alıb sevgidən, Allah!

Nifrət, ədavəti düşmən secibdir…

Qanım qisas deyir, məndə yox günah,

Yağı öz boyuna ölüm biçibdir…

Qaçqın, köçkün qardaş-bacılarımızın çadır düşərgəli həyatı milətimizin qan yaddaşının kədər dolu səhifələridir. Zaman-zaman şairlərimiz xalqın ağır günlərində məmləkətə bir mayak rolu oynamışlar. Qaranlıq tunelin sonunda işıq görmək ruhsal yazarlarımızın ədəbi ana yasasında həmişə öncül yer tutmuşdur. Tapdıq Əlibəyli məhz bu qəbil şairlərimizdəndir. “Çadır şəhərcik” şeirində çadırda dünyaya gələn körpələrimizdən söhbət açarkən dünyaya gəldiyi çadır yerini böyüyəndə yurd yeri sanacaqlarından narahatçılıq keçirən şair yağı tapdağında tapdanan torpaqlarımızı azad etməyə səsləyir və beləliklə, şair vədəndaş mövqeyini ortaya qoyur.

Hayların  hiyləsi tülküdən  betər,

Möhürdür adına xisləti, izi…

Çadır şəhərcikdə yaşamaq yetər,

Taqdanan torpaqlar səsləyir bizi!..

Xalqa bağlı şair ruhu bir inam bayraqdarıdır. Otuz ilə yaxın işğal dönəmində Tapdıq Əlibəyli poeziyası oxucularına həmişə inam pəncərəsi olmuşdur. Oxucu bu pəncərədən qələbə dolu sabahlarına inamla baxmışdır.

“Zəfər ovudacaq torpağın ahın…”, – deyən şair o illərdə bu günümüzə xitabən yazırdı:

Zəfər ovudacaq torpağın ahın,

Qələbə rəhniylə açır sabahın.

Torpaq bağışlamaz düşmən günahın,

Günahkar cəzasın alan günüdür…

Nəhayət ki,   qələbə müjdəli o günlər gəldi! İllərlə qəlblərdə cücərən ümid toxumları 2020-ci ilin payızında boy verdi… Payız bar-bəhər fəslidir. Xalqımız ötən payızda çoxdan gözlədiyi qələbə nübarını müzəffər ordumuzun sayəsində ümid ağacından dərə bildi.

Qarabağsız böyüyən oğullarımız zəfər salnaməsi yazdı. Məhmədciklərimiz yurdumuzun daş yaddaşına öz adlarını qanla həkk elədi. Qanla yazılan tarix yaddaşımızın ədəbi ayanasına da bir mayak oldu. İstər savaş günlərində, istərsə də qələbədən sonra neçə-neçə qələm sahibləri bu mövzuya müraciət etdi. Şairlər öz   düşüncələrini poetik şəkildə dilə gətirdi… Ötən payız çöhrəsində yazdı: “44 Gün”

44 gün dolu xalqımızın qələbə sevinclərini,  itkilərini,  gözləntilərini  bizlərə bir daha yaşatdı.

İstedadlı yazarımız Tapdıq Əlibəylinin qəlbimizdə yaşayacaq o günlərə həsr olunmuş kitabının da məhz “Payız çöhrəsində yazdı 44 gün” adlandırması yadda qalan, oxucu diqqətini çəkəndir…

Bürüsə də duman, çən Qarabağı,

Zəfər çiçəklədi bağrının dağı.

Yadda boz illərin çiskin-sazağı…

Payız çöhrəsində yazdı 44 Gün.

İllər uzunu ikili standartlara, tarixi ədalətsizlik və haqsızlığa qarşı 44  gün   ərzində Azərbaycan əsgəri  savaş meydanında öz polad qətiyyətini göstərdi. Yağı qıfılaına ordumuz açar oldu. Məhz bu məntiqi nəticənin bədii təzahürünü şairin “Xilaskar ordunun Vətən  savaşı” şeirində aydın görə bilirik :

Yağı qıfilına Ordumuz açar,

Məğlub aqibətə işğalçı düçar,

Qəsbkar erməni boğulur naçar…

Sevinc göz yaşında Azərbaycanın!

Savaş günlərində qalibiyyətumuzin əsas məhək daşı xalq – ordu birliyi, ordu -Ali Baş Komandan, komandan – ordu qarşılıqlı inamı oldu. Təsadüfi detyildir ki, məhz o günlər Azərbaycan əsgərindən, zabitindən inam və qürurla   danışan Ali Baş Komandanımız deyirdi: “Torpağı işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onalar qaldırıblar, torpağı da onlar işğalçılardan təmizləyiblər”. Uğur savaşına imza atan müzəffər Azərbaycan əsgərinin qəhrəmanlıq obrazına müraciərət edən şair yurd keşikçisinin xarekterik  cizgilərini, cəsarət xarizmasını öz oxucusuna ustalıqla çatdıra bilmişdir:

Ordum yurdun torpaq səsi,

Ğoz bəbəyi, keşikçisi.

Vətən – ürək döyuntüsü

Azərbaycan əsgərinin.

Əlbəttə, Azərbaycan əsgərini qələbəyə aparan Vətənə sonsuz sevgi, Ali Baş Komandana,  xalqa olan inamı idi. Ali Baş Komandanımızın şanlı sərkərdə obrazı  şairin “İlham Heydər oğlu-şanlı Sərkərdə” şerində cəsarət,  qətiyyət rəmzi kimi gözlərimiz qarşısında canlanır:

Mübarizlik ruhu Türk xislətində,

Ərənlik – ululuq ər qüdrətində,

Müzəffər qüvvəti el vəhdətində –

İlham Heydər oğlu – Şanlı Sərkərdə!

Türkün genetik qan yaddaşı tarix yaratmış, tarixə imza atmış ərən ulusumuzun çətin dönəmlərində həmişə vəhdət, birlik oyanışına səbəb olmuşdur. Tarixin sınağından çıxmış Türkiyə – Azərbaycan qardaşlığı   buna  bir örnəkdir.Türkiyə VƏ Azərbycan nə xoş ki, artıq bir millət, iki dövlət məqamına gəlmişlər; bunu Vətən müharibəsi bir daha sübut etdi. Metelərin, ərtoğrulların layiqli varisləri Azərbaycan və Türkiyə dövlət başçılarının, 44 günlük savaş dönəmində  vahid mövedən çıxış etməsi bu əbədi qardaşlığın bariz nümunəsi idi. İllər ötdükcə qardaşlığımızın bu dönəminə yazarlarımız dönə-dönə müraciət edəcək və bu birliyə dair yaddaşlarda həkk olacaq ədəbi nümunələr yaradacaqlar. Elə bu baxımdan, T. Əlibəyli qələmindən çıxan türk dünyasının şanl oğlu Rəcəb Tayyib Ərdoğana həsr olunmuş “Ərdoğan” şeiri diqqətçəkəndir. Bu poetik nümunədə şair Turan dünyasının boyük siyasi simasını zalımın zülmünə sipər obrazı olaraq məharətlə səciyyələndirir:

Zəfər dalğalıdır hürr bayrağımız,

Atilla… Atatürk Türk sorağımız,

Əzəldən çatılıb gur ocağımız,

Ulu məmləkətə öndər Ərdoğan!

Ədalət düşübsə necə düyünə,

Şər xeyrin donunu geyib əyninə.

Dünya zor dilində danışır yenə…

Zalımın zülmünə sipər Ərdoğan!

“Şəhidlər ölməz, vətən bölünməz”, – hayqırtısı ilə cəbhədə savaşan Azərbaycan əsgəri   qaziliyə də, şəhidliyə də  mübarək qədəmlə addımaldı. Döyüşkən hər bir Azərbaycan övladı üçün Şəhidlik bir ölümsüzlük məqamıdı. Qutsal Kitabımızın buyurduğu kimi, Şəhidlərə ölü deməyin, onlar diridilər.

Xalqımızın şəhidlərə münasibətində “vida” kəlməsi yoxdur, bir “salam” kəlməsi var.   T. Əlibəyli  “Şəhidlərə salam olsun” şeirində bu hikməti bir daha yada salır:

Körpələrin yuxusundan,

Süd ətirli qoxusundan,

Dan yerinin yaxasından 

Şəhidlərə salam olsun!

Tapdıq Əlibəyli poetik baxışında şəhidlik məqamının fəlsəfi anlamının  türkün genetik qan yaddaşından qaynaqlandığı bir daha gözlərimiz önündə sərgilənir.

Ərənlərin dünyasından,

Anaların duasından,

Elin ismət, sonasından 

Şəhidlərə salam olsun!

Bu anlamda torpaq şəhid qanıya vətəndi, vətən şəhid qanıyla bütövləşəndi. “Şəhid məzarı” şeirində şair bu anlamı poetik məntiqin dili ilə qabarıq şəkildə misralamışdır:

Torpaq vətənləşər Şəhid qanıyla,

Vətən bütövləşər Şəhid qanıyla,

Torpağın bətnində adı-sanıyala

Vəhdət məqbərəsi – Şəhid  məzarı…

Azərbaycan əsgərinin  işğaldan azad etdiyi hər bir zirvə təkcə coğrafi anlam deyildir, eyni zamanda xalqımzın bir zamanlar əldən verdiyi mənəvi meyar-dəyərlərimizin zirvə rəmzləridir.   Biz o zirvələri düşməndən təmizlədikcə, mənən zirvələrdə yaşamağa haqqı olan xalq olduğumuzu dünyaya bəyan etdik. Mədəniyyət beşiyimiz olan Şuşamızın, zirvələrdə qərar tutmuş bu qədim şəhərimizin yağı tapadağından azad edilməsi ilə illər əvvəl itirdiyimiz o zirvələrə qayıtdıq.   Əsli qədim xan şəhərimizə doğru gedən yollar vətən əsgərinin cəsarəti, qəhrəmanlığı ilə qət edildi. Şairin “Şuşaya yol gedir, yol gedir” şeiri bu vətən yolunun- zəfər yolunun müqəddəs anlamından bəhs edir:

Haqq yolu Şuşaya sarıdı,

Gözümün kokü ki saraldı…

Yaramı bu yollar sarıdı,

Şuşaya yol gedir, yol gedir!.

.

Yurdumun sərkərdə, əsgəri,

Çapır dördnala kəhəri…

Xilaskar Ordunun zəfəri,

Şuşaya yol gedir, yol gedir!..

Müzəffər ordumuz Şuşamıza bayraq sancmaqla xalqımıza bir gözaydınlıq müjdəsi verdi. Sabaha baxışımızda  zamanın üfüqləri aydınlaşdı. Şair 8 noyabrda, tarixi bir gündə qələmə aldığı “Şuşamıza bayraq sancdıq” şeiri ilə bir vətəndaş qələm adamı olaraq həmin tarixi günü ədəbi yaddaşa köçürmüşdür:

Gözün aydın, Azərbaycan!

Başdan-basa nura boyan!

Qarabağda söküldü dan…

Azad oldu əsir torpaq,

Şuşamıza sancdıq Bayraq!

Cıdır düzü gülür üzə,

Xarıbülbül süzə-süzə…

Ruhum təzə, sözüm təzə,

Ordumuzdan gəldi soraq:

Şuşamıza sancdıq Bayraq!

Haqq savaşı aparan hər bir ordunun son dayanacağı zəfər paradıdır. Bütün cəbhə yolları sonda zəfər paradından keçir. Bir xalq olaraq 44 gün ərzində zəfər paradına layiq olduğumuzu bir daha  sübuta yetirdik. Bu yolu 30 ilə yaxın qət etdik. Zaman məsafəsi uzun olsa da, tarixdə zəfər paradı keçirən  xalqlar sırasına öz imzamızı atdıq – qalib imzamızı.

İllər ötdükcə ordumuzun zəfər paradı neçə-neçə yazarımızın ilham mənbəyinə çevriləcək, ədəbi taleyinə ayna tutacaq. Şair Tapdıq Əlibəylinin “Zəfər paradı” şeirini  bu mövzuda yazılmış ilk qaranquşlardan hesab etmək olar.

Müəllif  poetik qələmin dili ilə xalqımızın zəfər bayramını bir daha gözlərimiz qarşısında canlandırır. Şairin dilindən səslənən misraların axarında bu qalibiyyəti xalqımıza yaşadanlara – şəhidlərimizə, qazilərimizə, qalib-əsgər adına ümumxalq ehtiramının bədii təcəssümünü görürük:

Baş meydan başını dik tutub, Yurdum,

Sinəsin süsləyib Zəfər paradı.

Müzəffər yürüşdən dönübdür Ordum,

Şəhid, qazı, qalib – əsgərin adı!..

Salam, 44 günlük döyüş bayrağım!

Şöləndə şanlı yol, Vətən savaşım.

Salam, halal haqqım, Zəfər bayramım!

Səninlə üzüm ağ, ucadır başım!..

Səsin, Azərbaycan, ucadan gəlir!

Simana Qarabağ işığı düşür…

Zəfər günəşinlə səfəqlənib dan,

Şahinlər gözündə yer-göy görüşür…

Qoy daima zəfər günəşində şəfəqlənsin dan, səsin ucadan gəlsin, Azərbaycan!..

                        Ramiz Oğuz
                        Şair-publisist

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş