Aygün Həsənoğlunun yeni kitabları nəşr edilib – İstanbuldan xoş xəbər!

1 0

“Azad Şuşa” xəbər verir ki, hazırda İstanbulda yaşayan yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru, çoxsaylı məqalə və kitabların müəllifi Aygün Həsənoğlunun bu günlərdə uşaqlara həsr edilmiş 4 kitabı çap edilib. 172 səhifəlik “Nənə sandığı” kitabında 62, 200 səhifəlik “İncilər” kitabında 50 nağıl və hekayə çap olunub. 200 səhifəlik “Hər kəsin öz nəğməsi” və 168 səhifəlik “Ceyhunun zaman maşını” kitabları da uşaqlar üçün yazılmış romanlardır.

Kitabların tərtibatı rəngarəngliyi və mahiyyəti ilə diqqəti cəlb edir. “Nənə sandığı” kitabının üz qabığında qədim mədəniyyətimizin bir parçası öz əksini tapıb. Hər qadının cehiz sandığı, həm də uşaqların sevimli şirniyyatlarının saxlandığı yer kimi təqdim edilir.

Kitabın üz qabığındakı sandıqdan isə şirniyyat deyil, obrazlar (yəni nağıllar) çıxır. Xarıbülbül də unudulmayıb. Üz qabığındakı üçrəngli şarların Azərbaycan bayrağının simvolu olduğunu başa düşmək çətin deyil.

Kitabda Azərbaycan xalçalarının təbliğinə də yer verilib. Üz qabığında uçan xalça, arxada isə Şirvan xalçası və xalçanın üzərindəki naxışları izah edən müəllim rəsmi vardır.

“İncilər” kitabının üz qabığında xalça üzərində oturmuş uşaqlar ananın nağıllarına qulaq asırlar. Ortada Novruz xonçası var. Arxada isə balaca bir planetdə Xarıbülbül əkən uşaq görürük. “Hər kəsin öz nəğməsi” romanının da üz qabığında Xarıbülbül təsvir olunub.

“Ceyhunun zaman maşını” romanının üz qabığı isə xüsusilə maraqlıdır. Üz qabığında təqdim olunan rəsmlər mövzunun planetlərlə bağlı olduğunu göstərir və planetlər arasında Azərbaycan şirniyyatlarını – qoğal, şəkərbura, şəkərçörəyi, üçqulaq və paxlavanı görürük. Əsəri oxuyanda öyrənirik ki, qoğal günəşin, şəkərbura ayın, şəkərçörəyi yerin vulkanla yaranışının, üçqulaq ulduzun, paxlava isə Yerin rəmzidir. Bu fikirlərlə “Nənə sandığı”ndakı “Süfrəmizdəki planetlər” nağılında da tanış oluruq.

“Ceyhunun zaman maşını” romanının arxa qabığında Qız qalasını və qalanın üzərində səma cizmlərini teleskopla izləyən uşaqları görürük.

Planetlər, uşaqlar və Qız qalası, üstəlik Xarıbülbülün bir yerdə təqdim olunması maraq oyadır.

Təbiət, planetlərlə birlikdə adət-ənənələrimizlə, tariximizlə bağlı milli vətənpərvərlik duyğuları oyadan, tarixə və milli-mənəvi dəyərlərə hörmət hissi aşılayan bədii nümunələrin olduğu bu kitablar tərbiyəvi, maarifləndirici, məlumatlandırıcı xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Xatırlatmaq istəyirik ki, Aygün Həsənoğlu uşaqlar üçün pyeslər də yazıb. 3 pyesi Azərbaycanda, bir pyesi də Türkiyədə səhnələşdirilib. 5 pyesin olduğu “Uşaqlar üçün pyeslər” kitabını 2002-cu ildə nəşr etdirib.

Hazırda uşaqlar üçün yazdığı daha 2 romanı nəşrə hazırlayan müəllif uşaqlar üçün roman yazmaqda məqsədinin onları böyük həcmli əsərlər oxumağa alışdırmaq olduğunu bildirir.

Bu kitabların orta məktəblər üçün dərslik rolunu oynayacağına və cizgi filmləri üçün lazımlı material olacağına inanırıq.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
1
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş