Hər gün bir qəhrəman doğulur – Əliqismət Yaqublu

1 0

Yaqublu

Əliqismət Mükafat oğlu

(18.04.1992-05.11.2020)

 

“Azad Şuşa” xəbər verir ki, bu gün Vətən müharibəsi şəhidi Əliqismət Yaqublunun ad günüdür.

O, Lerik rayonunun Kələxan kəndində anadan olub. 2007-ci ildə Lerik şəhər 3 saylı orta məktəbin 9-cu sinfini bitirib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Hərbi liseyi bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə buranı da müvəffəqiyyətlə başa vurub. Daha sonra Azərbaycan SQ-nin TTM-i bitirib, 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən N saylı hərbi hissəyə təyinat alıb.

Sonra öz ərizəsi ilə cəbhə bölgəsinə gedib və Beyləqan rayonundakı hərbi korpusda xidmətə başlayıb. 2016-cı ilin 4 günlük Aprel müharibəsində də iştirak edərək döyüşlərin gedişatında fərqlənib. Aprel döyüşlərindən sonra xidmətini Qobustan rayonu ərazisindəki N saylı hərbi hissədə davam etdirib. 2017-ci ildə yenidən öz istəyi ilə cəbhə bölgəsinə – Ağcabədiyə yollanıb.

2018-ci ildən Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin Kimya xidməti rəisi vəzifəsini icra etməyə başlayıb. XTQ-nin idarəetmə zabitlərindən biri olub.

Vətən müharibəsi başlayandan sonra XTQ baş leytenantı Əliqismət Yaqublu da döyüş əməliyyatlarında iştirak etməyə başlayıb. O, Murov dağının, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının və Kəlbəcər və Laçın rayonlarının bir sıra kəndlərinin azad edilməsi uğrunda döyüşlərin və hücum əməliyyatlarının iştirakçılarından olub və rəşadətlə vuruşub.

Baş leytenant Əliqismət Yaqublu Şuşa şəhərinin işğaldan azad olunması uğrunda döyüşdə xüsusi xidmət göstərib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edərək 5 noyabr 2020-ci ildə Daşaltıda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Anadan olduğu Lerik rayonunun Kələxan kəndində dəfn edilib. Evli idi. İki övladı Vətənə əmanət qalıb.

“Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və başqa medallar, mükafatlarla təltif edilib, xatirəsini əbədiləşdirmək məqsədilə Lerikdə bulaq kompleksi tikilib.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş