Gözün aydın, Akif Məftun Tofiqoğlu! – Kərim Kərimli yazır

2 0

Yazı şair dostum Akif Məftun Tofiqoğlunun 65 illik yubileyi və sayca üçüncü kitabının işıq üzü görməsi münasibətilə keçirilən tədbirdə etdiyim çıxış və kitaba yazılmış “Ön söz” əsasında hazırlanıb.

 Bu gün bura toplaşan və müəyyən səbəblərədn gələ bilməyən, lakin ürəyi Akif müəllimlə olan insanların hamısı üçün bayramdır.

 Bu bayram əhval-ruhiyyəsini yaradan amil hər şeydən əvvəl yubileyinə toplaşdığımız insanın şəxsiyyətidir.

 İnsan yaxşı müəllim, yaxşı yazıçı-şair, yaxşı həkim, istənilən sahə üzrə yaxşı mütəxəssis ola bilər, amma yaxşı insan deyilsə, şəxsiyyəti yoxdursa, ləyaqətində qüsur varsa, heç vaxt tam ola bilməz, istənilən mövqedə yarımçıq, natamam təsiri bağışlayar. Allaha çox şükür ki, ümumun nəzərincə desəm, dostumuz, qardaşımız, müəllim yoldaşımız, həmkarımız, həmyerlimiz, əzizimiz şair Akif Məftun Tofiqoğlu Quliyev məhz belə tam, bütöv, kamil şəxsiyyətlərdən biridir və bu gün onun 65 illik yubileyini qreyd etmək hamımızın ürəyindəndir.

 

Biz buna çox sevinir, çox fərəhlənir, böyük ürəklə Akif müəllimin sevincini bölüşürük.

 

***

 

Şairin öz təbirincə desək,

 

…Mənimlə bir ömür yolçusu oldu,

Ömrümün axırı, əvvəli dünya.

Əvvəli bir çılğın gəncliyi ilə,

Axırı bir şirin nəvəli dünya.

 

Bu şirin nəvəli dünyada artıq ömrünün, özünün dediyi kimi “şirin nəvəli” dövrünü yaşayan və xoşbəxt baba olan Akif Məftun Tofiqoğlunun poeziya aləmi, yaradıcılığı da şeiriyyətin kamilləşmə və sanki yenidən doğulma mərhələsini yaşayır və demək olar ki, hər gün yeni-yeni parlaq nümunələr yaradır.

 

***

 

İstedadlı şair Akif Məftun Tofiqoğlu Quliyev 11 may 1958-ci ildə Şuşa rayonunun İmamqulular kəndində anadan olub. 1975-ci ildə Şuşa rayon Səfixanlar kənd orta məktəbini, 1980-ci ildə isə Xankəndi Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib, təyinatla rayonun Şırlan kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. Bir müddət sonra o, rayonun Turşsu qəsəbəsinə dəyişilib və Şuşanın işğalına qədər buradakı qəsəbə orta məktəbinin riyaziyyat müəllimi və Turşsu qəsəbə Mədəniyyət evinin müdiri olub. Şuşanın işğalından sonra uzun müddət Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən Şuşa rayon 10 saylı tam orta məktəbində riyaziyyat müəllimi və Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. Artıq kamillik zirvəsinə doğru addımladığı pillələrdən birində, əslində isə yeni gəncliyinin başlanğıcında əmək təqaüdünə çıxıb.

 

Bu ifadəni təsdüfən işlətmirəm, Akif müəllim, snki yenidən gənclik, cavanlıq dövrünü yaşamağa başlayıb. Bu, onun yaradıcılığında xüsusilə hiss olunur. Biz, yuxarıda qeyd etdiyim kimi, tez-tez onun istedadının yeni-yeni meyvələri ilə tanış oluruq.

Akif Məftun Tofiqoğlu xeyli müddət “Qarabağ” və “Gənclik” qəzetlərinin əməkdaşı olub. Şeirləri, hekayələri, publisist məqalələri və müsahibələri “Şuşa”, “Qarabağ”, “Gənclik”, “Şəhid”, “Kaspi”, “Şəhriyar”, “Zənbur”, “Təbib”, “Mozalan”, “Ədalət” və başqa qəzetlərdə, “Azad Şuşa” (azadshusha.com), “Adalet.az”, “Edebiyyat.az”, “Modern.az” və başqa saytlarda dərc olunub.

“Mənimlə barış” (2008) və “Bu yaz da Şuşaya gedə bilmədik” (2018) adlı şeirlər kitablarının müəllifidir. Bu gün təqdimatına toplaşdığımız, “İstiqlal” Nəşriyyatında nəfis şəkildə çap olunmuş “Gözün aydın” şeirlər toplusu şairin poeziyasevərlərlə üçüncü görüşüdür.

Evlidir. İki qızı, bir oğlu və beş nəvəsi var.

 

***

Bəli, bu günlərdə, daha dəqiq desək cəmi bir həftə bundan qabaq, yəni 11 may 2023-cü ildə şair dostum Akif Məftun Tufiqoğlunun 65 yaşı tamam oldu. Biz ilk dəfə tanış olanda isə onun 30 yaşı təzəcə tamam olmuşdu. Deməli, bu tanışlıq, yoldaşlıq, həmkarlıq və dostrluq da artıq 35 illik yubileyini “qeyd edə bilər”.

 

Ötən 30 il ərzində zaman bizi çox sınadı. Azərbaycanın müstəqilliyi, ərazi

bütövlüyü, azadlığı uğrunda mübarizələrdən keçdik. Bu yolda başımıza olmazın

faciələri gəldi. Şuşanın, Qarabağın işğalı kimi misilsiz bir fəlakət yaşadıq. Otuz ilə

yaxın qaçqınlıq həyatı gördük. Ötən 35 il ərzində xeyli dostumuzu, mübarizə

yoldaşımızı, yaxın qohumlarımızı itirdik. Özümüz də həm zahirən, həm də

müəyyən qədər də daxilən dəyişdik.

 

Amma xoşbəxtlikdən müqəddəs hesab etdiyimiz dəyərlərimiz dəyişmədi, əksinə,

daha da möhkəmləndi, qiymətləndi, daha da gücləndi.

 

Akif müəllimin dəyişməyən, daha doğrusu, yaxşıya, daha da yaxşıya doğru dəyişən

xüsusiyyətlərindən biri də onun istedadı və gözəl bacarığıdır. Yəni poeziya, şairlik

də əslində bir çox digər tanrı bəxşişi olan istedad və qabiliyyətlər kimi daimi

cilalanma, inkişaf, ustalaşma, təkmilləşmə tələb edir və bu yolu keçməklə insan, şair, yazıçı, söz ustası kamilliyə, zirvəyə can atır. Şair Akif Məftun Tofiqoğlu da məhz buy olla inamla addımlayaraq bugünkü, belə demək mümkünsə, poetik mövqeyinə gəlib çatıb.

 

“Gözün aydın” Akif Məftun Tofiqoğlunun əlli illik yubileyində çap edilmiş

“Mənimlə barış” və altmış yaşının tamamında işıq üzü görmüş “Bu yaz da Şuşaya

gedə bilmədik” adlanan kitablarından sonra ərsəyə gələn üçüncü şeirlər toplusudur.

Əlbəttə, bu kitab daha fərəhli və daha xoşbəxt bir dövrə təsadüf edir. Çünki, bu gün Azərbaycan şairlərinin, demək olar ki, hamısının yaradıcılığında 44 günlük Vətən müharibəsi və torpaqlarımızı azad edən ordumuzun misilsiz qəhrəmanlığı əsas yeri tutur və bu cür şairlərdən biri də məhz Akif müəllimdir. Kitaba daxil

edilmiş ən birinci şeir şairin bu misraları ilə başlayır:

 

Gözün aydın, sağalıbdır,

Sinəndəki xal, ay Şuşam!

Azərbaycan əsgərini,

Al qoynuna, al, ay Şuşam.

 

Unutmayıb ilqarını,

Gözləmisən yollarını.

Sevə-sevə, qollarını

Aç, boynuna sal, ay Şuşam.

 

Kitabın ilk misralarının şairin dilindən çıxan ilk sözlərini biz müəllifin şəxsən

özünə də aid edə bilərik:

Gözün aydın, Akif müəllim, bu gün, yəni cəmi bir neçə gün əvvəl sənin 65 yaşın tamam olub. Sən bu və bundan sonra da çox yubileylərini qeyd etməyə layiq insansan! Yubiley yaşını qeyd etməyə, bu münasibətlə bayram keçirməyə indiki çətin zəmanədə, əlbəttə, hər kəsin haqqı var. Ancaq Akif Məftun kimi yaradıcı adamların bayramı təkcə onun öz bayramı olmaqdan çıxır və onu əhatə edən cəmiyyətin də batramına çevrilir.

 

Gözün aydın, Akif Məftun, bu gün sənin artıq sayca üçüncü olan kitabın işıq üzü

görüb. Buraya sənin qələmindən çıxan poeziya nümunələrinin yalnız kiçik bir

hissəsi daxil edilsə də, məlumdur ki, balın bal olduğunu bilmək üçün ondan bir

balon yemək məcburi deyil. Sənin bal kimi poeziyandan bir qaşıq dadmaq da onun

ləzzətini hiss etməyə kifayət edər. Sən alqışa və tərifə layiq şairsən!

 

Gözün aydın, Akif Məftun Tofiqoğlu, sənin dogma yurdun Şuşa işğaldan azad

olunub və sən də yer üzünün incisi olan əziz şəhərini artıq iki dəfə ziyarət etmisən və o sənin, sən də onun – bir-birinizin boynuna qollarınızı salıb xoşbəxtcəsinə qucaqlaşmısınız. Bundan böyük nə səadət ola bilər insanın həyatında?!.

 

Çox şükür olsun ki, bu dəfə kitabının adı bundan əvvəlki kimi kədərli bir misra ilə

deyil, gözəl təbrik sözləri ilə ifadə olunub. Gözün aydın olsun ki, artıq üçüncü

kitabının müəllifi məcburi köçkün riyaziyyat müəllimi Akif Quliyev deyil, əksinə

Azad Şuşanın azad sakini, azad müəllimi, azad şairidir!

 

***

 

“Gözün aydın” şeirlər kitabına Akif müəllimin yalnız son beş ildə – 2018-2023-cü

illərdə yazdığı şeirlərindən nümunələr daxil edilib.

Kitab bu prinsip əsasında tərtib edilib: Əvvəlcə illər üzrə və ardınca da şeirlərin

adlarına görə əlifba sırası ilə. Yəni 2018-ci ildən başlayaraq şeirlər illər üzrə, lakin

hər ilə aid olan nümunələr də əlifba sırası ilə düzülüb. Kitaba daxil edilmiş ən

“gənc” şeir Akif müəllimin 20 aprel 2023-cü il tarixli “Nura boyansın” şeiridir.

Yeri gəlmişkən, qeyd edim ki, Azad Şuşa şairinin ən optimist ruhlu şeirlərindən

biri də elə məhz bu şeirdir:

 

İşığa qərq olsun, hər künc, hər bucaq,

Göydən sevinc yağsın, qoy, qucaq-qucaq.

Göylərə yüksəlsin yanan hər ocaq,

Odumuz, közümüz nura boyansın.

 

Qalxsın, Akif Məftun, əllər səsinə,

Səpilsin çiçəklər, güllər səsinə.

Doğma yurdumuzun hər guşəsinə

Düşəcək izimiz nura boyansın.

 

***

Mən onu bir şair kimi hələ 1988-ci ildən tanıyıram. O vaxtlar Akif müəllim

dağların ən uca yerlərindən birində qartal yuvası kimi qərar tutmuş gözəl Turşsu

qəsəbəsində keçirdiyimiz məclislərin əksəriyyətinin, xüsusilə də igid dostum,

rəhmətlik Tahir Məmmədovun evində olan ziyafətlərin ağsaqqalı, tamadası olardı.

Şeirləri isə hələ Xankəndində ali təhsil aldığı dövrlərdən yayılmağa başlamışdı. Biz

tanış olanda isə o artıq püxtələşməyə doğru addımlayan bir şair idi.

Sonralar yurdumuzun işğal altında olduğu ağır illərdə mənim Bakıda yaratdığım “Bağrıqan” Yaradıcılıq Birliyində də bir yerdə, çiyin-çiyinə olduq və Birliyin nəşr etdiyi “Bağrıqan” almanaxında başqa şairlərlə yanaşı Akif Məftunun şeirləri də oxuculara təqdim olundu. Yeri gəlmişkən, Akif müəllim “Bağrıqan”ın həmmüəlliflərindən biri olduğunsa görə “Gözün aydın”ı onun dördüncü kitabı da saymaq olar.

 

Akif Məftunun, demək olar ki, bütün şeirlərini əhatə edən bir neçə ümumi cəhət

var. Bunlar, axıcılıq, şirinlik, səmimilik, zahiri – ritmik gözəlliyi ilə yanaşı, daxili –

mənaca gözəlliyi də əhatə edən kamillik kimi əlamətlərdir. Şeirlərin tam

əksəriyyətində yaradıcılıq tapıntısı nümunələri ilə yanaşı, dilimizdə qədimdən

mövcud olub yaşayan, lakin bəzən üstünə süni müasirliyin zaman “tozu” çəkdiyi

köhnə, lakin təravətli, gənclər üçün yeni görünəcək neçə-neçə sözün “sandığ”ın

dibindən çıxardıb yenidən misralarda həyat verməsidir.

 

İlahi, təvəqqe edirəm səndən,

Ceyranı, cüyürü çöldən ayırma.

Kəkliyi qayanın qaşında bəslə,

Bülbülü çiçəkdən, güldən ayırma.

 

Çox geniş olsa da dünyanın donu,

Sənin əlindədir, məlumdur, sonu.

Sənə səcdə edən Akif Məftunu,

Obadan ayırma, eldən ayırma.

 

Onun poeziyasında bəzən qabarıq şəkildə, bəzən də hansı səbəbdənsə yarıpünhan

formada nəzərə çarpan ciddi mübarizə təzahürü həmişə hiss olunur. Bu mübarizəni

də şərti olaraq bir neçə yerə bölmək olar.

 

Bunlardan ən əsası şairin özü ilə çarpışmasıdır. Şair dövrün, real vəziyyətin,

gündəlik tələbatların, ciddi məhrumiyyətlərin, bəzən hətta xain hücum və

təhdidlərin heç birinə məhəl qoymadan özü olmağa can atır, bir çox halda bu

yolda özü ilə belə döyüşür və nəticədə məqsədinə nail olur: çəkdiyi ağrılar isə yeni

və gözəl poetik nümunələrə çevrilir.

 

Məni haram ilə şah eyləyincə,

Sən məni halala qul eylə, Allah.

Yönümü döndərmə nahaqqa doğru,

Sinəmi sən haqqa yol eylə, Allah.

 

Əsməsin üstümdə qaramat yeli,

Boğmasın səsimi şeytanın əli.

Mənə danışmaqçün verdiyin dili

Haqq üçün susmayan dil eylə, Allah!

 

Özünə xəyanət etməyən başqa heç kimə də xəyanət etməz!

Şair özü ilə mübarizədə həmişə qalib çıxdığına görədir ki, mübarizəsinin başqa bir

parçasını xarakterizə edən, adi və rəmzi sözlərlə ifadə etsək, bütün yaramazlara və

hər cür yaramazlığa qarşı söz qalxanı və qələm süngüsü ilə apardığı döyüşlərdə də

qələbələr qazanır. Bu qələbələrin də mükafatları bizə – daimi oxucularına bəxş

etdiyi incilər – gözəl şeirləridir.

 

***

Bu incilər arasında şairin heç vaxt unutmadığı uşaqlara ünvanlanmış çoxsaylı şeirlər də var ki, bunların da bəziləri əsil uşaq ədəbiyyatı nümunələri, dərsliklərə daxil edilməli poetik vahidlərdir. Bu kitabına da bu incilərdən az da olsa daxil edilib. Onlardan birini, öz nəvəsinin adına yazılsa da, əslində bütün uşaqların xoşuna gələcəyinə şübhə olmayan şeiri oxucuların nəzərinə çatdırmaq istəyirəm:

 

Pəncərə önündəydi

Melisamın yatağı.

Birdən elə güldü ki,

Səsi tutdu otağı.

 

– Görəsən nə olubdur? –

Deyə qaçdım yanına.

Soruşdum:

– Melisacan,

Axı nə olub sana?

 

Dedi:

– Babacan, bir bax,

Bilməyirəm ki, nədən,

Bayaqdan elə mənə,

Ay baxır pəncərədən…

 

***

Sonda şairin “Əsil poeziya məhəbbət poeziyası, əsil şeir sevgi şeiridir!” deyən çoxsaylı pərəstişkarlarının da arzularını nəzərə alaraq onun yaradıcılığının bu siminə də qısaca toxunmaq istərdim.

Bu buketdən zənnimcə bircəcə çiçək qoxlasaq hamılıqca, kifayətdir. Bu şeirdə həm şeiriyyət var, həm yumor-zarafat, həm də hisslərin, duyğuların səmimiliyinin və gözəlliyinin nümayişi.

Şair deyir:

 

Gedəsən, qarşına bir gözəl çıxa,

Nazlana, öldürə ədası səni.

Süzgün-süzgün baxıb ötə yanından,

Tamam əldən sala qadası səni.

 

Baxa baş gözünə qınaq eyləyə,

Bir az möhlət verə, sınaq eyləyə.

Mərhəməti ola, qonaq eyləyə,

Qoynunda tikdiyi odası səni.

 

Bir insaf eyləyə yana halına,

Yerin sinəsinin üstə salına.

Çəkə kəsilməmiş beçə balına,

Bir cüt qönçələnən badəsi səni.

 

Bir anlıq aradan götrülə pərdə,

Fikir verməyəsən kədərə, dərdə.

Eləcə sevinib güldüyün yerdə,

Görəsən haqladı dədəsi səni.

 

***

Akif Məftun Tofiqoğlunun haqqında həm təcrübəli və savadlı müəllim, həm ustad

şair, həm də yaxşı insan kimi çox danışmaq, çox yazmaq olar. Xüsusən də mən – onu 35 ildən bəri tanıyan və uzun müddət müxtəlif cəbhələrdə birgə addımlayan bir şəxs kimi onun özü, sözü və hətta arzuları barədə kifayət qədər danışa və ya yaza bilərəm.

 

Ancaq hesab edirəm ki, oxucunu daha çox şair haqqında deyilənlər və yazılanlar

deyil, şairin dedikləri və yazdıqları maraqlandırır. Ona görə də məncə əziz

oxucularımızı hörmətli şairimizlə təkbətək qoynmağın, yəni onun özünün təbiri ilə desək, əksər şeirlərinin “kəsilməmiş beçə balı” təsiri bağışladığı “Gözün aydın” kitabı ilə tanışlığa dəvət etməyin vaxtı çatıb.

 

Sonda ortaq bir nümunə kimi bu kitabda birləşən bütün gözəl hadisələrə görə şairi

və onun oxucularını bird aha ürəkdən təbrik edirəm.

 

Hamıya can sağlığı arzulayır və bir daha deyirəm ki, gözünüz aydın olsun!

Müəllifə və oxuculara böyük hörmətlə,

Kərim Kərimli

Happy
Happy
1
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş