Öyün, ay Laçınım, öyünməlisən! – Kərim Kərimlinin şeiri

2 0

“Azad Şuşa” Kərim Kərimlinin bu günlərdə yurda qayıtmış ilk sakinlərini qəbul edən azad Laçına həsr etdiyi şeirini əziz oxucularına təqdim edir.

 

Kərim Kərimli

Öyün, ay Laçınım, öyünməlisən!

 

Sultanlar böyüdü, Paşanı keçdi,

Sevinc aşdı-daşdı, “Haşa!”nı keçdi.

Qoynun cənnət oldu – Şuşanı keçdi?!

Öyün, ay Laçınım, öyünməlisən!

 

Qayıdır yurduna bir-bir ellərin,

Çağlayır Həkərin, coşur sellərin.

Dağ-daşda da açır qızılgüllərin,

Geyin gül donunu, geyinməlisən!

 

Zirvəndə yellənir ulu bayrağım,

Dönür bərəkəti ana torpağın.

Üzü gülür quşun, daşın, yarpağın,

Geyin al donunu, geyinməlisən!

 

Gəlir, köhnə yurda səadət gəlir,

Azad çəmənlərə təravət gəlir.

“Laçınım” səsiylə Məhəbbət gəlir,

Sevin, ay Laçınım, sevinməlisən!

 

Ölsün, növrağını görüb, gülməyən!

Şirin azadlığın qədrin bilməyən!

Misli bu dünyada, sən, bilinməyən, –

Dünyaca tanınıb, bilinməlisən!

 

Əsgərim sinəsin sipərləyibdir,

Sərhəddi çiçəklə çəpərləyibdir!

Kərim də atını yəhərləyibdir,

Gəlməli, görməli, sevilməlisən!!!

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
3
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş