“…Siyasi liderlərin də robotlarla əvəzlənməsi nəzərdə tutulur…” – Sənan İsmayılov!

1 0

“Azad Şuşa”dan: Daimi oxucularımız bilir ki, həftədə iki dəfə hekayəsevərləri sevindirərək maraqlı hekayələr dərc edirik. Belə ki, hər həftənin çərşənbə axşamı günü “Fantastika və detektiv” rubrikasında fantastik, elmi-fantastik və detektiv hekayələr, şənbə günü isə “Şənbə günü hekayəsi” rubrikasında, necə deyərlər, “adi” hekayələr veririk.

Bu gün “Fantastika və detektiv” rubrikasında fantastika aşiqlərinə Sənan İsmayılovun “Həyat yoldaşı” hekayəsini təqdim edirik.

Bu sahənin başqa ustaları da və ümumiyyətlə, “Azad Şuşa”da dərc olunmaq istəyən digər müəlliflər də öz yazıları ilə bizə müraciət edə, bunun üçün əsərlərini kerimli.kerim@gmail.com ünvanına göndərə bilərlər.

 

***            ***            ***

 

 

Sənan İsmayılov

 

Həyat yoldaşı

 

– Əzizim, mən gəldim, – deyən yaşlı kişi sevincək yataq otağına tərəf səsləndi. Əlindəki bir cüt kiçik torbanı mətbəx stolunun üstünə qoyub, qonaq otağına keçdi. Qəhvəyi rəngli çantasını kreslonun böyründə yerə buraxdı. Əlindəki bir dəstə çiçək üçün isə  xeyli kitabın səliqə ilə yığıldığı dəyirmi masanın üstündə yer açdı.

Yataq otağından qadın səsi gəldi:

– Axşamın xeyir, əzizim. Həmişəki kimi yenə gec gəldin… Bəzi adamlar bu vaxt artıq yatmağa hazırlaşır.

Kişi suçluymuş kimi dilləndi:

– …Bilirəm, amma evdə də gündüz vaxtı işləyə bilmirəm, buna görə də universitetdəki kabinetimi üstün tuturam. Evdə  ancaq gecələr işləyə bilirəm.

– Əlbəttə, başa düşürəm, – qadın astaca cavab verdi. – Yemək mətbəxdə, masanın üstündədir. Sən bilən, bu gün nə bişirmişəm?

– Ətrindən hiss edirəm… Tərəvəzlə bişirilmiş yupyumşaq qoyun ətidir… Özü də öz reseptin üzrə… O, misilsiz təamdır.

– Düz tapdın. Ancaq məni bağışla, ora gələ bilməyəcəyəm.

– Narahat olma. Özüm yeyər, sonra da, əgər etiraz etməsən, yeni tələbələr üçün baş müəllimlərin hazırladığı mühazirənin mənə aid qismini sənə də oxuyaram. Yeri gəlmişkən, sənin üçün gül almışam. Stolun üstündədir.

– Mühazirənin sən yazan hissəsini məmnuniyyətlə dinləyərəm. Sənə nuş olsun. Güllərə görə isə təşəkkürlər. Özüm qoyaram güldana.

Kişi paltarını dəyişmədən tələsik mətbəxdəki kiçik masanın arxasında əyləşdi. Qazandakı yeməkdən boşqaba çəkdi. Dizinin üstünə dəsmal salıb, gec də olsa, iştahla şam yeməyinə girişdi.

Möhkəm acımışdı, çünki adəti üzrə bu gün də nahar vaxtını ötürmüşdü. Xeyli vaxt idi ki, azacıq yeməkdən də əməlli-başlı doyurdu. Arvadının hazırladığı ev yeməklərinə həmişə üstünlük verirdi. Hərçənd xanımı hər dəfə onun bu fikrinə qarşı çıxaraq: “Yaxşısı budur, sən nahar vaxtını ötürməyəsən, bu, ziyandır. Hətta xörək evdə hazırlanmamış olsa belə, yeməyi gecikdirmək olmaz”, – deyirdi.

Axşam  yeməyi onun cəmi beş-on dəqiqə vaxtını aldı. Həmin müddətdə qadın bircə kəlmə də kəsmədi ki, birdən ona mane olar, ərinə iş-gücü ilə bağlı heç bir sual vermədi. Yemək həqiqətən də çox ləziz idi. Şam yeməyini bitirincə, o, dizinin üstündəki dəsmalı götürdü, razılıqla stulun söykənəcəyinə yayxandı, əllərini yanına salıb, gözlərini yumdu. Kənardan elə görünə bilərdi ki, mürgüləyir. Amma elə deyildi: o, hələ də yediyi yeməyin həzzinə qapılmışdı və bu cür oturmaq xoşuna gəlirdi.

Arvadı əvvəlki kimi susurdu, yaxşı bilirdi ki, əri yeməyini bitirsə belə, yenə də birinci söz haqqı ona məxsusdur. Bu haqqı, həmişəki kimi, o, məmnuniyyətlə öz ərinə tanımışdı. Bir neçə dəqiqədən sonra kişi gözlərini açdı:

– Əzizim, onillər uzunu mən sənin bişirdiyin yeməklərdən dadıram. Əlinin ləzzətinə  hələ də heyrət edirəm. Bu, mənim üçün bu tamamilə  ağlasığmazdır…

– Ürəklə hazırlayıram axı, – deyə qadın  güldü.

Kişi bir anlığa duruxdu, sonra nəsə xatırlayıbmış kimi soruşdu:

– Məruzənin mənə aid  qisminə qulaq asacağına əminsən? Darıxmazsan ki?

Arvadı əminliklə cavab verdi:

– Qətiyyən.

– Yaxşı. Hə, yadımdan çıxmamış deyim, lazım gələndə düzəlişlər də edə bilərsən ha. Atmacalardan da çəkinmə,  çünki adətən tələbələr də belə edirlər. Mən isə bu cür məşqlərə alışmalıyam. Əgər mühazirə üzərində ev şəraitində işləyə bilsəydim, sənin köməyindən daha çox yararlanardım. Əvvəllər olduğu kimi, – kişi dalğın halda sözünü tamamladı.

Qadın susdu.

– Nə isə, başlayım. Yataq otağında səsimi yaxşı eşidirsən? – kişi qəhvəyi çantasından kağızları çıxarıb, dəyirmi masanın arxasındakı kresloda yerini rahatladı.

– Lap yaxşı eşidilir.

– Mühazirədə mənə aid  hissə “Əks yöndə inqilab: maşınlardan insanlara” adlanır: “Bütün dövrlərdə insanlar öz həyatlarının daha rahat olmasına can atıblar. Əgər əvvəllər “rahatlıq” dedikdə, əmək alətlərinin təkmilləşdirilməsi, ya da həyatda qalmaq üçün yetərli qidalanma nəzərdə tutulurdusa, sonrakı dövrlərdə komforta düşkünlük insanlar arasında münasibətləri də yenidən formalaşdırmağa başladı. O da təəccüblü deyil ki, bu şərtlərdə bəzən düşmən dosta çevrilir, ən doğma insan isə düşmənə dönür, məhəbbət isə bir anın içindəcə nifrətlə əvəzlənirdi. Halbuki bəzən  başqa cür də olur. Məsələn, ömürlük məhəbbət kimi…”

Yataq otağından gülüş səsi eşidildi.

Yüngülvarı pərt olan kişi tərəddüd içində soruşdu:

– Gənclərin bu sözlərdəki səmimiyyətə inanmayacağını sanırsansa, bəlkə bu qismi silim?

– Yox, məhəbbət barədə sözləri biz əsla silməməliyik, qoy tələbələr özləri müəyyən bir qərara gəlsinlər. Bir də ki, maşınlar özləri də münasibətləri dəyişdirməyə can atırlar və bu, qaçılmazdır. Qoy gənclər özləri bunu araşdırsınlar.

– Hə, elə isə davam edim. “Zaman keçdikcə insanlararası münasibətlərdə də komforta ehtiyac yarandı. Özünüz düşünün, axı məişət robotu yaradan insanoğlunun  niyyəti təkcə ev-eşiyi təmiz saxlamaq, paltarların yuyulması və…”

Qadın yataq otağından əlavə elədi:

– …dadlı yeməklərin bişirilməsi deyildi.

Kişi də güclə eşidiləcək tərzdə dedi:

– Robot o işi bunca bacarmazdı.

– Nəyi bacarmazdı axı? – arvadı şuxluqla sual elədi.

Kişi az qala pıçıltı ilə dilləndi:

– Sənin kimi  yemək bişirməyi.

Bir qədər susduqdan sonra o, təkrar sözünə davam etdi: “Məişət robotunun hazırlanmasındakı məqsədlərdən biri, hətta bəlkə də ən başlıcası – insanlar arasında münasibətlərin şəklini dəyişməkdir. İnsanlar öz həmnövləri ilə qarşılıqlı münasibətləri bacardıqca azaltmaq arzusundaydılar. Bununla bağlı tarix bizə xeyli örnək verməkdədir. Məsələn, XX və XXI əsrlərdə insanlar getdikcə daha çox ev heyvanı saxlamağa başladılar… İt, ya da pişik…”

Yenə də xanımın səsi eşidildi:

– Bizdə isə bunların heç biri olmayıbdır.

Kişi təlaşla soruşdu:

– Sən istəyərdin ki, olsun?

Qadın dalğın halda cavab verdi:

– Orasını heç bilmirəm.

Kişi də dalğın səslə dilləndi:

– Yaxşı, onda davam edim. “Ev heyvanlarının saxlanması heç də ucuz başa gəlmirdi. Amma bu da insanlar üçün maneə sayılmırdı: onlar pişiklərin qabını təmizləyir, itləri gəzməyə çıxarır, onlar üçün xüsusi yem və vitamin alırdılar. Bunu ona görə etmirdilər ki, heyvanlar da onlara eyni cür qarşılıq versinlər. Sadəcə yanlarında özlərini təmənnasız sevən, üzlərini çevirdikdə, ən yaxın insanların belə etdiyi kimi, fitnə-fəsad çıxarmayan birinin olmasını arzulayırdılar. Ev heyvanları ilə müqayisədə isə robotlar nəinki hər hansı qulluq tələb etmir, əksinə, özləri sahiblərinin xidmətində dururlar. Ən başlıcası isə, robotlar və ümumiyyətlə, maşınlar insanlardan xüsusi reaksiyalar, insani münasibət ummurlar. Onlar ağlamır, sahibini cırnatmır, nəyisə oğurlamır və insana xəyanət etmirlər. Onların ev heyvanlarından bir böyük üstünlüyü isə heyvani instinktlərdən məhrum olmalarıdır. Pişiklər kimi miyoldamır, səhər obaşdan öz sahiblərinin yuxusuna haram qatmırlar. İtlər kimi ötüb keçən velisopedçiyə hürmürlər”.

Arvadı xəyalpərvərcəsinə bildirdi:

– Əgər sübh tezdən pişiyim yatağıma girib, qulağımın dibində mırıldansaydı, məncə, həyatım daha şux olardı.

Pəsdən:

– Niyə bu fikir indiyədək ağlıma gəlməyib axı? – deyən kişinin səsində bir peşmanlıq çaları sezildi.

Arvadı təmkin və həssaslıq sərgiləyərək:

– Belə də olur, – dedi, ardınca isə soruşdu: – Sən robotlarda instinkt və hisslərin olmasını tamamilə istisna edirsən? Hətta gələcəkdə də?

– Hə, – kişinin səsində budəfəki əminlik dərin olmasa da, o, cavab gözləmədən mətni oxumağına davam etdi: “Öz mövcudluğu ərzində bəşəriyyət önəmli və danılmaz bir ibrət dərsi alıbdır – insanoğlu Yer üzünün ən etibarsız məxluqudur. Bu səbəbdən də mümkün olan hər yerdə insan münasibətlərindən qaçmaq və insanları robotlarla əvəzləmək lazımdır. Robot və maşınlar daha əvvəl sadəcə elm aləmində öz tətbiqini tapmışdı…”

Həyat yoldaşının səsi gəlmədiyi üçün kişi soruşdu:

– Əzizim, yatmamısan ki?

– Əlbəttə ki, yox…

– Elə isə davam edirəm: “Elm sahəsində aparılan təcrübə və eksperimentlər zamanı qazanılan müsbət nəticələr insanları iqtisadi sahələrdə də robotlardan istifadəyə təhrik elədi. Fəhlələr robotlarla əvəz olunduğu üçün əmək məhsuldarlığı kəskin şəkildə artdı. Bundan böyük mənfəət götürən sərmayəçilər pula əsla qızırqanmadılar. Sonradan robotlar sosial sahəyə soxulmaqla, insanları orada da sıxışdırmağa başladılar. Yuxarıda bu məqamı artıq qeyd etmişdim. Və bununla bağlı vurğulamaq istəyirəm ki, robot və maşınların  insan həyatına nüfuz etməsi ölkədən-ölkəyə dəyişir. Rüşvətin geniş yayıldığı və sərvətlərin ədalətsiz şəkildə bölüşdürüldüyü ölkələr texniki münasibətlərdə qabaqcıl sayılan dövlətlərlə müqayisədə bu sahədə xeyli irəliləyiblər. Birinci tip ölkələrdə insanlar arasındakı münasibətlər onları vətəndaş müharibəsinə təhrik etdi. Yalnız robotların və maşınların tətbiqindən sonra bu gərginlik aradan qaldırıldı – onların sayəsində sözügedən ölkələrdə korrupsiya hallarının qarşısı alındı, çünki həlledici mövqelərdə insanlararası münasibətlər də artıq insanlarla maşınlar arasındakı əlaqələrlə əvəzləndi.

Bəs bu gün biz nələrlə üz-üzəyik? Robotlar artıq siyasi həyata da nüfuz etməyə başlayıblar. Onları parlamentlərə deputat da seçirlər. Bundan belə artıq deputatları da satın almaq mümkün olmayacaq, çünki onlar artıq var-dövlət əsiri deyillər. Odur ki, istisnasız şəkildə xalqın xeyrinə olan qanunlar qəbul edəcəklər”.

Qadın sevincək səsləndi:

– Əcəb cəlbedicidir.

Kişi təəccüblə soruşdu:

– Doğrudan belə düşünürsən?

Qadın güldü:

– Hə, doğrudan.

– Maraqlıdır… “Gələcək planlarda artıq siyasi liderlərin və hakimlərin də robotlarla əvəzlənməsi nəzərdə tutulur. Düşünürəm ki, əgər bəşəriyyət o mərhələyə yüksələrsə, onda geriyə dönüş mümkün olmayacaq. Ancaq biz bunun baş verməsinə nəinki göz yummalı, hətta cəmiyyətdəki münasibətləri tərs məcraya da salmalıyıq. Bunun özü isə elə əks-inqilabdır ki, var. Biz insan münasibətlərini təzədən bərpa etməliyik. Onlar mükəmməllikdən uzaq olsa da, heç eyb etməz. Çünki düzgün yaşamağın təhərini biz artıq bilirik və elə o, cür də yaşamağı öyrənməliyik. Sadəcə, robotlarsız”.

Arvadı ehtiyatla soruşdu:

– Sən doğrudan robotlardan qurtulmaq istəyirsən?

– Mən buna “tam qurtulmaq” deməzdim, sadəcə, onların tətbiqini məhdudlaşdırmaq şərtdir. Məncə, belə daha yaxşı olacaq, – inamsız halda cavab verən kişi daha sonra əlavə etdi: – Bəlkə bu gecə mühazirəni işləyib başa çatdırım? Hələlik vaxtım var.

Qadın həyəcanla soruşdu:

– Tamamlayandan sonra onu mənə də oxuyarsan?

– Hə, ancaq bu, yəqin sabah mümkün olacaq… Qulaq as, mən indi əynimi dəyişməliyəm. Mühazirə üzərində işi isə sonra davam etdirərəm.

Asta addımlarla yataq otağına keçən kişi:

– Mən tezcənə… – dedi.

– Bilirəm. Həmişəki kimi.

Kişi pijamasını geyindi, kostyumunu isə necəgəldi asılqana keçirtdi. Asılqanı şkafdan asmaq istəyəndə, arvadı ona səsləndi:

– Əzizim, qoy çarpayının üstündə qalsın. Sonra özüm yığışdıraram.

Kişi:

– Sağ ol, mən bir yuyunum, – dedi və otağa girdiyi kimi də asta addımlarla hamam otağına üz tutdu. – Sonra isə mühazirəmin üzərində işləyəcəyəm.

Kişi hamam otağına girib, qapını arxadan bağladı, əlinə aldığı dəsmalı üzünə sıxaraq səssizcə hönkürdü. Bir qədər sonra vanna otağından çıxıb, dəyirmi masaya yaxınlaşdı, geri çəkdiyi kreslonu açmaqla, yatmaq üçün onun üstünə uzandı.

Həmin vaxt yataq otağındakı geniş çarpayıda basketbol topu böyüklükdə bir robot uzanmışdı. Sinəsində isə belə bir yazı var idi: “Texniki fakültənin tələbələrindən çox hörmətli professora… P.S. Biz insanlarla robotların birgə həyatına inam bəsləyirik. Siz də buna inanın!”

Çarpayının sağ tərəfində, dolabın üstündə daş altlıqlı bir çərçivədə isə professorun xanımının fotosu vardı: bu mehriban simalı, ahıl qadın öz ətrafına nəciblik saçırdı. Təzə-tər güllərin qoyulduğu güldan isə bu altlığın üstündəki rəqəmlərin önünü kəsdiyi üçün qadının sadəcə öldüyü il gözə dəyirdi – 2125.

Gecə kişi üstünün necə örtüldüyünü, zərif dodaqların alnına necə toxunduğunu hiss elədi. Və gecəni rahat yatdı.

 

Rus dilindən tərcümə: Azad Yaşar

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş