Atatürkün adı haramınız olsun – Kərim Kərimlinin hekayəsi

4 0

“Azad Şuşa” Kərim Kərimlinin “Atatürkün adı haramınız olsun” hekayəsini əziz oxucularına təqdi edir.

 

*****                *****               *****

 

Mustafa Kamal Atatürk adına məktəbin həyəti cavan valideynlərlə dolmuşdu. Ona görə cavan valideynlər ki, burada bu gün 6 yaşlı uşaqların birinci sinfə qəbul imtahanı keçirilirdi. Aydın məsələdir ki, övladı hələ indi birinci sinfə gedən ata və ana da cavan olmalıdır. Uşaqları valideynlərindən ayırıb ayrıca siniflərə yığmışdılar. Məktəbin rəhbərliyi valideynlərə düz-əməlli məlumat verməsə də, ortada fırlanan müxtəlif tipli vasitəçilərin dediklərinə görə imtahan iki mərhələdən ibarət idi: məntiqi düşüncə və praktiki bilik və bacarıqlar. Hamı intizarla imtahanın başa çatmasını gözləyirdi. Kişilərin bəziləri bir küncə çəkilib xısın-xısın danışıb-gülür, qadınlar da başqa tərəfdə “qeybətləşirdilər”. Ancaq əksəriyyət narahat idi. Xüsusilə də qadınlar. Körpə fidanlarına heç vaxt tükənməyəcək ana məhəbbətinin ən çağlar vaxtını yaşayan cavan gəlinlər də öz aralarında deyib-gülür, daha çox da indi içəridəki sinif otaqlarında həyatlarının ilk sınağından keçən balaları haqqında danışırdılar. Əsas sual da bu idi: görəsən uşaqlar həyatın ilk sınağından necə çıxacaqlar?

Bu qələbəlikdə gənc valideynlərdən ikisi hamıdan aralanıb məktəbin hasarları boyunca əkilmiş gül-çiçəyə tamaşa edə-edə öz aralarında astaca söhbət edirdilər. Ata sakit görünsə də gənc ana həyəcanını gizlədə, narahatlığını boğa bilmirdi:

– Ürəyim çırpınır, – deyə o pıçıldayaraq həyat yoldaşının üzünə baxdı. – Nəyə görəsə narahatam.

– Hamısı sevgidəndir, – gənc ata gülümsədi.

– Nəyin hamısı?

– Keçirdiyin hisslərin, narahatlığın, həyəcanın, hər şeyin, hər şeyin səbəbi birinci növbədə sevgidir. Yəni hamısı sevgidəndir.

– Sonra da bunlardan misralar düzəldib, deyəcəksən ki, sənə şeir yazmışam? – qadın nazla gülümsədi.

– Əslində, “bunlardan” doğrudan da gözəl şeir “düzəltmək” olardı, ancaq təəssüf ki, biz gecikmişik. Şair artıq yazıb bunu: “Hamısı sevgidəndir”…

– … – xanım heç nə demədi, sualı sevgilisi onun gözlərindən oxudu: “Kim?”

– Bu misraların müəllifi, qulaq as:

 

Taleyimdə son açılan gülümsən,

Süzüb qara gözlərini gülümsə.

Bu sevginin sonu əgər ölümsə,

Mən ölərəm ikimizin yerinə.

 

– Gözəl misralardır, əlbəttə, məlum məsələdir ki…

– Nüsrət Kəsəmənli, – deyə gənc ata həyat yoldaşının dilindən başqa şairin adını eşitmək istəmirmiş kimi tez dilləndi.

– Sağ olsun, yaxşı yazıb, – qadın gülümsədi.

– Bəs bu necədir? – oğlan boğazını arıtladı:

 

Evinizin başına

Mənim kimi dolanan

Barını da sevirəm.

Keçən yay bağçanızda

Məni dilintək sancan

Arını da sevirəm…

 

– Seyran Səxavət, – xanım yoldaşının sözünü kəsdi, – bunu anam əzbər bilirdi. O dövrdə çox məşhur imiş bu şeir.

– Hə, o vaxtlar elə imiş, – oğlan başı ilə təsdiq elədi, – indi elə bil şeirə də maraq, sevgi azalıb.

– Siz də gözəl yazın, sizin də şeirləri sevsinlər, – qadın yenə də zarafatından qalmadı. – Yaxşı, bəs bizim şair nə yazıb? – deyə bic-bic gülümsədi.

Əgər üzbəüz dayanmış çox sevdiyi həyat yoldaşından başqa da onun gözlərinə bu anlarda kimsə baxsaydı o gözlərdə məhəbbətin daşıb töküldüyünü mütləq görərdi. Təbii ki, bu boyda fırtınanı öz sevgilisi də görməmiş deyildi və sanki, bu sevgi o gözlərdən onun şair qəlbinə axırdı.

Və başladı:

 

– Sevgilim, gah qoyub gözümü yolda,

Gah gəlib canımı al dönə-dönə.

İncə barmaqlarla könül sazımı

Dindirib, söylədib, çal dönə-dönə…

 

– Bunu əzbər bilirəm, – deyə gənc qadın şıltaqcasına şairin sözünü kəsdi.

Şairə çox da fikirləşmək lazım gəlmədi. Dərhal başqa şeirə keçdi:

 

– Həsrətin qövr etdi sinəm içində,

Gözüm dumanlandı bu nəm içində.

Mən səni sevmişəm, səni seçmişəm,

Minlərlə qəmzəli sənəm içində…

 

– Bunu da bilirəm, – gülümsər gözlərini bəyindən çəkməyən xanım başını buladı. Qıvrım saçları sinəsinin üstündə sağa-sola yellənib sakitləşəndə şair əlini irəli uzadıb yoldaşının əlindən tutdu və bu dəfə səsini bir az da yavaşıdıb az qala pıçıltı ilə davam elədi:

 

– Əllərin əlimdə… bir çiçək kimi,

Ətrini ruhuma çilə, gözəlim.

Ucadan baxırsan bir mələk kimi

Yerdəki çiçəyə, gülə, gözəlim.

 

– Şair, nə tez qocaldın sən? – xanım işvə ilə astaca qəhqəhə çəkdi.

– Məzzər, qojja görmə, gejjə gör, – deyə şair də onun dalınca şaqqanaqla güldü.

Qadının sifəti bir andaca ciddiləşdi:

– Məzzər kimdi? Bu nə deməkdi?

Oğlan ona bir az da yaxınlaşdı. Bu tutulmanın, günəşin qabağını ayın kəsməsinin ardınca hansı təhlükə gəldiyini anladığından əlini onun çiyninə qoyub gülümsədi:

– Qonşumuzda bir Ənvər kişi var idi, arvadının da adı Mənzər idi. Artıq yaşlaşmışdılar, amma yenə də həmişə bir yerdə idilər. Məhəllə uşaqları onların adlarını da qoşa çəkirdilər həmişə: “Əvər-Məzərgilin evinin yanından keçəndə…” Hamı deyirdi ki, mökəm sevgi olublar… Nədənsə ikisi də gücənə-gücənə danışırdı. Necə deyərlər, bir həfin üstünə vurğunu çox edirdilər. Ənvər Mənzərə Məzzər, Mənzər də Ənvərə Əvvər deyirdi. Məhlədə danışırdılar ki, bir dəfə qış günü Ənvər kişi həyətdə balta ilə kəhildəyə-kəhildəyə odun yarırmış. Təbii ki, ki, Mənzər də yanında. Kişinin artıq gücdən düşən vaxtları idi. Kötükdən əvvəllər olduğu kimi iri parçalar, yarmaçalar deyil, qamqalaqlar, tilişkələr qoparda bilirmiş. Növbəti dəfə baltanı zərb ilə odun parçasına vurandan sonra tərsinə tutaraq odun qarışıq başına qaldırır və baltanın küpünü başqa iri kötüyə çırpır. Balta bir az da dərinə işləsə də odun yenə parçalanmır. Dayanıb alnının tərini siləndə Mənzər də birdən qayıdır ki, Əvvər, qojjalmıssan e tayy. Ənvərin də cavabı elə bil əvvəldən hazır imiş. Dərhal deyir, Məzzər, qojja görmə, gejjə gör!..

İkisi də birdən güldü. Birinci xanım ciddiləşdi, amma yenə də təbəssümlə, bic-bic gülümsəyərək:

– Nə bildiniz axı? – deyə soruşdu. – Əvvər-Məzzərin yanında idiniz?

– Nə bilim, bilmirəm bunu birinci kim eşitmişdi, məhləyə kim yaymışdı. Amma Ənvər kişinin bu sözləri bir zərb-məsələ çevrilmişdi, şəhərdə hamı nə isə münasib məqam olanda deyirdi bu ifadəni.

– Yaxşı, aydındı, – xanım yenə gülümsədi, – səni bağışladım.

– Amma mən səni bağışlamamışam hələ.

Xanımın dartılmış kamana bənzəyən gözəl, qara qaşları bir az da çatıldı: “Niyə? Nəyi?”

– Necə yəni? – şair guya incik-incik dilləndi. – Mən hələ heç Səməd Vurğunun o şeiri yazdığı yaşa belə çatmamışam.

– Şair, – xanım, sanki acıq verirmiş kimi bir az da axmıra ilə dedi, – söhbət yaşdan getmir ha. Söhbət ilhamdan gedir. Mən deyirəm ki, sənin ilhamın deyəsən qocalıb, ilhamın. Təzə bir şey yarada bilmirsən. Köhnə şeirlərini toy şabaşı kimi başımdan töksən də könül istər ki, şairi təzə şeir söyləsin, təzə.

Şair duruxdu. Başını aşağı əydi. Göz qapaqları da endi. Sanki ayaqqabılarının ucuna baxırdı. Birdən başını qaldırıb xanımının gözlərinə baxaraq hiyləgərcəsinə gülümsədi:

– Yadındadır, mən kəndə gələndə, axşamüstü əmin oğlunu göndərmişdim səni çağırmağa başqa adla. Uşaq da məni tanımırdı, hələ ağlı heç kəsmirdi də, gedib sənə demişdi, sən də gəldin, çəpərinizin ayağındakı bağçada görüşdük ha, yadına düşürmü, xatırlayırsanmı?

– Hə, yadımdadı, – xanım pıçıldadı, – deyəsən utanmışdı da bir az, diqqətlə baxan olsa, yanaqlarındakı xəfif qızartı gözündən yayınmazdı, ancaq marağını gizlədə bilmədi, – nə demək istəyirsən?

– Heç nə, gör həmin görüşümüzə uyğun gəlir? – deyə şair sanki hansısa görüşdə şeir oxuyacaqmış kimi özünü tarazlayıb asta səslə daha bir şeir söyləməyə başladı:

 

Neyləyim, utandım qonum-qonşudan,

Gəldim bağçanıza, yar, sinə-sinə.

Hayıl-mayıl oldum ay işığında

Aydan da işıqlı yar sinəsinə…

 

Ağlım, unamadım, hayana uçdu,

Qəlbimdə tufanlar coşdu, nə coşdu…

Bilmədim nə zaman, necə qovuşdum

Tonqal dodağına, qar sinəsinə…

 

Dodağı Şəkinin halvası kimi,

Yanağı Qubanın alması kimi…

Gözləri Göygölün aynası kimi,

Göyçaydan gəlibdi nar sinəsinə…

 

Yarı mənə keçdi, yar – yarı qaldı,

Yarım ona köçdü, yar yarı qaldım…

Yar getdi, bağçada sərsəri qaldım,

Ürəyim olmuşdu car sinəsinə…

 

Sevgidən dərdiyim bar mənə bəsdir,

Barla da qalasam, bar mənə bəsdir…

Dünyanı bölüşün, yar mənə bəsdir,

Təki yardan qona bar sinəsinə!

 

Demək olar ki, bütün şeirlərinin ilk oxucusu, yaxud ilk dinləyicisi sevimli həyat yoldaşı idi. Həmişə dədiqqətlə dinləyər və öz fikirlərini söyləyərdi. Bu dəfə isə sonuncu bəndə qədər göylərdə, buludların arasında uçan xanım, sonuncu bəndə çatanda göz qapaqlarını qaldırıb, qolundakı çantasını çiyninə keçirib, əllərini çapan çalırmış kimi ehmalca bir-birinə toxundurub, təəccüblə ərinə baxdı:

– Əzizim, səni alqışlayıram, çox gözəl şeirdi. Amma, incimə, axırıncı bəndi başa düşmədim.

– İncimirəm, bilirdim ki, başa düşməyəcəksən. Təkcə sən yox, çox adam bunu anlamayacaq. Birinci sənə oxudum, sonrasına baxarıq. Bir də ki, mən bunu sənə yazmışam, kimsə başa düşməyəcəksə, bunu özümüzə dərd eləməyəcəyik.

– Yaxşı, de görək, nə demək istəyirsən?

– “Sevgidən dərdiyim bar mənə bəsdir”, – bu aydındırmı?

– Aydındır.

– “Barla da qalasam, bar mənə bəsdir…” – yəni təzəklə də qalasam, öz ocağım mənə bəsdir.

– Aha, – qadın başını təsdiq edirmiş kimi tərpətdi.

– “Dünyanı bölüşün, yar mənə bəsdir”, – bu da aydındır, dünya sizin olsun, amma o dünyadan təkcə sevgilimi mənə verin, bu bəsimdir.

– Bu da aydın oldu, bəs…

– “Təki yardan qona bar sinəsinə!” – yəni ki, sevgilimin sinəsində, canında, ruhunda, varlığında nə bar, nə bəhər olacaqsa bizim olsun, ikimizin olsun, öz yarından olsun…

– Gözəl şeirdir, – şeir həqiqətən xanımın xoşuna gəlmişdi, amma sevgilisi ilə zarafat etmək, onu cırnatmaq həvəsini də qırağa qoya bilmirdi. – Amma bu şeri qəzetə versən, gərək, özün demişkən, hər qəzet köşkünün yanına da bir adam qoyasan ki, şeirin çıxan qəzeti alan adamlara bir-bir sonuncu bəndi izah etsinlər, hörmətli oxucular da bilsinlər ki, müqtədir şairimiz sonuncu bənddə nə demək istəyib, – özünü saxlaya bilməyib, ucadan qəhqəhə çəkdi.

Oğlan gözaltı ətrafa baxdı. Adamların bəziləri dönüb onlara baxırdı. Astaca pıçıldadı:

– Yaxşı, axşam evdə sənə göstərərəm, – deyə gülümsəyə-gülümsəyə arvadını “hədələdi”.

– Danışıb-güldüyümə baxma, vallah ürəyim Lalənin yanındadır. İçimdə bir narahatlıq var. Bütün varlığım elə bil titrəyir, ürəyimə damıb ki, nəsə olacaq.

– Xeyirsöyləməzlik eləmə, nə olasıdı ki?

– Nə bilim, bayaqdan ortalıqda gəzən o qəssaba oxşayan dəllala baxdıqca, onun dediklərini eşitdikcə, hövsələm bir tikə olur. Elə bilirəm ki, Laləni götürməyəcəklər. Gərək əvvəlcədən gəlib danışaydıq…

– Əzizim, sənin qızının altı yaşı hələ təzəcə tamam olub, – deyə, cavan oğlan həyat yoldaşının sözünü kəsdi. – Bu il birinci sinfə gedəcək. Bu onun ömründə ilk imtahanıdır. Həyata indi başlayır. Bundan sonra o hələ uzun illər çoxsaylı imtahanlardan keçəcək. Sən indidən belə həyəcanlanırsansa, gələcək sınaqlarda nə edəcəksən? Bir də, axı bu nə imtahandır ki? Altı yaşlı uşaqdan nə imtahanı götürmək olar?

– Dedilər axı. Məntiqi düşüncə, bir də bilik və bacarıqlar…

– Olsun! – ata yenə də həyat yoldaşının sözünü kəsərək gülə-gülə dedi. – Bizim balamız, necə deyərlər, şeytana papış tikir. Maşallah hələ neçə il bundan qabaq öz ağlını, dərrakəsini göstərib. Yadındadır, Fazil əmin bizə gələndə gözlərini çevirib guya Laləni qorxutmaq istəyirdi. Lalə də onda hələ təzə-təzə dil açırdı, gülə-gülə dedi ki, Həzil baba uxan olub.

– Səncə bu məntiq deməkdir? – xanım ironiya ilə dedi.

– Yox, demirəm ki, bu məntiqdir, ancaq o yaşda başqa uşaq bəlkə də qorxub qaçar, ağlayardı. Amma Lalə başa düşürdü ki, bu adi bir işdir və qorxmalı bir şey yoxdur. Deməli, mənim qızım ağıllı uşaqdır.

– Lalə həm ağıllı uşaqdır, həm də bilikli, – ana yarı incik dilləndi. – Sən onu deyincə, elə hazır Lalənin biliyindən, bacarığından danış də, Fazil əmimin bir zarafatı olub, gərək elə onu xatırlayasan?

– Yaxşı, gəl indi də onlardan danışaq, – bəy həyat yoldaşının iradının üstündən incəliklə keçərək, həm onun dediyini etmək, həm də könlünü almaq üçün bir-bir barmağını qatlayaraq sadalamağa başladı: bax, Lalə əla rəqs edir, özü də düz iki ildir Dövlət Uşaq Filarmoniyasında, Fərəh xanım Şəkinskayanın məktəbində rəqsə gedir.

– Gəl riyaziyyatdan başlayaq, – ixtisasca riyaziyyat müəllimi və vaxtaşırı qızı ilə məşğul olan xanım sanki canlandı, – Lalə 100-ə qədər saya bilir. Hələ 100-dən də çox sayır, sadəcə özüm qoymuram, çox yükləmək istəmirəm.

– Əla şeirlər bilir, gözəl də söyləyir, – sanki oğlan da öz şairliyini qabartmaq istədi. – Özü də başqaları kimi uşaq-muşaq şeiri, “Keçi”, “Xoruz” yox e, əməlli-başlı şeirlər bilir.

– Qızımın başqa bacarıqları da var, – ana gülümsədi. – Az danış, uşağa özümüzün gözümüz dəyəcək, – ani sükutdan sonra davam elədi, – ancaq gərək heç bura gətirməyəydik. Elə bizim məktəbə qoyaydıq, gözümün qabağında olardı, özüm də nəzarət edərdim.

– Sən nə danışırsan? – bəy təəccübləndi. – Sizin məktəbiniz məktəbdir? Bir məktəbdə ki, müəllim öz dili ilə şagirdlərinə deyə, bala, bir yana çıxmaq istəyirsinizsə, valideynlərinizə deyin, sizə müəllim tutsunlar, sizi hazırlığa qoysunlar, o məktəbdən nə gözləmək olar? Hələ onu demirəm ki, nədir o müəllimin adı, son vaxtlar da başını örtür e, nədir onun adı? Nə demişdi uşaqlara? Hə, gəlin sizin falınıza baxım, gələcəyinizi deyim, – ata qəhqəhə çəkdi.

– Yavaş, camaat bizə baxır, – müəllim gülümsədi, – hə, direktor o sözə görə çox danladı o müəllimi.

– Danlamaq yox, işdən qovmaq lazım idi, – oğlan qəzəblə dedi. – Dərs keçmək əvəzinə sinifdə şagirdin falına baxan müəllimə məktəbdə yer olmamalıdır. Rəhbərlər bu cür liberallıq edirlər ki, məktəblərin də çoxu indi yaman gündədir.

– Vallah, bizim məktəb hələ bir az babatdır…

– Hə, təəssüf ki, elədir, – oğlan başını tərpətdi. – Bir də, bilirsən, nə düşünürəm, əgər indidən uşağımızın gələcəyini pulla, rüşvətlə qurmağa başlayacağıqsa, o heç bir həqiqi nailiyyət qazana bilməz. İnsan gərək çalışsın, oxusun, öyrənsin, savadlı olsun.

– Axı, buna şərait də olmalıdır, – qadın səbrini basa bilmədi.

– Şəraiti kim yaradacaq, hamı çalışmalıdır, – qadının başının üstündən məktəbə tərəf baxan əri onun sözünü kəsdi, – aha, uşaqlar başladı çıxmağa.

Uşaqlar bir-bir, iki-bir çıxır, əvvəlcə qələbəlikdə gözləri ilə öz valideynlərini axtarır, sonra da onlara tərəf qaçırdılar.

Bir azdan Lalə də çıxdı. Anası bir az əvvəl oturduğu skamyadan qalxana qədər atası qızcığazın qabağına yüyürdü, onu qolları arasına alıb başının üstünə qaldırdı, saçlarından öpüb ehmalca yerə qoydu. Sonra yumşaq, ağ, pompuş əlindən tutub birlikdə xanıma tərəf addımladılar.

Xanım yerə çöməlib qızını qucaqladı. Yanaqlarından yüngülcə öpüb, gülə-gülə soruşdu:

– Necə oldu, qızım?

– Bilmirəm, – qızcığaz çiyinlərini çəkdi.

Ər-arvad baxışdılar. Amma uşağa bir söz demədilər. Hərəsi onun bir əlindən tutub məktəbin qızcığaz çıxıb onlara tərəf qaçdığı qapısına tərəf getdilər.

Onlardan qabaq oraya artıq xeyli valideyn toplaşmışdı. Bircə onu eşitdilər ki, hamı bir-birinə ötürə-ötürə deyirdi, dedilər “cavabları öyrənmək üçün axşam saat beşdə məktəbə yaxınlaşın”. ““Yaxınlaşın” nədir?” – deyə öz-özünə pıçıldadı, – “belə çıxır ki, məktəbin yaxınlığına gələk, daha içəri keçməyək. Görəsən bu camaat niyə öz dilimizdə danışmır? Niyə başqa dildə düşünüb, Azərbaycan dilinə tərcümə edirlər? Bəyəm, “Cavabı bilmək üçün axşam saat beşdə gəlin” demək olmazmı?”

 

Bu dəfə məktəbin həyətində adam az idi. Valideynlər bir-bir divara vurulmuş elanlar lövhəsinin qabağına gəlir, lövhəyə yapışdırılmış vərəqələrdəki siyahıda öz uşaqlarının adını axtarır, tapanlar, sevinir, gülə-gülə, şad-xürrəm halda məktəbin həyətini tərk edib gedirdilər. Tapmayanlar isə dilxor halda ətrafa boylanır, sonra da qapıdan içəri keçirdilər.

Lalənin adı siyahıda yox idi. Atası təəccüblə siyahıya bir də əvvəldən axıradək baxdı. Sonra çiyinlərini çəkib dodağını sıxaraq, ətrafa boylandı. Elə bu zaman əynində idman şalvarı, ayağında çəkələk, kirli qolsuz köynəyini şalvarın üstünə salmış, yekə başı dibdən qırxılmış, bayaq həyat yopldaşının dediyi kimi qəssaba oxşayan dolu bədənli qarayanız bir adam ona yaxınlaşdı:

– Nə olub, müəllim, uşağın adı siyahıda yoxdur? – deyə soruşdu. – İstəyirsiniz, gedim mən danışım, həll edim bu məsələni?

– Kiminlə danışacaqsınız? – Lalənin atası təəccübdən gözləri böyümüş halda soruşdu.

– Müəllim, mən işimi bilən adamam, – “qəssab” gülümsədi. – Sizin nəyinizə lazımdır kiminlə danışacağam? Mən sizin məsələni həll edəcəyəm, siz də mənim.

“Müəllim”in ayağının altından yer qaçdı elə bil.

– Siz nə danışırsınız? – az qaldı qışqırsın. – Mən sizin hansı məsələnizi həll etməliyəm? Siz bununla nə demək istəyirsiniz?

– Müəllim, siz elə danışırsınız ki, guya bura Bakı deyil, siz də azərbaycanlı, – deyə qəssab baş barmaqlarını idman şalvarının rezin başlığının içəri tərəfindən salıb yuxarıya dartdı, geriyə sığallayıb buraxdı. Sonra yenidən kirli köynəyini şalvarın üstünə salıb üz-gözünü turşutdu:

– Özünüz bilərsiniz, – dedi. – Mən sizə kömək etmək istəyirdim, sağ olun, – deyib aralanmağa başladı.

– Dayanın, – Lalənin atası arxadan onu çağırdı. – Olmazmı elə mən özüm gedim soruşum, görüm mənim uşağımın adı niyə yoxdur siyahıda?

– Niyə olmur ki, olar, – “qəssab” gizli bir kinayə ilə dedi. – Qalxın ikinci mərtəbəyə, soldan ikinci qapı. Şikayətə orada baxırlar.

– Kim baxır? – heç özü də bilmədi ki, bu mənasız sualı niyə verir.

– Cengiz müəllim, – “qəssab” təmkinlə cavab verdi.

– Kim? – “müəllim” təəccüblə bir də soruşdu.

– Cengiz müəllim, – həmsöhbəti olduqca etinasız bir səslə dedi.

– Azərbaycanlı deyil? – “müəllim” çaşqın halda qaşlarını çatdı.

– Niyə ki, lap yaxşı azərbaycanlıdır, – deyə “qəssab” çevrilib aralandı.

“Müəllim” də dönüb lövhənin sağ tərəfindəki qapıdan içəri keçib ikinci mərtəbəyə qaxdı. Dəhlizdə bir neçə adam var idi. Pəncərənin qarşısında da iki nəfər söhbət edirdi. Soldan ikinci qapını tapıb iki dəfə ehmalca tıqqıldatdı və açıb içəri keçdi:

– Gəlmək olar?

Bu zaman bir qadın əsəbi halda otaqdan çıxdı. Onun arxasınca ötəri baxan “müəllim” otağa göz gəzdirdi. İçəridə adam az idi. Onlar da divar boyu düzülmüş stullarda oturmuşdular. Heç biri danışmırdı. Görkəmlərindən narazılıq oxunmurdu, deyəsən işləri artıq düzəlmişdi.

“T” şəkilli masanın baş tərəfində oturmuş, eynəyinin üstündən diqqətlə onu süzən adamın qarşısında dayanıb danışmağa başladı:

– Bağışlayın, sizi narahat edirəm, – dedi, – mənim adım Əsgərdir. Qızım bu gün burada imtahan verib. Adı siyahıda yoxdur. Aşağıda soruşdum, buranı nişan verib dedilər ki, bu işə Cengiz müəllim baxır. Üzr istəyirəm, sizin adınız nədir?

– Bəli, Cengiz mənəm, – masanın arxasındakı adam gözündəki eynəyi çıxardıb masanın üstünə atdı. – Eşidirəm sizi.

– Bağışlayın, o adamın Cengiz deməyi məni karıxdıdı. Ona görə soruşdum, indi siz özünüz də elə deyirsiniz. Axı doğrudan sizin adınız nədir? Cengiz nə deməkdir?

– A kişi, sənə nə lazımdır? – “Cengiz” əsəbiləşdi. – Sənə mənim adım lazımdır, ya uşağınızın taleyi?

– Bəli, əlbəttə, mən uşağın işinə görə gəlmişəm, sadəcə adınızı başa düşmədim deyə, soruşdum. Bağışlayın, mənim qızımın adı siyahıda yoxdur. Bilmək istəyirdim ki, bunun səbəbi nədir? Doğrudanmı mənim qızım ən zəif uşaq olub? Doğrudanmı o heç nə bilmir?

– Dediniz adınız nədir? – masanın arxasında oturan adam dilləndi. – Əsgər?

– Bəli.

– Əsgər müəllim, mənim adım Çingizdir. Türk qardaşlarımız da Çingiz əvəzinə Cengiz deyirlər deyə, burada hamı belə vərdiş edib. Elə mən özüm də. Çingiz deyiləndə birtəhər oluram, Cengiz yaxşı səslənir, – deyə masanın üstündəki dəftəri qabağına çəkib, yenə üzünü həmsöhbətinə tutdu, – qızınızın adı nədir?

– Lalə, – deyə Əsgər müəllim tez cavab verdi. Qədirli Lalə Əsgər qızı.

– Qədirli Lalə, Qədirli Lalə, – deyə-deyə Çingiz müəllim əlində tərsinə tutduğu qələmin arxasını siyahının üstü ilə aşağıya sürüşdürərək mızıldamağa başladı. – Qədirli Lalə, aha, tapdım. Bəli, tapdım. Sizin qızınız imtahandan keçməyib.

– Necə keçməyib, nəyə görə keçməyib? – Əsgər müəllim səbrsizliklə soruşdu. – Deyə bilərsinizmi burada nə çətin şey, nə çətin sual olub ki, o da cavab verə bilməyib? Mənim qızım savadlı uşaqdır.

– Qızınız savadlı ola bilər, – Çingiz-Cengiz qımışdı. – Amma dünyagörüşü çox zəifdir.

– Nə dünya görüşü, Çin… Cengiz müəllim? Onun hələ nə yaşı var? O nə dünya görüb ki, görüşü də olsun? Körpə uşağın…

– Yox, biz axı əvvəlcədən elan etmişdik ki, imtahanın biri məntiqi düşüncə qabiliyyətindəndir, – o, Əsgərin sözünü kəsdi. – Sizin uşağınız da bu mənada zəifdir.

– Onda deyin görək o hansı suala cavab verə bilmədi ki, siz bu qənaətə gəldiniz? Yəni nəyi bilmədi ki, dünyagörüşünün zəif olduğunu düşündünüz? Qızım gözəl şeirlər bilir, 100-dən yuxarı sayır, rəqsə gedir, birinci sinfin materiallarını artıq mənimsəyib. Siz ondan nə soruşmusunuz ki, bilməyib?

– Sizin qızınız heyvanları tanımır, – Çingiz-Cengiz laqeyd halda astadan dedi.

– Necə yəni tanımır? – təəccübdən gözləri böyüyən Əsgər müəllim xırıldadı. – Qaynatamın – Lalənin babasının kənddə ferması var. Hər il yada aparırıq qalır onlarda. Dəfələrlə ata, eşşəyə minib. Hər axşam örüşdən gələn qoyun-keçinin maləşməsini yamsılayır, nənəsi inək sağanda gedib dayanır yanında. Qapıda hər gün it-pişik görür, toyuiq-cücə qovalayır, qaz-hinduşka otaranlara qoşulub çəmənliyə gedir. Bir deyin görüm mənim qızım hansı heyvanı tanımayıb ki, imtahandan keçməyib?

– Vəhşi heyvanları tanımır, – o yenə də olduqca laqeyd halda mızıldadı.

– Nə vəhşi heyvanı, a kişi, siz nə danışırsınız? – Cavan oğlan əsəbindən titrəməyə başladı. – Məni dolamısınız? Bəyəm mənim qızım zoologiyadan imtahan verirdi? Altı yaşlı uşağın, birinci sinfə gələn uşağın vəhşi heyvan nəyinə lazımdır? Bir də ki, siz nə bildiniz ki, o vəhşi heyvanları tanımır?

– Burda təəccüblü nə var ki? Şəkil göstərdik, tanımadı.

– Olarmı o şəklə mən də baxım? – Əsgərin gözləri hədəqəsindən çıxırdı.

Çingiz-Cengiz müəllim masanın sol qanadının qapısını açıb siyirməni özünə tərəf çəkdi. Oradan kiçik formatlı qəzet boyda bir topa şəkil çıxardıb masanın üstünə qoydu. Sonra şəkilləri bir-bir vərəqləyib arasından birini çəkib çıxartdı və masanın üstündə astaca irəliyə itələdi:

– Bax budur, – dedi, – qızınız bu şəkildəki heyvanı tanımadı.

Əsgər iki addım irəli atıb şəkli qabağına çəkdi və diqqətlə baxmağa başladı. Xeyli baxandan sonra tərəddüdlə mızıldandı:

– Vallah bu… pələngə də oxşayır, pişiyə də… bir az da… xüsusilə də gözlərindən canavara. Amma dəqiq bilmirəm ki, bu nədir, – qəfildən özündən çıxdı. – Bilirsiniz nə var? Heç bu şəkildəki haeyvanın nə olduğini mən bilimirəm. Mənim 37 yaşım var. Qızımdan 31 yaş böyüyəm, ali təhsilliyəm, müharibə veteranıyam, dünyanın bir çox yerində olmuşam. Heç mən bilmirəm ki, bu şəkildəki nədir, Məşədi İbad demişkən, o yazıq uşaq haradan bilsin? Siz özünüzü nə hesab edirsiniz? Bizi nə hesab edirsiniz? Mən indi gedim o uşağa nə deyim? Siz özünüz heç olmasa bilirsinizmi bu hansı heyvanın şəklidir?

– Nityə bilmirik ki? – Çingiz-Cengiz müəllim arxayın-arxayın dedi. – Vaşaq şəklidir, – Əsgərin heyrətdən donmuş gözlərinə baxıb əlavə elədi: – şəkildəki vaşaqdır.

– Yaxşı, onda mən gedim qızımı salım təpiyin altına ki, utanmırsan, vaşaqı tanımırsan? Uşaq deyilsən ha sən, altı yaşın var, – əlacsız halda, yazıq-yazıq gülməyə başladı.

– Mənə başqa sözünüz yoxdursa, – Çingiz-Cengiz masanın üstündəki şəkilləri yığışdıra-yığışdıra, heç nə olmayıbmış kimi arxayın və laqeyd səslə dedi, – başqa gözləyənlər də var. Nə çox Bakıda məktəb, aparın qoyun başqa bir məktəbə, gərək elə Atatürk məktəbi ola?

– Mən… mən… sizə nə deyəcəyimi belə bilmirəm. Sizin heç vicdanınız yoxdurmu? Nəyə görə körpənin qəlbini qırırsınız? Bu onun həyatda ilk imtahanıdır. Niyə onun elə uşaq vaxtından haqsız yerə arzusunu puç edirsiniz? Siz…

Sözünün arxasını söyləyə bilmədi. Qapı şaqqıltı ilə açıldı. Bayaq o gələndə əsəbi halda otaqdan çıxan qadın bağıra-bağıra içəri girdi. Birbaşa masanın arxasında oturmuş şəxsin üstünə yeriyərək qışqıra-qışqıra dedi:

– Bura bax, bilmirəm, Cengizsən, Tengizsən, nəsən, bəs sən deyirdin, mənim oğlumun məntiqi düşünmək qabiliyyəti yoxdur? Hə? İndi necə olur, üç min manat verən kimi uşaqda həmin qabiliyyət yaranır? Hə, cavab ver mənə deyirəm sənə!

– Ay xanım, siz nə danışırsınız? – Çingiz-Cengiz-Tengiz ayağa qalxdı. – Xahiş edirəm sizdən mənim otağımı tərk edin, bura məsuliyyətsiz söz-söhbət yeri deyil.

– Eləmi? Yaxşı onda sizə başqa sual verim: Deyə bilərsinizmi Günəş böyükdür, yoxsa Ay? Hə, bu suala cavab verə bilərsiniz?

– Əşi mən nə bilim kim böyükdür, nə böyükdür? Yox bir Merkuri böyükdür, çıxın bayıra xahiş edirəm, burada ağzınıza gələni danışmayın.

– Necə yəni danışmayım? Necə yəni danışmayım? Bəyəm sən özün demədin ki, mənim oğlum bu suala məntiqlə cavab verə bilməyib? – çılğın halda danışan qadın “sən”ə keçdi. – Eşidirsiniz, ay camaat? – deyə o üzünü Əsgərə, otaqdakı adamlara, bayaqdan açıq qalan qapının ağzındakı şəxslərə tutub soruşdu. – Bu adam mənə deyir, mənim oğlumun mənrtiqi düşüncə qabiliyyətini yoxlamaq üçün ondan soruşublar ki, Günəş böyükdür, yoxsa Ay? Uşaq da cavab verib ki, Günəş. Deyiblər, niyə elə düşünürsən? O da deyib, çünki Günəş gündüzlər çıxır, Ay isə gecələr. Altı yaşlı uşaqdan bundan gözəl hansı cavabı gözləmək olar? Bəyəm elə məntiq bu deyil? Buna görə uşağı imtahandan kəsiblər. Burada mənə bunları danışandan sonra düşürəm aşağı. Oradakı o köstəbəyə oxşayan qara toxmaq isə mən deyir ki, üç min manat ver, bu dəqiqə çıxım Cengiz müəllimlə danışım, oğlunuzu götürsün məktəbə. Heç utanmırsınız? – o yenidən üzünü məktəbin müəlliminə tutdu. – Heç ölüb yerə girmirsiniz? Bu ölkənin, bu millətin adını niyə belə biabır edirsiniz axı? Özü də Atatürk adı altında! Özümüzdə bir müqəddəs şey qoymamısınız qala, heç olmasa onun adını ləkələməyin! Boyunuzu yerə soxum! Mən heç sizə üç manat da vermərəm. Sizin kimi alçaq, şərəfsiz adamlara… Sizin kimi vicdansız adamlara… Atatürkün adı haramınız olsun! Atatürkün adı altında qazandığınız haram pullar gözünüzdən, burnunuzdan gəlsin! Binamuslar! – qadın sözün qurtarıb çıxdı və zərb ilə qapını da çırpdı.

Qapının şaqqıltısından Əsgər də, otaqdakı başqa adamlar da sanki səksəndilər. Çingiz-Cengiz-Tengiz geriyə həsləyib stula çökdü.

Özündə bu qadın qədər cəsarət tapa bilməsə də, sanki onun bu sözlərindən sonra bir az da ürəklənən Əsgər yarım addım irəli atıb hər iki əlinin baş və qatlanmış şəhadət barmağını masanın üstünə dirəyib bir azca Çingizə tərəf əyilib:

– Daha sizə sözüm yoxdur, – dedi. – Nə lazım idi o qadın dedi. Özü də düz dedi. Mən onun sizə dediyi hər bir sözə şərikəm, bu sözləri ilə isə xüsusilə razıyam: – Atatürkün adı haramınız olsun, binamuslar!

Qəddini düzəldib asta addımlarla otaqdan çıxdı, amma qapını çırpmadı…

2022,

Bakı.

Happy
Happy
1
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş