Gəlsənə, mən sənə sevmək öyrədim – Elşad Ərşadoğlunun şeirləri

2 0

Bu gün şair Elşad Ərşadoğlunun ad günüdür.

“Azad Şuşa” bu münasibətlə şairi təbrik edir və onun şeirlərindən ibarət ətirli bir çiçək dəstəsini əziz oxucularına təqdim edir.

 

*****            *****            *****

 

 

Azala-azala yox olur adam

 

Başqasının bətnində yaransa da,

öz içində doğulur adam…

Yaşayır…

Havası çatmır,

həm istidən,

həm soyuqdan,

vardan,

yoxdan,

sevgidən,

sevgisizlikdən,

kədərdən,

sevincdən…

bir sözlə,

içdən-içdən əzab çəkir, boğulur adam…

Ancaq ən pisi, dostların,

yaxınların sevgisindən yıxılır adam.

Elə yıxılır ki,

çilik-çilik olub öz içinə dağılır adam.

Sonra da

qırıntılarını yığıb toplamağa çalışır öz içində.

Neyləsə də,

bir qırıntısı da olsa, kəm gəlir hər dəfə.

Hər dəfə bir qırıntı, bir hissə azalır, çıxılır adam.

Hər dəfə bir az kiçilir, sıxılır adam…

Azala-azala,

nəhayət, bir gün tükənir öz içində…

Beləcə, yox olur adam…

 

 

Bir kişi var idi

Babam Behbidalı kişi II Dünya müharibəsində iştirak etmişdi, ikinci qrup müharibə əlili idi. Çoxlu sayda orden və medallarla, həmçinin “Qırmızı əmək bayrağı” ordeni ilə təltif olunmuşdu.

Həyatın hər cür üzün görmüşdü. Uşaq ikən valideynlərini, Qarabağ müharibəsində oğlunu və doğma torpağını, evini itirmişdi…

Bütün bunlara rəğmən ayaqda qalmağı və yaşamağı bacarmışdı. Özü də kişi kimi yaşamağı.

Mənə yaşamağı öyrədən bu kişiyə bir neçə şeir həsr etmişəm…

 

 

Bir kişi var idi,

nəhəng bir Kişi..

Orta,

ali təhsilini

yalnız həyat məktəbində alan kişi…

Bəzən taleyinə meydan oxuyan,

Bəzən olacağa çarə yox deyib,

Bulud kimi dolan kişi..

Oğul dərdi,

torpaq dərdi çəkə-çəkə

solan kişi…

Kövrək kişi,

həlim kişi,

qəmgin kişi,

gərgin kişi…

Dastan, nağıl, bayatılı sinəsi

Akademiyanın

Folklor İnstitutu qədər

zəngin kişi…

Bir kişi var idi,

nəhəng bir kişi…

Həyatı taleyin sərt silləsiydi…

Dünyada nə qədər əzab-ətiyyət var,

hamısı əlindən keçmişdi onun,

Əlləri zəhmətin xəritəsiydi…

Həyatın hər çürə üzün görmüşdü,

Keçmişin ən dərin qaranlığında,

hələ uşaq ikən

iki qardaş bir bacı

ata-analarıyla birgə

xoşbəxtliklərini də itirmişdilər…

Elə qocalmışdı ki…

Bir vaxt Dünya savaşında

faşistlərə əsir düşməyən kişinin

bədənini qırışlar

əsir götürmüşdülər…

Bir kişi var idi,

nəhəng bir kişi…

Həyat verənim olmasa da

Həyatımın təyini olan kişi.

Sinəsindəki folklor adlı xəzinəni

uşaqlıqdan ruhuma

misra-misra hopduran,

içirən kişi…

Ovcunun içində saxlayıb məni,

öz zəhmətkeş əlləriylə

arzudan-arzuya qanadlandıran,

uğurdan-uğura köçürən kişi…

Həyatımdan qırmızı xətt kimi

gəlib keçən kişi.

Ölümü öldürüb ölümsüzləşən,

Şirin xatirəyə çevrilib tamam,

yaddaşıma,

ruhuma,

ürəyimə köçən kişi…

Ürəyimdə məskən salıb,

yaddaşımda yaşayır,

əməli-sözü tən kişi,

Mənə yaşamağı öyrədən kişi…

Bir kişi var idi,

nəhəng bir kişi…

 

 

Eşqə doğru

Yenə ruhum pərvaz, fikrim oyaqdı,
Qəlbimdə arzular qalaq-qalaqdı.
Eşqə doğru yol gedirəm nə vaxtdı,
Bir sevginin ətəyindən yapışıb.

Tilsimləyib gözlərimi, qəlbimi,
O sevdadı varlığımın hakimi.
Bu dünyada dolanıram kor kimi,
Bir sevginin ətəyindən yapışıb.

Gizlənmişəm müəmmada, sirdə mən,
Ölsəm yenə əyilmərəm dərdə mən.
Bu dünyaya gələcəyəm bir də mən,
Bir sevginin ətəyindən yapışıb…

 

 

Ən sərfəli təklif

Hörümçək tor qurub hər tərəfində,
Basıb arzuları toz ürəyimdə.
Hara baxırsansa tör-töküntüdü,
Canım, yoxdu deyə qız, ürəyimdə.

Sevgi çox müqəddos, sevgi çox qədim,
Gəlsənə, mən sənə sevmək öyrədim.
Sənə bundan yaxşı nə təklif edim,
Dörd otaq verirəm öz ürəyimdə.

Amma qoy xəbərdar edim öncədən,
Nə vaxt ürəyimdən getmək istəsən,
Səni öldürüb öz əllərimlə mən,
Sonra dəfn edəcəm düz ürəyimdə…

 

 

Gözə gəlir

 

Ha ölçürəm, nəsə çölüm

İçərimdən qısa gəlir.

Qəm də məndən əl çəkmir ki,

Köhnə gedir, təzə gəlir.

 

Dərdlərim var dağdan ağır,

Hamısı da kövrək, fağır.

Gizləsəm, qəlbimi sıxır,

Deyirəm də, gözə gəlir.

 

Ana, könlüm sözə möhtac,

Gözüm toxdur, ürəyim ac.

Bir yaxşı can süfrəsi aç,

Bu gün ölüm bizə gəlir…

 

 

Hamı gedir

Hərə bir az gəzir məni,
Hərə bir az çözür məni,
Hərə bir az sevmir məni,
Hərə bir az atır gedir.

Zalım, qorxulu adamlar,
Həsrət qoxulu adamlar,
Ax, bu yuxulu adamlar,
Gəlib məndə yatır gedir.

Nəyi deyir ver, verirəm,
Ürək açıb sirr verirəm.
Ürəyimdə yer verirəm,
Gedən vaxtı satır gedir.

Gedənlər baxmır sözümə,
Gedənlər baxmır üzümə.
Gələnlər dəymir gözümə,
Elə hamı gedir, gedir…

Adamlar getdikcə bir-bir,
İçimdə itir səs-səmir.
Bir kimsə doymaq istəmir,
Hərə bir az dadır gedir…

 

 

Hələ sevmək tezdi məni

Hələ gəz dolan beləcə,
Hələ sevmək tezdi məni.
At ömrünün bir küncünə,
Yaddaşında gizlə məni.

Nə vaxt sənə olsam lazım,
Çağırmağa yoxdu lüzum,
Mən səndəyəm, canım-gözüm!
Ürəyində səslə məni.

Hay verməsəm sənə haçan,
Ta eyləmə başqa güman.
Xəyallardan soruşgünan,
Duyğulardan istə məni.

Haqq salandan iz içimə,
Hey süzülür söz, içimə.
Mən çökmüşəm öz içimə,
Sən axtarma üzdə məni.

Gah deyirəm səndəyəm mən,
Gah deyirəm məndəyəm mən,
Yaman qəliz bəndəyəm mən,
Sən gəl indi çöz də məni…

 

Nəzir

Göylərdən qiymətli pay kimi aldım,
Müəmma ruhumu, bu sirr ruhumu.
Dedim birdən geri dönmək istəyər,
Etdim bədənimdə əsir ruhumu.

Daima dərd çəkir, işi-gücü var,
Canında o qədər ağrı, sancı var…
Dünyada nə qədər qəm var, acı var,
Parkda gəzər kimi gəzir ruhumu.

Küsüb küncdə duran bu şən ürəyim,
İçimdə istidən bişən ürəyim,
Gündə bir sevdaya düşən ürəyim,
Eləyir hey, əsir-yesir ruhumu.

Heç vaxt qəm kədərə yaxa verməyir,
Kədər ha əlləşir, yıxa bilməyir.
Hələ də bir yerə çıxa bilməyir,
Qələm neçə ildir çözür ruhumu…

Bir gün doğmalara bəxş edəcəm qəm,
Bir gün veş-vüşümü eyləyəcəm cəm,
Bir gün ölüm adlı pirə gedəcəm,
Verəcəm Allaha nəzir ruhumu…

 

 

 

O qız

O qız dünyanın hər işini sevdi,
Ağacını sevdi, daşını sevdi,
Adamını sevdi, quşunu sevdi,
Gör sevgi nə günə qoydu o qızı.

Gərək ürəyinə bağlayaydı daş,
O qız sevməyəydi, sevməyəydi kaş!!!
Nə ağac, nə torpaq, nə adam, nə quş
Anladı o qızı, duydu o qızı.

O qız öz içində özün gizlədi,
Güldü, gülüşündə üzün gizlədi.
Sevinc üstün örtdü, çölün bəzədi,
Kədərsə içindən oydu o qızı…

…Allahlı bəndəli məhv elədilər,
Ömrünü yedilər, kef elədilər.
Öldürüb içində dəfn elədilər,
Dedilər: qisməti buydu o qızın…

 

 

Otuz ildir Sənə tərəf gəlirəm

 

Ömrü-günü bağışlayan Allahım,

Sən verdiyin günə tərəf gəlirəm.

Dənləyirəm dəqiqələri, anları,

Sən səpdiyin dənə tərəf gəlirəm.

 

Gündə min yol düşüb haldan-hala mən,

Yüngülləşdim daim dola-dola mən.

Uzaqlardan çıxmışam ey, yola mən,

Yavaş-yavaş mənə tərəf gəlirəm.

 

Bilmirəm ki, yüyürüm mən, uçum mən,

Tələsirəm nəfəsini qucum mən…

Otuz ildir bir səs gəlir içimdən,

Həmin səsə, ünə tərəf gəlirəm.

 

Nə dərdim var? Ürək açıq, əl açıq,

Sevgi böyük, vüsal sonsuz, yol açıq…

İlk dəfədir, nabələdəm, yola çıx,

Otuz ildir Sənə tərəf gəlirəm…

 

 

 

Piyada keçidi

 

Keçir ürəyimdən, keçir adamlar…

Əvvəl ürəyimə gəlirlər

tənhalıqdan qorunmağa,

könüllərin ovutmağa,

göz yaşların qurutmağa,

daha nələrə, nələrə…

 

Elə ki,

işlərin sahmanladılar,

təhlükəni addatdılar,

məqsədlərinə çatdılar,

köçür ürəyimdən, köçür adamlar…

 

Beləcə,

piyada keçidindən keçən sayaq,

ürəyimdən

gəlib keçir adamlar,

təhlükədən qorunmaqçün…

Məndən piyada keçidi kimi

istifadə edirlər…

 

 

 

Ruhuma birtəhər dəyirsən nəsə

 

Niyə belə qayğılısan, ay Allah,

Sənin də işlərin düyün düşübdü?

Gah göy guruldayır, gah şimşək çaxır –

Hər tərəfə səsin-küyün düşübdü.

 

Ruhuma birtəhər dəyirsən nəsə,

Sirr də verməzsən ki, əsla, heç kəsə…

İnsan ki deyilsən, bir gözəl qıza

Gözün düşməyibsə, nəyin düşübdü?

 

Dərdini-sərini ver getsin yelə,

Mənə bir xoşbəxtlik  borcun var hələ.

Boylanma ümidsiz-ümidsiz belə,

Yerin göyə qalxıb, göyün düşübdü?

 

Sən həssas, duyğusal, mən həlim, kövrək,

Belə olmayaydıq əvvəldən gərək…

Eh…sənin də yaşamaqdan mənimtək,

Taqətin tükənib, heyin düşübdü…

 

 

Sevgi adamı

Mən bir sevgi adamıyam,
Sorma, adım nədir mənim.
Sevgidən doğan nifrət də,
Ürəyimə yatır mənim.

Bir ömürlük, gəldi-gedər,
Müvəqqəti səadətlər,
Ucuz sevgi-məhəbbətlər,
İçərimdə batır mənim.

Çıxarram üzə sevgimi,
Bu qədim, təzə sevgimi.
Çevirrəm sözə sevgimi,
Gücüm buna çatır mənim.

Sanma ki, Allaha qulam,
Mən Ona dostam, oğulam.
Onu sevməklo moşğulam,
İşim-gücüm budur mənim.

Hər adam bu işi bilməz,
Bu iş qadın, kişi bilməz.
Biri bilər, beşi bilməz,
Sözüm Allah dadır mənim…

Sevgi qoxuyan adam

Dərd sevinc cildinə girib şən gəlib,
Olub ürəyinlə tənbələn gəlib.
Başma nə gəlib sevgindən gəlib,
O, səni bu kökə qoyubdu, adam!

Həm çölünü, həm içini talayıb,
Nifrəti, qəzəbi, kini talayıb.
Bu sevgi nə vaxtdı səni talayıb,
Bu sevgi qəlbini soyubdu, adam!

Sevgi ürəkdə qəm, saçda dən olur,
Ən çəkilməz dərdlər sevgidən olur.
Sevginin də çoxu bezdirən olur,
Camaat sevgindən doyubdu, adam!

Sevdin nə qazandm bax, belə olmaz,
Cıxacaq axrına, yox, belə olmaz…
Üstünə-başına ətir vur bir az,
Sevgi qoxuyursan ayıbdı, adam!..

 

 

Taleyimin iş vaxtı

Bənzərsiz, ilahi əsər yaradıb,
Salıb hər cizginə nəzər, yaradıb.
Allah səni gör nə gözəl yaradıb,
Saatının xoş vaxtına düşmüsən.

Göylərdə yaradıb, göndərib yerə,
Gül üzünə bəzək vurub yüz cürə.
Nəqqaş kimi işləyibdi min kərə,
Bekar olub, boş vaxtına düşmüsən.

Öz od nəfəsindən Yaradan, görən,
Nə təhər veribdi sənə can, görən,
Bəs niyə bu qədər soyuqsan, görən,
Yoxsa, Onun qış vaxtına düşmüsən.

Heyif, sənin kimi gözəl bəxtim yox,
Neyləyim ki, səadətim yoxdur, yox!
Heyif, səni sevmək üçün vaxtım yox,
Taleyimin iş vaxtına düşmüsən…

Təkliyi boşayam gərək

Bir vaxt sevincimə qıyan kim idi?
O gözəl günlərdən doyan kim idi…
Məhəbbət eyniylə oyun kimidi,
Uduzdum, təzəsin başlayam gərək.

Qoy gedib başqasın salsın tlaşa,
Kimi istəyirsə eyləsin qoşa.
Kiminlə istəyir qalsın baş-başa,
Bu kifir təkliyi boşayam gərək.

Harda bir bəla var, gəzir başımı,
Fikirlər götürüb əsir başımı.
Yastıq çox yumşaqdı, əzir başımı,
Bir qızın dizinə baş qoyam gərək.

Məhəbbət cənnətə çağıran səsdi,
Kimə azadlıqdı, kimə qəfəsdi.
Allah xatirinə yaşadım, bəsdi,
Day bəndə xotrinə yaşayam gərək…


Yaxşı ki, yoxluğun varmış

Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən…
Bəxtiyar Vahabzadə

Sənsizlik ömrümə qonaq gələndən,
Bir dinclik, rahatlıq tapmamışam mən.
Yoxluğun o qədər ağırdır inan,
Varlığım əlləşir, qaldıra bilmir.

Gah yerə baş vurur, gah göyə qalxır,
Qapıdan boylanır, bacadan baxır.
Xəyalın min cürə oyundan çıxır,
Yenə də üzümü güldürə bilmir.

Sənsiz yaşadığım nə ömür-gündü?
Bomboş xarabadı ürəyim indi.
Qəlbimdə açdığın yer çox dərindi,
Yerini həsrətin doldura bilmir.

Daha qəm-kədərdi mənə dost-tanış,
Çölümdə bahardı, içərimdə qış.
Hələ nə yaxşı ki, yoxluğun varmış,
Tənhalıq könlümə dərd ola bilmir.

 

 

Yaşamaqla məşğuluq

Bu gündüzlər, gecələr,
Dönüb, dolanıb gedər.
Axşam qurtarıb, səhər,
Başlamaqla məşğuluq.

Yaxşı, pis, ucuz, baha,
İlkə dönür bir daha.
Hər gün bir az, Allaha,
Oxşamaqla məşğuluq.

Hamımızda bir peşə,
Çevrilibdi vərdişə.
Ömürü yaşdan-yaşa,
Daşımaqla məşğuluq.

Bir fərli içimiz yox.
Heçimiz-köçümüz yox.
İşimiz-gücümüz yox,
Yaşamaqla məşğuluq…

 

Yekə dərdim

Məndən əvvəl kimlər çəkib,
Salıb bu kökə dərdimi?
Day qoymaram bundan sonra,
Hər yetən çəkə dərdimi.

Həə…deyirəm, nəfləndirim,
İçizdirib kefləndirim.
Sevincimlə evləndirim,
Çoxaldım bəlkə, dərdimi.

Sevindirim işıq kimi.
Xoşbəxt edim aşiq kimi.
Bütün günü uşaq kimi,
Ağlayan yekə dərdimi.

Dərd olmasın day heç kimə.
Sevinc çiləsin içimə.
Və beləcə sevincimə,
Eləyim nökər dərdimi…

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş