Şəhidlər ölmür… Zirvədə qarsan, oğlum! – Mina Rəşidin şeirləri

2 0

“Azad Şuşa” Mina Rəşidin şeirlərini əziz oxucularına təqdim edir.

 

Mina Rəşid

 

Azad Şuşam

 

Ordumuzun gücündən

Qorxub qaçdı yağılar.

Şuşanı azad etdi

Şir biləkli oğullar.

 

 

Bu yer sanki möcüzə –

Uca dağlar, şiş qaya…

Dolama yollarıyla

Biz qalxırıq Şuşaya.

 

 

Hamımız əsgər olub

Durmuşuq keşiyində.

Üzeyirin yurdunda –

Musiqi beşiyində.

 

 

Şuşa sənət məbədi,

Gözəlliyin taxtıdır.

Şuşa Azərbaycanın

Mədəni paytaxtıdır.

 

 

 

Gülümsə, ey general!

 

Milli Qəhrəmanımız general Polad Həşimovun əziz xatirəsinə

 

Polad kimi əyilməz,

Aranlısan, dağlısan.

Sən üç rəngə boyanmış

Bir Vətənin oğlusan.

 

 

Hamı səndən danışır,

Adın elə doğmadı.

Səni oxşayan sözlər

Kitablara sığmadı.

 

 

Gülümsə, ey general,

Azad oldu yurdumuz.

Qürur duy əsgərinlə,

Zəfər çaldı ordumuz!

 

 

Şəhidəm, ölməmişəm!

 

Şəhiddir mənim adım,

Vətən üçün doğuldum.

Vətən üçün yaşadım,

Uğrunda Şəhid oldum.

 

 

Mən cismən olmasam da,

Şəhidəm, ölməmişəm.

Sağım-solum gülüstan

Cənnət budur, gəlmişəm.

 

 

Mənimtək neçə oğul

Qurban oldu bu yurda.

Təki Vətən sağ olsun,

Elim qalmasın darda.

 

 

Anam da qürurludur,

Adım Vətənlə təndir.

Mənim ilk beşiyim də,

Məzarım da Vətəndir!

 

 

Nə yaxşı varsan, oğlum!

 

Doğum günün mübarək,

Nahid balam, necəsən?

Ürəyimin parası,

Şəhid balam, necəsən?

 

 

Bulud kimi dolub, bax,

Anan da, “Salam!” deyir.

Bacı-qardaşların hey…

Hey səni əzizləyir.

 

 

Şəhidlər ölmür, uca

Zirvədə qarsan, oğlum!

Fəxr edirəm səninlə

Nə yaxşı varsan, oğlum!

 

 

Qəldimdəsən, birdənəm!

 

Şəhid xanımının dilindən

 

 

Hərdən səsin gəlir qulağıma,

sevinirəm.

ah, o təbəssümün…

gülümsəyirəm…

əllərim havalanır,

sənə doğru uçuram…

 

adın gəlincə qızımızın dodağı büzülür,

oğlumuzun qaşları çatılır…

uşaqların səsinə aşağı enirəm

sənə uzanan əllərimlə

iki balamızı qucaqlayıram.

sənin qoxun gəir,

səsin gəlir,

sən həmişə bizimləsən,

qəlbimdəsən, birdənəm…

 

 

Qar yağsın

 

İstəyirəm qar yağsın,

Qara gün qarda batsın.

Adamlar bir-birinə

Güllə deyil, qar atsın.

 

 

Qara günlər ağarsın,

Dünyaya yağsın bu qar.

Qışın tən ortasında

Günəştək doğsun bu qar.

 

 

Müharibə sözünü

Görüm qar-çovğun alsın.

Qar yağsın, qoy silahlar

Qarın altında qalsın.

 

 

Zəfər bayatıları

 

Yaşasın mərd oğullar,

Cəsur, comərd oğullar.

Elimə arxa-dayaq,

Yağıya dərd oğullar.

 

 

Bura – bizim Qarabağ,

Yarı dağdı, yarı bağ.

Ayağında çiçəyə,

Başındakı qara bax.

 

 

Sevin bu gün, gül bu gün,

Yadda saxla, bil bu gün.

Şuşamız azad oldu,

Nəğmə deyir dil bu gün.

 

 

Gözəl yerdi – Şuşadı,

Büllurdandı, şüşədi.

Xarıbülbülün yurdu

Dağ başıdı – Şuşadı.

 

 

Həsrətliydim Ağdama,

Qara dama, ağ dama.

Bəsdir, bitsin həsrətim,

Üz tuturam Ağdama.

 

 

Yol uzanır Laçına

Qayaları laçına.

Az qaldı qovuşmağa,

Xəbər çatıb Laçına.

 

 

Vaxt gülür Kəlbəcərə,

Baxt gülür Kəlbəcərə.

Nənəm elə sevinir,

Xoş gəlir Kəlbəcərə…

 

Mən aşiqəm Tərtərə,

Güllə yağır Tərtərə.

Düşmən od ələsə də,

Günəş doğur Tərtərə.

 

 

Mən aşiqəm Vətəndi,

Torpaqla can bir təndi.

Vermərəm Qarabağı

Bura bizim Vətəndi!

Bura bizim Vətəndi!

 

 

Bu gün bizim günümüz!

 

Sən yenidən doğuldun,

Bu gün sənin günündü.

Bu gün bizim günümüz,

Bu gün mənim günümdü.

 

 

Haqqın nişanı kimi

Qanadlanıb bayrağım.

Bu gün bütün dünyada

Dalğalanır bayrağım.

 

 

Bütün türk dünyasının

Üzü gülür bu gündə.

Biz Zəfər qazanmışıq

Sevinir ay da, gün də!

 

 

Ali Baş Komandanım

Dincəlmədi bir an da.

Hərə bir əsgər olub

“Dəmir yumruq” olanda…

 

 

Bütün dünya gördü ki,

Haqqın öz divanı var.

Şəhidlər al qanıyla

Böyük tarix yazdılar.

 

Gözlərini bu yurda

Qurban edən oğullar.

Başınıza dolanım,

Qazilər – uca dağlar!

 

 

Kövrəlirəm, həm də ki,

Qürurlanır ürəyim…

Azərbaycan anamdı,

Qarabağ göz bəbəyim.

 

 

Nələr çəkdi başımız

Heç unutmayaq gərək.

Gözlərin aydın, Vətən,

Zəfər günün mübarək!

Zəfər günüm mübarək!

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş