“TV tariximizin parlaq və unudulmaz siması” – Samir Əsgərxanovun ad günü

2 0

Bu gün Qarabağın məşhur nəsillərindən birinin tanınmış övladı olan jurnalist həmkarımız, aramızdan vaxtsız getmiş SamirƏsgərxanovun ad günüdür. Təəssüf ki, neçə yaşı olduğunu tam dəqiqləşdirə bilməmişik. Vaxtilə onunla iş yoldaşı olmuş professor Qulu Məhərrəmlinin dediyinə görə bu gün Samirin 60 yaşı tamam olur və əslində yubileyidir. Əsgərxanovun həmkəndlisi, araşdırmaçı jurnalist, rəhmətlik Ənvər Çingizoğlunun müvafiq yazılarında isə onun təvəllüdü 1962-ci il göstərilir. Ancaq istənilən halda bu gün ad günüdür və onu xatırlamaq üçün yaxşı fürsətdir.

 

Sаmir Еldаr оğlu Əsgərxanov Bakı şəhərində anadan olub.

Azətbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyib, “Хəzər” rеdакsiyаsının bаş rеdакtоru olub. Həmçinin aktual mövzularda publisist yazıları ilə tanınıb.

Samir Əsgərxanovu “…TV tariximizin parlaq və unudulmaz siması” adlandıran professor Qulu Məhərrəmli mərhum həmkarını belə xarakterizə edir: “O, 1990-cı illərin ortalarında Azərbaycan televiziyasının populyar aparıcısı idi. Rusca gözəl nitqi, əla xəbər duyumu, dərin intellekti, virtuoz araşdırıcılıq qabiliyyəti, yaxşı dostluğu və insanlığı vardı. Eyni gündə (2 mart 1995-ci il) “siyasi icmalçı” əmrimiz verilib. “Səhər” proqramı açılanda bir müddət birgə çalışmışıq. Gözəl menecer və media təşkilatçısı idi. Qarabağ, terror və kriminal mövzuda ən yaxşı verilişləri o hazırlayıb. Vəfat edəndə cəmi 35 yaşı vardı. Onu sevgi ilə yad edirik…”

Dövlət Təhlüкəsizliк Xidməti оnun şərəfinə “Sаmir Əsgərхаnоv” müкаfаtı təsis еdib.

Əslən Füzuli rayonunun Yağlıvənd кəndindən olan Sаmir Əsgərхаnоv 1998-ci ildə vəfаt еdib.

 

Samir Əsgərxanov yağlıvəndli Şıxalı bəyin törəmələrindəndir. Şıxalı bəyin oğlu Həsənalı bəy Əsgərxanov 1855-ci ildə Şuşa qəzasının Yağlıvənd kəndində anadan olub, Şuşa qəza məktəbini, Sankt-Peterburq Konstantin Yunkerlər məktəbini bitirib. Sonra orduda xidmət edib. “Georgi” xaçı ilə təltif edilib. Məlumatlara görə Kremlin “Georgi” salonunda onun da adı qeyd olunub.

 

Öz dövründə şair kimi tanınan Həsənalı bəy ordudan tərxis olunandan sonra Qazax və Zəngəzur qəzalarında, qəza idarələrində müxtəlif vəzifələrdə işləyib, uryadnik kimi xidmət edib, sonra Gorusun polis pristavı vəzifəsində çalışıb.

10 dekabr 1920-ci ildə Qaryagin qəzasının Yağlıvənd kəndində vəfat edib.

      Həsənalı bəy

Həsənalı bəy şeirlərini Kavxalı təxəllüsü ilə yazıb. “Kavxalı” onun da mənsub olduğu tayfanın adıdır. Yağlıvəndin işğalına qədər Kavxalı məhəlləsi kəndimizin ən böyük məhəllələrindən biri idi. Erməni vandalizmi Həsənalı bəyin yurdunu da yer üzündən silib.

Məşhur araşdırmaçı jurnalist, mərhum həmkəndlimiz Ənvər Çingizoğlunun yazdığına görə şair Həsənalı Kavxalının Baxış bəy Səbur, Qazı Mirzə Əli və İsfəndiyar bəy Vəzirovla deyişmələri indiyədək qalıb.

Füzuli rayonunun Yağlıvənd kənd sakini, hazırda Bakının Qaradağ rayonunda məskunlaşmış, Yağlıvəndin tarixi ilə bağlı materiallarla yaxından maraqlanan və bu sahənin el arasında bilicisi sayılan Arzuman Kərimlinin dediyinə görə Həsənalı bəy, əslən Qarabağın məşhur Tuğ kəndindən olan Asiya xanım Ələkbər bəy qızı Məlikaslanova ilə ailə qurub. Onların Əsgərxan bəy, Cəmil bəy, Şəmil bəy, Cəlal bəy adlı oğulları, Səadət xanım, Nabat xanım, Tavat xanım, Şövkət xanım və Firuzə xanım adlı qızları olub.

Anam Sayad xanım vaxtilə dnışdığı xatirələrdən birində qeyd etmişdi ki, Həsənalı bəyin yuxarıda adını çəkdiyimiz qızı Şövkət xanım onun, yəni anamın ilk müəllimi olub. Yağlıvənd kənd məktəbində ilk dəfə latın qrafikalı Azərbaycan əlifbasını anam məhz Şövkət xanımdan öyrənib.

Həsənalı bəyin oğlu – 1890-cı ildə Cəbrayıl qəzasının Yağlıvənd kəndində anadan olan Şəmil bəy kənd məktəbini bitirəndən sonra Tiflisdə hərbi məktəbdə oxuyub. Əsgərxanov əvvəlcə Rusiya ordusunda poruçik rütbəsində xidmət edib. Azərbaycan Cümhuriyyəti qurulandan sonra müstəqil Azərbaycanın ilk ordusunun ilk zabitlərindən biri kimi xidmətə başlayıb. Azərbaycan ordusunda ştabs-kapitan rütbəsinə qədər yüksəlib. 9-cu və 106-cı Qafqaz alayları ilə Qarabağa göndərilib. Sonra 2-ci Qarabağ süvari alayının tərkibində xidmət etməyə başlayıb. Daha sonra Şəmil bəy Əsgərxanov Cəbrayıl qəzasına ezam edilib. Orada süvari hissələr yaratmağa başlayıb. 1920-ci ildə ölkəmizin Rusiya tərəfindən işğal edilməsi ilə onun da ordu quruculuğu sahəsindəki fəaliyyəti yarımçıq qalıb.

Şəmil bəy

Mən hələ uşaq olarkən kəndimizdə ailəmizin böyüklərindən eşitmişdim ki, bolşevik cəza dəstələri Həsənalı bəyin evinə (1993-cü ildə Füzuli rayonu işğal edilənədək Həsənalı bəyin imarətinə camaat eləcə “Bəyin evi” deyirdi. Həmin evdə xeyli müəssisə yerləşmişdi.) soxulanda bolşevik əsgərləri Şamil bəyin yağlı boya ilə birbaşa divara çəkilmiş hərbi libasda portretini görüb dayanırlar. Hərbçilərin çoxu onu tanıyırmış. O zaman deyirdilər ki, əsgər və zabitlər portretə arxa çevirmədən salondan çıxırlar.

Ümimiyyətlə, Əsgərxanovlar haqqında çox geniş yazmaq, danışmaq olar. Lakin, hazırda məqsədimiz bu deyildir.

Bu gün ad günü olan, haqqında söhbət açdığımız istedadlı jurnalist Samir Əsgərxanov həmin nəsildəndir. Yağlıvəndli Şıxalı bəyin kötücəsi, şair və pristav Həsənalı bəyin nəticəsi, yəni onun nəvəsi Eldar bəyin oğludur.

Bu gün onu keçmiş iş yoldaşları, həmkarları, dostları, həmkəndliləri ehtiramla xatırlayırlar. Biz də həmçinin.

Allah rəhmət eləsin!

Kərim Kərimli   

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş