Gözüm üstə qoyacam sən doğulan torpağı – Sevda Səfərlinin şeirləri

5 0

B gün ölkəmizdə Azərbaycan Cümhuriyyətinin 105 illiyi qeyd olunur. “Azad Şuşa” bayram münasibətilə Sevda Səfərlinin iki şeirini təqdim edir.

 

 

Sevda Səfərli

 

Ulu Azərbaycanam!

 

Cahana, kainata nur saçan günəşəm mən,

Odumun bir zərrəsi, bir közümlə bəsəm mən.

Ocağım sönməz mənim, kül içində közüm var,

Hey alışır dərd-qəmim, ürəyimdə sözüm var.

Bağrı dağlı qalanam, köksü yaralı canam,

Böyük Turan elim var, ulu Azərbaycanam!

 

 

Əsrlərə yaşıdam, qədimdir mənim yaşım,

Fəqət çox dərd-qəm yedim, ağırdır mənim daşım.

Köküm dərin olsa da, kəsdilər budağımı,

Yer də, Göy də sızladı, gördükcə bu dağımı.

Kəsilsə də budağım, pöhrə verən al qanam,

Əyilməyən, sınmayan ulu Azərbaycanam!

 

 

İkiyə bölünmüşəm, Quzeyəm, həm Güneyəm,

İllərdir nalə çəkən, qəlbi dağlanmış neyəm.

Arazam, dərdli çayam, suyum da dərdli axır,

O tay hələ bu taya yaman həsrətlə baxır.

Qasırğalar önündə yenə coşan tufanam,

Qol-budağına həsrət ulu Azərbaycanam!

 

 

Başım, gözüm dumanlı, ürəyim çox yaralı,

Əzalarım hələ də qalıb məndən aralı.

Amma qollarımda yox bağlı zəncir izləri,

Qandallaya bilərmi məni qatil əlləri?

Yurd yeri, el-obası əsrlərdir talanam,

Közü hər an alışan ulu Azərbaycanam!

 

 

Zaman-zaman bölünmüş, torpaqları ələnmiş,

Tarixi süngülənmiş, ərləri güllələnmiş.

Bir parçamdır Zəngəzur, bir parçam – Göyçə, mənim,

Dağılıb orda yurdum, solubdir göy çəmənim.

Başı bəlalar çəkmiş yad əldə İrəvanam,

Parça-parça olsam da, ulu Azərbaycanam!

 

 

Hikmətlər xəzinəsi, Nizami “Xəmsə”siyəm,

Bu dünyaya səs salan Üzeyir bəstəsiyəm.

Əhməd Cavad, Mumtazam, Müşfiqin naləsiyəm,

Keçmişimdən bu günə ələmlər şələsiyəm.

Sürgündə zillət çəkən Cavidəm, bağrı şanam,

Mərd oğullar anası – ulu Azərbaycanam!

 

 

Neçə yerdən kəsdilər, doğradılar qolumu,

Dəmir Qapı Dərbənddə bağladılar yolumu.

Hər dəfə al qanımdan biçsələr də donumu,

Fəqət əyəmmədilər şax qamətli boynumu.

Torpağıma tökülən “Şəhid” adlı al qanam,

Tarixə Zəfər yazan ulu Azərbaycanam!

 

 

Nəsiminin haqq səsi, Füzuli nəfəsiyəm,

Şah İsmayıl Xətai, bütöv Vətən səsiyəm.

Bölünmüş torpağımla qəlbi şan-şan viranam,

Bütövləşən, birləşən Oğuz elli Turanam.

Yenə də birləşəcəm, ərənlərlə ad-sanam,

Bölünsəm də, yenə mən – ulu Azərbaycanam!

 

 

Dədə Qorquddur mənim tarixdən gələn boyum,

Oğuzlardan qalıbdır mənim öz adım, soyum.

Yağı elə bilməsin, baltalanmış budağam,

Közü kömürə dönmüş alışmayan ocağam.

Hayqıran, od püskürən, alovlanan vulkanam,

Odlar ölkəsiyəm mən, ulu Azərbaycanam!

 

 

O taydan məzlum-məzlum mənə baxan torpağım,

Nisgilə, selə dönmüş cah-cəlallı növrağım.

Ay qərib yurd yerlərim, yanar səndə çırağım,

Üstümdən uçub gedər həsrətim, ürək dağım.

Gözü yaşlı Təbrizəm, Ərdəbiləm, Zəncanam,

Böyük Turan elim var, ulu Azərbaycanam!

 

 

 

Azərbaycan bayrağı

 

 

Vətənimə töhfəsən dahi Məmməd Əmindən,

Qopmusan, elə bil ki, Tanrının ətəyindən.

Sən bir daha ucaldın Şəhidlərin əlində,

Ey Oğuz ellərinin yanar, sönməz çırağı,

Azərbaycan bayrağı!

 

 

Savaşdan qalib çıxdı, bükülmədi bayrağım,

Şəhid qanı nahaqdan tökülmədi, bayrağım!

Dalğalanan dəniz tək al-əlvan göy qurşağı,

Düşmənə ox tək batan, zirvədəki göz dağı,

Azərbaycan bayrağı!

 

 

Tarixin dərgahından güclə qopmuş bayrağım,

Şəhidlərin qanına, gülə hopmuş bayrağım,

Şuşamın zirvəsinə uçub qonmuş bayrağım,

Zirvələrdə qal elə, ey hürriyyət mayağı,

Azərbaycan bayrağı!

 

 

Sən azad Vətənimdə məğrur dayan, bayrağım,

Hər səhər Şuşamızda azad oyan, bayrağım,

Zəfərlər müjdəsiylə nura boyan, bayrağım,

Sənə  baxsın, sevinsin, başı qarlı Kirs dağı,

Azərbaycan bayrağı!

 

 

Təbrizimin boynuna sarılaraq dalğalan,

Zəngəzurun, Göyçənin yollarında dalğalan,

Zəfər çalmış ərlərin qollarında dalğalan,

Ey azad Vətənimin əbədiyyət sorağı,

Azərbaycan bayrağı!

 

 

İstiqlal qapısını nurla açan bayrağım,

Qaranlığa, zülmətə işıq saçan bayrağım,

Hürriyyət günəşi tək göydə uçan bayrağım,

Ay-ulduzlu hilalın sən üçrəngli növrağı,

Azərbaycan bayrağı!

 

 

Azadlıqla, qan ilə, istiqlalla yoğruldun,

Amma tarixlər boyu qatil əllə boğuldun,

Şuşanın zirvəsində sən yenidən doğuldun,

Gözüm üstə qoyacam sən doğulan torpağı,

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş