Ən ülvi arzumuz bütöv Vətəndi! – Mehdi Calalın şeirləri

1 0

“Azad Şuşa” Sumqayıtda yaşayıb-yaradan, qubadlı nəğməkarı, şair Mehdi Calalın üç şeirini hörmətli oxucularına təqdim edir.

 

Mehdi Calal                                

 

Bənövşə

Bizim yerlərdə bənövşələri rəng fərqinə görə, – biri süd rənginə yaxın, o biri isə tünd rəngli olduğundan, – iki adla: süd bənövşə və qan bənövşə adlandırırdılar…

 

Ağzından süd ətri gələn,

Nazından süd ətri gələn,

Yazından süd ətri gələn

O günlər dönür görüşə,

Süd bənövşə, qan bənövşə.

 

 

Biriniz ruh, biriniz qan;

Ayrı salır zalım zaman.

Tez doyursuz yaşamaqdan;

Dəyişmir dövran, bənövşə!

Süd bənövşə, qan bənövşə!

 

 

Ömür ki, var, imtahandı;

Süddü, qandı, ruhdu, candı…

Yaz adlı eşqə boyandın,

Bir az gec oyan, bənövşə!

Süd bənövşə, qan bənövşə.

 

 

Dünya çiyinlərdə bir yük;

O üzdənmi boynun bükük?!

Torpağımız bölük-bölük

Azalmır nadan, bənövşə!

Süd bənövşə, qan bənövşə.

 

 

Gül ətirli arzumuzsan,

Pozulmayan yazımızsan,

Saf, ismətli qızımızsan,

Bağlıyıq candan, bənövşə,

Süd bənövşə, qan bənövşə!

 

 

Qızım Leylaya

 

Sizi gözlərimdən uzaq tutmaram,

Nə qədər canımda can var, ay qızım.

Bu halal ömrümdə nələr görmədim!..

Demə söyləməyə nə var, ay qızım!..

 

 

Uca dağımızın zirvəsi çəndi,

Ən ülvi arzumuz bütöv Vətəndi.

Bəlkə oğul-qız da Vətənlə təndi, –

Dərdim gecə-gündüz çaglar, ay qızım.

 

 

Ömrümə hər fəsil qışınan gəldi,

Dərd bitdi gözümün yaşından, gəldi.

Başıma gələnlər başımdan gəldi,

Talandı bağçalar, bağlar, ay qızım.

 

 

İnsan bağbanıdı qəm-qubarının,

Varkən qədrin bilməz olanlarının…

Yeri behişt olsun babalarının;

Ömrə divan tutur sağlar, ay qızım.

 

 

Gözümün ilk ovu, inamla yasa!

Kaş bir arzunuz da dəyməsin daşa.

Böyük ol, yol göstər bacı-qardaşa;

İnsan doğmalığı duyar, ay qızım.

 

 

Bir ömrü ətəkdə daş yaşayırıq,

Düşünmə, Yaz ömrü Qış yaşayırıq.

Saflıqda hamıdan baş yaşayırıq,

İnansan gələcək bahar, ay qızım…

 

 

Yuxu kimi ömür

 

Əlçatmaz xəyallar aparır səni,

Hərdən də dünyadan qoparır səni,

Amma ömür demir ürək deyəni;

Yuxu danışırsan, yuxu, əzizim!

 

 

Bitmir ömrümüzün ahı, amanı,

Hələ tanmırsan yaxşı, yamanı.

Geriyə qaytarmaq olmur zamanı,

Gedibdi ömrünün çoxu, əzizim!

 

 

Özünə xoş günlər seçir cavanlıq,

İstidən, soyuqdan keçir cavanlıq.

Keçib gənclik yaşı, köçür cavanlıq,

Səni də izləyir qorxu, əzizim.

 

 

Söylə, nə qazandın ötən ömürdən?

Əlindən tökülüb itən ömürdən.

Susuz səhralarda bitən ömürdən,

Hərdən bülbül kimi oxu, əzizim.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş