17 iyun – nəzərə çarpmayan tarixi gün – Kərim Kərimli yazır…

4 0

Bu gün keçmiş prezident Əbülfəz Elçibəyin gecə ikən paytaxtı tərk edərək öz doğma kəndinə – Naxçıvan MR Ordubad rayonunun Kələki kəndinə getməsinin 30 ili tamam olur.

 

“Azad Şuşa” həmin hadisənin yubiley tarixli ildönümü münasibətilə Kərim Kərimlinin hazırda üzərində işlədiyi irihəcmli əsərinin o günə aid hissəsindən kiçik bir parçanı əziz oxucularına təqdim edir.

 

 

…Məmməd Musayev (o zaman Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı İdarə Heyətinin Sədri – red.) aypara şəklində masanın üstünə qoyduğu qollarını dirsəkdən barmaqlarına qədər oynada-oynada, əsdirə-əsdirə:

 

– Prezident qaçıb! – dedi.

Bu zaman o, gözlərini əvvəlcə masaya dikmişdisə də, sonra sanki dolayıdan gəlirmiş kimi ətrafda fırladaraq üzümə baxdı. Bu baxışda çox sual var idi. Amma bu suallar həm də məlumatlı adamın sualları idi. Sadəcə həyəcanın üstünlük təşkil etdiyi baxışlarda bütün başqa hisslərin üzərinə daxili gərginlik hesabına pərdə çəkilmişdi.

 

– Necə? Başa düşmədim! – mənim isə bütün hiss və duyğularım üzdəydi və nəyisə gizlətməyə ehtiyac da yox idi.

– Əbülfəz Elçibəy qaçıb!

– Necə yəni qaçıb?

– Qaçıb də, oturub təyyarəyə, uçub çıxıb gedib…

– Hara gedib?

– Nə bilim! Mən nə bilim!

– Qaçdığını nə bilirsiniz?

 

Bayaq ətrafı dolanıb gələn baxışlar birbaşa, kəsədən üzümə zilləndi:

 

– Sizdən bir az qabaq xəbər çatdırdılar. Amma hara getdiyini bilmirlər.

– Sizcə…

– Daha doğrusu, bilirlər, – sözümü kəsdi, – sadəcə dəqiq bilmirlər. İki versiya var: biri Naxçıvan, o biri Türkiyə. Deyir, ya Naxçıvana uçub, ya da Türkiyəyə…

 

…Araya anlaşılmaz, üzücü sükut çökdü. Məmməd müəllim qonağından nəsə eşitmək ümidilə həmsöhbətini danışmağa təhrik edə bilən baxışlarla yenə də üzümə baxdı.

 

– Məncə Türkiyəyə getməz, – onu intizardan qurtarmaq istəyirmiş kimi dedim. – Naxçıvan ağlabatandır, amma Türkiyə yox.

– Nəyə əsasən belə düşünürsünüz? ­– yenə də marağını gizlətməyərək tez soruşdu.

– Prezidentin heç kimin xəbəri olmadan paytaxtı tərk etməsi, xüsusən də belə gərgin və həyəcanlı bir vaxtda, anlaşılmazlıqdır, qəribədir. Siz deyən kimi desək, qaçması biabırçılıqdır. Ölkədən çıxması isə, hara getməyindən asılı olmayaraq, hətta qardaş Türkiyəyə getsə belə, daha böyük rüsvayçılıq olar. Ona görə də mən inanmıram ki, Azərbaycandan kənara getsin, çox gümün ki, elə Naxçıvana gedib. Ola bilsin ki, hətta Ordubada…

 

Təəccüblə üzümə baxdı:

– Necə yəni? Elə şey olar?

– Siz bunu gözləmirdiniz? – sualım onun gözlədiyi cavab deyildi.

– Yox! Bəs Siz?

– Mən təxminən belə bilirdim, amma bir az gec, bir az sonraya hesablamışdım… Təxminən oktyabra. Tələsib bir az… Tələsiblər… Görəsən kiminlə gedib?

– Nə bilim, bu barədə bir söz demədilər. Bir də ki, bunun nə fərqi var? Əsas kiminlə getməsi deyil, kimin gəlməsidi. Yerinə kimin gələcəyi…

– Gələcək adam gələcək deyil, gəlmiş adamdı artıq…

 

Bayaqdan müxtəlif formalarda üzümə zillənən narahat baxışlar bu dəfə az qaldı, dil açıb desin ki, ay balam, bir az konkret olmazmı?

 

– Olar, – dedim, – daha konkret də olar. Yəni ki, gələn artıq gəlib də, yerində oturub da. …Və uzun müddət də oturacaq. O, ümumiyyətlə, uzun müddət və möhkəm oturmağı bacarır…

 

Məmməd Musayevin yanına gəlməyimin əsas səbəbi barədə də bir qədər danışdıqdan sonra sağollaşıb qalxdım.

 

Məni qapıya qədər ötürüb əlimi sıxdı.

Qapıdan çıxanda:

– Narahat olmayın, – dedim. – Bir neçə saatdan sonra hər şey aydın olacaq, hamı hər şeyi biləcək.

– Nə bilim, vallah, görək də, – deyə bu dəfə nisbətən laqeyd halda dedi.

– Əşi, çox da fikir eləməyin, Elçibəy paytaxtı, bütün ölkəni də özü ilə aparmayıb ha, hər şey və hamı yerindədi. İndi sonra nə olacaq, bu başqa məsələdir, ancaq nə olsa da daha gedəni qaytara bilməz. Odur ki…

– Hə də, düz deyirsiniz, – sözümü kəsdi, – gözləyək, görək başımıza nə gəlir, – deyə qapını çəkib örtdü.

 

Qapı yüngülcə taqqıldayanda mən artıq qaça-qaça pilləkənləri enirdim və qaça-qaça da həyətə çıxıb sükanı arxasında sürücü əyləşib məni gözləyən xidməti maşınıma tərəf də, demək olar ki, yüyürək yaxınlaşanda nədənsə yadıma Taleyranın Napoleon haqqında dediyi sözlər düşdü.

 

Rəvayətə görə 1812-ci ilin axırlarında, qış vaxtı Napoleonun ordusu Rusiyada məğlubiyyətə uğrayıb geri çəkiləndə imperator özü də xizəklə, kirşə ilə cəbhədən geriyə qaçmağa başlayır. Həmin günlərdə kimsə Taleyrana deyir ki, bəs, Napoleonun oğlu artıq özü yeriyir, hətta hərdənbir qaça da bilir. Taleyran bu sözləri eşidəndə: – Çox qəribədir, – deyir, – ata ilə oğul qaçmağı eyni zamanda öyrənirlər.

 

Xidməti “Niva” nın qapısını açan kimi üzümü sürücüyə tutub:

– İcra Hakimiyyətinə sür, – dedim, – tezliklə biləcəyik, Elçibəylə eyni vaxtda qaçmağı daha kim bacaracaq.

 

Sonra isə ürəyimdə fikirləşdim ki, müqayisəm yersizdir. Lap çoxlu səbəblərlə yanaşı o da var ki, Napoleon dünyanın böyük bir hissəsini zəbt etmiş, Moskvaya qədər gəlib çıxmış, yanmış, dağılmış olsa da işğal etmişdi.

 

Elçibəy isə işğal altında olan ərzilərimizin bir hissəsini azad etmiş, Xankəndinin bir neçə kilometrliyinə qədər gedib çatmışdı.

Amma niyə hücumu dayandırdı?

Bax bunu bircə Allah bilir…

Çünki…

 

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş