“…Bu yerlərdə həmişə soyq Şimal küləyi əsir…” – Mahir Rəsuloğlunun hekayəsi

2 0

“Azad Şuşa”dan:

Daimi oxucularımız bilir ki, həftədə iki dəfə hekayəsevərləri sevindirərək maraqlı hekayələr dərc edirik. Belə ki, hər həftənin çərşənbə axşamı günü “Fantastika və detektiv” rubrikasında fantastik, elmi-fantastik və detektiv hekayələr, şənbə günü isə “Şənbə günü hekayəsi” rubrikasında, necə deyərlər, “adi” hekayələr veririk.

Bu gün “Azad Şuşa” öz ənənəsinə uyğun olaraq əziz oxucularına “Fantastika və detektiv” rubrikasında növbəti əsəri – yazıçı Mahir Rəsuloğlunun “Duman” hekayəsini təqdim edir.

 Bu sahənin başqa ustaları da və ümumiyyətlə, “Azad Şuşa”da dərc olunmaq istəyən digər müəlliflər də öz yazıları ilə bizə müraciət edə, bunun üçün əsərlərini kerimli.kerim@gmail.com ünvanına göndərə bilərlər.

 

 

Mahir Rəsuloğlu

Duman

Ətraf bir anda göz-gözü görməyəcək qədər qatı dumana bürünür. Bu yerlərin havası qadınların ruh halı kimidi, hər an sürprizə hazır olmalısan. Duman yorğunluğumu bir az da artırır sanki, hiss edirəm ki, geridə qalan ayağımı irəli sürüməyə taqətim qalmayıb. Əlimdəki uzun ağaca söykənib məcburi dayanıram. Dincəlmək lazımdır, onsuz da tələsmirəm, dağın başına çatmağıma az qalıb, yoxuş bitir. Çiyərlərimə çəkdiyim nəmli hava sakitləşdirir məni. Özümü inandırıram ki, yenə tezliklə həmişəki kimi Şimaldan soyuq külək əsməyə başlayacaq, duman da bir küləyə bənddir. Qarşımda yenə həmin gözəl mənzərə açılacaq, uzaqlarda sıralanmış ən hündür dağların zirvəsi görünəcək. Mən daha uca olan o dağların heç birinin zirvəsinə çıxmamışam, qəribəsi odur ki, bunu heç arzulamamışam da. Bəzi dağlar uzaqdan daha maraqlı görünür. Həm də mənim öz dağım var. Çox sevirəm onu.

 

Azca dincəldikdən sonra yoxuşun qalanını birnəfəsə çıxaraq futbol meydançası boyda böyük düzənliyə çatıram. Duman daha da qatılaşıb, heç yer görünməsə də meydançaya “künc zərbəsi” nöqtəsindən girdiyimi bilirəm. Burda ayağının altına baxmadan da qorxusuz irəliləmək olar, çünki bir neçə xırda qarışqa yuvasını nəzərə almasaq çala-çuxursuz, daş-kəsəksiz rahat düzənlikdir. “Cərimə meydançası”ndan çıxıb “mərkəz xəttə” doğru irəliləməyə çalışıram. Ancaq hiss edirəm ki, addım-addım istiqaməti itirirəm…

 

Azmaq? Mümkün deyil. Mən bu dağı gözübağlı gəzərəm, ağlım kəsəndən, ayağım yer tutandan günüm buralarda keçib. Qarış-qarış tanıyıram hər yeri. O qədər yağışa, dumana düşmüşəm ki burda. Hətta bir dəfə dumanın üstünə də çıxmışam. Gerçəkdən. Ağappaq, yumşaq duman idi, yuxarıya qalxdım, qalxdım, bir də gördüm duman ayağımın altında qalıb, hər tərəfə göz işlədikcə yol uzanır. Üstüylə xeyli yeridim, hətta dünyanın sonuna kimi gedə bilərdim istəsəydim. Sonralar kimə danışdımsa, heç kimi dumanın üstündə gəzdiyimə inandıra bilmədim. Bir dəfə də yumurta boyda doluya düşdüyüm yadımdadı. Bəlkə də o boyda deyildi, amma dəqiq çox iriydi. Göy gurultusuz, şimşəksiz, xəbərdarlıq eləmədən qara bir bulud topasından yerə səpələnməyə başlamışdı. Qaçaraq özümü meşəyə çatdırana kimi başıma, qoluma, kürəyimə neçə yerdən döşədi. Ən pisi isə o idi ki, qara bulud da məni doluya tutmaq üçün başımın üstündə mənimlə qaçırdı. Palıd ağacının altına vermişdim özümü, ancaq dolu dənələri elə iri idi ki, ağacın qalın budaqlarını, sıx yarpaqlarını qırıb-tökür, məni gizləndiyim yerdən çıxarmağa çalışırdı. Uşaq olsam da ağlamırdım, ağlamaq istəmirdim. Eləcə, ağacın gövdəsinə daha çox sığınıb yerlə-göyün birləşməsinə baxaraq düşünürdüm ki, tezliklə öləcəyəm. Ta ki, dolu başladığı kimi qəfil kəsənəcən elə qalmışdım. Sonralar ölümdən qurtardığıma, dolunun məni öldürmək istədiyinə də inanmayaraq gülmüşdülər. Və mən o vaxt hamıdan incimişdim…

 

Duman elə qatılaşır ki, dayanmalı oluram. Gün hələ indi günorta olar, ancaq hər tərəf boz-bulanıq rəngə bürünüb. Məkan və zaman anlayışının itməsi dedikləri budur yəqin. Ürəyimdən kimisə çağırmaq, qışqırmaq, ya da uca səslə oxumaq keçir. Səsim çıxmır. Bəlkə heç olmasa, fışdırıq çalım? Öz fikirlərimə gülsəm hər şey düzələr yəqin, di gəl gülə də bilmirəm.

 

… Hənirti eşidirəm. Ətrafımda bir hərəkət var sanki. Gözlərimə iti baxışlarla dumanı yarıb görə bilməyi əmr edirəm. Alınır, nəhəng, boz rəngdə siluetlər görürəm – qəribə varlıqlar! Hardansa gəliblər yəqin ki, bu yerlərdə belə varlıqlar yaşamır. Ağır-ağır yaxınlaşırlar və məni hər tərəfdən dövrəyə alırlar. İndi nisbətən daha yaxşı görə bilirəm onları. Ayaqları yoxdur, iri bədənləri yerlə sürünür, hərəsinin ağac budağına oxşayan üç qolu var – ikisi yanlarda, daha uzun olan üçüncü isə başlarının arxasından yuxarı qalxıb havada yellənir. Bədənlərindən böyük olan başları tez-tez quruluşunu dəyişir, nəyə oxşadığını bilmək olmur. Başlarında yalnız göz dəlikləri və yekə ağız yerləşir, burunları isə yoxdur. Ətrafımda dairə qurub dayanırlar. Yəqin mən də artıq “mərkəz nöqtəsi”ndəyəm.

 

Qorxmuram! Siz kimsiniz ki, məni öz dağımda mühasirəyə alasınız? Yaxın gəlsəniz, əlimdəki ağacla məhv edərəm hamınızı! Qəzəbimi səsli ifadə eləməyə ehtiyac qalmır, yəqin ki, fikirlərimi oxuyurlar və hamısı eyni vaxtda gülməyə başlayır. Səsləri çıxmır, zəif xışıltı eşidirəm sadəcə, ancaq ağızlarının hərəkətindən hiss edirəm güldüklərini. Digərlərindən xeyli kiçik olan biri halqadan içəri soxularaq mənə yaxınlaşmaq istəyir. Döyüşə hazırlaşıram! Daha artıq yaxınlaşmaqlarına icazə vermək olmaz! Ancaq buna ehtiyac qalmır, uzun qollardan biri kiçiyi geri itələyir. Qol balacanın başıyla bədənini ortadan yarıb keçir və o, dağılaraq yoxa çıxır. Dairə yenidən bərpa olunur.

 

Əsas sakit olmağı bacarmaqdır, indi buna çox ehtiyacım var. Nə baş verdiyini anlamağa çalışıram. Fikirlərimi oxuyacaqlar yenə, cəhənnəmə ki! Yadıma salıram – günəşli havaydı, dağın başına çatmağıma az qalmış qatı duman gəldi, sonra? Burdan sonrasını düşünə bilmirəm, fikirlərimi də qatı duman bürüyüb. Deyəsən, buna oxşar nəsə yaşamışam axı. Tam əmin deyiləm, ancaq əgər olubsa da, çoxdan olub. O vaxt sağ qalmışam, ölməmişəm, deməli qorxulu bir şey yoxdur. Ümid edirəm ölmək üçün daha yaxşı variantlar çıxar qarşıma. Mənə qalsa, ən yaxşısı yuxuda ölməkdir, görək də, qismət…

 

Ətrafımdakı dairədə hərəkət yaranır. Yerimdə fırlanaraq hamısına baxmaq istəyirəm. Yəqin yenə nə düşündüyümü başa düşürlər – uzun müddət məşq ediblərmiş kimi dairə boyu sürünməyə başlayırlar. Rəqs edirlər deyəsən. Aha, xışıltı da artdı. Hamısı eyni qaydada ağızlarını açıb-yumur. Səslərini eşitməsəm də, həzin mahnı oxuduqlarını hiss edirəm. Deyəsən, artıq mən də onları anlamağa başlamışam. İlahi, necə də gözəl oxuyurlar! Hardansa heç vaxt eşitmədiyim alətdə musiqi də səslənir! Qəzəbim duman kimi dağılıb yoxa çıxır. Get-gedə özümü rahat, hətta xoşbəxt hiss edirəm! Bu musiqinin uzandıqca uzanmasını, istəyirəm. Qoy ətrafımda sürünərək rəqs etsinlər, oxusunlar, mən də ömrümün sonuna kimi dinləyim, bir anda hər şey mənə elə gözəl gəlir ki!

 

Duman bir az da qatılaşır və yəqin bu son həddir, bundan qatı duman ola bilməz. Qəfil gurultu həzin musiqinin səsini batırır. Bu artıq gerçək gurultu səsidir – hər tərəfi bürüyür və getdikcə güclənməyə başlayır. Ayağımın altında yerin titrədiyini hiss edirəm. Gurultunun içində insanın əsəblərini qıcıqlandıran qəribə bir çırıltı var – elə bil dəmir parçalarını bir-birinə sürtürsən, səs uzaqdakı dağlara qədər gedir, qayalara dəyərək geri qayıdır və ətrafa vahimə yayır. Get-gedə yaxınlaşır, yaxınlaşdıqca güclənir. Sanki düz başımın üstünə çatıb. Göyə baxmağın xeyri yoxdur, onsuz da heç nə görünmür. Mənsə ətrafımda dairə yaratmış varlıqların dərdini çəkirəm, kaş qorxub qaçmasınlar. Yerimdə dönüb hamısına ayrı-ayrı diqqət yetirirəm. Rəqsləri dayanıb, mahnı da oxumurlar. Hiss edirəm ki, çaşqın və narazıdılar. Ayağımın altında yerin titrəməsi pik həddə çatıb hər şeyi məhv etmiş gurultu kimi azalmağa başlayır. Nədirsə ötüb keçir deyəsən. Səs azaldıqca qəzəbim artır. Əlimdəki yeganə “silah”ımı – ağacı bu gurultuya doğru qolazlamaq istəyirəm, ancaq onsuz da narazı olan varlıqları incidəcəyimdən qorxduğum üçün özümü saxlayıram. Səs başladığı kimi də yavaş-yavaş yerini bayaqkı səssizlik qədər yavaş xışıltıya buraxaraq yoxa çıxır. Görəsən, hər şeyi yenidən başlamaq olarmı? Bilmirəm niyəsə özümü günahkar hiss edirəm. Ancaq mən belə olmasını istərdimmi? Hər şey elə gözəl idi ki! Dumanı da, ətrafımdakı qəribə varlıqları da, onların rəqsini də, mahnısını da çox sevmişdim.

 

Üzümə ilıq meh dəyir elə bil. Təəccüblənirəm, demişdim axı, bu yerlərdə həmişə Şimal küləyi əsir – soyuq küləklər.  Yox, yanılmıram, bu dəfəki isti küləkdir. Get-gedə sürətini artırır.  Artıq heç nəyi dəyişə bilməyəcəyimi anlayıram. Və az sonra qatı duman özüylə gətirdiyi qəribə varlıqları da götürüb tələsik qaçmağa başlayır. Hər yan aydınlanır. Qarşımda yenə həmişəki mənzərə açılır, uzaqlarda sıralanmış ən hündür dağların zirvəsi görünür. Nə qədər keçdiyini bilmədiyim vaxtdan sonra harada dayandığımı görürəm – “mərkəz nöqtəsi”ndəyəm…

19.01.20

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş