Fizika, riyaziyyat və… – Cəbrayıl Qəhrəman yazır

2 0

Cəbrayıl Qəhrəman

Pedaqogika üzrə fəlsəfə doktoru

 

Fizika, riyaziyyat və… insan münasibətləri

 

Bir dəfə bir məclisdə insanların bir-birinə olan münasibətindən, bu münasibətlərin istilik və soyuqluğundan, münasibətlərin get-gedə yaxşılaşması, yaxud da korlanmasına səbəb olan amillərdən, qarşı tərəflərdən kimin haqlı, kimin haqsız olmasından qızğın söhbət gedirdi. Həmin məclisdə iştirak edən bir qonşumun dediyi söz ürəyimcə oldu. Qonşum dedi ki, mən elə bilirəm kim necə salam verirsə, ona da o cür salam verirlər, kim insanlara necə münasibət göstərirsə, cavabını da elə alır…

 

Bəlkə də, ixtisasım fizika olduğuna görə qeyri-ixtiyari Nyutonun üçüncü qanunu yadıma düşdü: Təsir əks-təsirə bərabərdir. Və ağlıma gələn bu fikri, əslində qonşum deyən fikri başqa bir formada, belə demək mümkünsə, Nyutonun üçüncü qanunu formasında qonşuma dedim. Dedim ki, ay qonşu, çox düz deyirsən, Nyuton demişkən, təsir əks-təsirə bərabərdir. Yəni sənin insanlara göstərdiyin münasibət, sənə qarşı eynilə həmin münasibəti doğurur. Nə qədər sevirsənsə, səni də o qədər sevirlər, insanlara qarşı hansı dərəcədə pislik edirsənsə, özünə qarşı da həmin dərəcədə pislik qazanırsan…

 

Məclisdən sonra yol boyu eşitdiyim müxtəlif fikirləri saf-çürük edə-edə birdən L.Tolstoyun insanı qiymətləndirmək üçün verdiyi bir riyazi düstur yadıma düşdü. Bu düstura görə, L.Tolstoy insanı bir adi kəsrə bənzədirdi. Deyirdi ki, kəsrin surəti insanın özünün həqiqi qiyməti, məxrəci isə insanın özü haqqında düşündüyü qiymətdir. Yəni insan özü haqda nə qədər yüksək fikirdədirsə (məxrəc nə qədər böyükdürsə), onun dəyəri o qədər az olur. Doğrudan da, riyaziyyatdan bilirik ki, kəsrin surəti sabit qalıb məxrəci böyüdükcə qiyməti kiçilir. Əksinə, təvazökar insan, yəni özündən müştǝbeh olmayan, özünü hamıdan yüksək bilməyən (kəsrin məxrəci kiçik) insan daha dəyərli, daha yaxşı insandır.

 

L.Tolstoyun insanla bağlı bu düsturu ağlıma gələndən sonra bir az da ürəkləndim. Daxilən özümdə bir sevinc duydum. Mənə belə gəldi ki, fizika qanunlarını, riyazi düsturları bu və ya digər formada insan münasibətlərinə tətbiq etmək olar. Dahi Nyutonun o biri qanunlarının da insan münasibətlərinə tətbiqini, “cəmiyyət həllini” fikirləşməyə başladım.

Nyutonun birinci qanununda deyilir ki, cismə təsir edən qüvvələr bir-birini  kompensasiya edirsə (tarazlaşdırırsa), yaxud cismə təsir edən əvəzləyici qüvvə (yekun qüvvə) sıfıra bərabərdirsə, cisim təcilsiz vəziyyətdə (ya sükunətdə, ya da düzxətli bərabərsürətli hərəkətdə) olur. Bunu insanlar arasındakı münasibətlərə tətbiq etsək, tamamilə ödəndiyini görərik.

İndi Nyutonun birinci qanununu “insanlaşdıraq”: Əgər hər hansı bir insana ətrafdan və ya öz daxilindən (axı o, insandır!) təsir olmazsa, yaxud təsir edən, yaranan insani münasibətlər (pislik va yaxşılıqlar, sevinc va kədər ağıl və duyğuların vəhdətindən yaranan münasibətlər) bir-birini kompensasiya edərsə (tarazlaşdırarsa), insan təbii, sakit halında olur, yəni təcilsiz olur.

 

Nyutonun ikinci qanununda deyilir ki, cismin aldığı təcil təsir edən qüvvə ilə düz, cismin kütləsi ilə tərs mütənasibdir. İndi bu qanunu insan münasibətlərinə tətbiq edək. Bunun üçün qanuna daxil olan qüvvə, kütlə və təcilin “insan həllini” müəyyənləşdirək. Qüvvəni insanın ağıl və duyğularına təsir edən xarici və daxili təsirlər, kütləni isə insanın ağıl gücünə, ağıl dərəcəsinə bərabər tutsaq (insan mənəvi varlıq olduğuna görə kütləni insanın kütləsi kimi yox, ağıl kütləsi kimi qəbul edirik), Nyutonun ikinci qanununu insan münasibətləri üçün belə ifadə etmək olar: İnsanın normal, təbii halından uşaqlaşma təcili, yəni özündən çıxma dərəcəsi kənardan və daxildən qıcıqlandıran təsirlərin qüvvəsi ilə düz, insanın ağıl gücü, ağıl kütləsi ilə tərs mütənasibdir. Başqa sözlə, sanballı adamı (ağıllı adamı) hər söz, hər hadisə özündən çıxara bilməz. Hər kiçik qüvvə ‘‘kütləli’’ adamı, sanballı adamı təcillǝndirə bilməz.

Şair demişkən:

 

Dəryaya yüz çay tökülə,

O, yenə sakit durar.

Arxa bir sel gələndə,

Çalxanıb ləngər vurar.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş