“…Tamilla xanımın da, ananın da, elə Ceyhunun da gözləri dolmuşdu…” – Daşqın Məmmədovun “Qızcığaz” hekayəsi

21 1

“Azad Şuşa” hər şənbə günü “Şənbə günü hekayəsi” rubrikasında bir yazıçının hekayəsini dərc edir. Hekayələrin mövzusunda və müəlliflərin yaşında heç bir məhdudiyyət olmur.

Bu şənbə bu rubrikada Daşqın Məmmədovun “Qızcığaz” hekayəsini əziz oxclarımıza təqdim edirik.

 

*****            *****            *****

Daşqın Məmmədov

Qızcığaz

 

– Növbədəki gəlsin, – deyə məmur xanım məlahətli səsi ilə kabinetindən gözləmə zalına səsləndi.

Anasından öncə təxminən beşyaşlı, sarışın saçlı, gözəl bir qız uşağı qaçaraq içəri girdi və cəld Tamilla xanıma yaxınlaşıb yanağını ona tərəf tutdu. İşlədiyi az müddət olsa da, təcrübə toplaya bilmiş Tamilla xanım sevimli qızcığazı pərt etməyərək hər iki üzündən öpdü.

– Nə gözəl qonağımız var bizim, – deyə qəndqabıdan bir konfet götürərək qızcığaza uzatdı. Qızcığaz da təşəkkürünü gözəl bir gülümsəmə ilə bildirib, dərhal konfeti soyub ağzına atdı.

Ortaboylu, yumrusifətli, qaragözlü, şabalıdı saçlı Tamilla xanım yerini bir az rahatlayaraq üzünü qızcığazın hündürboylu, düzqamətli, gözəlliyini sifətindəki əsəb gərginliyinin yaratdığı cizgilərin gizlətdiyi anasına tutaraq:

– Başlaya bilərsiniz, xanım. Sizə necə kömək edə bilərəm? – deyə soruşdu.

Ana çəkinə-çəkinə, sanki qızının eşitməyini istəmirmiş kimi, az qala pıçıltı ilə:

– Mən qızımı internata vermək istəyirəm, – deyə birbaşa mətləbə keçdi.

Bu, Tamilla xanımın birinci dəfə rastlaşdığı səhnə deyildi. Əksər vaxt məmur quruluğu ilə, sadəcə, lazım olan sənədlərin siyahısını valideynlərə verər, artıq heç bir sual vermədən işini görərdi. Lakin bu dəfə içəri girən uşaq ona çox sevimli görünmüşdü, bəlkə də, öz qızına oxşatmışdı. Üzünə baxıb daim gülümsəyən qızcığazdan gözünü ayırmadan:

– Bu qızımı? – soruşdu.

– Hə, onu, – deyə ana qızına baxmadan cavab verdi.

– Belə gözəl qızı adam uşaq evinə verərmi, heç ondan ayrı qalmaqmı olar? – deyə Tamilla xanım əli ilə qızı yanına çağırıb, şokoladlı əllərini silmək üçün salfetka verdi və davam etdi: – Məncə, bir qədər  düşünsəniz, yaxşı olar.

– Xanım, saxlaya bilmirəm, işləməyimə mane olur, atası da iki ildir bizi atıb gedib, – ana quru və kobud şəkildə cavab verdi.

Tamilla xanım ürəyinə sanki nəsə damıbmış kimi ona sığınıb gülümsəyən uşağın başını tumarlaya-tumarlaya səsindəki məlahəti pozmadan:

– Adınız necə oldu?

– Mənim adım? Hə, Xumar.

– Xumar xanım, sizə indi lazımi sənədlərin siyahısını verib yola salacam və sənədləri təqdim edən kimi qızınız uşaq evinə yerləşdiriləcək. Sadəcə, dediyim odur ki, bu uşağın yediyi nədir ki, “saxlaya bilmirəm” deyirsiniz, tikənizi yarı bölün, amma qız uşağıdır, özünüzdən ayırmayın.

– İşləməyimə də mane olur axı, xanım, – ana yenidən dilləndi.

– Necə yəni “mane olur”?

– Yəni yanında qoyub işə getməyə adamım yoxdur.

– Valideynlərinizin yanında qalmırsınızmı?

– Qardaşımın uşaqları ilə yola getmir, döyürlər onu. Xanım, mən çox düşünmüşəm, sənədlərin siyahısını verin, göndərim onu internata, Bakıdır da, çox uzaq deyil, hər həftə gedib görərəm.

– Nə isə, siz deyən olsun, – deyə Tamilla xanım narazı halda başını bulayaraq sənədlərin siyahısını çıxartmaq üçün printeri işə saldı.

Bayaqdan qonşu otaqda oturmuş, qapı açıq olduğuna görə qeyri-ixtiyari söhbətə qulaq asan ortayaşlı, ağsaçlı, bir qədər də qaradinməz məmur olan Ceyhun icazə alaraq Tamilla xanımın otağına keçdi.

– Buyur, Ceyhun, sözünmü var? – deyə Tamilla xanım hörmətlə soruşdu.

– Çox üzr istəyirəm, istəmədən qulaq asdım söhbətinizə, icazə versəniz, iki kəlmə söz deyərdim.

– O nə sözdür, müəllim, buyurun.

– Görürəm qərarınız qətidir, – deyə Ceyhun müəllim üzünü uşağın anasına tutdu. – Amma deyəcəklərimə diqqətlə qulaq asın, bəlkə, indi olmasa da, sonra anlayıb qərarınızı bir daha nəzərdən keçirərsiniz. İndi dolana bilmədiyinizi deyirsiniz və uşağı internata vermək istəyirsiniz, amma orada uşağınıza necə baxılacağı haqda heç bir məlumatınız yoxdur. Deyək ki, yemək və qulluq barədə hər şey əladır. Burada uşağınızı qardaşınızın uşaqlarının döydüyünü dediniz. Axşam siz işdən gələndə üstünüzə şikayətə qaçırmı?

– Bəli.

– Siz nə edirsiniz?

– Başını tumarlayıb, təsəlli verirəm, yalandan onları döyəcəyimi də deyirəm.

– Demək qardaşınızın uşaqlarının qızınızı döyməsindən narazısınız. Amma internatda uşağınızı kimlərin uşaqlarının döyəcəyini heç fikirləşmirsiniz, ən əsası, axşam şikayətə kimin üstünə qaçacağını, kimin ona təskinlik verəcəyini düşünmüsünüzmü? Kim onun saçlarını oxşayacaq, kim “öldürərəm onları” deyərək onun başını aldadacaq? Yəqin ki, onu uşaq evinə qoyub çıxanda tezliklə gələcəyinizi deyərək yalan danışacaqsınız. O isə anasına hamıdan çox inanır, anasına hamıdan çox güvənir axı. Hər gün yolunuzu gözləyəcək, aşkarda ağlasa, üstünə acıqlanacaqlar deyə gizlində ağlayacaq, hər səhər yastığı göz yaşından islanmış olacaq.

Tamilla xanımın da, ananın da, elə Ceyhunun da gözləri dolmuşdu. Yalnız əvvəlki kimi balaca qızcığaz Ceyhuna baxıb gülümsəyirdi. Ceyhun sözünə ara verəndə cəld gəlib ona sığındı. O, qızın başını tumarlayaraq sözünə davam etdi:

– Siz bir uşağın valideynlərindən birini itirərkən çəkdiyi acının ağırlığını bilirsiniz? Bu uşağın indi barmağını qırmaq istəsəm, ürəyiniz razı olarmı, imkan verərsinizmi?

Ana gözünün yaşını silərək heç nə deyə bilmədən başını buladı.

– Amma onun bütün sümüklərini sındırmağa hazırlaşırsınız. Valideyn itirməyin verdiyi acı bütün sümüklərin sınmasının verdiyi acıya bərabərdir. Bu balaca gözəl balaca canı ilə artıq bir dəfə bu acını yaşayıb. Siz necə anasınız ki, ona ikinci dəfə belə ağır acı yaşatmaq istəyirsiniz. Bir yandan da deyirsiniz ki, bir barmağının qırılmasına razı deyiləm. Yanına tez-tez gedəcəyəm deməyinizə baxmayın, sizin kimi deyənlər çox olur. Heç ildə iki dəfə gedə bilməyəcəksiniz. Sizdən ayrılandan düz bir ay sonra bu balaca gözəlin gözlərindəki sevincdən, bir il sonra da ürəyindəki sevgidən əsər-əlamət qalmayacaq. O boşluğa kin, nifrət yığılacaq. Bəs sizə, sizə asan olacaqmı, hər axşam evə gələndə sizi bu gözəl qaçaraq, öpüb-qucaqlayıb qarşılamayanda, ona sarılıb yatmayanda, onun şirin dilindən çıxan “anam gəldi” kəlməsini eşitməyəndə?.. Hər axşam işin yorğunluğunu onun bir öpüşü ilə, bir qoxusu ilə çıxarmaq varkən… Yenə də özünüz bilərsiniz, bağışlayın ki, işinizə qarışıb sizi də kövrəltdim, – deyə Ceyhun artıq əməlli-başlı ağlayan xanımlara son sözünü deyib, tökülməyə hazır öz göz yaşlarını gizlətmək üçün cəld öz otağına keçdi.

Tamilla xanımın lazımi sənədlərin siyahısı yazılmış vərəqi tutduğu əli göydə qalmışdı. Birdən ana ayağa qalxıb qızını bərk-bərk qucaqlayaraq hönkürdü.

– Heç yerə verməyəcəyəm səni, gedirik evə, heç vaxt anandan ayrılmayacaqsan, ölsəm də, yanımda qalacaqsan, – deyə bu sözləri təkrarlayaraq qızını öpüşlərə qərq etdi.

Kiçik qız da anasının saçlarını tumarlayaraq, yaşlı gözlərindən öpdü. Amma gülümsəməyini heç kəsmirdi.   Ana yan qapıdan içəri boylanaraq Ceyhuna başını yelləməklə sanki təşəkkür etmək istədi. Balaca gözəl isə içəri qaçaraq Ceyhun müəllimin üzündən bir öpüş qoparıb, gəldiyi kimi də anasının yanına qaçdı. Onun bu söhbətlərin mahiyyətindən xəbəri yox idi, amma balaca canı ilə bu ağsaç əminin onu hansısa bəladan hifz edə bildiyini hiss etmişdi. Xeyli sonra özünə gələn Tamilla xanım əlindəki siyahını zibil qabına atıb göz yaşlarını bir daha silərək Ceyhunun otağına gəldi:

– Ceyhun, bəlkə, bundan sonra belə valideynlərin hamısı ilə siz danışasınız?

– Əşi, bu da bir iş idi, mən kiməm ki? Allah ürəklərə insaf salsın, – deyə Ceyhun başını qaldırmadan cavab verdi.

Happy
Happy
1
Sad
Sad
4
Excited
Excited
6
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
1
Rəy bildir
Xəbəri paylaş