Bağışla, səni öldürməliyəm! – Mahir Rəsuloğlunun hekayəsi

4 0

Bu gün yazıçı Mahir Rəsuloğlunun ad günüdür.

Onun 49 yaşı tamam olur.

“Azad Şuşa” bu münasibətlə Mahir bəyi təbrik edir və yazıçının bir hekayəsini əziz oxucularına təqdfim edir.

 

***

Mahir Rəsuloğlu

 

Bağışla, səni öldürməliyəm!

Bütün müharibələrdə insan öldürməyə məcbur olanlara ithaf edirəm.

 

Uğrunda gedən bu müharibə hamıdan çox torpağın özünü bezdirib. Mərmilər sinəsini neçə yerdən yaralayıb, qayalarını daşlara, daşlarını çınqıla döndərib. Havanı ölüm qoxusu və ölüm qorxusu bürüyüb. Ara-ara insan qanından Gəncə yazının al lalələri kimi qızaran ağ qar fərqli, ehtiras doğuran rəngə boyanmasından xəcalət çəkir…

Gizləndiyim yerdən oğrun-oğrun aşağıya – düşmənin bir az əvvəl geri çəkildiyi yamaca boylanıram. Və monoton duyğulardan yaxa qurtarmaq üçün donmuş mənzərədə fərqli bir şey axtarıram. Axtarıram, axtarıram… Aha. Tapdım! Qışın üzü soyuq günəşinin yorğun şüaları özlərini tənbəl-tənbəl qara çırpdıqca gözləri qamaşdıran işığa çevrilir. Elə bil bütün yamaca qızıl tozu səpiblər. Fikirləşirəm ki, bir anlıq baş verənləri unudub təbiətin insanı xəyalən zənginə çevirən bu qeyri-adi gözəlləyindən doyunca zövq almaq olar. Romantikanın müharibənin içində də var olduğuna inanmaq kefimi duruldur, ayağımdakı yaranın sızıltısını unutdurur.

Heyf ki, indi daha çox sağ qalmaq haqqında fikirləşmək lazımdır. Az əvvəl yaxından görməyə fürsət tapdığım ölüm mələyi istehzalı baxışlarla gözlərimə baxıb uzaqlaşanda bütün cəsarətimi də özü ilə götürüb aparıb. Üstündə gəldiyimiz zirehli maşının lüləsinin altından dəyib hərəmizi bir tərəfə fırladan mərminin ayağımı yüngül yaralayan qəlpəsi hərdən xəyallarımı süsləyən qəhrəman olmaq arzumu param-parça edib. Əgər nə vaxtsa, kimsə sizə desə ki, mən döyüşdə olmuşam, qorxmamışam, inanmayın. Ölüm təhlükəsi döyüşdə hərənin bir cür yaşadığı qorxuyla çökür insanın üstünə. Düzdür, öz əcəli ilə çiling-ağac oynamağı, düşməni öldürməkdən zövq almağı bacaranlar da var. Ancaq onlar bunun üçün yetişdirilmiş əsgərlər, şizoidlərdir. Mənsə müəlliməm, sadə bir kənd müəllimi. Müharibə başlayana qədər hər səhər yuxudan tezdən oyanıb həvəslə məktəbə getməyə hazırlaşırdım. Zəngin vurulmağını səbirsizliklə gözləyirdim ki, jurnalı da götürüb rəngi solmuş nimdaş qovluğumu qoltuğuma vurub sinifə, sevimli şagirdlərimə dərs deməyə, onlara dili, ədəbiyyatı və bir də həyatı öyrətməyə yollanım. Uşaq az idi kiçik kənd məktəbində. Hər sinifdə 5-6 şagird olurdu. Ona görə də hamısının xarakterini, nəyə sevinib xoşbəxt olduqlarını, nəyin onların qəlbinə toxunduğunu, qayğılarını, arzularını əzbər bilirdim. Bilirdim ki, hamısının ürəyi elə bu dağların suyu, havası kimi saf və təmizdir. Mən çoxdan onlarla bir bütöv olmuşdum və hər gün hər 45 dəqiqə dərs boyu onlara hiss elətdirmədən özüm də uşaqlaşırdım!

Müharibə başlayanda dərsləri dayandırmağa məcbur olduq. Mən də kəndin əksər kişiləri kimi özünümüdafə dəstəsinə yazıldım. Sonra da təlim vaxtı tək-tək atışla hədəfdə 9-u təkcə mən vurduğum üçün yaxşı atıcı kimi 2 əl pulemyotunun birini verdilər mənə. Silahı alan vaxt “düşmən də olsa insan öldürə bilmərəm axı” deməyə utandım. Necə deyəydim ki, mən ancaq adi kağız hədəfi dəqiq nişan ala bilərəm. İlk döyüşlərdə də kimsəyə hiss elətdirmədən sadəcə erməniləri qorxutmaq, onların geri qaçmalarına nail olmaq üçün atəş açırdım. Yavaş-yavaş öyrəşdim müharibəyə. Bir müddət sonra isə hətta ara-sıra içimdə qəhrəman olmaq arzusu da baş qaldırırdı. Şagirdlərimə görə. İstəyirdim mənimlə qürur duysunlar. Anlasınlar ki, dərslərdə onlara aşılamaq istədiyim vətənpərvərlik sadəcə əzbərləyib müəllimə danışmaq üçün yazılmış adi sözlər deyil. Torpaq onu qorumaq lazım olanda hər şeyindən keçməyi bacarırsansa Vətən olur. Necə ki, indi biz döyüşməyə, kəndimizi, torpağımızı, evlərimizi qorumağa məcburuq. Düşmənin qarşısından qaça bilmərik. Çünki biz geri çəkildikcə onlar irəli gələcəklər və deməli, geriyə yol yoxdur. Ona görə də döyüşmək, hətta bəlkə qəhrəman olmaq, şagirdlərimin yarımçıq qalmış təhsillərinin, yaşadıqları qorxularının, gözümün önündə məhv olan uşaqlıqlarının qisasını almaq istəyirdim. Öldürmək bahasına olsa belə. Bircə, görəsən, düşmən öldürsəm şagirdlərim mənə nifrət etməzlər ki?!

…Hərdən başımızın üstündən güllələr ötüşsə də döyüş nisbətən səngiyib. Hələ də qayanın arxasında daldalanmışam. İrəli getməyin mənə həyatım bahasına başa gələ biləcəyini anlayıram. Elə ətrafımdakı döyüş yoldaşlarım da ara-sıra başlarını azca qaldırıb qarşı tərəfə bir-iki güllə sovqat göndərir, yenidən aşağı sinirlər. Sağda-solda bizimkilərin olması, hətta uzaq rayonlardan köməyə gələn könüllülərin sayımızı artırması qələbəyə olan ümidimizə can verib. Yəqin ermənilər yenidən hücum etməzlər. Xeyli itki veriblər. Həm də qışın qısa gündüzü öz işini tezbazar yekunlaşdırmağa tələsir. Bir azdan göy üzü qara yorğanına bürünəcək və yəqin bununla da bugünkü döyüş başa çatacaq. Hər halda ayıq-sayıq olmaq lazımdır. Hələ ki, günəş son ümid kimi solğun olsa da parıldayır.

Yamacın ortasındakı qalın böyürtkən kolunun arasından kiminsə çıxdığını hamımız eyni vaxtda görürük. Silahlar eyni vaxtda həmin yerə istiqamətlənir, barmaqlar eyni vaxtda tətiyə uzanır. Mən də pulemyotumu qəfildən ortaya çıxmış naməluma doğru yönəldirəm. Sol gözümü yumub nişan alıram. İlk dəfədir bu qədər yaxın məsafədən insanı hədəfimdə izləyirəm. Lülənin ucundakı arpacıq arxadakı nişangahın kəsiyində tən ortada görünür və kiril əlifbasının “ш” hərfini yaradır. Həmin “ш” isə qarşıdakı insanın sinəsi ilə eyni səviyyədədir. Deməli, tətiyi çəksəm… Ancaq heç kəs atəş açmır. Mən də. Gözlənilmədən ortada peyda olanın bizimki, yoxsa düşmən olduğunu bilmirik. Axı ermənilər çoxdan geriyə çəkiliblər. Bu, bəlkə bizə köməyə gələnlərdəndir? Silahı yoxdur. Həm də yaralıdır, başından axan qan aydın görünür. Əl hərəkətlərindən kömək istədiyini anlamaq çətin deyil. Bir az da irəliləyib yıxılır. Kənardan kimsə:

– Atın, ermənidir!

Bir başqa səs gəlir:

– Atmayın, bizimkidir!

Tərəddüd etmədən köməyə getməyə qərar verirəm. Qayanın arxasından çıxıb irəli sürünməyə çalışıram. Ancaq əlimdəki ağır pulemyot, əynimdəki gülləkeçirməz gödəkcə, onun üstündən geyindiyim ciblərində pulemyotun daraqları və güllələr yığılmış başqa bir gödəkcə, kəmərimdəki iri bıçaq, çiynimdən asılmış tibbi yardım çantası sürünməyimə mane olur. Ayağa qalxıram. Həyəcanlı xəbərdarlıq nidası:

– Getmə, çıxma açıqlığa, çıxma, vuracaqlar!

Yox, getməliyəm. Axı, o, yaralıdır, köməyə ehtiyacı var! Bəlkə tez yetişsəm həyatını xilas edə bilərəm! Hər halda yaşada bilmək öldürməkdən daha asan olmalıdır. Tək-tək atırlar. Olsun, qismətimdə ölüm varsa məni elə gizləndiyim yerdə də yaxalayar. Ya da bayaq zirehli maşınımız vurulanda mərmi 15-20 santimetr yuxarıdan gələ bilərdi. Onda yəqin ki mənim parçalarımı toplayan lazım olacaqdı.

Axsaya-axsaya yaralının yanına qaçmağa başlayıram. Yenə arxadan gələn qışqırıqlar atəş səslərinə qarışır. Heç nəyə fikir vermədən özümü böyürtkən kolunun yanına çatdırıram. Yaralını sürüyüb güllə tutmayan kiçik yarğana salıram. Əla! Bura təhlükəsizdir. Pulemyotu kənara atıb otururam, yaralını da yanımda çöməldirəm. Orta yaşlıdır, üzünü bizimki kimi saqqal basıb. Huşu özündədir, ancaq danışmır. Ölüm qorxulu baxışları üzümə zillənib imdad diləyir. İlk yardım çantasını açıb yodu, pambığı və tənzifi çıxarıram. Bu nədir? Həyəcandan əllərim əsir, ürəyimin döyüntüsünü qulaqlarımda hiss edirəm. Axı, soyuqqanlı olmalıyam. Eybi yox, necə sakitləşəcəyimi bilirəm – şagirdlərimi düşünürəm. Bir də günəşin yorğun şüalarının qara çırpıldıqca gözləri qamaşdıran işığını.

Pambığı yoda batırıb başının qanını təmizləməyə başlayıram. Ufuldayır. Bəxti gətirib, güllə yalayıb keçib. Qan çox axsa da təhlükəli deyil. Lopa-lopa ağ pambıq qısa vaxtda qan rəngi alır. Sonuncu dəfə pambığa yod çiləyib yaraya basıram və tənzifi açıb səliqə ilə sarımağa başlayıram. Az qalıb. Tənzifi başının ətrafına daha bir neçə dəfə hərlədikdən sonra bıçağı çıxarıb kəsirəm. Sonra ucunu ortasından iki yerə bölürəm. Vəssalam, bitir. Düyün atmaq üçün azca sıxıram. Bu vaxt yenidən zarıyır və ən sonuncu eşitmək istədiyim dildə “offf, kamas…” deyə, yalvarır!

Harayına yetişdiyim yaralının erməni olduğunu anlayanda, onun cəmi bir-iki söz bildiyim ermənicə “yavaş” dediyini eşidəndə nə hislər keçirdiyimi təsəvvür edə bilərsiniz? Yəqin ki, yox. Heç özüm də bilmirəm nə yaşadığımı. Yəqin bu bir kəlmə sözün xofundan rəngim, əhvalım necə dəyişirsə şübhələnir. Narahat halda mənum gəldiyim, az əvvəl ermənilərdən geri aldığımız təpəyə, sonra sağa-sola boylanmağa başlayır. Elə bu vaxt kimsə məni çağırır:

– Bizimkidir?

Vəssalam. Daha hər ikimiz bir-birimiz üçün düşmən olduğumuzu bilirik. Hər ikimiz qışın günündə bu yamaca öldürmək üçün gəlmişik! Və bacarıb sağ qalmaq üçün! Görəsən nə fikirləşir? Bircə ürəyindən keçənləri oxuya bilsəydim!

Üzünə diqqətlə baxıram. O da bir anlıq gözlərimə baxır, daha sonra qorxu dolu baxışları pulemyotumla arasında olan məsafəni ölçür. Bilmirəm necəsə bütün vücudumu soyuqqanlılıq çuğlayır. Saniyələr içində vəziyyəti qiymətləndirməyə çalışıram: Düzdür, o, silahsız və yaralıdır. Ancaq yarasını sarımağa başlayanda həyəcandan pulemyotu elə yerə atmışam ki, məndən cəld tərpənsə o da götürə bilər. Düşmən olduğunu hardan biləydim? Heç ağlıma da gəlməzdi ki, həmişə ağırlığından gileyləndiyim pulemyot nə vaxtsa mənim üçün bu qədər dəyərli olacaq. Hə, axı mənim bıçağım da var. Deməli, hər bir halda mən üstün tərəfəm, hökmü də mən verməliyəm: Öldürməyəcəm! Düşmən də olsa yaralı və silahsız bir insanı öldürə bilmərəm! İndi qalır onun da bunu anlaması. Anidən təpiklə vurub pulemyotu ikimizdən də uzaqlaşdırıram. Ayağımın yarası sızıldayır. Üzümə baxır, gözlərindəki qorxu yerini təəccübə verib yoxa çıxır, yerində istehzalı acı təbəssüm sezirəm. Ya bəlkə də mənə elə gəlir. Bu vaxt əlini qalın qış geyiminin döş cibinə aparır. Paltarın yaxası aralanan kimi cibindəki tapançanın qundağını görürəm. Demək silahsız deyilmiş! İnstikt olaraq hiss edirəm ki, bir az da geciksəm tapançanı çıxarıb məni vuracaq! Gözüm binti kəsmək üçün çıxardığım iri bıçağıma sataşır. Ölüm qorxusunun verdiyi cəsarətlə cəld bıçağı yerdən qapıb var qüvvəmlə az əvvəl ölməməsi üçün başını sarıdığım insanın sinəsinə saplayıram! Və ikimiz də eyni anda yıxılırıq!

…Özümə gəlib ayağa qalxmaq istəyrəm, ancaq uğrunda gedən müharibədən hamıdan çox bezmiş torpaq məni buraxmır. Ayaqlarım həyacandan tutulub. Eybi yox, bir azdan açılacaq. Günəşin yorğun şüalarının qara çırpıldıqca gözləri qamaşdıran işığına boylanıb şagirdlərimi düşünürəm. Görəsən, mənimlə qürur duyacaqlar, yoxsa nifrət edəcəklər?!

Happy
Happy
0
Sad
Sad
4
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş