Yenə xəyalındı, bir ay, bir də mən… – Cəbrayıl Qəhrəmanın məhəbbət şeirləri

1 0

Bu gün alim, şair, esseist, yazıçı və publisist, pedaqogika üzrə fəlsəfə doktoru Cəbrayıl Qəhrəmanın ad günüdür, yubileyidir.

Onun 65 yaşı tamam olur.

“Azad Şuşa” bu münasibətlə Cəbrayıl müəllimi təbrik edir və şairin məhəbbət şeirlərindən ibarət bir çələngi əziz oxucularına təqdfim edir.

 

 

 

A Leyli

 

Məni Məcnun edən o gözlərindən,

Bir ömür yazsam da çatmaz, a Leyli.

Huri-mələk ola, göylərdən enə,

Qəlbimə bir kimsə yatmaz, a Leyli.

 

 

Bir gülsən, güllərin qönçəsi, təri,

Gözündə gözlərim açdım səhəri.

O şəhla gözləri görəndən bəri,

Gözüm çimir etməz, yatmaz, a Leyli.

 

 

Dolanır başına günlərim, ayım,

Cəbrayıl, o gözlər Tanrıdan payım.

Gündüzlər Günəşim, gecələr Ayım,

Ay batar, o gözlər batmaz, a Leyli.

 

 

 

Ala gözlər

 

Məni məftun edib bir ala gözlü,

O, ala gözlərlə yatıb dururam.

Ürək dilə gəlir bir baxışıyla,

Dərdimi, sərimi atıb dururam.

 

 

Yoluma çıraqdı dumanda, çəndə,

Dünya gözəlləşir adam sevəndə.

O gözlər süzülüb cilvələnəndə,

Dirilik suyuna çatıb dururam.

 

 

Cəbrayıl, can alır gözlər axanda,

Gözəl mələk olur ürək yaxanda.

Süzdürüb gözlərin xumar baxanda,

Eşqin zirvəsinə yetib dururam.

 

 

 

Bu gecə

 

Elə bil göylər də mənimtək dolub,

Buludlar gözünü sıxır bu gecə.

Bir narın yağışın qərib səsindən,

Könlümə bir həsrət yağır bu gecə.

 

 

Dünyada bir şey yox, həsrətdən ağır,

Ürək güc gələndə neyləsin ağıl?

Göylərə qoşulub gözüm də yağır,

Bu təşnə qəlbimə axır bu gecə.

 

 

Duyub-düşündükcə, günəş camalı,

Can alan gözləri, yanaqda xalı,

Yetmədim vüsalə, dərdi-məlalı,

Qəlbimi yandırıb yaxır bu gecə.

 

 

Bu gecə şadlanır çöl də, çəmən də,

Bir mənim ürəyim düşüb kəməndə.

Çöldə narın yağış, amma sinəmdə,

Leysan var, ildırım çaxır bu gecə.

 

 

 

Bu necə sevdadır

 

Bu necə sevdadır, necə məhəbbət?!

Hicranın vüsaldan şirindir, gülüm.

Bu necə xoşbəxtlik, necə səadət,

Ürəyim əbədi yerindir, gülüm!

 

 

Bir dəli sevdaya salmısan məni,

Bilmirəm mələksən, yoxsa bəşərsən.

İlahi bir varlıq tək sevirəm səni,

Qorxuram gözümdə adiləşərsən!

 

 

Divanə könlümə əbədi yarsan,

Uzaqda deyilsən, elə məndəsən.

Mən harda varamsa, sən orda varsan,

Qəlbimə hakimsən, sirli bəndəsən!

 

 

Bilmirəm hardasan, amma bilirəm,

Bir gözəllik işıq saçır dünyaya.

İnan ki, o işıq sönsə, sönərəm,

Günəş yaranmısan Günəşə, Aya.

 

 

Olduğun məkan da sevinir indi,

Gözəllik bürüyüb gəzdiyin yeri.

Qəlbim bir həsrətlə dillənir indi,

Alıb ağuşuna sonsuz göyləri.

 

 

Qaçım sənə tərəf – eşqim boyunca,

Gündə milyon kərə sənə vurulum.

Baxım gözlərinə, baxım doyunca,

O saf gözlərinə baxım, durulum.

 

 

Ey yanar qəlbimin sevinci, dərdi!

Ürəyim inləyən bir kaman simi.

Bu dünya alışıb külə dönərdi,

Sən məni sevsəydin mən sevən kimi!

 

 

Deyir

 

İlahi, bu gözəl vəsfə gələrmi?!

Ürək dilə gəlib mənə yaz deyir.

Gözəllik eşqinə qələm çal, şair,

Yanaq deyir, işvə deyir, naz deyir.

 

 

Gözəl, gözlərindən gözəl gözmü var?!

Atəşin mislində görən közmü var?!

Gözəlliyin söyləməyə sözmü var?!

Çağla aşıq, sinəmdəki saz deyir.

 

 

Belə gözəl gəlməyibdir cahana,

Sev məni, söyləyir bu gözəl sona.

Baxışı, duruşu, özü bir yana,

Ayağı altından qopan toz deyir.

 

 

Gəl, eşqin bağına, görüşək yenə,

Qəlbimə işıq sal, həyat ver mənə.

Elə gözəlsən ki, görənlər sənə,

Laləli, nərgizli bahar-yaz deyir.

 

 

Mən səni görəndən olmuşam mail,

Görənlər əqlini edirsən zail.

Eşqinlə Məcnuna dönən Cəbrayıl

İnan, nə deyirsə, hələ az deyir.

 

 

 

Gəlmədi

 

İllərlə oduna yandığım gözəl,

Məni oda salıb getdi, gəlmədi.

Ahımdan dağlar da alışıb yandı,

Qəlbimi pərişan etdi, gəlmədi.

 

 

Onsuz keçən bu dünyanı neylərəm,

Ulduzu qaralmış aysız göylərəm.

Gecə-gündüz ahü-fəğan eylərəm,

Fəryadım göylərə yetdi, gəlmədi.

 

 

Cəbrayıl, keçmədi ömrün cəfasız,

Gözəllər olurmuş demə vəfasız.

Hələ də qəlbimdən boylanır o qız,

Bir ömür beləcə bitdi, gəlmədi.

 

 

 

Gözəl

 

Allah nə xoş gündə yaradıb səni,

Qəlbinə dəydiyim İlahi gözəl.

Yadıma düşəndə dünyam qaralır,

Bağışla, etdiyim günahı, gözəl.

 

 

Müddətdi inciyib küsmüsən məndən,

Baxmayıb üzümə gedirsən gendən.

Neyləyim, kükrəyir qəlbimdə hərdən,

Fırtına, zəlzələ gah-gahi, gözəl.

 

 

İlahi, çəkdiyim sənə əyandır,

İnciyən qəlblərdə rəhmi oyandır.

Allah da günahı bağışlayandır,

Unutma Tanrını, Allahı, gözəl.

 

 

Cənnət misallısan, solmaz baharsan,

Bu könül dünyamda əbədi varsan.

Necə qəmzəlisən, nə şirin yarsan,

Könlümün sirdaşı, pənahı gözəl.

 

 

Yerişin can alır, baxışın əfsun,

Qulac saçlarından göz necə doysun.

Heyranı olduğum qoy mənim olsun,

Məndən əsirgəmə mətahı, gözəl.

 

 

O, şəhla gözlərin süzülüb gedir,

Baxan tilsimlənir, üzülüb gedir.

Qəlbimdə misralar düzülüb gedir,

Neyləsin Cəbrayıl, ay ahu gözəl?!

 

 

Gözlər

 

Bir süzgün baxışla saldı kəməndə,

Məni alışdıran, alışan gözlər.

Sahilsiz ümmantək alıb qoynuna,

Bir sevgi dastanı danışan gözlər.

 

 

O gözlər zülmətdə çırağım oldu,

Dəli gəncliyimə sorağım oldu.

Mənə ən yaxınkən uzağım oldu,

Qismətə, qədərə qovuşan gözlər.

 

 

İntizar çəkməkdən olmuşam xəstə,

O gözlər yandırıb-yaxmaq həvəsdə.

Hərdən də Ay kimi başımın üstə

Xumar-xumar baxıb dolaşan gözlər.

 

 

Cəbrayıl, o gözlər gözümdən getməz,

Qaydadır, aşiqlər vüsalə yetməz.

Mən ölüb gedərəm, bu sevgi bitməz,

Ömrümə, ruhuma qarışan gözlər!

 

 

 

Gözümdə

 

Sənsiz bu dünyanı neylərəm, gülüm,

Aləm cənnət ola heçdi gözümdə.

Sənsiz üzüm gülməz, eynim açılmaz,

Çiçəkli bahar da qışdı gözümdə.

 

 

Canımı yolunda qurban eylədim,

Bağrımın başını al-qan eylədim.

Sənin həsrətinlə fəğan eylədim,

Gecələr səhəri açdı gözümdə.

 

 

Cəbrayıl, hər zaman eşqin dəmisən,

Yar gələn yollara ürək sərmisən.

Dedilər əğyara könül vermisən,

Yerlə göy birləşdi, uçdu gözümdə.

 

 

 

Gülüm

 

Gecə-gündüz fərağınla,

Bülbültək ötürəm, gülüm.

Görmək üçün səni bir an,

Yollarda bitirəm, gülüm.

 

 

Qəlbimə salmısan közü,

Dolanıram dağı, düzü.

Sən keçən yolları, izi,

Gözümə təpirəm, gülüm.

 

 

Dərdə dərman mətahımsan,

Mən qulunam, sən şahımsan.

Bilməm, bəlkə günahımsan?

Eşqinə əsirəm, gülüm.

 

 

Bir şəmisən, pərvanəyəm,

Keçən günəm, əfsanəyəm,

Mən bir dəli-divanəyəm,

Nə qoca, nə pirəm, gülüm.

 

 

Cəbrayılı çəkmə dara,

Bimarınam, eylə çara.

Xəyal getdi uzaqlara,

Mənzilə yetirəm gülüm.

 

 

 

Məni

 

Bu can sənin əlindədir,

Ağlat məni, kirit məni.

Gedim o dünyanı görüm,

Öldür məni, dirilt məni.

 

 

Bilməmişəm, xam olmuşam,

Yarı idim, tam olmuşam.

Gecələrə şam olmuşam,

Gilə-gilə ərit məni.

 

 

Niyə düşdüm səndən uzaq?!

Tökülürəm yarpaq-yarpaq.

Süleymanı alan torpaq,

Al qoynuna çürüt məni.

 

 

 

Neylim

 

Ay mənim həyatım, gözümdə didəm!

Sən bir mələk idin, gəlmişdin göydən.

Oduna yananı tərk etdin nədən?

Əllərim dünyadan üzülür, neylim?!

 

 

Dünyama Günəşdin, ruhuma candın,

Mən səni ömrümün əşrəfi sandım.

Eşqinlə çağladım, eşqinlə yandım,

Dərdlərim sinəmə düzülür, neylim?!

 

 

Min gözəl yığıla məni ovutmaz,

Huri-mələk ola, qəlbimə yatmaz.

İndi peşimansan, zaman qayıtmaz,

Göz yaşın yanağa süzülür, neylim?!

 

 

Qayıtmaz o günlər, yan-yaxıl indi,

Daha coşqun sular lal axır indi.

Gözlərim tor görür, can sıxır indi,

Ruhum xıncım-xıncım əzilir, neylim?!

 

 

 

Nədir

 

Qılıncsız, nizəsiz öldürdün məni,

Belə bəzənməkdə məramın nədir?!

Bir süzgün baxışla dondum yerimdə

Təbibim, loğmanım, dərmanın nədir?!

 

 

Sən bir mələkmisən, gəlmisən göydən?

Ağlımı, huşumu almısan sərdən.

Tufanlar, çovğunlar keçdi içimdən,

Bu yazın günündə tufanın nədir?!

 

 

Ötdü xəzan fəsli, yetişdi bahar,

Dərdimə çarə qıl, qalmışam naçar.

Bu zindan, bu qıfıl, bu da ki, açar,

Əmrin, sərəncamın, fərmanın nədir?

 

 

Sənin xəyalların yeddinci qatda,

Mənsə alovlanıb yanıram odda.

Yaman qəlbidaşsan, o sinən altda,

Aramsız döyünən, vuranın nədir?

 

 

Ay mənim həyatım, dinim, imanım,

Tükəndi taqətim, üzüldü canım.

Məni məftun etdi sənin bir anın,

Cəbrayıl soruşur: hər anın nədir?

 

 

 

O gözlərdə axtarın

 

Bir payız axşamı gəldik göz-gözə,

Gözlərin qəlbimi çaldı, nə çaldı.

Ağlımı başımdan aldı, apardı,

Dəli bir sevdaya saldı, nə saldı.

 

 

Haldan-hala düşdük, o bircə anda,

Nə mən bir söz dedim, nə sən danışdın.

Ovladın qəlbimi bir lal baxışla,

Canımdan can alıb cana qarışdın.

 

 

Məni sərməst edib xumar gözlərin,

O gözlərin tilsiminə düşmüşəm.

Ürəyim heç yerdə qərar tutmadı,

O baxışa, o gözlərə köçmüşəm.

 

 

Gülzarımı o gözlərdə tapmışam,

Könül aşiqidir gülün, gülzarın.

Dağlarda, daşlarda gəzməyin məni,

Axtarsanız, o gözlərdə axtarın.

 

 

 

Olmasaydı

 

Zülmətə dönərdi gözümdə dünya,

Heyranı olduğum göz olmasaydı.

Necə vəsf edərdim şəhla gözləri,

Ruha qanad verən söz olmasaydı?

 

 

O gözlər olmasa, inan donardım,

Bilmirəm, od tutub bəlkə yanardım?!

Sinəmdən asılan bir daş sanardım,

Ürəyim alışıb köz olmasaydı.

 

Eşqin badəsini içə bilməzdim,

Keçilməz yolları keçə bilməzdim.

Sevən ürəklərə köçə bilməzdim,

Cəbrayıl yolunda düz olmasaydı.

 

 

 

Sənin

 

Ulduzlu gecədir, şehlənib çəmən,

Yenə xəyalındı, bir ay, bir də mən.

Harda oluramsa, könlümdə sənsən,

Könlümdə taxt qurub xəyalın sənin.

 

 

O, incə yerişin canımı üzər,

İlahi yar olsun, dəyməsin nəzər.

Qaşlarının tağı hilala bənzər,

Məni məftun edib hilalın sənin.

 

 

Sinəmdə eşqinlə bir ürək çağlar,

Könül nalə çəkər, gözlərim ağlar.

Hicranın alovu sinəmi dağlar,

Aşiqə dərmandı vüsalın sənin.

 

 

Məndə can qoymadı o qara xalın,

Dilində şəkərin, dodaqda balın.

Sənin gözəlliyin-sənin cəlalın,

Həmişə var olsun, cəlalın sənin.

 

 

Cəbrayılın qəlbi eşqinlə dinər,

Səninlə sevinər, səninlə gülər.

Sönməz bir günəşdir, qəlbə nur çilər,

Natəvan misallı kamalın sənin.

 

 

 

Sənsən

 

Ay xumar baxışlı, ay incə belli,

Bu könül dünyamın sultanı sənsən.

Gözləri can alan, ay siyah telli,

Sızlayan qəlbimin dərmanı sənsən.

 

 

Gəl, mənim mələyim, ruhumu dindir,

Divanə aşiqəm göylərdən endir.

İstər qoynuna al, istərsə öldür,

Əmrinə hazıram fərmanı sənsən.

 

 

Bir yanar oddayam, atəşim sönməz,

Ölürəm, üstümə cananım gəlməz.

Yüz həkim yığıla dərdimi bilməz,

Dərdimin çarəsi, loğmanı sənsən.

 

 

Sənsiz saatları, günləri saydım,

Nələr çəkdiyimi bilib duyaydın!

Cəbrayıl neyliyər, sən olmasaydın,

Ruhuna can verən cananı sənsən.

 

 

 

Sənsən

 

Sualla öpüşən nida kimiyəm,

Sahilsiz dəryada ada kimiyəm,

Kimsəsiz, ocaqsız oda kimiyəm,

Gəl, isit qəlbimi, ocağım sənsən.

 

 

Sən könül tarımın sarı simisən,

Görməyəndə gözlərimin nəmisən.

Laləli, nərgizli çəmən kimisən,

Güllü-gülüstanım, həm bağım sənsən.

 

 

Ay xumar baxışlım, ay qaşı kaman,

Sabaha çıxmağa qalmayıb güman.

Eşqinlə qovrulub mən bişən zaman,

Üzümü tutduğum yaylağım sənsən.

 

 

Şəfəqlər saçılır al yanağından,

Bülbül aralanmaz gül budağından,

Gülüm, bal süzülür dil-dodağından,

Şəkərim, noğulum, qaymağım sənsən.

 

 

Məhəbbət bağının şirin barısan,

Sən könül mülkümün ixtiyarısan.

Bir dağ çeşməsisən – safsan, durusan,

Gözündən içdiyim bulağım sənsən.

 

 

Unutmaz eşqimi ayna bulaqlar,

Çiçəkli çəmənlər, dumanlı dağlar.

Necə şirin idi o sənli çağlar,

Ömrümə yazılan o çağım sənsən.

 

 

Cəbrayıl, dikilib yollara gözüm,

O gələn yollara qurbanam özüm.

Ən şirin qafiyəm, ən şirin sözüm,

Kitabım, qələmim, varağım sənsən.

 

 

 

Yaşadım

 

Ruhumu yerindən oynadan gözəl,

Bu dünyanı baxışında yaşadım.

Məni məndən aldın xumar baxışla,

Məhəbbətin ağuşunda yaşadım.

 

 

Qəlbimdə bir dəli sevda oyandı,

Ürək oda düşdü, yandı, nə yandı!

Aləm işıqlandı, nura boyandı,

İldırımın çaxışında yaşadım.

 

 

Bilməm nə sevgiydi bu payız çağı!

Fırlatdın başıma aranı, dağı.

Özümü zirvədən atıb aşağı,

Şəlalənin axışında yaşadım.

 

 

Məni bir atəşə atdı bu sevgi,

Yandırıb yaxmaqdan şaddı bu sevgi.

Ömrümə min çalar qatdı bu sevgi,

Bir sevdanın naxışında yaşadım.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş