Hər cür mükafatdan ucadasan sən – Kərim Kərimlinin şeiri

2 0

Bu gün I Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Əsədov Mais Əsəd oğlunun qəhrəmancasına şəhid olduğu gündür.

Bu münasibətlə Kərim Kərimlinin şəhidin xatirəsinə həsr etdiyi “Hər cür mükafatdan ucadasan sən” şeirini “Azad Şuşa”nın əziz oxucularına təqdim edirik.

 

Kərim Kərimli

 

Hər cür mükafatdan ucadasan sən

 

Şəhid Mais Əsədovun xatirəsinə…

 

Dağ kimi ucalıb düşmən önündə,

Sinəni yurduna qalxan etmisən.

Ömrünün barını dərməmiş hələ,

Ömrünü Vətənə ehsan etmisən.

 

Vətənin bağrına alov düşəndə,

Alışıb yanmısan, nə yanmısan sən!

Gopçular gəzəndə qıraqda, gendə,

Son damla qanadək dayanmısan sən.

 

Adını hər yerdə çəkən oğrular,

Şöhrətinə şərik, şanına şərik.

Vətənə qan verdi səntək oğullar,

Oğrular oldular qanına şərik!

 

Sən məğrur oğulsan, əyilməz oğul!

Ellərin gülüşü mükafatındır.

“İrmi” üç yaşında dayanan zaman

Əbədi gül açan bir həyatındır.

 

Ağoğlan çayının zümzüməsində,

Sonuncu anının nidası qalıb.

Ucaldın bayraqtək… yüksəlişində

“Vətən!” hayqırtının sədası qalıb!

 

Əbədi ömrünü yaşa Gün kimi,

Mənim igid dostum, igid qardaşım!

Əməlin baqidir qəlb sözün kimi,

Ölməzlik qazanan şəhid qardaşım.

 

Ordenlər, medallar, təriflər, sözlər…

Hər cür mükafatdan ucadasan sən.

Sənin də payındır bugünkü Zəfər,

Bu gün də canlısan, sıradasan sən!

02.04.2024.

Bakı.

 

 

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş