Rövşən Xanışzadənin işıq payı – Kərim Kərimli yazır

2 0

Yağlıvəndin insanlarının çöhrəsində də, xasiyyətində də onun möcüzəli təbiətinin nişanələrini görmək olar. Yağlıvəndlilər sadə, mehriban, gülərüz, xeyirxah, mərd və fədakar, zahirən də, daxilən də gözəl insanlardır. Daxili dünyası ilə işi-əməli vəhdət və harmoniya təşkil edən, xainlikdən, xəbislikdən, kin-küdurətdən, pislikdən-yamanlıqdan uzaq yaşayan bu insanlar bir-birinin kədərinə sidq-ürəkdən şərik olan, sevincini təmənnasız bölüşən təmiz ürəkli kənd sakinləri idi.

“İdi” deyirəm, ancaq dərhal da xatırlayıram ki, kəndimiz artıq 3 il 5 aydır azaddır və bu azadlıqdan doğan xoşbəxtlik Yağlıvənd camaatının bütün həyatını, varlığını yenidən sanki müsbət və işıqlı bir enerji ilə dolduraraq insanları daha bəxtəvər olmağa səfərbər edib. İndi hamı yenidən yağlıvəndli olmağa, Yağlıvənddə olmağa, yenidən o möcüzəli təbiətin, o mehriban camaatın, o istedadlar, igidlər və mərdlər yurdunun bir parçasına, bir üzvünə, bir zərrəsinə çevrilməyə hzırlaşır, can atır, bunun üçün qanadlanır.

Yağlıvəndin bir xüsusiyyəti də o idi ki, qoynunda yaşayan insanlardan halallıqla dolanan, əli qabarlı, ürəyi fərəhli, vicdanlı zəhmət adamları əksəriyyət təşkil edirdi. Hamı bir-birinə can yandırırdı, xeyrinə-şərinə yarayırdı, lazım olanda həyan, arxa-dayaq olurdu. Kənd camaatı ağsaqqallara hörmət bəsləyir, cavanlara yaxşı yol göstərir, müəllimə, ziyalıya ehtiramla yanaşır, bir sözlə, hər kəs bacardıqca nümunə olmağa, yaxşı ad qazanmağa çalışırdı. Kəndimizin ağsaqqalları da deməkdən çox etməklə, yəni daha çox şəxsi hərəkətləri ilə ağsaqqallıq edir, yol göstərir, nümunə olurdular.

Bu cür nümunəvi ağsaqqallardan biri də həm qonşumuz, həm də qohumumuz olan Xanış əmi idi. “Qaçqınçılıq” illərində – cənnət kəndinin işğalından sonra bu həsrətlə döyüşən, erməni terrorunun qurbanı olmuş övladlarının – qızı Humayın, yeznəsi Hümbətin və onların iki övladının vaxtsız və faciəli ölümündən doğan misilsiz dərdlərlə çarpışan və daha dözməyib 14 fevral 2011-ci ildə müvəqqəti məskunlaşdığı Beyləqan rayonunun Milabad kəndində dünyasını dəyişən Xanış Xudiyev böyük və xoşbəxt ailə başçısı idi Yağlıvənddə. Onun və Zinyət xalamın (Zinyət xala həm yaxın qonşumuz, həm ana tərəfdən qohumumuz, həm də kənddə anamın ən yaxın rəfiqələrindən, həmsöhbət və həmdərdlərindən biri idi. Ürəyi doğma yurd həsrəti, övlad və nəvə dərdi ilə döyünən Zinyət xala da 5 may 2018-ci ildə köçkünlükdə – Milabad kəndində vəfat etdi.) ailəsində beşi qız və beşi oğlan olmaqla on övlad dünyaya gəlmişdi. O dövrün sözləri ilə desək, qəhrəman ata və qəhrəman ana olan Xanış əmi də, Zinyət xala da yalnız halal zəhmət və vicdanlı əməklə gecə-gündüz çalışaraq övladlrını düz çörəklə böyütmüşdülər.

Amansız müharibə, qansız erməni terroru onların da ailəsindən yan keçmədi və bu bəxtəvər ailəyə olmazın sarsıntı və faciələrini yaşatdı.

Lakin bu, geniş, əhatəli bir söhbətin mövzusu olduğuna görə sonraya saxlayıb (əvvəllər də bu barədə yazmışam), burada yalnız Xanış əminin bu dünyaya vaxtsız əlvida demiş başqa nəvəsi, əsgər Rövşən Xanışzadə haqqında danışmaq istəyirəm.

Rövşən Xanış əminin övladlarının səkkizincisi, oğullarının isə üçüncüsü olan Hüseynin oğludur. Kəndimizdə, qonşuluqda mehriban yaşadığımız zamanlarda olduğu kimi indi də bir-birimizə ərklə “Xalaoğlu!” – deyə müraciət etdiyimiz Hüseyn qardaşım Yağlıvənd kənd orta məktəbində məndən iki sinif aşağı oxuyurdu. Məktəb yolumuz da, orta məktəbin səkkizinci sinfinə qədər bir kənd uşağının gündəlik dərs oxumaqdan tutmuş qoyun-quzu otarmağa qədər bütün “fəaliyyət”inə aid olan digər iş və oyun “sahə”lərimiz də eyni idi.

Hüseyni lap uşaq vaxtlarından güləş simalı, mehriban, şirindil, səmimi və mərd bir oğlan kimi tanımışam və bu gün də mənim gözlərimdə elə həmin insandır. Atalarımız “Gəlin ocağa gələr” deyiblər. Elə Hüseynin həyat yoldaşı Təranə bacımın haqqında da bu xoş sözləri ürəklə söyləyə bilərəm.

Məhləmiz, elə kəndimiz də böyük bir ailəyə bənzəyirdi. Bu böyük ailədə hamı bir-birinin dərd-sərinə, problemlərinə yaxından bələd olduğu kimi, həm də, yuxarıda qeyd etdiyimtək, bu dərd-sərə, problemlərə şərik çıxmağı bacaran, bir-birinin səadətinə ürəkdən sevinə bilən sadə, ancaq səmimi ürək sahibi idi. Burada “sənin-mənim” yox idi, hamı xeyirdə də, şərdə də bir idi. Özü də xahişsiz, minnətsiz, xüsusi çağırışsız, dəvətsiz…

Birinin maşını xarb olurdu, bir də görürdün ki, başı çıxanlar yığışıb ona kömək edirlər. Bağ suvarmaq mövsümü gələndə köməkləşib bir-birinin ağaclarının dibini belləyir və suyu ora yönəldirlər. Kiminsə qapısında şadlıq mağarı qurulanda heç ev sahibi gözünü açmağa macal tapmamış görürdü ki, artıq mağar tikilib, oturacaqlar düzülüb, nəhəng smovarlar da qaynayır…

Xanımların iməciliyindən isə ayrıca dastan danışmaq olar: pambıq didməyə, cəhrədə yun, pambıq əyirməyə, ip yumaqlyıb-kələfləməyə, ən çox da hanada gəbə, palaz, kilim toxumağa toplaşan anaların, qız-gəlinlərin birgə işi bir məclisə, toy-bayrama çevrilərdi. Səhər isə məktəblilər məktəbə, üzümçülər kəndin ucsuz-bucaqsız üzüm bğlarına, sağıcılar fermaya, müəllimlər dərs deməyə, şəhərdə – rayon mərkəzində işləyənlər isə Füzuiyə üz tuturdular. Ancaq bu çox ciddi və sıx “iş rejimi”ndə belə heç kim öz əsas vəzifəsini unutmazdı: şagirdlər dərsini vaxtlı-vaxtında hazırlayar, həmin şagirdlərin müəllimləri onlardan qat-qat artıq məsuliyyətlə məktəbə hazırlaşardılar…

Payıza dönəndə, toy mövsümü başlayanda isə…

Bu da ayrıca bir mövzudur və hələlik bircə onu deyim ki, bu toylarda da heç kim bir-birindən utanıb-çəkinmədən bir ailənin çoxsaylı üzvləri kimi şənlənər, doyunca oynayar, deyib-gülərdilər…

Görünür gözlərini açıb belə mühitə düşən, Xanış əmi və Zinyət xala kimi insanların ailəsində doğulub, böyüyən (elə digər ailələr kimi), onların tərbiyəsi ilə boya-başa çatan Hüseyn bəy və onun həyat yoldaşı Təranə xanımın da övladı Rövşən kimi mərd, səmimi, fədakar bir oğul olmalı imiş…

Təəssüf ki, mənə Rövşəni həyatda görmək qismət olmayıb. 15 avqust 1993-cü ildə Yağlıvənd işğal olunandan sonra bütün qarabağlılar ikmi, yağlıvəndlilər də pərən-pərən düşüb, cəlayi-vətən oldular. Bir ucu kəndimizin “qoşa ürəyi” sayılan Araz Yağlıvənd, bir ucu da Rusiyanın ən ucqar vilayətləri olmaqla yağlıvəndlilər hər yerə səpələndilər. Sonra həmin ilin payızında Araz Yğlıvənd də işğal olundu və camaatımız oradan da didərgin düşdü. Xoşbəxtlikdən “arazçılar”ın köçkünlük ömrü çox sürmədi, bir neçə aydan sonra Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ilə Araz Yağlıvənd də azad edildi.

Xalaoğlu Hüseyn Xudiyev də o vaxtlar təzə ailə qurmuşdu. Və kəndin işğalından cəmi üç ay qabaq ilk övladları Sevinc dünyaya gəlmişdi. (Ümumiyyətlə, aprel ayında Hüseynin ailəsində üç doğum günü qeyd edilir: 2 aprel Rövşənin, 6 aprel Təranə xanımın, 17 aprel isə Sevinc balanın ad günüdür.) Kənddən çıxandan az sonra – 1993-cü ilin payız günlərində o da Rusiyaya üz tutmağa və xeyli müddət orada yaşayıb-işləməyə məcbur oldu. Elə bu səbəbdən də yazımın əsas qəhrəmanı olan Rövşən Hüseyn oğlu Xanışzadə 2 aprel 1997-ci ildə Rusiya Federasiysının Kemerovo vilayətinin Novokuznetsk şəhərində anadan olub. Orada da orta təhsil almağa başlayıb və 7-ci sinfi bitirənə qədər də həmin şəhərdə oxuyub. Yeddinci sinfi bitirəndən sonra yaşına görə çox inkişaf etmiş, savadlı və düşüncəli uşaq olan Rövşən Azərbaycana gəlmək, orta təhsilini burda başa vurmaq, Bakıda ali təhsil almaq və Azərbaycanda karyera qurmaq arzusunu valideynlərinə bildirir. Valideynləri etiraz etməyiblər və Rövşən həmin il Bakıya gələrək Xətai rayonundakı 259 nömrəli tam orta məktəbin 8-ci sinfində təhsilini davam etdirməyə başlayıb. Orta məktəbi uğurla bitirən Rövşən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub.

Lakin qiyabi şöbəyə düşdüyünə görə bir az oxuyandan sonra Azərbaycan Respublikası Hərbi Komissarlığının Füzuli rayon Hərbi Komissarlığı (indiki Aaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi) tərəfindən Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb.

12 oktyabr 2015-ci ildən etibarən AR DTX-nin Bakı şəhəri ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətə başlayan əsgər Rövşən Xanışzadə Vətənə xidmətə başlamağına görə çox sevinir, fərəhlənir və qanadlanırmış. On ay nümunəvi xidməti ilə seçilib. Hərbi hissə komandanlığının, əsgər yoldaşlatının böyük hörmət və məhəbbətini qazanıb.

Atası Hüseyn Xudiyevin dediyinə görə Rövşən hələ Rusiyada yaşadıqları vaxtlar Azərbycanla çox maraqlanırmış. Rusiyanın televiziya kanallarında Azərbaycan haqda hansısa veriliş olanda çox maraqla tamaşa edir, ölkəmizə aid çox şey öyrənməyə can atırmış. Azərbaycan bayrağını çox sevir, evdə dərs hazırladığı masanın üstündə saxlayırmış. Azərbaycana gəlmək arzusunu bildirəndə onu da qeyd edibmiş ki, hərbi xidmətini də məhz Azərbaycan ordusunda keçmək istəyir. Görünür Vətəndən kənarda olanda adam onu daha çox sevir, qədrini daha çox bilir.

Hüseyn bəy deyir ki, Rövşən hərbi xidmətə çağırılanda elə sevinirdi, elə bil çoxdan intizarında olduğu bir müqəddəs arzusu həyata keçmişdi. Obrazlı desək, sanki uça-uça getdi əsgərliyə. Sevincinin həddi-hüdudu yox idi. Hərbi xidməti dövründə də nümunəvi davranışı, Vətənə xidmətinə sevgisi ilə çox hörmət qazanmışdı. Komandirləri ondan ağız dolusu danışırdılar. Fəxri Fərmanla, Təşəkürnamə ilə təltif etmişdilər. Rövşən elə gözəl xidmət edirdi, hərbi xidmətə elə bağlanmışdı, hələ xidmətini başa vurmağına səkiz ay qalmasına baxmayaraq onda bu vurğunluqdan doğan bir fikir yaranmışdı ki, müddətli xidmətini tamamlayandan sonra da SQ sıralarında qalıb Vətənə qulluğunu davam etdirsin. Hərbi hissənin rəhbərliyində də ona qarşı rəğbət yaranmışdı və ümid var idi ki, Rövşənin arzusu reallaşacaq.

 

Təəssüf ki, Vətənini coşqun bir məhəbbətlə sevən, bütün varlığı ilə Azərbaycana bağlı olan, onun dövlətinə xidmət edən və daha böyük xidmətə hazırlaşan, yəni ali hüquq təhsilini qiyabi yolla davam etdirməklə SQ sıralarında uzun müddətli şərəfli xidmət arzulayan bir gəncin ürəyi bu arzuların çiçək açmsına macal verməyərək qəfil dayandı. 17 avqust 2016-cı ildə əsgər Rövşən Hüseyn oğlu Xanışzadə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən dünayasını dəyişdi…

Onu hələ uşaqlıqdan qəlbini saran Vətən sevgisi çəkib Azərbaycan gətirmişdi. Rusiyada doğulan, nəhəng Rusiya Federasiyası dövlətinin vətəndaşlığına malik olan, orada daha böyük, daha uğurlu və parlaq gələcəyə ümid edə biləcək bir gənc, valideynlərindən, qohumlarından eşitdiyi, haqqında ara-sıra öz səviyyəsində maraqlandığı mətbuatda və televiziyada məlumatlara rast gəldiyi, ən əsası qanla sevdiyi və qəribədir ki, həm də xiffətini çəkdiyi Vətəni Azərbaycana qayıtmışdı, doğma kəndi Yağlıvənd üzrə daimi qeydiyyata düşmüşdü, Bakıda oxumağa başlamışdı, uğurlar qazanmışdı, irəliləmişdi…

Və…

Valideynlərinin, onu sevənlərin, el-obasının yeganə təsəllisi bu hadisənin məhz Vətən xidmətində olduğu dövrdə baş verməsidir. Rövşən də Vətən adı ilə şəhid olan minlərlə qeyrətli Azərbaycan oğullarından biridir və xatirələrdə həmişə yaşayacaq.

Bu gün – 2 aprel Rövşən Xanışzdənin ad günüdür. Onun 27 yaşı tmam olur. Onu ehtiramla yad edir və Hüseyn qardaşımızın, Təranə bacımızın kədərinə bir daha şərik oluruq.

Gün gələcək Azad Yğlıvənd yenidən öz növrağına qovuşacaq. Abad və gözəl kəndimizdə hər biri bir tər çiçəyə bənzəyən gül balalar dəstə-dəstə Yğlıvənd kənd tam orta məktəbinə doğru fərəhlə, gülə-gülə addımladıqca onların işıqlı simalarındakı, gülümsər çöhrələrindəki xoşbəxtliyi seyr edən böyüklər bu xoşbəxtliyin qazanılmasında bütün şəhidlərimiz kimi Yağlıvənd şəhidlərinin, o cümlədən Rövşən Xanışzadənin də özünəməxsus işıq payı olduğunu düşünəcəklər…

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş