Şəhid Kamran Quluzadənin xatirəsinə bulaq istifadəyə verilib

0 0

Qırx dörd günlük Vətən müharibəsində Ağsu rayonu Gəgəli kəndindən 100-ə qədər gənc iştirak edib. Onlardan baş leytenant Kamran Quluzadə, əsgərlər Mürvət Məmmədyarov, Vüsal İbişov və Elmir Süleymanlı şəhid olublar. Şəhidlər kəndin Zeyvə nənə qəbiristanlığında dəfn olunublar. Prezident İlham Əliyev şəhidləri ölümündən sonra müxtəlif medallarla təltif edib.

“Miras” İctimai Birliyindən “Azad Şuşa”ya bildirilib ki, martın 30-da şəhid Kamran Quluzadənin hazırda Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan atası Pərviz Quliyev oğlunun xatirəsinə bu qəsəbədə inşa etdirdiyi xatirə-bulağı istifadəyə verib.

Mərasimdə şəhid ailələri, qazilər, Maştağa qəsəbəsi və Gəgəli kəndinin sakinləri iştirak ediblər.

Şəhid Kamran Quluzadənin ailəsi xatirə-bulağın ərsəyə gəlməsində kömək göstərən aidiyyəti qurumlara minnətdarlıq edib.

Qeyd olunub ki, baş leytenant Kamran Quluzadə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Naxçıvan Muxtar Respublikası Xüsusi Təyinatlı Qüvvələrində zabit kimi hərbi xidmət göstərən Kamran Quluzadə Vətən müharibəsi günlərində Füzuli istiqamətindən başlayaraq döyüşlərdə iştirak edib. Şuşa istiqamətində aparılan döyüş əməliyyatlarında şücaət göstərib. Onun sonuncu döyüşü Xocavənd rayonu Tuğ kəndi uğrunda olub. Ayaqlarından mərmi yarası alan Kamran Quluzadə həm cəbhə yoldaşlarına kömək edib, həm də son qanına qədər döyüşüb.

Milli Məclisin deputatı Tahir Kərimli vurğulayıb ki, xatirə-bulağın istifadəyə verilməsi rəmzi məna daşıyır. Kamran Quluzadələr şəhidlik təşnəsinə susamışdılar. Qoy onların xatirəsinə ucaldılan belə bulaqlar yoldan keçənlərə, suya ehtiyacı olanlara su mənbəyi olsun.

Gəgəli Bələdiyyəsinin sədri Fariz Xəlilli qeyd edib ki, Kamran Quluzadə vətənpərvər ruhda böyüyüb. Kəndə təşkil edilən arxeoloji tədqiqatlara qatılıb, oxumağa, öyrənməyə meyilli olub. O, maaşından ayıraraq imkansız uşaqların təhsil almalarına da kömək edib.

Mərasimdə iştirak edənlər xatirə-bulağı inşa etdirdiyi üçün şəhidin ailəsinə minnətdarlıqlarını bildiriblər.

Happy
Happy
0
Sad
Sad
1
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş