Axı biz ermənilərə neyləmişdik?

0 0

Tez-tez mətbuatda, radio və televiziya verilişlərində, xüsusən də sosial şəbəkkələrdə əziz və hörmətli həmkarlarımın yazılarında, çıxışlarında bu cür ifadələrə rast gəlirəm: “Ermənilər quruca daşlardan da qisas alıb”, “Düşmən dilsiz-ağızsız meşələrdən də intiqam alıb”, “Erməni vanddallar qəbristanlıqlardan, qəbirlərdən də qisas alıb” və s. – uzatmaq istəmirəm. Ancaq dərhal qeyd edim, ona görə jurnalist həmkarlarımı, qələm adamlarını önə çəkirəm ki, bəlkə başqa bir vətəndaş dediyinin, yazdığının mahiyyətinə varmasa, çox da dərinə getməyib, göz yummaq olar, amma minlərlə insanın qarşısında çıxış edən, tamaşaçı, dinləyici və oxucu ordusunda rəy formalaşdıran jurnalist daha çox diqqətli olmalı və sözlə dürr, inci səviyyəsində davranmalıdır.

 

Burada xeyli sual yaranır: axı biz ermənilərə neyləmişdik ki daşımızdan, torpağımızdan, ağacımızdan, meşəmizdən, qəbirlərimizdən də… qisas alsınlar?

 

Bəlkə biz bizim qədim torpaqlarımızda dövlət qurmuş Ermənistan ərazisinin 20 faizini işğal etmişdik?

 

Yoxsa bir milyondan çox ermənini didərgin salıb öz “dədə-baba” torpaqlarından qovmuşduq?

 

Bəyəm biz Ermənistan Respublikasının qədim Azərbaycan şəhərlər iolan Gorusunda, Kafanında, Sisiyanında… soyqırım, kütləvi qırğın törədib bir gecədə yüzlərlə günahsız dinc insanı qanına qəltan eləmişdik?

 

Məgər biz ümumi sayı beş min nəfərdən çox və əksəriyyəti də hərbçi olmayan, dinc sakinlər olan ermənini əsir və girov götürüb onlara dünyanın bütün xalqlarını – faşistləri belə heyrətdə qoya biləcək işgəncələr vermişdik və hələ indiyəcən də onlar haqqında heç bir məlumat belə vermirik?

 

Bəlkə biz Ermənistan Respublikasının inzibati ərazisi daxilində yerləşən azərbaycanlı yaşayış məntəqələrində yüz illər botyu yaşamış yüz minlərlə azərbaycanlı soydaşlarımızı qızışdırıb Ermənistandan ayrılaraq Azərbaycanın tərkibinə keçməyə təhrik etmiş və bu baş tutmayanda da qanlı müharibəyə başlamışdıq?

 

Yoxsa biz harada əlimizə fürsət düşsə oradaca bir erməniyə, erməni millətindən olan şəxslərə qarşı düşmənçilik etmişdik?

 

Nə eləmişdik axı biz ermənilərə, hansı pisliyi eləmişdik ki, onlar da bütün bunlara görə əvvəlcə özümüzdən, sonra isə yurdumuzda qalan min illərin naz-nemətindən qisas alsınlar?

 

Bu suallara kimsə cavab verə bilərsə, versin, zəhmət olmasa! Heç kim cavab verə bilməzsə onda qoy kimsə desin ki, niyə biz belə yazırıq, məsələn: “Ermənilər Xan qızı Xurşid Banu Natəvanın məzarından da qisas alıblar?”

 

Axı Xan qızı onlara nəetmişdi?

 

Bəyəm Xan qızı Şuşaya su çəkdirəndə birinci – azərbaycanlı əhalidən qabaq onlara verməmişdimi suyu? Suyun yolunu əvvəlcə erməni məhəlləsinə döndərməmişdimi?

 

Bəyəm biz ehtiyac olmadığı halda, hətta mümkün belə olmadığı halda ermənilərə süni muxtar vilayət yaradaraq əzəldən özümüzə məxsus olan gözəl Xankəndini də onlara mərkəz kimi hədiyyə etməmişdikmi?

 

1930-cu illərin əvvəllərində Şuşada fəaliyyət göstərən dövlət dram teatrını artıq Stepanakertə çevrilmiş şəhərə köçürərək onlara erməni mədəniyyətinin daha da yaxşı inkişaf etməsi üçün ngözəl bir şərait yaratmamışdıqmı, meydan açmamışdıqmı?

 

1923-dən 1988-ə qədər ötən 65 il ərzində barmağımızın onunu da bal eləyib ermənilərin ağzına doldurmamışdıqmı?

 

Xankəndində, Hadrutda, Əsgəranda, Mardakertdə, Martunidə saysız-hesabsız idarə və müəssisə, məktəblər və kitabxanalar, mədəniyyət sarayları və xəstəxanalar, institut və texnikumlar, musiqi məktəbləri və idman salonları, fabriklər və zavodlar, şosse və dəmir yolları, hava limanı və s. və b. bəxş edərək onları azad, xoşbəxt və… qudurğan bir topluma çevirməmişdikmi?

 

XX əsrin əvvəllərində bütün sakinlərinin bir-birini şəxsən tanıdığı balaca bir kənd olan Xankəndini Azərbayacanın pulu ilə tikib, qurub, bəzəyib, inkişaf etdirərək bütün göstəricilərə görə təkcə Ermənistanı və Azərbaycanı deyil, hətta dünyanın altıda birini əhatə edən bütün SSRİ-nin eyni həcmli subyektlərini belə geridə qoyan müasir elm, mədəniyyət, sənaye mərkəzi səviyyəsinə qaldırmamışdıqmı?

 

Nəhayət, 1988-1994-cü illərdə hər yerdə ermənilərin qabağından qaçaraq, torpaqlarımızı işğal etmələrinə imkan yaradaraq, bütün amillərə görə biz haqlı olduğumuz halda bütün dünya qarşısında susaraq, lazımi sözü deməyərək, ermənilərin isə əksinə haray-həşir salmalarına, dünyanı nahaqq və ədalətsiz işlərinin müdafiəsinə qaldırmağa nail olmaqlarına şərait yaradaraq onlara dünya boyda yaxşılıq etməmişdikmi?

 

Ermənini özünü kişi hesab etməyə şərait yaratmamışdıqmı?

 

Dünyaya özlərini döyüşkən, mübariz və qalib obrazında təqdim etməklərinə göz yummamışdıqmı?

 

Bəs onda ermənilər bizdən nəyin qisasını alıblar?

 

Nəyin hayfını çıxıblar?

 

Etdiyimiz yaxşılıqlarınmı?

 

Yaxşı, onlar ermənidirlər, erməni olduqlarına görə də bəlkə onlara elə gəlir ki, bizdən intiqam alırmışlar, bəs bizə nə olub?

 

Bəs biz kimik?

 

Bəs bizə nə olub və biz kimik ki, “Erməni dilsiz-ağızsız qəbir daşlarından da, Allah evi olan məscidlərdən də qisas alıb, heyf çıxıb!” – deyə yazırıq və deyirik?

Niyə?

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
1
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş