Çingiz Abdullayevin varidatı nə vaxt 50 milyona çatacaq?

0 0

Bu gün Azərbaycan yazıçısı Çingiz Abdullayevin ad günüdür. Əlbəttə, bu cür əlamətdar hadisələrlə bağlı yazılar ya tarixi gündən əvvəl, ya da heç olmasa günün birinci yarısı yazılmalıdır. Bunu anlasam da, etiraf etməliyəm, mən o adamlardanam ki, arzusu imkanları ilə heç də həmişə üst-üstə düşmür. Arzuladığı bütün işləri heç də həmişə vaxtlı-vaxtında görüb qurtara bilmir. Bunun da müəyyən həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Lakin, bunlar bu yazının mövzusuna aid olmadığı üçün münasib vaxta qədər təxirə salmağı təklif edirəm.

 

Amma, ümumiyyətlə götürdükdə, o da bir həqiqətdir ki, mənim kimi adamların arzuları tez, ya gec, əsasən həyata keçir. İndi bu yazını yazmağa bir qədər geciksəm də, o qədər də böyük çatışmazlıq deyil. Əsas odur ki, gec olsa da çatdıra bildik. Çingiz müəllimin ədəbi dilində deyildiyi kimi, «Лучше поздно, чем никогда!»

Yeri gəlmişkən elə onun əsərlərinin dilindən başlayaq. Mənim də çox sevdiyim yazıçılar da daxil olmaqla bəzən deyirlər ki, Çingiz Abdullayev “Azərbaycan yazıçısı deyil”, yaxud “Mən onu Azərbaycan yazıçısı hesab etmirəm…” və s. Mən isə əksini düşünürəm. O, əsil Azərbaycan yazıçısıdır. Elə bu yazını “Azərbaycan yazıçısı…” sözləri ilə başlamağım da, göründüyü kimi, təsadüfi deyil. Əgər məhz rus dilində yazdığına görə onu Azərbaycan yazıçısı hesab etmək lazım deyilsə, onda məntiq tələb edəcək ki, heç Nizamini də Azərbaycan şairi hesab etməyək. Çünki, Nizaminin də əsərlərinin dili farscadır və türk dilində ya yazmayıb, ya da türkcə yazdığı əsərlərdən nümunələr, demək olar ki, gəlib bizə çatmayıb. (Bunları elmi iddia, yaxud müzakirə mövzusu kimi deyil, əvvəlki fikrimi möhkəmləndirmək üçün sözgəlişi nümunə kimi deyirəm.) Mənim fikrimcə, – ən azı bir oxucu kimi, – Çingiz Abdullayev nəinki Azərbaycan yazıçısıdır, hətta böyük Azərbaycan yazıçısıdır. Yəni Azərbaycanın böyük oğullarından və böyük yazıçılarından biridir. Yazıçının böyüklüyü onun hansı dildə yazması ilə ölçülmür yəqin ki… İstənilən əsəri orijinaldan daha yaxşı tərcümə etmək də mümkündür, zay tərcümə ilə gözəl bir əsəri yaman günə qoymaq da. Digər tərəfdən, istənilən yazıçıya qiymət vermək üçün onun əsərlərini mütləq oxumalısan. Başqalarının rəyləri əsasında fikir söyləmək həm qeyri-səmimidir, həm də küyə getməkdir və ədalətli də hesab oluna bilməz.

Bəxtim gətirib ki, mən Çingiz Abdullayevin çox əsərini oxumuşam və ondan artıq romanının Azərbaycan dilinə tərcüməsinin redaktoru olmuşam. Bir romanını isə rus dilindən tərcümə etmişəm. Hüquq üzrə elmlər doktoru olan detektiv yazıçısının əsərlərini oxuduqca istedadın diapazonuna heyran olmamaq, hətta heyrət etməmək mümkün deyil. Əsərlərin hər birində mütləq bir və ya bir neçə, bəzən hətta çoxsaylı fenomenal yeniliklərlə qarşılaşırsan. Bəzən qarşındakı kitab səni silkələyə də bilir…

***

…Şəkildə əlimdə tutduğum Çingiz Abdullayevin TEAS Press Nəşriyyat evinin çap etdiyi bestsellerlərdən olan “Alqış sədaları altında ölüm” romanıdır. Rus dilindən bu sətirlərin müəllifi tərcümə edib. Əlbəttə, bunu öyünmək məqsədilə demirəm, hərçənd, Tofiq Bayram demişkən, “Haqqım var ki, öyünüm…”. Çünki, müəllif şəxsən bu tərcüməni bəyəndiyini bildirib və hətta Azərbaycan dilindəki ən yaxşı əsəri adlandırıb.

Bütün bunları fəxrlə deyir və yazıram, ona görə ki, Çingiz Abdullayev dünyadakı nadir və çox qiymətli azərbaycanlılardan biridir…

Bəli, bu belədir və dünyada yaşayan azərbaycanlılar arasında bu cür seçilməyinin, daha doğrusu mənim onun haqqında bu cür fəxarətlə danışaraq ürəyimdən gələn səmimi sözlərlə yüksək epitetlər söyləməyimin səbəbi təkcə onun yazıçı olması deyil. Mən təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan, çalışan, fəaliyyət göstərən, xariqələr yaradan bir çox görkəmli həmvətənimizlə şəxsən tanışam, onlarla müxtəlif vaxtlarda görüşmüşəm və bu cür həmvətənlərimizə sevgimi mətbuatda yazılarımla bildirmişəm. İnsan öz millətini həm də onun böyük oğulları ilə və həmin oğullara görə də sevir. Həmin oğullardan biri də böyük yazıçı Çingiz Abdullayevdir. Ancaq Çingiz Abdullayevin böyüklüyü təkcə böyük yazıçı olmasında deyil, həm də məhz Çingiz Abdullayev kimi böyük yazıçı, şəxsiyyət və insan olmasındadır.

Rəsmi tərcümeyi-halında deyildiyi kimi Çingiz Akif oğlu Abdullayev Azərbaycanın Xalq yazıçısı, AYB-nin katibi, hüquq üzrə elmlər doktoru, Krakov Universitetinin fəxri professoru, H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində Milli Akademiyanın doktoru, Azərbaycan PEN klubunun vitse-prezidentidir.

İnsanlıq, ziyalılıq, ədalət və vicdan hissi, xeyirxahlıq və xeyriyyəçilik, ölkənin, xalqın, dövlətin taleyinə can yanğısı ilə yanaşmaq və bütün bunların fövqündə dayanaraq bir insan kimi olduqca təvazökar olmaq… Bu, hər bəni-insanın nail ola biləcəyi – bəzi hisslərini, nəfsini, istedad və mövcud imkanlardan yarana biləcək hər cür lovğalıq, təkəbbür kimi naqis xüsusiyyətləri bilmərrə məğlub məğlub edərək daima mənəvi yüksəklikdə qərar tuta biləcəyi iş deyil.

Çingiz Abdullayev bu cür mənəvi ucalıqda yeri olan şəxsiyyətdir.

Sadə, səmimi və təvazökar…

***

Bu gün onun 62 yaşı tamam oldu. 62 yaş müasir standartlara görə hələ müəyyən mənada cavanlıq sayıla bilsə də onun şəxsində bir müdriklik pilləsidir. Çingiz Abdullayevin mənim oxuduğum bütün əsərlərində müəllifin müdrikliyi, müdrik şəxsiyyəti və siması olduqca qabarıq şəkildə gözə çarpır. Yəni əslində o, bu müdriklik pilləsinə, yaşına, mərhələsinə hələ çox-çox illər bundan qabaq çatmışdı və indi də həmin meydandakı yerini bir az da bərkitdi.

Əslində isə onun yaşı 62 deyil, milyonlarladır. Ancaq dəqiq hesablamaq mümkün deyil. Çünki, böyük yazıçının əsərlərinin adının sayı təxminən 200-ü keçib. Xarici dillərdə nəşr olunan kitablarının adının sayı isə 600-dən çoxdur. Müxtəlif mənbələrin fərqli məlumatlarını ümumiləşdirəndə məlum olur ki, indiyədək rəsmən işıq üzü görmüş kitablarının tirajı təxminən 35 milyondur. Deyilənə görə təxminən 5 milyon da qeyri-rəsmi yolla, yəni oğurluq çap edilib, yayılıb. Deməli, təxminən 40 milyon və bəlkə də çox! Dünyanın müxtəlif guşələrində və demək olar ki, bütün dillərində 40 milyondan çox Çingiz Abdullayev danışır.

O, dünyada bu qədər kitabı yayılmış yeganə azərbaycanlı yazıçı və ümumiyyətlə isə nadir yazıçılardan biridir. Özü isə ana dili olan Azərbaycan və əsərlərinin dili olan rus dillərindən başqa ingilis və italyan dillərində də sərbəst danışır.

***

Bax o 40 milyonluq Çingiz Abdullayev ordusunun komandanı Çingiz Akif oğlu Abdullayevin bu gün 62 yaşı tamam oldu.

Onu 60 illik yubileyi olanda öz “Facebook” hesabımda təbrik edərkən yazmışdım: “Kitablarının ümumi tirajı 40 milyondan artıq olan (təvazökarlıqdan çox uzaq olsa da müqayisə üçün deyim ki, mənim indiyədək çap etdirdiyim 14 adda kitabın ümumi tirajı 20 mindir) yazıçıya nə arzu edə bilərəm ki, özü də onun həsrətində olsun, xiffətini çəksin?

Təbii ki, can sağlığı arzu edirəm. Bu, insanlığın əzəli arzusudur.

Ağlıma başqa bir nemət gəlmir…

Elə bir nemət ki, onun əli çatmasın və hər ağızda bir dua ovsanatı ilə qisməti olsun…

Yalnız…

Bəli, yalnız bir arzu…

Şuşası işğal altında olanlar ölkəsində artıq şablona döndərdiyimiz, lakin Çingiz Abdullayevə ilk dəfə indi, burada dediyim arzu – Şuşa arzusu!

Qoy Çingiz Abdullayevə də dədə-babasının Vətəni Şuşanı tezliklə azad görmək qismət olsun!”

Bəli, mən bu arzuma da çatmaq üzrəyəm. Yəqin ki, Çingiz müəllim də artıq qızğın hazırlıq işləri görülən Vaqif poeziya günlərində – ədəbiyyat bayramında Şuşada olacaq.

Zənnimcə bu hər birimizin həyatımızdakı ən böyük hədiyyə olacaq.

Çingiz Abdullayev üçün xırda sayılacaq bir arzum da var. Yuxarıda qeyd etdik ki, o artıq milyonçudur. Hətta 40 milyonçu. Varidatının tezliklə 50 milyona çatmağını qeyd edək.

Dünyada 50 milyon tiraj varidatı olan ilk azərbaycanlı yazıçı!

Çingiz Abdullayev!..

Hörmətlə, 

Kərim Kərimli.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş