Qəşəm Aslanov fenomeni

2 0

Bu gün –10 aprel Qəşəm Aslanovun ad günüdür, 87 yaşı tamam olur. Bu münasibətlə onun haqqında bir neçə söz semək istərdim. Ancaq istənilən oxucuda bunun səbəbini bilmək marağı yarana bilər. Xüsusilə o halda ki, bu gün yubiley deyil və növbəti ad günlərindən biridir. Qəşəm Aslanovu niyə xatırlayırıq və bunu niyə vacib hesab edirik?

Bu suala cavab verməmişdən qabaq onun rəsmi tərcümeyi-halının mətbuatda getmiş hissəsini oxucularımıza xatırlatmaq istəyirəm.

 

 

Qəşəm Novruz oğlu Aslanov 10 aprel 1934-cü ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1949-cu ildə yeddi illik məktəbi bitirib Azərbaycan SSR-in Xanlar rayonunda Pedaqoji Texnikumua daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub və universiteti 1959-cu ildə bitirib.

1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib.

15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası “Sevan” qəzetinin redaktoru vəzifələrində çalışıb.

1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına qəbul olunub.

1966-1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.

1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970-1972-ci illərdə “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru, 1972-1975-ci illərdə Şuşa rayon Partiya Komitəsinin birinci katibi, 1975-1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.

“Saymazovun salamı”, “Qeyrətin nağılları” adlı kitabları çap olunub, “Eloğlu” təxəllüsü ilə şeirlər yazıb.

1984-cü ildə avtomobil qəzasında həlak olub.

Fəxri Xiyabanda dəfn edilib.

 

 

Azərbaycanın tanınmış ictimai, siyasi və dövlət xadimlərindən biri olan Qəşəm Aslanov cəmi 50 il yaşamışdır. Lakin həyat pillələrində, siyasi və vəzifə karyerası yollarında elə sürətlə irəliləmişdir ki, onu yaxından tanımayan adamlarda təəccüb, bəlkə də heyrət doğura bilər. Ermənistanda tutduğu vəzifələr də, ondan sonra Azərbaycanın mərkəzi partiya aparatındakı işləri də əhəmiyyətli məsələlər olsa da, təkcə onu qeyd etmək kifayətdir ki, “Azərbaycan gəncləri” kimi olduqca nüfuzlu və əhəmiyyətli bir respublika səviyyəli qəzetin baş redaktoru təyin ediləndə onun cəmi 36, Şuşa kimi son dərəcə vacib, eyni zamanda çətin bir rayona rəhbər göndəriləndə isə cəmi 38 yaşı var idi! Təkcə bu iki fakt onun şəxsiyyəti, savadı və səviyyəsi barədə kifayət qədər təsəvvür yarada bilər.

İndi keçək yuxarıda cavabsız qoyduğumuz suala?

Qəşəm Aslanovu niyə xatırlayırıq və bunu niyə vacib hesab edirik?

Qəşəm Aslanovun bu ilki ad günü Şuşanın işğaldan azad olunmasından sonra ilk ad günüdür. Bəs bunun – Şuşanın işğaldan azad olunmasının Qəşəm Aslanovun anadan olduğu günə nə aidiyyəti var? Qəşəm Aslanov haqqında az-çox məlumatı olanlar bilirlər ki, onun həyatının ən parlaq səhifələrindən üç ili məhz Şuşaya aiddir, Şuşa ilə bağlı olub.

Şuşada Vaqif küçəsində Vaqifin büstünün açılışı zamanı çıxış edərkən

 

Qəşəm Aslanov Şuşa rayonunun birinci katibi olduğu az müddətdə böyük miqyasda təmir, tikinti, quruculuq işləri aparmış, təhsil, səhiyyə və mədəniyyət sahəsində, tarixi abidələrin bərpasında, yol və içməli su xətlərinin çəkilişində, xalqın həyatının digər sahələrinə aid məsələlərin, hətta bir çox hallarda illərlə yığılıb qalmış problemlərin həll olunmasında xüsusi səy göstərmiş, bəzən hətta olduqca böyük təsirə və gücə malik qara qüvvələrin müqavimətini qırmaq üçün xüsusi riskə getməyə məcbur olmuşdur. Qəşəm Aslanovu Şuşa camaatı bu gün də xüsusi hörmət və izzətlə yad edir, xatirəsini əziz tutur və adını ehtiramla çəkir.

Onun Şuşadakı işindən azad edilərək başqa yerə dəyişdirilməsindən 50 ilə yaxın bir vaxt keçib. Hətta indi də şuşalılar onu hər məclisdə xatırlayır, onun haqqında, demək olar ki, hər gün danışırlar. Elə təkcə mən Qəşəm Aslanov haqqında 50-yə yaxın əhvalat, söhbət, xatirə toplamışam. Hamısı da bir-birindən maraqlı, ibrətamiz, məzəli, gülməli, ciddi, heyrətamiz… Əgər yarım əsr ərzində cəmi üç il işlədiyi bir rayonun əhalisi hələ də onu unuda bilmirsə, nəinki unutmur, hətta onun adı ilə bağlı hadisələri, əhvalatları nəsildən nəsilə ötürərək qəlblərdə və dillərdə yaşadaraq əbədiləşdirirsə, deməli bunun özü elə bir fenomendir.

Təəssüf ki, son dərəcə savadlı, qeyrətli, təpərli, mübariz və böyük vətənpərvər olan Qəşəm Aslanovun ömrü ən böyük vüsətlə pərvazlandığı bir dövrdə – cəmi 50 yaşı olanda qırılıb. Arzu və ideyaları yarımçıq qalıb. Ancaq xalqın ürəyində yuva qurmuş xatirəsi hər zaman böyük məhəbbətlə yad edilir.

Bəli, bu, Qəşəm Aslanov fenomenidir.

Şuşa Azərbaycan SSR-in tərkibində inzibat ərazi vahidi – rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Heç ondan əvvəli demirik, 1930-cu ildən üzü bəri sülh vaxtı Şuşaya rəhbərlik edən və Qəşəm Aslanov qədər adı dillərdə dastan olan ikinci bir rəhbəri xatırlayan yoxdur. Xalq – camaat onun adına dastanlar qoşurdu…

 

Mən, təəssüf ki, Qəşəm Aslanovu şəxsən tanımamışam. Onu uşaq vaxtı bir dəfə yalnız aralıdan görmüşəm. Onda da heç onun kim olduğunu düz-əməlli başa düşməmişəm. Amma, böyüdükcə, yaşadıqca, onun haqqında dillərdə dolaşan əfsanələri, hətta lətifələri belə eşitdikcə, sonralar isə həm özünün qələmə aldıqlarını, nəzmə çəkdiklərini, əsərlərini, həm də haqqında yazılan çoxsaylı materialları oxuduqca onu daha da yaxından tanımış, şəxsiyyətinin və amallarının dəyərini anlamışam.

Soldan ikinci Qəşəm Aslanov

 

Şuşa şəhərinin cəmi üç il ərzində inkişafı əvvəlki bütün illərdən üstün olub. Qəşəm Aslanov Qarabağda tüğyan edən separatizmin qarşısını qəti şəkildə alıbmış. Deyirlər DQMV-nin rəhbəri, vilayət Partiya Komitəsinin birinci katibi Gevorkov Şuşada Bazarbaşında pencəyinin ətəyini geriyə atıb əlini belinə qoyaraq deyərmiş ki, “Ara, qabaxlar Qarabağın xanı olmayıp? Olup. İndi mən də Qarabağın bir xanıyam eli…” Gevorkovun qudurğan davranışına qarşı yerli rəhbərlərdən ən kəskin reaksiya verən də məhz Qəşəm Aslanov olub.

Bir dəfə Xankəndində vilayət səviyyəsində bir müşavirə keçirilirmiş. Müşavirə başa çatandan sonra hansısa səbəbdən qərara alırlar ki, birlikdə Şuşaya qalxsınlar. Qabaqda Gevorkovun maşını gedir. Ağa körpüsünü keçən kimi, Qəşəm Aslanov sürücüsünə deyir ki, sür keç onu. Sürücü həyəcan və təəccüblə şefinin üzünə baxır. Qəşəm müəllim astaca və təmkinlə “Sür, keç dedim!” – deyə sürücünün sükut dolu sualına cavab verir.

Şuşada Bazar başına çatıb maşınlardan düşəndə acığından itə dönən vilayət rəhbəri rayon rəhbərinə hücum çəkmək istəyəndə Qəşəm müəllim təmkinlə, lakin ötkəm səslə deyir: “Baris Sərkisoviç, Ağa körpüsündən bəri Şuşa rayonunun ərazisidir, bu rayonun isə rəhbəri mənəm!” – deyə cavab verir. Deyilənə görə cəmi bir neçə ay birgə fəaliyyətləri ərzində Aslanovla Gevorkov arasında baş verən bu söhbət və digər bu tipli münaqişələr Qəşəm müəllimin Moskva tərəfindən bölgədən uzaqlaşdırılmasına səbəb olub. Bu barədə dəqiq və əsaslı sübut olan məlumatım yoxdur, lakin o dəqiq məlumdur ki, Aslanov Şuşadan Azərbaycanın daha böyük bir rayonuna rəhbər vəzifəyə dəyişdirilib.

Yunis Rzayev, Qəşəm Aslanov, Ənvər Rzayev

 

Bu sətirləri yazdığım dəqiqələrdən bir neçə saat əvvəl Xızı rayonundan olan bir ağsaqqalla görüşmüşəm. Söhbət əsnasında Qəşəm müəllimi də xatırladıq. Dedim ki, bu gün onun ad günüdür. Ağsaqqal “Nə yaxşı yadında qalıb?!” – deyə təəccübləndi. Sonra isə Qəşəm müəllimin atası haqqında söz saldı və dedi ki, uzun illər qonşu olmuşuq, bizim yaxınlığımızda arı saxlayırdı Novruz kişi. Çox halal adam idi. Sakit, mehriban, ədalətli adam idi.

“Elin gözü tərəzidir deyənlər düz deyib” – deyə düşündüm. Yaxşıya el heç vaxt pis deməz, pisi də yaxşı kimi qələmə verməz!

Qəşəm Aslanov özü də işgüzar, səmimi, mehriban və ədalətli adam olub. Şuşada onunla eyni vaxtda yaşayıb-işləmiş, hazırda sağ olan və indi artıq dünyasını dəyişmiş, lakin vaxtilə mənimlə bu barədə həmsöhbət olmuş adamların biri də olsun onun haqqında mənfi fikirlər söyləməyib, haqqında yalnız yüksək əhvalla tərif söyləyib, yaxud da vaxtsız vəfatına görə təəssüflə və yana-yana danışıb.

Qəşəm Aslanov zəhmətkeş adamların əməyinə çox yüksək qiymət verib. Onun “Əmək bolluğun mənbəyi, səadətin açarı olmaqla yanaşı, həm də əsl sevincin, gözəlliyin anasıdır” – fikri, dediyimizin bariz sübutudur.

Onun tənbəllərlə, müftəxor və boşbozğazlarla arası olmayıb. Bu barədə şəxsi qənaətini belə ifadə edib: “Tənbəl heç vaxt ləyaqətli adam ola bilməz. O, yaşamaq, başını dolandırmaq üçün xəbislik, alçaqlıq, xəbərçilik, ara vurmaq, yaltaqlanmaq, ikiüzlülük, paxıllıq və başqa pis yollara qurşanmalıdır”.

Ümumiyyətlə, Qəşəm Aslanov jurnalist kimi istedadlı, şair və yazıəçı kimi təbli adam olub. Eloğlu təxəllüsü ilə yazdığı əsərlər arxivlər, kitablarla yanaşı yaddaşlarda da yaşayır.

“Yaddaşlarda yaşayır” dedim, yadıma ona həsr edilmiş çoxsaylı əsərlərdən biri – ən təsirli şeirlərdən olan Sərraf Şiruyənin aşağıdakı şeiri düşdü.

 

Bir tərlаnım sаr əliynən vuruldu,

Аğlа gözüm, qаn аğlаmаq çаğıdı.

Bir igidin özü yохdur, sözü vаr,

Bаşdаşını qucаqlаmаq çаğıdı.

 

 

Təsəllim yох, söz dаnışаm, söz dеyəm,

Gələcəkdi, bir kimsəyə döz dеyəm.

Gеri dönməz yüz çаğırаm, yüz dеyəm,

Хаtirələr sоrаqlаmаq çаğıdı.

 

 

Bir еvin yох, bir mаhаlın yаsıdı,

Dоst-tаnışın, еl-оbаnın yаsıdı.

Qоcа, düşgün hər аhаlın yаsıdı,

Yоllаrınа həsrət bахmаq çаğıdı.

 

…Doğrudan da Qəşəm Aslanov bir elin, obanın, millətin, ölkənin övladı idi…

 

Onu tanıyan, yaxud haqqında eşidən insanlar “…elin, obanın, millətin, ölkənin övladı…” olmaq məsələsini belə ifadə edirlər.

Şuşa şəhər sakini, təqaüddə olan polis zabiti İbrahim Məmmədov:

– Qəşəm Aslanov həqiqətən çox sadə bir insan idi. Şuşada qonşu idik. Bazar günləri vaxtı olanda oglu Rövşən bizə gəlir və atama deyirdi: “Teymur əmi, dədəm deyir gelsin bir nərd oynayaq”. Xatırladım ki, mən də atama dədə deyirdim və Rövşənin də dədə deməyi xoşuma gəlirdi. Ancaq mənim atam adi bir dülgər idi. Buna baxmayaraq raykomun birinci katibi, tanınmış bir adam qonşu haqqını yüksək qiymətləndirir, saymazlıq eləmir, heç kimə yuxarıdan aşağı baxmırdı. Əksinə sadə camaatı çox sevir və həmişə tərəfini saxlayır, müdafiə edirdi.

Laçın şəhər sakini, müxtəlif vaxtlarda Laçın rayonunda müxtəlif yüksək vəzifələrdə işləmiş ağsaqqal Qəzənfər Hüseynov:

– Birinci katib vəzifəsində çalışarkən doğrudan da Qəşəm Aslanovun haqqında əfsanələr dolaşırdı. Bu əfsanələrin müəllifi “təbliğat və təşviqat vasitəsi olan qəzetlər” deyildi, xalq idi. O, bütün həyatını işə qoymuşdu, həyatı da iş uğrunda qurban getdi, hələ də avtoqəza haqqında dəqiq məlumatlar yoxdur. Allah rəhmət eləsin!

Tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov:

– Allah rəhmət eləsin. Qəşəm Aslanov kimi oğulları analar tək-tək doğar. Ermənilərin, vilayət rəhbərlərinin üzünə deyirdi ki, siz Şuşaya işə yox, şişə gəlirsiniz.

 Əməkdar müəllim, türkoloq Nazim Nəsrəddinov:

– Qəşəm müəllim hərtərəfli və yüksək təfəkkürlü ziyalı, şair təbiətli insan idi. O, hamı ilə ünsiyyət qurmağı, insanları yaradıcı fəaliyyətə ruhlandırmağı bacarırdı…

Filologiya üzrə elmlər doktoru, fəxri professor Almaz Ülvi (Binnətova):

– Qəşəm Aslan – fitrətən fazil şəxsiyyət, gözəl publisist, şirin, duzlu qələmi, sadə yazı üslubu olan, düşündürücü və real həyati mövzuları nəsrlə oxucuya çatdıran istedadlı, zəhmətkeş yazıçı idi.

Qəşəm Aslanov deyirdi: “Yaxşı iş adamı, həqiqətən, cavanlaşdırır. Gördüyün yaxşı işə baxıb, dərindən bir nəfəs dərəndə bütün yorğunluğun canından çıxır. Sən yorulmursan, işdən bezikmirsən. Amma bir təhər işləyəndə, baş girləyib, danlaq altına düşəndə vaxtından əvvəl yorulur, mənəvi təsirlərdən sıradan çıxırsan”. Bu fikirlərin, deyək ki, publika üçün yazıldığını nəzərə alsaq düşünmək olar ki, müəllif bunları sadəcə təbliğat məqsədilə deyib. Ancaq onun bütün gfəaliyyətinin nümunədən, özü də başqaları üçün, yeni nəsillər üçün böyük nümunədən ibarət olduğunu xatırlamaq kifayətdir ki, bu fikirlərin sadəcə gəlişigözəl sözlər olmadığına bir daha inanasan.

Qəşəm Aslanovun təkcə Şuşada gördüyü yaxşı işlər bu sözlərin ən yaxşı təsdiqidir.

Bu gün onun ad günüdür. 87 yaşı tamam olur. Xatirəsi mənim həmyerlilərim üçün həmişə əziz olan böyük insan haqqında söhbətimi özünün vaxtilə qələmə aldığı, bu gün bütün ölkəmiz üçün əziz şəhərə çevrilmiş Şuşaya həsr etdiyi “Azərbaycanın zümrüd qaşı” adlı məqaləsinin birinci abzası ilə bitirmək istəyirəm: “Hüsnünə şairlərin min bir söz qoşduğu gözəl diyar! Təbiətin hər cür gözəlliklərinin təcəssümü olan nazlı dilbər! Natəvan kəramətli, Nəvvab hikmətli, Üzeyir qüdrətli, Bülbül məlahətli, Süleyman sədaqətli, Aslan qeyrətli şəhər! Təbiət elə bil mehriban bir ana tək özünün bütün gözəlliklərini dağlar qoynunda yerləşən bu şəhərə bəxş etmiş, min əlilə ona sığal çəkmiş, cazibədarlıq timsalı yaratmaqda öz qüvvəsini sınamışdır. Şuşa Azərbaycanın, onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağ torpağının möcüzəli guşəsi, nazlı-qəmzəli, gözləri-könülləri ehtizaza gətirən nəğməsi, neçə-neçə tarixləri əks etdirən salnaməsidir. Şuşaya gələnlər Əsgəran qalasını keçdikdən sonra sıldırım qayalar üzərində ucalan bir şəhər görürlər. Bu şəhər elə bil döyüşlərə can atan qartaldır. Bəli, həqiqətən, onun görkəmi nəhəng qanadlarını açaraq, səmanın ənginliklərinə baş vurmağa hazırlaşan dağ qartalını xatırladır. Şuşanın hər daşı, hər qayası bir tarixdir. Bu tarix Azərbaycan xalqının, bütün Qafqaz xalqlarının öz azadlığı və səadəti uğrunda apardığı mübarizənin ayrılmaz hissəsidir”.

Rahat uyu, Qəşəm müəllim. Yarım əsr əvvəl müdrikcəsinə Azərbaycanın, “ayrılmaz hissəsi” adlandırdığın “Dağlıq Qarabağ” Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun misilsiz şücayəti sayəsində ləğv edilmiş, ömrünün ən azı üç ilini həsr etdiyin Şuşa şəhəri işğaldan azad edilmişdir.

İndi “Əziz Şuşa, sən azadsan!” şüarı milyonların qəlbini riqqətə gətirən qanadlı bir ifadəyə çevrilmişdir.

Sevinməyə sənin də haqqın var, sevin!!!

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
2
Sleepy
Sleepy
0
Angry
Angry
1
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş