Əbədiyyət uğrunda mübarizə – Kərim Kərimli

0 0
30 ildən sonra bayrağımız yenidən Şuşaya ucaldı

Azərbaycan Respubliksının üçrəngli müqəddəs Dövlət bayrağı 1992-ci ilin 8 mayında Şuşadan endirilmişdi.

Həmin günə qədər Şuşada ucaltdığımlız bayraqlardan birini də mən o gün öz əllərimlə taxıldığı yerdən çıxardıb murdar düşmənin tapdağında qalmaması üçün özümlə Füzuliyə, Yağlıvəndə, oradan isə Bakıya gətirmişdim.

Düz 29 il 6 aydan sonra – 8 noyabr 2020-ci ildə Azərbaycan Respubliksının üçrəngli müqəddəs Dövlət bayrağı yenidən Şuşaya qaldırıldı.

 

Arada ötən müddət ərzində yalnız bir dəfə açıq-aşkar olaraq bayrağımızı Şuşaya mən aparmışam. Şuşanın işğalından 6 il 3 ay 22 gün sonra, 30 avqust 1998-ci ildə. Bu, Şuşa işğal olunan gün oradan çıxardıb gətirdiyim bayraq idi. Şuşada olduğumuz vaxt ərzində ziyarət etdiyimiz yerlərdə mən o bayrağı çıxardır, açır, Şuşa havasında yellədir-dalğalandırır, doğma yurda göstərir, yurdun getdiyimiz məkanlarını da bayrağımıza göstərirdim.

Bunu əlbəttə, düşmənin bizi guya qorumaq üçün müşayiət edən silahlı tör-töküntüləri də görürdü.

Lakin mən işğal altında olan Şuşada qala bilmədiyimə, geri qayıtmağa məcbur olduğuma görə apardığım bayrağı da orada qoyub gələ bilməzdim. O canlı – uğrunda minlərlə can qurban olmuş varlığı da özümlə qaytarıb yenidən Bakıya gətirdim.

Şuşanın işğaldan azad olunmasından az müddət sonra verilişə dəvət olunduğum İctimai Televiziyada həmin bayrağı ölkəmizin tamaşaçılarına göstərdim, nümayiş etdirdim.

Bu gün də o gözəl bayraq bizim evimizDƏ yeganə qiymətli, qəyərini ifadə etməyə dünyanın heç bir dilində, heç bir lüğətuində söz olmayan VARLIQdır.

 

Bu gün Azərbaycan Respubliksının üçrəngli müqəddəs Dövlət bayrağı yenidən Şuşanın – Azad Şuşamızın başı üzərində dalğalanır.

Onu Şuşaya, demək olar ki, əliyalın – qeyrət hesabına daxil olan və azad edən Azərbaycan əsgəri qaldırdı, ucaltı!

Bu misli görünməmiş hadisə, böyük qələbə Azərbaycan xalqını həqiqi mənada xoşbəxt elədi.

 

Şuşa işğal olunanda uzun müddət bir çoxları bu faciənin Azərbaycan üçün nə demək olduğunu anlamadığı kimi, indi də bir çoxları bu böyük səadətin Azərbaycan xalqı üçün nə demək olduğunu başa düşmür!

Ancaq tarix bizim ömrümüzdən, yaşadığımız dövrdən ibarət deyil. Gələcək bu böyük qələbənin nə demək olduğunu böyük xalqımızın bunu bu gün anlamayan hissəsinə də başa salacaq!

 

Uğrunda təkcə sonuncu döyüşdə – 44 günlük Vətən müharibəsində üç min nəfər, ondan əvvəl isə on minlərlə insanın şəhid olduğu Azad Vətən torpaqlarında indi Azərbaycan Respubliksının üçrəngli müqəddəs Dövlət bayrağı dalğalanır!

Böyük Zəfər bu bayrağın sahibi xalqın – Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanından tutmuş yalnız qarşısındakı noutbukun və kompüter olmayan yerlərdə də yazıb-yaratmaq istətəndə  bir dəst ağ kağızla bir ədəd diyircəkli qələmin komandanı olan mənə qədər hamının zəhməti, fədakarlığı hesabına əldə edilib!

 

Yenə də xoşbəxtəm ki, mən də bu dövrdə yaşayıram və mənim də Şuşaya ucalan bayrağın Şuşaya ucalmasında bu və ya digər dərəcədə rolum olub və var.

Onu da qeyd edim ki (təvazökarlıqdan uzaq görünsə də), 1988-ci ildə Milli Azadlıq Hərəkatı başlayanda da Şuşada üçrəngli bayrağı meydana ilk dəfə mən gətirmiş və başım üzərində qaldırmışdım…

 

Sənin üçün düzülmüşdük səf-səfə,

Sənin üçün bir vururduq hədəfə.

Fəxr edirəm! Şuşamızda ilk dəfə

Səni mən sancdım o meydana, bayrağım…

 

Azərbaycan Respublikasının üçrəngli müqəddəs Dövlət bayrağı bundan sonra Şuşamızda və ölkəmizin hər yerində, o cümlədən tezliklə sülh yolu ilə Vətənimizin tam orqanizminə qovuşacaq Ağdərə (bir hissəsi), Xankəndi, Xocalı, Xocavənd (bir hissəsi), Əsgəran qəsəbəsi, Laçın (bir parçası) və Şuşa rayonunun kəndlərinin də üzərində də əbədi dalğalanacaq. Bizim hamımızın mübarizəmiz və müharibəmiz də əslində elə bu ƏBƏDİYYƏT uğrunda idi və onun uğrundadır!

…Və qələbə həmişə bizim olacaq!

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş