Qəhrəman Mixaylo kimi

0 0

Tofiq müəllimi şəxsən tanıyan adamlar bilirdilər ki, o heç də müharibə etmək üçün tələb olunan, şərti desək, “qəddar” xüsusiyyətlərə malik adam deyil. 38 yaşının tamamına 52 gün qalmış şəhid olaqn Tofiq Hüseynov zahirən yaraşıqlı, xasiyyətcə həlim və humanist, insanlara münasibəttə mehriban və gülərüz, vəzifə borcu sarıdan vicdanlı və məsuliyyətli bir müəllim idi. Yaşadığı və ürəkdən, səmimiyyətlə sevdiyi doğma kəndində ən sülhsevər bir işlə, ən dinc bir fəaliyyətlə məşğul oluru: müəllimlik edirdi. Amma o da bir həqiqətdir ki, onun məhz bu sülsevər fəaliyyətində Vətənin müdafiəsinə, hətta lap xəyali belə müdafiəsinə ithaf olunan bir cövhər var idi – Tofiq Hüseynov orta məktəbdə İbtidai Hərbi Hazırlıqmüəllimi idi.

O, gənc azərbaycanlılara gələcəkdə lazım olacaq bir peşəni – Vətəni, doğma torpağı qorumaq sənətini öyrədirdi. Təbii ki, Tofiq müəllimin nə vaxtsa erməni təcavüzünə məruz qalacağımız və bununla bağlı da silahlı münaqişəyə cəlb ediləcəyimizi əvvəlcədən bilib-bilmədiyi barədə heç nəyə  iddia etmirəm. Hərçənd onun kimi həssas ürək sahibi bu xəyanətin ilkin cücərtilərini yəqin ki, sezməmiş olmazdı. Xüsusilə də süni surətdə yaradılmış Əsgəran rayonunun mərkəzində yerləşən, hər tərəfdən ermənilərin məskunlaşdırıldığı yaşayış məntəqələri ilə əhatə olunan və süni yolla Əsgəran rayonuna tabe etdirilən Xocalı kəndində yaşayan bir insan kimi…

Üstə gəl bir müddət rayon mərkəzində müəyyən bir rəhbər işdə çalışan və hər gün separatçıların təmsilçiləri iləüz-üzə gələn şəxs kimi…

Onunla xidməti işimlə əlaqədar baş tutan bir neçə görüşüm zamanı Tofiq müəllimin həm də olduqca təvazökar bir şəxsiyyət olduğunu da aşkarlamışdım. Hətta o  səviyyədə ki, gördüyü bir çox ciddi işlərin başqalarının adına çıxılmasına belə çox sakit səslə: “Mənə Vətəni qorumaq lazımdır, ad-san, yalançı şöhrət yox!” deyə bilsin.

Bu gün o qəhrəmanın, o təvazökar və səmimi insanın doğum günüdür.

Əbədi olaraq 38 yaşında qalan ölməz şəhidin bu gün 67 yaşı tamam olur! Məlumdur ki, onun haqqında indiyədək kifayət qədər yazılıb. Lakin bu gün onun dünyaya gəldiyi gün olduğuna görə bir daha xatırlamaq, xatırlatmaq, yad etmək istəyirik.

Fəxr edirəm ki, qəhrəmanı şəxsən tanımaq, sağlığında görüşüb söhbət etmək mənə də qismət olub. Həmçinin onun hər iki valideynini Xocalı soyqırımında itirmiş övladları ilə də şəxsən tanışam, onlarla görüşmüşəm, söhbət etmişəm, xatirələrini videoya almışıq, müsahibələrini yazmışıq, atalarının da xatirəsi yad edilən bir neçə tədbirdə birlikdə iştirak etmişik. Onların hamısını öz bacı-qardaşlarım, övladlarım kimi sevirəm. İnanıram ki, əgər “şəhid ruhu həmişə başımız üstündə yaşayır” deyənlər haqlıdırlarsa qəhrəman Tofiq Hüseynov indi cəmiyyətimizdə nümunə kimi göstərilə bilən övladları ilə fəxr edir.

Tofiq Mirsiyab oğlu Hüseynov 19 aprel 1954-cü ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Əsgəran rayonunun Xocalı kəndində anadan olmuşdur. 1961-1971- ci illərdə Xocalıda orta məktəbdə oxumuşdur. Orta məktəbi bitirəndən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumunun Mexanizasiya fakültəsinə daxil olmuş, texnikumu bitirəndən sonra – 1974-1976-cı illərdə Qazaxıstan SSR-də Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra o, Xocalıya qayıtmış və kənd orta məktəbində İbtidai Hərbi Hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Məktəbdə işlədiyi müddətdə həmişə öz vəzifəsinə bir hərbçi intizamı və məsuliyyəti ilə yanaşan Tofiq müəllim kapitan rütbəsinədək yüksəlmişdir.

1981-ci ildə onu Əsgəran rayon Xalq Maarif Şöbəsinə hərbi iş üzrə inspektor təyin etmişlər.

Onu və ailəsini yaxından tanıyan həmyerlilərinin dediyinə görə atası Mirsiyab və anası Minəş xanım lap körpəlikdən ona doğma kəndə, el-obaya, halal zəhmətə, torpağa və insanlara məhəbbət hissi aşılamışlar.

Yeri gəlmişkən, onun öz övladlarına da məhz bu və bu kimi xüsusiyyətlər xasdır bu gün. Əsil Mirsiaybın nəvələri, Tofiqin övladlarıdırlar.

1988-ci ildən açıq-aşkar həyasızlıqla müşayiət olunan erməni quduzluğu baş qaldırmağa başlayanda Xocalı tez-tez terrorçu və separatçıların, sonralar isə işğalçı yaraqlıların hücumuna məruz qalırdı.

Xocalıda hərbi işi başqalarına nisbətən daha yaxşı bilən Tofiq Hüseynov kəndin müdafiəsinə, camaatın təhlükəsizliyinin təmin olunmasına daha məsuliyyətlə və intizamla yanaşırdı. Elə buna görə də Xocalıda yaradılan ilk özünümüdafiə batalyonunun təşkili də məhz onun adı ilə bağlıdır.

 

1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonu yaradılanda da komandir məhz Tofiq müəllimi seçdilər. Bəli, o zaman hələ normal nizami ordu olmadığına görə, yaşayış məntəqələrimizi qoruyan əsas qüvvələr əsasən könüllülərdən təşkil edildiyinə görə də komandiri də özləri seçirdilər. Tofiq Hüseynovun nüfuz və bacarığı bu ağır və olduqca məsuliyyətli vəzifəni öz çiyinlərinə götürməyə ona imkan verirdi.

Bununla da kapitan Tofiq Hüseynovun artıq konkret və ciddi fəaliyyətdən ibarət olan sınaqlarla dolu döyüş yolu qanlı müharibə fazasına daxil oldu.

Düşmən dişinəcən silahlandırılmış, quduzluq xəstəliyinə yoluxdurulmuş və dinc azərbaycanlıların qanına yerikləməyə başlamışdı.

Xocalı batalyonunun komandiri Tofiq Hüseynov doğma torpaq uğrunda şəhid olan günə qədər xeyli ciddi və məsuliyyətli əməliyyatın hazırlanması və həyata keçirilməsi, eləcə də tanmamilə mühasirədə olan Xocalının müdafiəsi işinə rəhbərlik etdi.

Xocalıda, demək olar ki, hər gün döyüşlə keçən fəaliyyətində göstərdiyi fövqəladə şücayət və ağıllı, tədbirli hərəkətlər ona “Mixaylo” ləqəbinin qoşulmasına səbəb olmuşdu. Camaat onu Azərbaycanın qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə oxşadır və sevə-sevə “Xocalının Mixaylosu” deyib əzizləyirdi. “Mixaylo” həm də onun əsil adının düşməndən gizli saxlanması üçün düşünülmüş təxəllüs idi.

O vaxtlar tez-tez bu cür informasiyalar yayılırdı:

“İşğalçı və separatçı erməni quldur və terrorçuları Naraguğ kəndindən Xocalını tez-tez top atəşinə tuturdular. Tofiq həmin yeri müəyyənləşdirib ermənilərin qurğularını məhv etmişdir…”

“Meşəli kəndinə hücum edən terrorçulara qarşı qanlı çarpışmada Tofiq Hüseynov və döyüşçüləri neçə yaraqlını məhv etmişdir…”

“Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası, “Alazan” qurğusu partladılmış, quldur və terror yuvasına çevrilmiş köhnə ferma darmadağın edilmişdir. Tofiq Hüseynov on erməni yaraqlısını əsir götürmüşdür”.

Məhz bu əməliyyatdan sonra qəhrəman kapitana növbəti – mayor rütbəsi verildi.

Onun adı dildən-dilə düşdü, bütün Qarabağda tanınmağa başladı. Əlbəttə düşmən də yatmamışdı və “Mixaylo”nun kimliyini öyrənməyə çalşır, imkan düşən kimi nəyin bahasına olursa olsun aradan götürmək istəyirdi.

Qəhrəman Tofiqin sonuncu döyüşü 26 fevral 1992-ci ildə “Xocal gecəsi”ndə oldu. O, canlı qüvvə və texnika, eləcə də müasir silah-sursat cəhətdən qat-qat üstün olan və yalnız şəxsi şücayət və şəxsi qeyrət sarıdan qat-qat üstün olduğu düşmənlə qeyri-bərabər döyüşdə sonuncu patronuna, son imkanına qədər döyüşdü. Xocalıda baş verən misilsiz dərəcədə dəhşətli soyqırım gecəsi orada olmayıb, sonralar rəsmi-qeyri-rəsmi nabələd dairələrdə özünü qəhrəman kimi qələmə verib “gopologiya üzrə doktorluq işi” danışan bəzi buqələmunlardan fərqli olaraq Tofiq öz döyüşçüləri ilə çiyin-çiyinə verərək misli görünməmiş qəhrəmabnlıq nümayiş etdirdi. Onlar həm döyüşdülər, həm də neçə sakinin kənddən çıxardılmasına nail oldular. Və…

Tofiqin igidliyini yalnız həmin gecə onunla döyüşmüş və sağ qalmış kimsə lazımi səviyyədə təsvir edə bilər. Həmin gecə onunla bir yerdə olmayan, Xocalı qırğınını yalnız Şuşa yüksəkliyindən seyr edib səhərə qədər hünkürən bir qələm adamı kimi yalnız onu deyə bilərəm ki, deyilənə görə sonuncu patronunu da düşmənin murdar leşinə hədiyyə edən Tofiq son anda da məhz qəhrəman Mixaylo kimi hərəkət etmiş və… sonuncu qumbarasını artıq onu mühasirəyə almış ona qədər quldurun ortasında partladaraq şəhid olmuş, həmin düşmənləri də cəhənnəmə vasil etmişdir.

Həmin gecə qəhrəmanın valideynləri, həyat yoldaşı Məxmər xanım və qardaşı Bakir Hüseynov da faciəli şəkildə həlak olmuşlar.

Qızı Yasəmən xanımın xeyli müddət əvvəl çəkilişlər zamanı bu sətirlərin müəllifinə verdiyi məlumata görə “Xocalı gecəsi”ndən uzun illər sonra soyqırımın səhəri günü çəkilmiş fotoşəkillərdən bəziləri internetdə yayılmış və o fotoşəkillərdən birində xaincəsinə qətlə yetirilmiş anasını tanımışdır.

Üç körpə övladı qalmışdı Xocalının Mixaylonun – Yasəmən, Əfsanə və Murad. Övladlar hər çətinliyə, dərdə-nisgilə dözdülər. Düzdür, dövlətimiz onlara diqqət və qayğı göstərdi, şəhid və Milli Qəhrəman övladları kimi onlara aid olan bütün güzəşt, imtiyaz və qayğı ilə təmin olundular. Lakin, dirəyi qızıldan olanların belə ata-anasız, xüsusilə də bu cür şəhid olmuş valideynlərsiz, hələ üstəlik Vətənsiz – Xocalısız böyüməsi heç kimə zarafat gəlməsin. Amma onlar qəhrəman atalarının adını daim yüksək tutdular, yaşadılar, böyüdülər, oxudular, uğurlar qazandılar, od-ocaq sahibi oldular…

İndi hamı kimi Qarabağın azadlığına sevinirlər, xoşbəxtdirlər. Amma hələ gözləri yol çəkməkdən tam xilas olmayıb, həsrət tam başa çatmayıb. Əsil xoşbəxtlik Xocalı şəhərinin yolu açılanda gələcək. Bakıda Şəhidlər Xiyabanında dəfn olunmuş qəhrəman atalarının məzarını ürəkləri istəyən vaxt ziyarət edə bilsələr də baba və nənələrinin, ana və əmiləsinin əbədi qaldığı Xocalı torpağına qədəm basmağın həsrətindədirlər. Əminik ki, o gün də çox uzaqda deyil…

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğlu Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) fəxri adına layiq görülmüşdür.

Bu il Xocalı faciəsinin 29-cu ili tamam oldu. Azərbaycanın rəşadətli ordusunun, demək olar ki, ildırımsürətli hücumu Şuşanın işğaldan azad olunması ilə başa çatdı. Azərbaycan – Ermənistan – Rusiya arasında üçtərəfli bəyannamə imzalndı və bütün cəbhə xətti boyunca atəşkəs elan edildi. Həmin sənədə əsasən uğrunda Azərbayacanın Milli Qəhrəmanı Tofiq Hüseynovun da can verdiyi Xocalı rayonunun əsas hissəsi və rayon mərkəzi Xocalı şəhəri də hələlik Rusiya Federasiyasının Sülhməramlı hərbi kontingentinin nəzarəti altında saxlanılıb. Ancaq, bunun da sonu gələcək və xocalılılar da öz yurdlarına qayıdacaq. O zaman qəhrəman Tofiqin ruhu daha çox sevinəcək, Xocalı soyqırımının qurbanları olmuş dinc sakinlərin də ruhu şad olacaq.

İgid qardaşımız – sadə, səmimi, təvazökar və əyilməz qəhrəman – Azərbaycanın Milli Qəhrəmanı Tofiq Mirsiyab oğlu Hüseynovun xatirəsi də heç vaxt unudulmayacaq, Azərbaycan xalqı yaşadıqca yaşayacaqdır…

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş