Vladimir Lenin və Hüseynbala Mirələmov haqda

0 0

Keçən il bugünkü gün sosial şəbəkələr daha çox Lenindən danışırdı, bu gün Mirələmov mövzusu onu üstələyib. Aydındır, 22 aprel proletariatın dahi rəhbərinin doğum günüdür. YAP-ın Xətai rayon təşkilatının rəhbərinin isə əksinə, tarixdən silinməyə başladığı gündür. O mənada ki, 76 yaşınadək yüksək vəzifələrdə bərqərar olmuş bir şəxsin başına qəfildən belə bir iş gəlməsi birinci növbədə elə onun özü üçün böyük və ağır zərbədir.

 

Ancaq şəxsən mən nə Lenini, nə də Mirələmovu tənqid etmək fikrindəyəm. Birincisi ona görə ki, məsələn, Mirələmov haqqında dünəndən bəri o qədər tənqidi və təhqiramiz ifadələr işlədilib ki, daha söz və yer qalmayıb. ikincisi də ona görə ki, mən başqa şəxsləri tənqid etmək fikrindəyəm.

Elə isə, kimi?

Qəribə də olsa, özümüzü. Yəni həmkarlarımı, jurnalistləri və bütün qələm adamlarını.

Ölməz Səməd Vurğunun

 

Baxıram Leninin kitablarına,

Dəstədən geriyə qalmamaq üçün…

 

misralarını xatırlayaraq məhz bu mövzuda bir neçə kəlmə demək istəyirəm.

Məni nə Lenini tənqid edənlər narahat edir, nə də tərifləyənlər. Çünki tənqid edənlər müəyyən qədər mənim də fikrimi ifadə edirlər. Ona görə ki, mənim fikrimcə Lenin Allahın Azərbaycan xalqına adam sifətində göndərdiyi üç əsas bəladan, lənətdən biridir. Tərifləyənləri də başa düşürəm, çünki bəziləri doğrudan da səmimi qəlbdən onu sevir, bəziləri keçmiş dövrün xiffətini eləyir, bəziləri də Lenini vəsf edənlərlə eyni xorda ağzın açıb-yumduğuna görə aylıq alır.

Bunlar aydındır.

Mənə ən çox gülməli gələn, bir az narahat edən, bir az təəccübləndirən, bir az da nifrətimə səbəb olan adamlar isə o şəxslərdir ki, – hələ mən öz yaşımdan bərini deyirəm, – bülbül kimi Lenin və onun yolu barədə cəh-cəh vururdular, elə ki, gördülər SSRİ avrığını yollayıb, başladılar yazılı və şifahi ifalarında “V.İ.Lenin” ifadəsinin yerinə “M.Ə.Rəsulzadə” qoymağa və yüngülvari “aranjeman”la daha şövqlə ifa etməyə.

Elə ki, “Rəsulzadə nəğmələri epoxası” bir gecə qəflətən Kələkiyə “mühacirət” edən Elçibəyin qədim Naxçıvan torpağına qədəm basmağı ilə başa çatdı, haqqında danışdığımız buqələmun sürüsü partituranı olduğu kimi saxlayaraq, dərhal baş qəhrəmanın adını və öz maskalarını dəyişərək, nəinki bülbül, hətta bülbül və üstə gəl tutuquşu kimi örtməyə başladılar.

Maraqlıdır ki, belələrini bu gün cəmiyyətə hətta tarixçi, alim kimi də sırıyırlar. Üstəgəl özləri də çox böyük sürət və vüsətlə karyera pillələri ilə irəliləyərək çox tezliklə “tanınmış”, “görkəmli”, “məşhur”, “hamımızın sevimlisi” kimi təqdim olunan jurnalist, yazıçı, şair, publisist, deputat, alim, yüksək vəzifə sahibi olurlar və vətənə, millətə, dövlətə bir qara qəpiklik xeyir verməsələr də özləri və bundan sonrakı bir eralıq nəsilləri üçün yaxşı baza toplamaqla kifayətlənmir, kimsəsiz adada Dəniz Səyyahı Sindibadın boynuna minib onu hər dəqiqə bizləyərək əlinə keçəni tutub alan qoca kimi bu millətin boynundan düşmək belə istəmirlər.

Ən maraqlısı da odur ki, özləri də özlərinin nə qədər idbar və iyrənc göründüklərini görsələr də iddialarından qətiyyən əl çəkmirlər.

Hüseynbala Mirələmov məsələsində də təxminən belədir.

Mən Hüseynbala Mirələmovu şəxsən tanımıram, həyatda canlı şəkildə bir mənasız istisnanı saymasaq heç vaxt da görməmişəm. O istisna da ibarətdir ondan ki, dostum Yadigar Muradovun dəvətilə Şuşa Dövlət Musiqili Dram Teatrının bir tamaşasına baxmağa gedən vaxt tamaşa qurtarandan sonra teatrın o zaman yerləşdiyi binadan çıxıb gedərkən arxadan da gələn olduğunu hiss edib geriyə baxanda Hüseynbala Mirələmovun da bir dəstə adamla mənim arxamca bir eyni qapıdan çıxdığını görmüşəm. Vəssəlam.

Ancaq onun haqqında həmişə məlumatım olub. Hətta əsərlərindən birini əzbər bilmişəm, vaxtilə. Ancaq bunun səbəbini indi deməyəcəyəm, çünki mövzu başqadır.

Uzun müddət Hüseynbala Mirələmovun baş direktor vəzifəsində işlədiyi Qaradağ Qaz Emalı zavodunun yaxınlığında yaşamışam. Bakı – Hacıqabul avtomobil yolundan yolun sağ tərəfində yerləşən zavoda qədər təxminən iki kilometrdən, mənim yaşadığım köhnə fermaya qədər isə üç kilometrdən bir az artıq məsafə var. Hüseynbala Mirələmovun direktor olduğu müddət ərzində Azərbaycan mətbuatında həmin zavodun direktoru haqqında nə vaxt tərifli yazılar gedəcəyini hamıdan qabaq mən bilirdim. Çünki, demək olar hər gün həmin yolda tanış olduğumuz və olmadığımız jurnalistlərlə rastlaşırdıq. Təsəvvür edirsiniz? Demək olar ki, hər gün! Hansı həftə hər gün olmurdusa, həftədə bir neçə dəfə olurdu. Mənim bir köhnə “Jiquli”m var idi. Onunla ancaq şossenin qırağınacan gəlmək olardı, şəhərə sürmək mümkün deyildi. Həmin maşın işlək olanda onunla, olmayanda da piyada şəhərə işə gəlmək məqsədilə o yolu keçməli idim. Şəxsi maşını olan jurnalist həmkarlarım maşınla gəlir, olmayanlar isə avtobusla gəlib zavodun döngəsində düşür və qalan yolu piyada qət edirdilər. Bu ziyarətlər hələ milli pulumuzun “məmmədəmin”, “şirvan” adlandırıldığı vaxtlardan başlanmışdı və Mirələmov direktor vəzifəsindən çıxana qədər davam etdi. Mirələmovun yanından cibi dolu qayıdan “sənətkarların” zəhməti az sonra qəzet-qəzet məqalələrə, “qəzetlər-qəzetlər” müsahibələrə, cild-cild kitablara, o cümlədən bədii və bədii-publisistik əsərlərə çevrilirdi. “Zəhmətkeş” müəlliflər də şöhrətlənirdi, Hüseynbala müəllim də. Mənim həmkarlarım oraya Bakıdan gedirdilər, mən isə zavodun yaxınlığında yaşayırdım. Ancaq o zavodun yanından – yaxınlığından keçən yol ilə işə gedib-gəlməkdən başqa bir dəfə də o həndəvərə üz tutmadım.

İndi mənə elə gəlir ki, jurnalist həmkarların bəziləri, xüsusi olaraq vurğulayıram, məhz bəziləri Hüseynbala Mirələmovun artıq hamının bildiyi hərəkətindən həm də qisas məqsədilə yazırlar. Yəni demək istəyirlər ki, axı sən qapı-qapı sülənən “bezdarnı” adamlara bu qədər pulu niyə verirdin? Bax bunun acığını çıxırlar keçmiş direktordan.

Demək istəyirlər ki, axı sən qapı-qapı sülənən “bezdarnı” adamlara verdiyin bu qədər pulu haradan alırdın? Bax bunun hesabını soruşurlar o “səxavət” sahibindən. Qisas alırlar, çünki, bilmək istəyirlər ki, axı sən özünə “jurnalist” (“redaktor”, “şair”, “yazıçı”, “publicist”, “aktyor”, “rejissor”, “müğənni”, tədqiqatçı, alim və s. və b.) deyən adamlara o şəkildə pul verib onları niyə alçaldırdın? Niyə ayaq altına atıb əsgiyə çevirirdin? Bax bunu bilmək istəyir indi Mirələmovu hoydu-hoyduya götürən bəzi jurnalistlər.

Hər iki halda – yəni Lenin yoldaşı vəsf edənlərlə cənab Mirələmovu müqəddəsləşdirənlərin ümumi məsələsində əsas amillərdən biri budur: şəxsiyyət və ləyaqət çatışmazlığı!!!

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
1
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş