Ermənistanın suyu bulandıran böyük qardaşları – Kərim Kərimli yazır

0 0

Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti, irlandiyalı Cozef Bayden “ABŞ prezidenti” adlı vəzifənin təsis edildiyi 17 sentyabr 1787-ci ildən indiyədək ötən 233 il 7 ay 7 gün ərzində dünyada mövcud olan bütün ermənilərə ən böyük pislik edən ikinci ABŞ prezidenti oldu. O, şişirdilmiş 1915-ci il hadisələri haqqında danışarkən “soyqırım” sözü işlətdi. Ondan qabaq bu sözü ilk dəfə işlətməklə erməni xalqına ən böyük pislik edən həmin ölkənin 40-cı prezidenti Ronald Reyqan olmuşdu.

 

Söhbətin lap əvvəlində dərhal qeyd edim ki, – təkrar olsa da, – bu həqiqətən hamıdan çox, bizdən də, Türkiyə Cümhriyyətindən də çox Ermənistana və dünya ermənilərə qarşı böyük pislikdir. Erməni qaqalar gözlərini onun-bunun ağzına dikib öz ünvanlarına “yazıq”, “cəfakeş”, “məzlum” kimi sözlər eşidib, bunun ardınca da söz sahibindən həm də nə isə qopartmaq naminə bütün ömrü boyu göz yaşı axıdaraq özünü mələk simasında göstərir, havadar rolunu oynayanlardan həmin quruca sözləri alandan sonra da üzünü yaxın qonşularına tutub əsil simasını – şeytan sifətini göstərməyə başlayır. Bununla da tarixən özlərinin başladıqları və kiçik fasilələrlə on illər, bəlkə də yüz illər boyu gah gizli, gah da açıq davam etdirdikləri düşmənçiliyi daha da dərinləşdirir, daha da qızışdırır, bütün körpüləri yandırmağa can atırlar.

 

Onların işğalçı təfəkkürlü, terrorçu xislətli, millətçi qanacaqlı, separatçı mədəniyyətli rəhbərləri ya başa düşmür, ya da başa düşmək istəmirlər ki, qapıbir qonşularınla düşmən olmaqla dünyanın müxtəlif guşələrindən səni qısqırdıb ara qarışdıraraq bulanıq suda balıq tutanlar heç vaxt onun qızartmasından bircə tikə belə sənə verməyəcəklər. Sən onlara soxulcan kimi lazımsan – qarmağa keçirdib balıq tutmaq üçün. Sən onlara koğa kimi lazımsan – təndirə sallayıb qazmaq qopartmaq üçün, sən onlara bəhanə üçün lazımsan, bə-ha-nə! Əsas isə onların öz məqsədləridir. O məqsədlərə nail olandan, yaxud heç olmasa erməni adlı kətilin üstünə çıxıb əvvəlcə əlləri çatmayan meyvələrin bircəciyini qırandan sonra yenə də “coşqun çaylar” öz məcrasına qayıdacaq, yağışlar yağacaq, çatdaqlar örtüləcək…

 

Baydenin “soyqırım” kimi qiymətləndirdiyi hadisələri başqa sözlərlə ifadə edənlər bunu “1915-ci il hadisələri” adlandırırlar. Ən maraqlısı da odur ki, “1915-ci il hadisələri”nin nədən ibarət olduğu, niyə baş verdiyi, həmin hadisələr zamanı ermənilərin hansı rol oynadığı, kimin əlində alətə çevrildiyi müəllifləri o qədər də maraqlandırmır. Əsas məsələ odur ki, həmin hadisələr zamanı “ermənilərin ziyan çəkdiyi” söhbətin əsas mövzusu olsun, qalan məsələlər boş şeylərdir.

 

Bir məşhur Azərbaycan cizgi filmi var. Canavarla çəpiş eyni vaxtda bir çaydan su içirlər. Cəpiş canavardan xeyli aşağıdadır. Təbii ki, su yuxarıdan aşağı axdığına görə və canavar da çəpişdən yuxarıda olduğuna görə çəpiş suyu bulandırsa belə həmin bulanıq şıvrım gedib canavara çata bilməz, çünki əksinə – üzüaşağı axıb gedəcək. Həmin səhnədə maraqlı bir dialoq var. Canavar üzünü çəpişə tutub vəhşicəsinə soruşur ki, suyu niyə bulandırırsan? Çəpiş uçuna-uçuna cavab verir ki, bəs axı mən səndən aşağıdayam, suyu necə bulandıra bilərəm ki, üzüyuxarı axıb sənin yanına gəlsin? Canavar qəzəblə bağırırı: “Bura bax, ə, mən sənə demirəm ey, sən hardasan, mən harda? Sənə deyirəm ki, suyu niyə bulandırırsan?” İndi onun məsəli olmasın, həmin multfilmdəki canavartək yapışıblar “soyqırım” sözündən və kor tutduğunu buraxmayan kimi buraxmaq istəmirlər. Əslində də suyu bulandıran həmin canavartək ortalığı qarışdırırlar. Yəni bu, ermənilərə yaxşılıqdan çox pislik etmək deməkdir.

 

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətindən doğan və 33 il davam edən münaqişənin sonuncu mərhələsi olan 44 günlük müharibə təzə başa çatıb. Özünü dünyada hüququn, azadlığın, sülhün, bərabərliyin, demokratiyanın carçısı kimi aparan ABŞ əslində həm bu “missiyanın” sahibi, həm də son 30 ildə əlindən bir iş gəlmədiyini sübut etmiş ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişə vəziyyətində olan, müharibədən təzəcə çıxmış, üçtərəfli bəyannamənin şərtlərini hələ də tam yerinə yetirə bilməyən (bu anda səbəblərə toxunmuruq) ölkələr kimi Ermənistanla Azərbaycan arasında sülhü, dinc yanaşı yaşamağı, müharibənin bundan sonra bir daha baş verməməsi üçün müntəzəm və məhsuldar danışıqları tövsiyə və təşviq etməli deyildimi? Təəssüf ki, bunun tamamilə əksi olan addımlar atır Amerika. Deməli heç onlara da bizim, yəni Cənubi Qafqazın əmin-amanlıq içində yaşaması lazım deyil.

14 aprel 1995-ci ildə erməni qonşularımızın o biri – yaxında yaşayan böyük qardaşlarının Dövlət Duması da buna oxşar bir bəyanat qəbul etmişdi. Üstündən 26 il keçib. İndi də bu biri böyük qardaşları ona oxşar bir addım atıb. Amma Ermənistan cəmiyyətinin əlinə içinə peyin bükülmüş qənfet kağızından başqa bir şey verməyiblər.

Ermənistanın xilası, gələcək inkişafı, azad, demokratik, firavan və xoşbəxt bir ölkə olması mütləq şəkildə yaxın qonşularla dostluqdan, dinc yanaşı yaşamaqdan keçir.

Ermənistan bunu nə qədər tez dərk edib davranışlarına müvafiq korrektələr etsə, o qədər birinci növbədə özünə, ardınca da digər ölkə və xalqlara xeyri olar.

ABŞ isə elə zırna çala-çala qalacaq. Baydeni də, maydeni də tarixdə olmayan bir işə don geyindirib “olmuşdur” deməklə dünyanı və tarixi dəyişdirə bilməz.

Bütün dünya bilir ki, Amerika prezidenti bu sözü nə məqsədlə işlədib.

 

Azərbaycan və qardaş Türkiyə bundan sonra da həmişə bir yerdə olacaq və ən çətin anlarda bir-birinə qardaş köməyini göstərəcək.

ABŞ prezidentinin bu bəyanatının Azərbaycana hipotetik də olsa, güman edilən hər hansı neqativ təsirinin qarşısının alınması isə cəmiyyətimizin daxildən daha da möhkəmlənməsi ilə mümkün ola bilər. Düzdür, xarici amillər də mühüm rol oynayır, ancaq xarici amillər də hər hansı bir cəmiyyətə həmin cəmiyyətin daxili möhkəmliyindən asılı olaraq mənfi və ya müsbət təsir edə bilir. Məhz buna görə də Azərbaycan cəmiyyəti daxildən daha da möhkəmlənməlidir. Bu isə bir neçə əsas məsələnin müntəzəm inkişafı və getdikcə daha çox oturuşması ilə mümkündür.

44 günlük II Qarabağ müharibəsindən qalib çıxmış, 30 il işğal altında olan torpaqlarını azad etmiş Azərbaycan üçün bu məsələlər bunlardır:

  1. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və qorunmasının hamı üçün bərabər standartlarla həyata keçirilməsinin mütləq şəkildə müntəzəm davam etdirilməsi;
  2. Demokratiyanın dönməz formada inkişaf etdirilməsi və heç nəyin xatirinə, heç bir məsələyə görə bu inkişafın müvəqqəti ləngidilməsinə, yaxud, guya hansısa “daha vacib” məsələlərə görə müəyyən müddətə təxirə salınması kimi absurd yanaşmalara yol vermədən daim irəliyə aparılması;
  3. Bu iki amilin dönməz inkişafı və fasiləsiz təminatı ilə daha da möhkəmlənəcək Milli birliyimizi təmin edən hər şeyi gözümüzün və qəlbimizin içindəki kimi bəsləməli, buna zərbə vuran hər şeyə nifrət etməli, hər kəsi töhmətləndirməliyik.

Sadalanan məsələlərin təməl kimi qəbul ediləcəyi təqdirdə bunlardan doğan artıq daha çoxsaylı ciddi və həlledici məsələlərin dönməz şəkildə həllinə nail olmaq!

İlk baxışdan bizə aid olmadığını düşündüyümüz məsələlərin əksəriyyəti əslində taleyimizi dəyişdirə biləcək səviyyədə bizə aid olur.

Baydenin şişirdilmiş məlum “1915-ci il hadisələri”nə “soyqırım” deyərək Türkiyəyə böhtan atması bizim təəssüf ki, bəzən lazımınca ciddi yanaşmadığımız, bəzən “baş rol”unun ifasını naşılara, hətta təmənnalı, dəhşətli fakt olsa da, bundan da şəxsi mənafe əldə etməyə çalışan adamlara tapşırdığımız Xocalı soyqırımı məsələsini yenidən daha da aktuallaşdırır və dünyanın gündəminə daha israrla və əzmlə çəkməyimizi tələb edir.

Ancaq bu barədə başqa vaxt başqa bir yazıda danışarıq…

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
2
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş