Biz Ağdama qayıdacağıq… Yaşamağa!

0 0

Elşən ƏLİYEV
Əməkdar jurnalist

 

…”Evimizə gedirik” yazmışdım, Bakıdan çıxarkən Feysbuk hesabımda. Yox, bu, hələ o gediş deyildi… Hələ gedib evimizdə qalmağa imkan, şərait olmadığını bilirdim. Amma ağlıma gələn bu fikir qəlbimi və ruhumu elə isitmişdi ki, yol boyu özümü evimizdə hiss edir, yan-yörəmdə indi yalnız əziz və unudulmaz xatirələrini Ağdama aparmağa gücüm çatan valideynlərimin, qohum-əqrəbamın, dost-tanışlarımın hənirtisini duyurdum…

İşğaldan azad edilmiş Ağdam şəhərinə səfərimizi Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi – MEDİA təşkil etmişdi. Ömrümün 29 ilini keçirdiyim, nəslimin-kökümün məskəni və mədfəni olan doğma yerlərə təhlükəsiz gediş-gəlişin yalnız müvafiq dövlət qurumlarının dəstəyi ilə gerçəkləşdiyi bir vaxtda səfər heyətinə daxil edilməyimə təşəbbüs göstərən hər kəsə və səfərin təşkilatçılarına bəri başdan minnətdarlığımı bildirirəm. Səfərdən qayıtdıqdan sonra Ağdam təəssüratlarını isti-isti yazıb sosial şəbəkədə paylaşan, dövri nəşrlərdə dərc etdirən, bu zaman mənim adımı çəkən, yaşantılarımı qeydə alan hər bir həmkarıma da təşəkkür borcum var…

Və əlbəttə, xəyallarımızın gerçəyə çevrilməsi, bu səfərin də, onun təəssüratlarının da yaranması xalqımızın birliyi, dövlətimizin qüdrəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi müdrikliyi, şanlı ordumuzun rəşadəti, ölməz şəhidlərimizin qəhrəmanlığı, minlərlə əsgər, gizir və zabitimizin hünəri sayəsində mümkünləşdi… Bunu hədsiz ehtiram, sevgi və eşqlərlə vurğulayıram!

Mən bir az gec toparlandım, altı üstünə çevrilən şəhərimizdə, yol-irizini tanımağa çətinlik çəkdiyim kəndimizdə, uçuq divarlarına sığal çəkə bilmədiyim evimizin ətrafında, doğmalarımın, əzizlərimin əbədi məkanı olan Qarağacıda gördüklərimin ağlımda-huşumda yaratdığı qarışıq düşüncə və təəssüratı sahmana salıb, nəhayət ki, indi yazıya çevirməyi bacardım.

“Uzundərəynən gəlirik…” 

…Ağdam şəhərinə Uzundərədən keçib gedəcəyik. Təzəkənd kəndinin ərazisində minatəmizləmə əməliyyatı ilə tanışlıqdan sonra yolboyu gördüklərimiz yalnız kədər, qəzəb, hiddət  doğuran mənzərələrdir: düşmənin uzun illər ərzində yaratdığı hərbi istehkamlar, keçilməzlik mifi çürük çıxan “Ohanyan səddi”nin tikanlı məftillər çəkilmiş çoxcərgəli beton dirəkləri, hündürlüyü üç metrə çatan uzun torpaq bənd… Daha sonra dağıdılıb məhv edilmiş yurd yerlərimizin – Qərvəndin, Cəvahirlinin, Göytəpənin, Eyvazxanbəylinin xarabalıqları… Vəhşi tayfa bütün yaşayış məntəqələrimizi tanınmaz hala salıb – bizim izimizi, irsimizi itirmək üçün hər cür vəhşiliyə əl atıb… Amma təsəllimiz budur ki, indi qalib ölkənin sakinləri kimi qayıdırıq, sevincimiz kədərimizi üstələyir, gələcəyə nikbin baxırıq, Qarabağın hər guşəsini abadlaşdıracağımıza əminik.

“Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik…
Bir “Uzundərə” havası çal,
Çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik”

(Qulu Ağsəs).

Qarabağa, Ağdama qayıdış, bax, belə də olmalıdı və olacaq da: yüz minlərlə… Özü gələnlər, xatirəsini gətirəcəklərimiz…

Amma hələ ki, tək-tək gedirik. Üç-beş nəfərlə gedirik. Sadəcə, görüb… qayıtmağa  gedirik.

Yeri gəlmişkən, avtobusumuz Uzundərəyə çataçatda Qulunun adı çəkildi. Deyəsən, “Azərbaycan” qəzetinin əməkdaşı Ramilə xanım idi… Ağdama həsr etdiyi möhtəşəm şeirin mükafatı kimi ona bu yerdə heykəl qoymağı təklif edən də oldu… Təbii, zarafatyana… Ən çətin məqamlarda belə nikbinliyini itirməyən ağdamlıların xarakterinə uyğun bu söhbət qarşıda gedən bələdçi avtomaşının dayanması ilə yekunlaşdı.

Uzundərədəyik…

Erməni vəhşiliyi

…Sovet hakimiyyəti dövründə burada, Bərdə-Ağdam yolunun sol tərəfində böyük hərbi baza yerləşirdi. Ətrafına tikanlı məftil çəkilmiş ərazidə, üstü torpaq örtüklü iri anqarlarda saxlanılan hərbi texnika və silah-sursatın bir hissəsini, Sovet qoşunları Azərbaycandan çıxarılarkən, ağdamlı igidlər ələ keçirə bilmişdilər. İndi həmin ərazidə işğalçıların tank və artilleriya qurğuları üçün qazdığı xəndəklər qalıb. Belə xəndəklər yolun sağında, vaxtilə Ağdamın üçüncü şəhər qəbiristanlığı olan yerdə də gözə dəyir. Jurnalistlərin bir çoxu buranı üçüncü Şəhidlər Xiyabanı kimi təqdim edir… Amma 1990-cı illərin əvvəllərində, təcavüzkar ermənilər şəhərin əsas qəbiristanlığını – “Qarağacı”nı atəş altında saxlayarkən rayon rəhbərliyi təkcə döyüşlərdə həlak olanların deyil, həm də dünyasını dəyişən sakinlərin dəfn edilməsi üçün Uzundərədə yeni bir qəbiristanlıq salınmasına qərar vermişdi. Yüzlərlə insanın  son məkanı olan bu ərazidə indi bir qəbir belə qalmayıb. Erməni vəhşiliyinin qurbanı olub hamısı…

Bir azdan bu vəhşiliyin izlərini Qarabağ xanlarının dəfn edildiyi İmarət məqbərələr kompleksində görəcəkdik.

…Növbəti dayanacağımız 1990-cı illərin əvvəllərində şəhərin girişində, ikitərəfli  gediş-gəlişi olan Tofiq İsmayılov küçəsinin ortasında salınmış Gənclər parkının qarşısıdır (Parkın adını Bakıya qayıtdıqdan sonra səfər təəssüratlarımı bölüşdüyüm ağdamlı ziyalı, uzun müddət rayonda gənclərlə iş sahəsində – o vaxtkı komsomol komitəsində işləmiş, doğma yurda qayıtmağa hər an hazır olan dostum Sabit Əzimovdan öyrəndim. “Hələ Sovet dövründə Ağdam respublikada bir sıra yeniliklərin ilk ünvanı olub,  Gənclər parkı da belə ilklərdən idi”. Düz deyir Sabit müəllim).

Qiyaslı kəndinin üstündən, Seyidli kəndinin ortasından çəkilmiş 68 kilometrlik Xaçın magistral kanalı Tofiq İsmayılov küçəsinin altında  tuneldən keçir. Kanal susuzdur, içərisini kol-kos basıb.

Ətrafa göz gəzdirirəm: mənim tanıdığım şəhər deyil bu… Atom bombası düşmüş Xirosimadır, 1941-45-də daşı-daş üstə qalmayan Stalinqraddır, Köniqsberqdir, Minskdir, Brest qalasıdır… Ağdamın da, Qarabağın digər iri şəhərlərinin də adlarının faşizmin qurbanlarının bu siyahısına düşəcəyi otuz il əvvəl ağlımıza gələrdimi? Ağlımıza gəlməyəni erməni faşizmi öz himayədarlarının dəstəyi ilə başımıza gətirdi…

Uzun müddətdir Ağdam xarabalıqları “ruhlar şəhəri” kimi təqdim olunur. Özümün də nə vaxtsa istifadə etdiyim bu obrazlı ifadənin müəllifi həmyerlim, yazıçı-jurnalist Vahid Qazi səfər yoldaşım olsaydı, yəqin ki, “belə xarabalıqda ruh qalarmı” deyə qulağına pıçıldayardım. Ağdama ruhların qayıdan vaxtı indidir – Qələbəmizdən sonra, işğaldan qurtarıldıqdan sonra…

Abidələr… xatirələr…

Növbəti dayanacağın İmarət olduğunu avtobusdakı biz  ağdamlı jurnalistdən heç birimiz unamadıq. Şəxsən mənim yaddaşımda bu yerin rəmzləri uca boylu çinar ağacları idi. Yaşı bir əsri üstələyən o ağacların kölgəsində adam hüzur və dinclik tapırdı…

Qarabağ xanlarının yay sarayından və məqbərlərindən ibarət kompleksin indi hansı vəziyyətdə olduğunu təsvir etmirəm. Tam bir vandalizm nümunəsi… Tariximizə bu cür həqarət edənlərin tarixini başlarına uçurmağa bizim tam haqqımız var.

Buradakı tikililərdə heyvan saxladıqları məlum… Öz heyvanlıqları da göz qabağında: bizim evlərdən yığıb gətirdikləri köhnə-kürüş qabaq-qacaq və müxəlləfat, yataq yeri “it günündə” yaşayışdan xəbər verir.

Zəngin və  şərəfli tarixi olan İmarət  həm də rayonun kütləvi idman-bayram tədbirlərinin keçirildiyi bir məkan idi. Burada “Qarabağ” komandasının təlim-məşq bazası və üç minlik tamaşaçı yeri olan stadionu vardı.

Hər şey darmadağın edilib, viran qoyulub.

Qalan xatirələrimizdir…

“Qarabağ”ın oyunlarından, “Xarı bülbül” festivalından o vaxt əməkdaşı olduğum “Lenin yolu” qəzetinə reportajlar yazmışam. Bir anlığa o qələbəliyi, həmyerlilərimin buradakı sevincli, çoşğulu anlarını xatırlayıram.

Səhv etmirəmsə, Ağdamın ilk döyüşçü dəstələri də burada yaradılmışdı: daim saymazyana yanaşdıqları, hər imkanda ələ salıb, gözüqıpıq etdikləri ermənilərin qəfil “qoçaqlaşmasından” hiddətlənən yerli cavanlar ilk dəfə  məhz İmarətdə toplaşaraq, təşkilatlanmağı qərarlaşdırmışdılar… O cavanların əksəriyyəti Ağdam uğrunda canını qurban verdi… Hamısını rəhmətlə anırıq…

İmarəti ziyarət zamanı şahidi olduğum ən hüznlü an Ağdamdan 15 yaşında çıxmış Nicat Novruzoğlunun Bakıya, anasına zəng edərkən hönkürüb ağlaması idi. 42 yaşlı kişinin simasında bir uşaq məsumluğu vardı həmin anda… Bakıdan gətirdiyi alma tingini bir qədər sonra məscidin qarşısında torpağa basdırıb, bu barədə telefonla müxbiri olduğu “Ədalət” qəzetinin sahibinə – hörmətli Aqil Abbasa məlumat çatdıranda da uşaq kimi sevinirdi. Ağdamdan qayıtdığımızın ertəsi günü isə çox təsirli səfər təəssüratını oxudum…

Çörək muzeyindən Şəhidlər Xiyabanınadək… 

Ağdama səfər marşrutunun İmarətdən sonrakı növbəti dayanacağı olan,  vaxtilə köhnə un dəyirmanının yerində yaradılmış Çörək muzeyinin qarşısındayıq. Neçə illərdir şəkillərinə baxıb təəssüflənmişik… Elə indi də, əlimizdən başqa nə gəlir ki?.. Muzeyin divarındakı mozaikanın salamat qalan hissəsi Ağdamın çal-çağırlı günlərinin xiffətini ifadə edir sanki… Muzeyə söykənən birmərtəbəli keçmiş karvansara tikilisi sonralar “Dəyirman həyəti” adlanan, kiçik “kommunalka”lardan – evlərdən ibarət bir məhəllə olmuşdu. İndi o məhəllə, o evlər yetim uşaqlar kimi bir-birinə qısılıblar.

Çörək muzeyindən sonra üzü Qarağacıya doğru gedirik.

…”Dostluq” kinoteatrının yeri və onun qarşısındakı həm bekar, həm də elə işi-gücü olan ağdamlıların toplaşdığı meydança şəhər xarabalığının bir hissəsidir. Daş-çınqıl qalaqları arxadakı Üzümçülər sarayının hansı vəziyyətdə olduğunu görməyə imkan vermir. Amma Üzeyir Hacıbəyov adına mədəniyyət və istirahət parkının ərazisi açıqlıqdır: yaşıllığı ilboyu solmayan boylu-buxunlu küknarların heç kökü də qalmayıb. Ermənilərin ekoloji terroru buranı boş sahəyə çevirib…

Uzun illər “Dostluq” kinoteatrının direktoru işləmiş Fazil müəllimi, parkın direktoru – işğaldan sonra ömrünü Ağdamın qibləgah kimi vəsfinə həsr edən Surxay Əlibəylini ehtiramla xatırlayıram. Allahdan hər ikisinə və yurd həsrəti ilə dünyasını dəyişən şəhər sakinlərinə rəhmət diləyirəm…

Ağdam Mədəniyyət Sarayının möhtəşəm binasının, onun yanındakı çoxmərtəbəli yaşayış evlərininin yeri boşdur. Bünövrəsinə kimi söküblər… Rayon xəstəxanasının yerində də xırda daş qalaqlarından başqa heç nə görünmür… Keçdiyimiz küçələrdə yalnız pud daşdan tikilmiş binaların uçuq-sökük divarları səhifələri çırılıb saralmış tarix kitabı kimi “vərəqlənir”…

Ağdam xarabalıqlarını görməyə gələnlərin hər biri kimi biz də Şəhidlər Xiyabanını ziyarət edirik. Mən 1992-ci ildə burada Xocalı şəhidlərinin dəfninin şahidi olmuşam. Ermənilərin qətlə yetirdiyi dinc, günahsız insanların cəsədləri Qarqar çayının yan-yörəsindən, Qaraqaya yüksəkliyi ətrafından yığılıb məscidə gətirildi, burada yuyulub-kəfənlənib tabutlara qoyularaq, şəhərin cənub çıxışında yerləşən, Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldımış abidənin qarşısında parkın ərazisində dəfn edildi… Böyük bir insan izdihamı Xocalı şəhidlərini məsciddən iki kilometrlik məsafədəki parka piyada, çiyinlərdə gətirirdi. Əzizlərini itirmiş xocalıların ahı-harayı ərşə dayanırdı…

Dəhşətli mənzərə idi.

İndi burda sakitlikdir. Məzar çuxurları ermənilərin goreşənliyini göstərir. Öz şəhidlərinin dəfn edildiyi yeri tapmaq istəyənlər üçün yeganə yöngöstərici isə Milli Qəhrəman Allahverdi Bağırovun məzarıdır. Ağdamın bu mərd və igid oğlunun məzarını belə düşmən “təslim almağa” ürək eləməyib. İndi onun da, digər ağdamlı Milli Qəhrəman Əlabbas İsgəndərovun da və yaxınlıqdakı yeri bəlirlənmiş bir neçə şəhidin də məzarları üstündə müvəqqəti məlumat lövhələri yerləşdirilib.

Şəhidlərimizin ruhuna Fatihə oxuyuruq…

Qarağacı qəbiristanlığı

Şəhidlər Xiyabanından, təxminən, üç-dörd kilometrlik məsafədədir Qarağacı qəbiristanlığı… Amma yol çox uzun, getdiyimiz yer çox uzaq görünür, nədənsə… Ətraf başdan-başa xarabalıqdır, salamat tikili yoxdur. Əhmədavardan Yeddi xırman dağınacan hər yer, necə deyərlər, əlimizin içindədir: Xıdırlını, Çullunu, Sarıhacılını sanki yer üzündən silmək istəyiblər və bəzi hissələrində bunu ediblər də…

Qarşıda Əsgərandır, sağ tərəfdə Fərrux dağının ətəyində Xramort… Ermənilər yaşayırlar, hələ ki…

Sol tərəfdə – Şelli kəndi ərazisində, Qara qaya yüksəkliyinin ətəyində vaxtilə salınmış sanatoriyanın Çin üslublu tikililərinin qalıqları var. Sanatoriyaya getmək üçün Qarqar çayının üstündə inşa edilmiş körpü salamatdır və o körpüdən bizim betonqarışdan maşınların keçdiyini gördüm. Bu mənzərə xoş hisslər doğurdu: deməli, ordumuzun buradakı bölmələri üçün şərait yaradılır. Qara qayanın zirvəsində Azərbaycan bayrağının dalğalanması və bayraq dirəyinin yanında əsgərlərimizin görünməsi isə, sadəcə, qürurvericidir. Bu mənzərə rus sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazinin bir hissəsindən – Əsgərandan Xankəndinə qədər ermənilərin olduğu yerlərdən apaydın görünür. O yerlərdəkilər bu zirvədəki gücün, qüvvənin ayağı altında olduqlarını qanmamış deyillər, düşünürəm. Kim nə deyir-desin, arayiklərin, vitaliklərin boşboğazlığı və sarsaqlığı boğulanın saman çöpündən yapışması kimi bir şeydir…

Fikrim Qarağacıdan uzağa getsə də, avtobusumuz  “nigaran ruhların məkanı”na – qədim qəbiristanlığa yaxınlaşır… “Dəli bir ağlamaq keçir könlümdən”.  Ziyarət etməyə məzar qalmayıb. Burada ən əziz adamlarım, qohumlarım dəfn edilib. Hətta 1989-cu ildə, körpəykən xəstəlikdən tələf olan öz Azərimin qəbri vardı burda… Lənətə gəlmişlər, nəinki torpağımıza, hətta yaddaşımıza, ruhumuza təcavüz ediblər! Bizə bu yerləri unutdurmaq olub qəsdləri… Hektarlarla ərazi düzlənib. Min illərin qəbiristanlığını silib-süpürüblər… Yerində taxıl əkiblər, nar bağı salıblar…

Necə yeyiblər halal torpağın haram məhsulunu?..

Tanrı bu vəhşiliyi onlara bağışlamasın gərək! Məncə, bağışlamadı da… Qarabağın dağında-dərəsində yalnız külü qalan minlərlə dığanın timsalında…

Biz isə erməni vandalizminin qurbanlarından olan Qarağacını, oradakı on minlərlə ağdamlının xatirəsini tarixin arxivinə təhvil verməməliyik. Əvvəl də yazmışam və yenə hesab edirəm ki, onun yerində bir abidə kompleksi olmalıdır. Bu işi ictimai təşəbbüslə, bir az da dövlətin dəstəyi ilə görmək mümkündür.

Mərkəzi meydan – yan-yörə viran 

Şəhərin mərkəzi meydanına qayıdırıq – səfər marşrutunun ən uzunmüddətli dayanacağına. “Respublika”nın əməkdaşı Salman Alıoğlu ilə, az qala, əl-ələ tutub düşürük gəncliyimizin ən xoş günlərinin keçdiyi, rayon qəzetinin redaksiyası ilə mətbəə arasında, necə deyərlər, hər gün yol ölçdüyümüz, qaçaraq gedib-gəldiyimiz meydana…

Genişliyini, möhtəşəmliyini düz 27 ildi xəyalımda yaşatdığım meydan da, elə şəhərin özü də balacalaşıb, büzüşüb, cılızlaşıb. Qollarını sinəsində çarpaz edib, başını da hüznlə aşağı dikmiş çarəsiz insan siluetinə bənzəyir Ağdam… Qarşısında xəcalətliyəm. Rəhmətlik  həmkarım və həmyerlim Adil Qaçayoğlunun “Bağışla, Ağdam! Bağışla ki, sənin uğrunda ölə bilmədik” etirafını təkrarlayıram…

Redaksiyanın ikimərtəbəli binasından əsər-əlamət yoxdur. Amma mətbəənin yerləşdiyi ikimərtəbəli qədim binanın üstü-başı soyulub-sökülsə də, divarları yerindədir. Köhnə mehmanxanın da daşı-divarı işlərinə yaramayıb yağıların… Meydanın ətrafındakı icra hakimiyyəti, rayon soveti binalarını bünövrəsinə kimi söküb daşıyıblar. Binası dağıdılmış teatrın yeganə memarlıq nişanəsi kimi qalan tağlı fasadı isə önündəki xarabalığa hüznlə baxır sanki…

Bu məhzun mənzərənin tək və yalnız təsəllisi – Cümə məscidi… İşğaldan azad edildikdən sonra yan-yörəsi bir qədər təmzilənsə də, erməni vandalizminin izləri bu müqəddəs ünvanda da açıq-aşkardır. “Təzadlar”ın baş redaktoru, Ağdam həsrətli həmkarım Asif Mərzili ilə birlikdə məscidin minbərində etdiyimiz duaları Allah-təalanın eşidəcəyinə inanırıq: “İlahi, xalqımız bir də belə faciələrlə üzləşməsin! Yurd-yuvasından perik düşmüş həmvətənlərimiz tezliklə doğma el-obaya qayıtsınlar”. Dövlətimiz, ordumuz, Ali Baş Komandanımız üçün də dualarımız tükənməzdir…

Evimizi tapmışam…

Cümə məscidini ziyarət edib qayıdarkən öz-özümə pıçıldayıram: “Görəsən, aradan çıxıb Seyidliyə, evimizə getsəm, nə təhər olar?..”

Yaxınlığımdakı polis əməkdaşı sanki xəbərdarlıq edirmiş kimi deyir: “Beş dəqiqədən sonra, yəqin ki, partlayış səsi eşidərik”.

Həqiqət belədir… Hiyləgər düşmənin mina “sürprizləri”nə hər addımda rast gəlinir, bunlardan zərər çəkənlərin, şikəst olanların, həyatını itirənlərin sayı artmaqdadır.

…Təbii ki, qrupdan icazəsiz ayrılmaq, səfərimizə məsuliyyət daşıyan hörmətli həmkarım, MEDİA-da departament rəhbəri vəzifəsində ilk iş günü, öz sözü ilə desəm, müqəddəs torpağa ziyarətlə başlayan Rüstəm Əbülfətoğlunu peşman etmək niyyətim yoxdur… Sadəcə, Ağdama gəlib, məsciddən piyada 15 dəqiqlik məsafədəki evimizə, həyətimizə, heç olmasa, asfalt yoldan boylanmasam, yəqin ki, özüm peşman olacaqdım… Düz 27 il həsrətini çəkmişdim bu “görüş”ün…

Ötən il noyabrın 20-dən, qalib ordumuz Ağdama daxil olub rayonun bütün ərazisini tam nəzarətə götürdükdən sonra sosial şəbəkələrdə paylaşılan o yerlərə aid foto-videoların heç birində öz evimizi, məhləmizi görə bilməmişdim. Hətta belə videolardan birində çəkilişi həyətimizdən on-on beş metr aralıda apan, amma kameranın obyektivini, ani də olsa, biz tərəfə çevirməyən cavan kəndçimin qarasına xeyli danışmışdım… Bir az irəli gedib deyim ki, mən də o yerdə telefonumun videokamerasını işə salanda yalnız öz məhləmizi çəkə bildim, arxaya, yan-yörəyə nəzər salmağa fürsətim olmadı və yəqin ki, həmin birdəqiqəlik çəkilişi sosial şəbəkədə görəndə həyət-bacası obyektivin arxasında qalan qonşularımız da məni qınayacaqlar…

…Avtobusumuz Musavi küçəsinə burulandan ayağa durub evimizi-həyətimizi görməyə hazırlaşsam da, 20 ildən çox hər gün gedib-gəldiyim küçənin çox az nişanələrini tanıya bilirdim. Sarıtəpəni keçdiyimizi bələdçimiz Zülfü müəllimdən, bu küçənin sonunda Kötəl arxının körpüsünü keçdiyimizi Salmandan eşitdim. Yüz metrdən sonra yolun sağında bizim həyətimizdir. Tanıdım… Avtobus saxlayana, mən özümü hövlnak yerə atana qədər evimizdən yüz metr aralanmışdıq… Telefonun videokamerasını açıb sürətlə geriyə addımlamağa başladım. Sonra evə getmək cəhdimin indi bir mənasının olmadığını anlayıb dayandım… Arxamca gələn Rüstəm müəllimə tərəf çevrildim. Bu yazıdakı fotoşəklimi də o çəkdi.  Məhləmizdəyəm!  27 il əvvəl çıxdığımız məhlədə…

Xoşbəxtəm, həm də… kədərli. “Nə ölüb qalardım burda!” – həmin məqamda ağlıma gələn yeganə fikir bu olsun gərək. Amma Bakıdan çıxarkən nəvəm Əlixana söz vermişəm: biz Ağdama qayıdacağıq… Yaşamağa!

Ağdamın abad yeri – Şahbulaq 

Son dayanacağımız Şahbulaqdır – işğaldan azad edilmiş ərazidəki bəlkə də yeganə abad yer. Ermənilər Pənahəli xanın qalasına nəinki zərər vurmayıblar, hətta onun ətrafında müəyyən işlər də görüblər. Məsələn, bir qədər aralıdakı dərədə, təbii su mənbəyinin yaxınlığında, vaxtilə Ağdam Atçılıq Turizmi Mərkəzinin qalanın memarlıq üslubuna uyğun tikilmiş yığcam binasının qarşısında rəqs meydançası düzəldiblər. Burda nə oyun çıxarırmışlar, Allah bilir, amma Şahbulaqda guya Tiqranakertin qalıqlarını tapmaqları məzhəkədən başqa bir şey deyildi. Qalanın otaqlarında bu “məzhəkə”dən qalan sənəd-sünəd isə tapdağımız altındadır indi…

Ağdamın məhzun görkəminin yaratdığı qüssəni Şahbulağın suyundan içib, yaxınlıqdakı çəmənlikdə dincəlməklə qəlbimizdən çıxarmağa çalışdıq. Buradan ayrılmamışdan qabaq bələdçimiz, uzun illər Ağdamda məsul vəzifələrdə çalışmış Zülfü Qasımov 40 nəfərlik jurnalist heyəti qarşısında rayon haqqında xüsusi bir nitq söylədi. Onun şərəfli keçmişindən də, gələcəyinə başğlı  böyük ümidlərdən də elə maraqlı, elə təfərrüatlı danışdı ki… Həmkarlarım Zülfü müəllimi sidq-ürəklə alqışlamaqla təşəkkürlərini bildirdlər.

Və son olaraq…

…Bakıya qayıdışımız da Uzundərədəndir. Qiyaslının üstündən keçən yolla gəldik ora… Ağdam-Bərdə yoluna çıxanadək gördüyümüz boş torpaqlarımızın tezliklə əkin-biçin üçün öz sahiblərinin ixtiyarına veriləcəyini, dağıdılmış kəndlərimizin, Ağdam şəhərimizin bərpa edilib yenidən yaşayış yerlərimizə çevriləcəyini düşündükcə, elə bilirdim qüruba enməkdə olan günəş də göy qübbəsinə qayıdır, yenidən öz parlaq şüalarını ətrafa yayır…

Bərpa işləri necə aparılmalıdır və necə aparılacaq?

Öz dədə-baba yurduna qayıtmağı qarşıya məqsəd qoymuş adi bir vətəndaş kimi bu səfərdə gəldiyim qənaət belədir: Ağdam şəhərini əvvəlki görkəmində bərpa etmək olar. Düşmən küçələri qazıb, su, kanalizasiya borularını çıxarıb aparıb. Xəndəklər boşdur; boruları düz, üstünü ört – iş tamamdır. Bünövrəsinədək sökülmüş binaların yerində təzələrini tikmək mümkündür. Sakinlərə öz həyətlərində evlərini bərpa etmək imkanı yaradıla bilər. Kəndlərdə də o cümlədən… Şəxsən mən ata-anamın yadigarı olan, daşı-divarı kürsüsünədək sökülmüş evi əvvəlki görkəmində bərpa etmək istərdim. Həyətimizdə kəsilib çıxarılmış ağacların yerinə eynisinin tingini əkərdim yenidən…

İşğal dövründə yaranmış ailə təsərrüfatlarına gəldikdə isə, gəlin keçmişə qayıdaq: biz Ağdamda yaşayanda necə edirdik? Gənc ailələr, yeni yaranan təsərrüfatlar üçün həyətyanı torpaq sahələri ayrılırdı, gənclər ya öz güclərinə, ya da valideynlərin yardımı ilə özlərinə ev tikirdilər. İndiki bərpa dövründə köməyimiz, yardımçımız isə məcburi köçkünlüyün mərhumiyyətlərini nəzərə alan dövlətimiz olacaq, təbii ki…

Biz ata-baba ocağımıza qayıtmalıyıq və qayıdacağıq. Mütləq!

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş