Çernobıl – başıbəlalı ölkənin dərdi

0 0
Çernobıl – 35

Bu gün Ukraynada 1986-cı ildə baş vermiş dəhşətli qəzanın növbəti ildönümüdür. Qara yubileydir – 35 yaşı tamam olur…
Mən o zaman, qəza baş verən saatlarda Kiyevdən çıxıb qatarla başqa şəhərə – ali təhsil aldığım, daha doğrusu artıq tamamlamaqda olduğum Kirovoqrada (indiki adı – Kropivnitski) gedirdim… Kiyevdə diplom işimi başa vurmuşdum, geriyə – az sonra müdafiə edəcəyim universitetə qayıdırdım.

…Gecə idi. Bizi Kiyevdən Kirovoqrada aparan qatar SSRİ-nin hər yerindəki qatardan və şəraiti, səs-küyü də hamısında olduğu kimi idi. Paytaxtda diplom işini yekunlaşdırıb universitetə qayıdan tələbələr gecə qatarda nə edə bilərdisə, o işlə də məşğul idik: yüngülcə yeyib-içir, qəzet oxuyur, söhbətləşir, kart oynayır, çay içir, deyib-gülür, lətifə danışır, pəncərələrdən sürətlə bizdən geriyə qaçan çölə baxırdıq.

Mən siqaret çəkmirdim deyə narahat deyildim, amma yol yoldaşlarımın siqareti qurtarmışdı. Vurnuxurdular. Gözlərini yaxınlaşdığımız növbəti böyük stansiyaya dikmişdilər. Düşüb siqaret alacaqdılar, bir az da gəzişəcəkdik. Ümumiyyətlə, siqaret almasalar da qatarda gedən adam həmişə stansiyada bir neçə dəqiqəliyə də olsa yerə düşmək istəyir. Birdən mənə elə gəldi ki, qatar sürətini azaltmaq əvəzinə artırır.
– Maraqlıdı, bu niyə qoyub üstünə, – uşaqlara dedim, – stansiyaya az qalmışıq, deyəsən cilavı birdən çəkəcək, ehtiyatlı olun atın başından uçub qabağa düşməyəsiniz.
Gülüşdük.
Bir azdan uşaqlardan biri dedi:
– Sən zarafat eləyirsən, amma bu gerçəkləyir deyəsən.
Qalxıb bələdçinin yanına getdik. Çaşqın görünürdü. Sualımız onu daha da qızışdırdı:
– Stansiyada dayanmaq fikriniz yoxdur?
– Mən hardan bilim?! – Çox əsəbi cavab verdi. – Maşınist mən deyiləm ki… Mən yalnız bələdçiyəm. Bildiniz? Keçin yerinizə.
O zaman indiki kimi deyildi. Bələdçinin ağzı nə idi üstümüzə qışqıra. İtələyib öz kupesinə saldıq. O dəqiqə də peşiman olduq. Səsini qısıb kövrəlmiş kimi oldu. Yavaşca pıçıldadı:
– Uşaqlar, mən də bilmirəm. Yoldamı, ya hardasa nə isə olub. Qatar rəisi məlumat verdi. Qatar sonuncuya qədər heç yerdə dayanmayacaq. Göstəriş belədi. Səbrinizi basın. Nə qalıb ki?..

Kupemizə qayıtdıq. Heç nə başa düşə bilmirdik:
– Bu nə ola bilər? – Tez-tez bir-birimizin üzünə baxıb soruşurduq…
Hər şey səhər Kirovoqrada çatanda məlum oldu: ÇERNOBIL!!!
Bu, dəhşət idi!!!
Cəmi 2 ay sonra diplomu alıb Vətənə qayıtdım. Ondan da 3 ay sonra bacımı Kiyevə həkimə aparası oldum. Ölkənin, demək olar ki, hər yerində bağlarda meyvələr, bostanlarda tərəvəz aşıb-daşırdı, amma əl vurmaq olmazdı. Ağaclar burub-burub yerə qoyurdu, bar budaqları sındırırdı amma heç kim bircə gilə qırıb ağzına qoymağa ürək eləmirdi…
Bu gün 35 il tamam olur.
35 il!
Ukrayna da Azərbaycan kimi başıbəlalı ölkədir!!!
Kərim Kərimli
Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş