Tullantılardan müxtəlif cihazlar düzəldən yeniyetmə

0 0

Füzulidən olan istedadlı yeniyetmə Emil Əlizadə tullantılardan telefon üçün güc mənbəyi, sərinkeş, hava təmizləyici və digər cihazlar düzəldir. Emil ilk dəfə bu işə 12 yaşında sərinkeş düzəltməklə başlayıb. Daha sonra müxtəlif cihazları ərsəyə gətirən Emilin gələcək planları da var. O, düzəltdiyi əl işlərini daha da təkmilləşdirərək, bu sahədə tanınmış şəxs olmaq əzmindədir.

“Azad Şuşa” xəbər verir ki, Əlizadə Emil İsfahan oğlu 2007-ci il mayın 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində dünyaya göz açıb. Uşaq yaşlarından texnikalara marağı olan Emil öz istedadı ilə seçilib. Maraqlandığı sahələrin sirlərinə yiyələnmək üçün sosial şəbəkələrdə ixtiralardan bəhs olunan videoları izləməyə başlayıb.

Emil deyir ki, ilk əl işi sərinkeş olub. Əvvəlcə bu iş çətin görünsə də, öz bacarığını və əzmini ortaya qoyaraq istəyinə çatıb. Beləliklə, 4 ədəd saat daşı, kağız parçaları, mühərrik və pərdən istifadə edərək, sərinkeş hazırlayıb. Yeniyetmənin növbəti əl işi isə ekskovator olub. Bu dəfə yararsız taxta parçaları, kiçik diametrli su boruları və şprislərdən istifadə edib. Emilin əl işləri bununla bitmir. İxtiraçı bu dəfə tullantı kauçuk qab üzərinə dron mühərriki qoyaraq, tozsovuran düzəldib. Gündəlik tələbat olan telefon üçün güc mənbəyi də Emilin əl işlərinə daxildir. Belə ki, kiçik karton içərisində batareyaları yerləşdirməklə həm enerji girişi, həm də çıxışı qoyaraq “poverbank” ərsəyə gətirib.

Bundan başqa, yeniyetmənin mətbəx üçün də icadı var. Emil karton qutu içərisində saat daşlarından qidalanmaqla çalışan mühərrikin hərəkətə gətirdiyi iki ədəd pərlə işləyən hava təmizləyici də düzəldib. O, ərsəyə gətirdiyi bu cihazların uzun müddət işləməsi üçün hətta onların enerji yığmasını da nəzərə alıb.

İndi Emilin növbəti planı dron düzəltməkdir. Hətta bir dəfə bu istəyinə cəhd edərək kiçik dron düzəltdiyini deyən müsahibimiz, daha mükəmməl layihə üzərində çalışdığını söyləyir.

Yeniyetmənin fizika müəllimi Aynurə Ağazadə istedadlı Emilin belə cihazlar ərsəyə gətirməsini müsbət qiymətləndirir. Deyir ki, Emil bu işləri dərslərin pandemiya dövrünə düşdüyü bir ərəfədə ərsəyə gətirib. “Hansı ki, ev şəraitində lazımi imkanlar məhdud olsa da, bu, Emili öz istəyindən yayındırmayıb. Məktəbimizdə fizika kabinəsi yeni avadanlıqlarla təmin olunub. Bu da öz növbəsində Emil kimi istedadlı şagirdlərin daha çox ixtiralar düzəltməsinə səbəb olacaq. Bu cihazlar fizika elminin bir sahəsidir və bu elmdə ən önəmlisi müşahidə metodikasıdır. Məktəbimizdə olan əyani vəsaitlər şagirdlərimizin fizika elmini daha yaxşı mənimsəməsinə gətirib çıxaracaq. Beləliklə, Emil və digər istedadlı şagirdlərimizin bacarığı daha çox üzə çıxacaq”, – deyə Aynurə Ağazadə əlavə edib.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş