Şuşadakı doğum evində axırıncı doğulan uşaq mənə zəng etmişdi

4 0

Sizə qəribə bir əhvalat danışmaq istəyirəm. Şuşa şəhərindəki Kərim bəy Mehmandarov adına Mərkəzi rayon xəstəxanasının, necə deyərlər, nəzdində yerləşən doğum evində doğulan və 1991-ci ildən bəri hələlik axırıncı olan uşaq mənə zəng etmişdi. Təbii ki, o artıq çoxdan uşaq deyil. İndi namxuda cəngavər kimi bir cavan oğlandır. Özü də ağıllı, kamallı, savadlı, mədəni, yüksək ixtisas və maraqlı peşə sahibi olan bir insandır. Hazırda onun 30 yaşı var. Daha dəqiq desək, bu ilin noyabrında 30 tamam olacaq. Yubileyini Şuşada keçirmək arzusundadır. Ancaq bu günlərdə hələlik yubiley keçirməyə deyil, sadəcə Əziz Şuşanı ziyarət etməyə gedibmiş.

 


Yaxşısı budur, əhvalatı olduğu kimi danışım.

…Telefonuma zəng gəldi. Zəng edənin adı çıxmadı. Nömrədə tanış deyildi. Amma mən yaşıl düyməni basdım. Çünki mən kimin zəng etməsindən asılı olmayaraq gələn zənglərə cavab verirəm. Hansısa səbəbdən həmin anlarda cavab verə bilməsəm, imkan daxilində sonra özüm zəng edirəm. Bir sözlə, cavab verməmək məndə adət deyil…

Telefondan gələn səsin həddən ziyadə xoşbəxt olduğu, xoşbəxtlik nəğməsi kimi səsləndiyi dərhal hiss olunur:

– Sabahınız xeyir, Kərim əmi! Necəsiniz? – sözlər qulağıma gülüş kimi, qəhqəhə kimi gəlir. – Kərim əmi Amildi sizi narahat edən, şırlanlı, Paşalar, Vahid müəllimin oğlu, necəsiniz? – sanki bu xoşbəxt dəqiqələri kimsə onun əlindən ala bilər, yaxud bu anlarda bütün varlığını sarmış-bürümüş sevincini dərhal kiminləsə bir əziz adamla bölüşməyə geciksə, zəhri çatlayar, mütləq bölüşməlidir, ona görə də cavab gözləmədən elə bil birnəfəsə hər şeyi demək istəyyir. – Kərim əmi, bilirsinizmi sizi haradan narahat edirəm? – dərhal da nəfəs dərmədən davam edir, – bilirsənmi sənə haradan zəng edirəm? – sevinc, həyəcan və doğmalıq hissi rəsmiyyəti üstələyir və özünü sıxıntıdan azad edib rahat danışmağa başlayır. – Kərim əmi, de görüm sənə hardan zəng edirəm?

 

– Amil, hardan zəng etdiyin artıq məlumdur, – deyirəm. – Bunu təkcə mən yox, sənin bu mini monoloquna qulaq asan kim olsa bilərdi, – hisslərim qarışmağa başlayır, duman burulğana çevrilmək ərəfəsində olanda özümü toplaya bilirəm. – Haradan danışdığın aydındır, de görüm bu dəqiqə harada durmusan? Şəhərin hansı tərəfindəsən? – sürətlə fikirləşirəm ki, Amil Şuşanı tanımır axı, harada olduğunu nə bilsin? Ona görə də tez əlavə edirəm: – Ətrafına bax, nə gördüyünü mənə de…

– Kərim əmi, yadına gəlir, sən oxuduğun fizika-riyaziyyat təmayüllü məktəb haqqında bizə neçə dəfə danışmısan? Sonralar da orada pedaqoji universitet olub, dədəm də universiteti həmin binada oxuyb. Ydındadır, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də Şuşaya səfərlərində həmin binanın qabağında dayanıb realnı məktəb haqqında danışdı və dedi ki, bu qədim binanı da vandallar dağıdıb, amma biz buranı da bərpa edəcəyik?

– Hə, hə, Amil, hamısı yadımdadır. Sən indi oradasan? O binanın, bizim məktəbin yanındasan? Hansı tərəfindəsən?

– Mən məktəbin ön tərəfki böyük darvazasından bir az yuxarıda, bağın daş hasarının lap axırındayam, bəlkə də başlanğıcında. Burdan yuxarı yaşıllıq, xırda meşəlik başlayır.

– İndi fikrin nədir? Neyləmək istəyirsən, Amil?

– Kərim əmi, mən indi burada dayanmışam. Deyəsən şəhərin ən yuxarı başındayam. Buradan başlayaraq bütün şəhəri gəzmək istəyirəm. Şuşaya başdan-ayağa tamaşa etmək istəyirəm. Heyf, qollarım balacadı, Şuşanı qucaqlamaq istəyirəm…

 

– Amil, indi məni kövrəldəcəksən, bir hövsələni bas, – deyib, bu dəfə ürəkdən gülürəm.

– Kərim əmi, mən 28 noyabr 1991-ci ildə Şuşada doğum evində doğulan axırıncı uşaq olmuşam, – axır ki, məqsədin üstünə gəlir. – Mən anadan olandan az sonra ermənilər Muxtarkənd tərəfdən xəstəxananı atəşə tutmağa başlayırlar. Dədəm deyir ki, doğum evindən zəng elədilər ki, təcili gəlin uşağı aparın. Məndən sonra daha doğum evi fəaliyyət göstərməyib.

–Hə, xəstəxana artıq hospital kimi işləməyə başlamışdı…

–Dədəmgil gəlib bizi çıxardıb aparırlar kəndə, Paşalara. Ondan da beş ay sonra Şuşa işğal olundu. Mənim bir də bura qayıtmağım düz 29 il çəkdi, – bunu deyib gülməyə başlayır. Düzdür, yəqin ki, gözüm Şuşaya baxıb, amma özüm görməmişəm. Bir günlük uşaq nə görə bilərdi ki?!.

Mən də gülürəm:

– Yaxşı, Amil, deyirsən, indi nə edək?

– Mən burdan indi başlayacağam hərəkətə, Kərim əmi, sən də mənə harada olduğumu, hara getdiyimi, gedəcəyimi, ətrafdakı evlərin, binaların nə olduğunu, abidələri, məscidləri… hər şeyi, hər şeyi de, tanıt. Bütün Şuşanı görmək, tanımaq istəyirəm…

– Yaxşı, – deyirəm, – başlayaq?

– Başlayaq! – çox şən bir əhvalla cavab verir.

– Amil, sənin hazırda başlanğıcında dayandığın küçə Vaqif Cəfərov küçəsi adlanır. Sovet dövründə isə 1 May küçəsi idi. Üzü şəhərə dayandığın halda səndən soldakı bağ həmin məktəbin az qala dünya şöhrətli alma bağıdır. Dünyanın heç yerində o boyda, rəngdə və dadda alma görməmişəm. Almalar dəm çaydanı boyda oluru. Mütləq ikiəlli tutub dişləməli idin. Dişləyəndə də ağzın bal kimi şirə ilə elə dolurdu ki, az qalırdın boğulasan. Bina haqqında özün də bilirsən, bayaq da dein. Ancaq onu əlavə
edə bilərəm ki…

…Beləliklə 28 noyabr 1991-ci ildə bir günlük olanda Şuşa şəhərindən, 10 may 1992-ci ildə 5 ay 12 günlük olanda isə Şırlan elinin Paşalar kəndindən çıxan, Şuşa şəhərinə düz 30 ildən sonra qayıdan gənc dostum Amil Hüseynlini dünyanın birinci şəhəri ilə tanış etməyə başladım…

 

…Sonda ikimiz də xoşbəxt idik.

Mən ona görə xoşbəxt idim ki, Əziz Şuşanı küçə-küçə, məhlə-məhlə, həyət-həyət, ev-ev, tin-tin, bulaq-bulaq, adam-adam, xatirə-xatirə… gəzmişdim…

Amil isə ona görə DAHA XOŞBƏXT idi ki, o da bütün bunları gəzmişdi, amma Şuşada, Şuşa-Şuşa gəzmişdi…

Həm də hava-hava, torpaq-torpaq, su-su… gəzmişdi…

Kərim Kərimli

Happy
Happy
1
Sad
Sad
2
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
1
Rəy bildir
Xəbəri paylaş