Ağcakənddə bir gün – Mina Rəşidin Kəlbəcər etüdü

1 0

Vaxt gülür Kəlbəcərə,

Baxt gülür Kəlbəcərə.

Nənəm elə sevinir

Xoş gəlir Kəlbəcərə…

 

 

Sazlı-sözlü, dili nəğməli, bayatılı Kəlbəcər elinin Ağcakənd kənd sakinlərinin bir qrupu bu günlərdə işğaldan azad edilmiş doğma kəndlərinə, illərdi həsrətində olduğu yaylaqlarına səfər ediblər. Kənd sakinləri doğma torpağın qoxusunu alınca göz yaşları içində dua etdilər, “Şükür bu günə”, – dedilər. Əyilib güllü-çiçəkli ana torpağı qucaqladılar, o bənzərsiz gülşəndən başlarına çələng hörüb qoydular. Ata-baba yurdlarına qovuşduqları günə qurbanlar kəsildi, qazanlar qaynadı, dədə-babadan qalma böyük samovarlara od salındı. Keçi, qoyun ətindən cürbəcür təamlar hazırlandı, qadınlar xalısı çiçəkdən toxunmuş yerə palaz, kilim döşədilər. İllər əvvəl olduğu kimi sac üstə yuxa saldılar…

 

Kişilər qədimi oyunları xatırladılar, dirədöymə, mətəqorma oynayıb, güləşdilər…

 

Kəlbəcər həm də saz-söz diyarı olduğundan el şairlərindən şeirlər dedilər, bayatı çağırdılar. Bir kənd camaatı olaraq xatirələrini bölüşdülər, kövrəldilər…

 

Bütün söhbətlərin başında bu torpaq uğrunda canlarını fəda edən müqəddəs şəhidlərimizə dua elədilər. Qazilərimizə şəfa dilədilər. Ordumuza, Müzəffər Ali Baş Komandanımıza çoxlu-çoxlu təşəkkürlərini dilə gətirdilər.

 

Onlar Vətən torpağına özləri ilə nə musiqi alətləri, nə xanəndə, nə də Kəlbəcər havalı saz aşığı gətirmişdilər. O gün çalan da, oxuyan da, oynayan da doğma yurd havasında pərvazlanan könüllər oldu…

Axı burda təbiətin də öz musiqisi var…

Və bu doğma rahatlıqda hər saniyəni dəyərli bilib o füsünkarlığı gözünə, könlünə köçürənlərlə birgə yorğan kimi göy otların arasında şirin-şirin yuxuya gedənlər də vardı.

 

Ocağımız sönməsin, bulağımız qurumasın, ana torpaq həmişə körpələrimizin səsi-nəfəsi ilə isinsin. Tezlikə Kəlbəcər elinə, bax elə bu Ağcakənd kəndinə köçümüz yola düşsün, inşallah!

 

Mina Rəşid

 

 

 

 

 

 

 

 

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş