Ən böyük ağrıdır susmaq ağrısı – Cəbrayıl Qəhrəmanın şeirləri

2 0

 

“Azad Şuşa” “Yeni şeirlər” rubrikasında Cəbrayıl Qəhrəmanın şeirlərini əziz oxucularına təqdim edir.

 

 

 

Ana

 

Nələr çəkdiyimi biləydin, ana,

Göyəmi üz tutum, Yerə? – Bilmirəm…

Səni axtarıram hey yana-yana,

Qayğılı çöhrəni görə bilmirəm.

 

 

Qapını açmağa ürəyim gəlmir,

Görmək istəmirəm yerin boş qalıb.

Gözümdə yaş durmur, ürək dincəlmir,

Baharım gedibdi, yerin qış alıb.

 

 

Əzəldən bu dünya sənlə əyişdi,

Əbədi dünyanı seçmisən, ana.

Yox! Əsla ölmədin, dünyan dəyişdi,

Sevən ürəklərə köçmüsən, ana!

 

 

Ölüm bata bilməz ölümsüzlərə,

Hara baxıramsa, ordasan, ana.

Yaxşı əməllərin qaldı bizlərə,

Hamıya köməksən darda, sən, ana!

 

 

İlahi bir təpər vardı qanında,

Hər yerdə, hər zaman yerin görünür.

Elə gücsüzəm ki, sənsiz anımda,

Sızqaca bir arx da dərin görünür.

 

 

Başıuca oldun, hörmətli oldun,

Oğulun yanında, qızın yanında.

Həmişə hər zaman uca bildiyin

Kəlmənin yanında, sözün yanında.

 

 

Görmədim bir rahat olasan, ana,

Yolundan sapanı başa salardın.

Sanardın hamını öz balan kimi,

Qəlbini oxşayıb könlün alardın.

 

 

Yanardın birinin gözləri dolsa,

Harda bir dərdli var, ordaydın, ana.

Ürəyin gülərdi, şadlanan olsa,

Darda olanlarla dardaydın, ana!

 

 

Bir oda düşənə baxmadın gendən,

Qəlbin közə dönüb, çəkmisən ağrı.

Səni başa düşüb duyduğum gündən

Görürdüm gedirsən Allaha doğru!

 

 

Tanrı dərgahına çatmısan, ana,

Ən uca yerdədir məqamın sənin.

Ömrümə min çalar qatmısan, ana,

Necə gözəl idi, hər anın sənin!

 

 

Hanı, o, analı çağlarım, hanı?!

Ürəkdən sevinib gülə bilmirəm.

Bu, aylı-ulduzlu gözəl dünyanı

Daha əvvəlkitək görə bilmirəm.

 

 

 

Anasız dünyam

 

Bu gecə nə yaman uzun gecədir,

Ulduz sıxır məni, ay sıxır məni.

Bir dağın döşündə elə yalqızam,

Bulaq ağı deyir, çay sıxır məni.

 

 

Artıb ürəyimin döyüntüsü də,

Sıxır ürəyimi dağın havası.

Anasız qəlbimdən bir ah yüksəlir,

Qarsıyır dağları ahın havası.

 

 

Məni bağışlayın, dağlar, a dağlar!

Ahımdan əriyir zirvədə qar da.

Çəmən də, çiçək də könlümə yatmır,

Mən dağa çıxmışam anam məzarda!..

 

 

Dağların duruşu nə gözəl idi,

Analı günlərim keçir qəlbimdən.

Elə bil dağlar da qərib görünür,

Anam bu dünyadan köç edən gündən.

 

 

 

Getdi

 

Haqdan, ədalətdən gileyli anam,

Qəlbi açılmadı, sozaldı getdi.

Dilinin əzbəri: vəfa, etibar,

Dünyada etibar azaldı, getdi.

 

 

Bir dağ çeşməsiydi o yaranışdan,

Ruhu güc almışdı bahardan, qışdan.

Ürək bulandıran bir nahaq işdən

Alışdı, tutuşdu, köz oldu, getdi.

 

 

Hardasa qırıqlıq dərdi, səriydi,

Ruhumun ən rahat, isti yeriydi.

Sözə aşiq idi, söz zərgəriydi,

Tanrı dərgahından söz aldı getdi.

 

 

Bir baxışla qəlbi duyub bilərdi,

Qonşuyla tikəni yarı bölərdi.

Hamıya xoşbəxtlik, xoş gün dilərdi,

Həyatdan dərsini düz aldı, getdi.

 

 

Yaxşılıq edərdi, vurmazdı üzə,

Aşiq yaranmışdı doğruya, düzə,

Fəqirə məzluma, bir kimsəsizə,

Ömrün sonunacan göz oldu, getdi.

 

 

Vətənsiz ağlayıb kiriyən anam,

Ömrünü qar-boran bürüyən anam,

Zülmətdə şam kimi əriyən anam,

Yolların ağına düzəldi getdi.

 

 

Ən şirin kəlmədir adı dilimdə,

Ona təslim oldu qəddar ölüm də.

Elin yaddaşında, elin qəlbində,

Bir şirin xatirə, söz oldu, getdi.

 

 

 

İlahi

 

Çəkilib göylərə sevgi, məhəbbət,

Bir az sevgi göndər göydən, İlahi.

Qənim kəsilmişik bir-birimizə,

Düşmüşük taqətdən, heydən, İlahi.

 

 

Sızlayır yurdumun torpağı, daşı,

Əzir, tapdalayır qardaş qardaşı,

Yaltaq gözə girir hər addımbaşı,

Olmuşuq ağadan, bəydən, İlahi.

 

 

Bələdçi olubdu alimə nadan,

Qalmayıb bəşərdə nə din, nə iman.

Didir bir-birini, qan içir insan,

Başlar dumanlanıb “mey”dən, İlahi.

 

 

Nə vaxt kəsiləcək zalımın səsi?

Kəsən olacaqmı, bu kəshakəsi?

Yenə çalxalanır bu Yer kürəsi,

Olubdu haqsıza meydan, İlahi!

 

 

Cəbrayıl, insafmı söz ağlar qalıb?!

Açılmır eynimiz, göz ağlar qalıb.

Əyri hökm oxuyur, düz ağlar qalıb,

Niyə düz olanı əydin, İlahi?!.

Bir az sevgi göndər, göydən, İlahi!

 

 

 

Məktəb xatirələri

 

Sinif yoldaşlarıma

 

Deyirəm, İlahi, möcüzə ola,

Bir anlıq qayıdam ötən günlərə.

Məktəb yollarında, yalda-yamacda,

Hər gün bir nağılla bitən günlərə.

 

 

O illər necə də uzaqda qalıb,

O illər necə də yaxındı mənə.

Fərəhli günlərim perik düşdülər,

Ağrılar, acılar sığındı mənə.

 

 

Bir başqa aləmə düşdüm elə bil,

O, ötən günləri düşündükcə mən.

Sinif yoldaşlarım, məktəb illərim,

Gəlib bircə-bircə keçdi gözumdən.

 

 

Yayın istisində, şaxtada, qarda,

Qaynayıb-daşardı məktəb yolları.

Necə bilməmişik, keçirmiş demə,

Həyatın ən gözəl, xoşbəxt anları.

 

 

Yolumuz boyunca doğma Həkəri…

Ruha qanad idi həzin nəğməsi.

Kotan dəmirini daşla döyərdik,

Başımdan getməyib o zəngin səsi.

 

 

Partanın gözündə kitab çantamız,

Partanın üstündə “çernil” qabları.

Üst-başı “çernil”li, yamaqlı… amma,

Ürəyi tərtəmiz kənd uşaqları!

 

 

Unutmaq olarmı, müəllimləri?!

Ömür yolumuza işıq saldılar.

Əbədi haqları var üstümüzdə,

Şam kimi əriyib yanan oldular.

 

Müəllim gələndə farağat durar,

Çıxarıb papağı salam verərdik.

Bir xoş işimizi tərifləyəndə,

Atadan, anadan doğma bilərdik.

 

 

Oxuyan da vardı, şıltaq olan da,

Bəzən savaşsaq da, ara qatmadıq.

Müəllim deyəni elədik… amma

Sinif yoldaşını darda satmadıq.

 

 

Məktəbin bağında, göy çəmənlikdə,

Qızlar əllərində üçqulaq yonca.

Hərə ürəyində bir qız tutardı,

Bir yarpaq çəkərdik ona sayınca.

 

 

Hərdən də yayınar, dərsdən qaçardıq,

Gedərdik bulağa oğlanlı-qızlı,

Hərənin qəlbinə bir köz düşmüşdü,

Çoxu da deməzdi, yanardı gizli.

 

 

Necə sevinərdik hər yeni ildə,

Uşaqlar toplaşıb yolka qurardı.

Bəzərdik yolkanı min bir həvəslə,

Qızlar ətrafında dövrə vurardı.

 

 

Novruz bayramı da bir ayrı aləm,

Bayram gəlcək civə kimi qaynardıq.

Dəstə-dəstə yığışardı uşaqlar,

Gah voleybol, gah da futbol oynardıq…

 

 

O vaxtdan nə qədər illər keçibdir,

Ağarıb saçımız yaşa dolmuşuq.

Altmış il qabaqkı nəvə uşaqlar,

Gör nə vaxtdır baba, nənə olmuşuq.

 

 

Oğul evləndirib qız köçürmüşük,

Nəvəmiz doğulub qanadlanmışıq.

Atamız, anamız köçüb dünyadan,

Dərdimiz dağ olub, necə yanmışıq!

 

 

Heç zaman uymadıq vara, dövlətə,

İnsanlıq dəyərin möhkəm tutmuşuq.

Ağrılar, acılar çəkib başımız,

Şükür, altmış beşə gəlib çatmışıq.

 

 

Amma nə edəsən, fani dünyadır,

Yarıya çatmayıb sönən də oldu.

Onlara Allahdan rəhmət diləyək,

Taleyi kür, çərxi dönən də oldu…

 

 

Öyrənib öyrətmək başa çatmayıb,

Əgər ki, diriyəm, yaşayıram mən.

Yenidən başlanıb məktəb yolları,

Nəvəmin çantasın daşıyıram mən.

 

 

Səhərlər qoşulub nəvələrimə,

Məktəbə gedirəm ahıl yaşımda.

Döyürəm qapını: – Müəllim, olar?

Uşaqlıq havası yenə başımda.

 

 

 

Susmaq ağrısı

 

Ən böyük ağrıdır susmaq ağrısı

Deyə bilmədiyin qalar ürəkdə.

O sözlər səf çəkib bir ordu kimi,

Davalar, qırğınlar salar ürəkdə.

 

 

Ürək ağrı tapar bu qovğalarda,

Sevinci, kədəri duyan ürəkdir.

Ağrıyan ürəkdən kimə nə fayda,

Sözünü deməyən kimə gərəkdir.

 

 

Ən böyük ağrıdır susmaq ağrısı,

Ürəkdə qalan söz ürəyə güllə.

Dara çəkilsən də, ey insan oğlu,

Haqqın yanında ol, ürəyi dinlə.

 

 

Amma ki, neyləyim, olub ki, hərdən,

Desəm həqiqəti qan olacaqdır.

Kiminsə gözündə sönəcək həyat,

Bir ömür yarıda qırılacaqdır.

 

 

Bir nadan alimə “ağıl” verəndə,

Özümü zor ilə susdurmağım var.

Biçarə ürəyi dar ağacına,

Özüm öz əlimlə qaldırmağım var.

 

 

Bəzən də susmağa məhkum olursan,

Başının üstündə ovxarlı qılınc.

Deyə bilmədiyin həqiqət ki, var –

Ürəyə bir yükdür, başına qaxınc.

 

 

Dilsiz bildiyimiz Yer kürəsi də,

Tufanla, vulkanla deyirsə sözün,

Ürək çağıranda necə susasan,

Necə dayanasan, görürsə gözün?!.

 

 

Göylər gurultuyla danışar, dinər,

Buludlar dolubsa, leysan tökəcək.

Səyirdib dördnala şimşək atını,

Zülmət qaranlığın bağrın sökəcək.

 

 

Nahaqqın önündə haqq əziləndə,

Susmaq işgəncədir, dözmək işgəncə.

Susmağın əzabın çəkən ürəkdir,

Dilə qıfıl vuran ağıl, düşüncə.

 

 

Qəlbimiz deyəni ağlımız desə,

Zirvədən-zirvəyə ucalarıq biz.

Bəzən də ürəyi ağıl eşitsə,

Bir anda bir ömür qocalarıq biz.

 

 

 

Təbiətdən öyrənək

 

Bir hikmətdir təbiət,

Suallara cavabdır.

Onu oxuya bilsən,

Ən mənalı kitabdır.

 

 

Yan- yörənə yaxşı bax,

Yanındadır dərmanın.

Duysan hali olarsan,

Hər işindən dünyanın.

 

 

Görək nə deyir bizə,

Yanımızdan axan su.

Görükən zahiridir,

Batindədir doğrusu.

 

 

Niyə dünya düz deyil,

Hər tərəf dağ-dərədir?

Bax, canlıya, cansıza,

Hərəsi bir cürədir.

 

 

Əsirgəməz heç nəyi,

Anamızdır təbiət.

Görənə doğru yoldur,

Sevənlərə məhəbbət.

 

 

Həyat bəxş edər bizə,

Səmasıyla, yeriylə.

Bəzən də öz sözünü,

Deyər tufan diliylə.

 

 

Dünyaya nur yağdırar,

Yağar, güllər bitirər.

Bərəkətli çöllərdən

Bizə ruzi yetirər.

 

 

Öyrənək təbiətdən,

Həm yaxşını, yamanı.

Ləyaqətlə yaşayaq,

Bu sehirbaz zamanı.

 

 

Birliyin qüdrətini,

Bir ağacdan öyrəndim.

Hər yerdə, hər bir işdə,

Mən birliyə güvəndim.

 

 

Başın aşağı əyər,

Bar verəndə ağaclar.

Kökünə ehtiramdır,

O, əyilmiş budaqlar.

 

 

Təmizliyi, saflığı,

Öyrənək təbiətdən.

Orda hər şey gözəldir,

Yaranışdan, əzəldən.

Happy
Happy
0
Sad
Sad
1
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş