Gözümü gözündən yığa bilmirəm… – Malik Fərrux…

1 0

Bu gün şair Malik Fərruxun (1948-1998) ad günüdür. Onun 75 yaşı tamam olur. Yubileyidir…

“Azad Şuşa” bu münasibətlə şairin Vətən haqda iki şeirini əziz oxucularına təqdim edərək onun xatirəsini ehtiramla yad edir… 

 

Malik Fərrux

Doğma yollar

Yenə qucağını açmısan Vətən,
Yenə səfərim var, yola çıxıram.
Nə vaxtdır qoynunda – yollardayam mən,
Gəzib ürəyinə yol axtarıram.

Gözümü gözündən yığa bilmirəm,
Yollarda saçıma külək olursan.
Gah dağsan – zirvənə çıxa bilmirəm,
Gah dönüb əlimdə çiçək olursan.

Qoy səni öyrənim nə qədər sağam,
Arabir düşəndə dara, çətinə.
O vaxtdan bürünürəm qoynundan axan
Çayların şəlalə cəsarətinə.

Deyim, qanad bildim küləklərini,
Günəşdə qəlbinin odunu gördüm.
Aranda qoxladım çiçəklərini,
Dağda gürşadının dadını gördüm.

Bax mənim torpağa bənzərimə də, –
Səsimə “Heyratı”, “Cəngi” keçibdi.
Gözünə baxmışam – gözlərimə də,
Elə bu torpağın rəngi keçibdi.

Hara getmişəmsə – əzizlənmişəm,
Gah yazda, gah da ki, qışın qarında.
Yuyunub gör neçə təmizlənmişəm,
Nurlu nənələrin baxışlarında,
Nurlu babaların baxışlarında…

Ayaq izlərimlə bəzəyim səni,
Yoldayam, hardasa yol gözləyən var.
Niyə qarış-qarış gəzməyim səni,
Bir ovuc torpağa “Vətən” deyən var…

 

Laçın yallısı

Hər yan bir az əvvəl sakitdi yenə,
Bu sükut bir az da qorxu yayırdı.
Qısılıb gecənin qara köksünə
Dağlar mürgüləyir, yuxulayırdı.

Gəlmirdi onların büsbütün səsi,
Demə, dəcəllikdə başqadı dağlar.
Birdən yoxa çıxdı sükutun səsi,
Bir dəli yallıya başladı dağlar.

Çalındı, səsləndi, dindi qəflətən,
Elə bil, bayaqkı deyildi göylər.
Nəhəng nağaraya döndü qəflətən,
Şimşək çubuqlarla döyüldü göylər.

Düşməni nəhənglər olsun qoy təki,
Sinəsi sal qaya olan dağların.
Odlu ildırımlar, məşəllər təki
Gəzdi əllərində oğlan dağların.

Bulud yaşmağını çəkib üzündən,
Oynadı qız dağlar – çiçəkli dağlar.
Alov yağa-yağa qara gözündən
Kükrədi o Həcər birçəkli dağlar.

Gəzdi qız əlləri qayğılı kimi,
Gəzdi başı üstə dağ oğlanların.
Buludlar qızların yaylığı kimi,
Əsdi başı üstə dağ oğlanlaın.

Yaşıl meşələrin saçı dağılır,
Zirvələr yellədir əl-ayağını,
Ən mahir oyunçu Laçın dağıdır,
Alıblar araya Laçın dağını…

Hər şeyi, hər şeyi dağlar unudub,
Bu coşqun duyğudan halıyam mən də.
Ay aman, çiynimdən daş əllər tutub,
Deyən, qoşulmuşam yallıya mən də.

Ulduzlar toxunur yanaqlarıma,
Durmuşam ən uca aşırım üstə.
Çəmənlər döşənib ayaqlarıma,
Şümşürük oynayır başımın üstə.

Hər tərəf fırlanır… Gözüm axdı ki…
İndi heç bilmirəm yer nə, göy nədir?
Bir dağ biləyimi elə sıxdı ki,
Gözlərim yaşardı, qolum göynədi.

Bu oyun – ayrı cür bir oyun olub,
Göydə şimşək çaxır… Fikrə getmişəm.
Necə inandırım dost-tanışı ki,
Laçında dağlarla qol boyun olub,
Laçında dağlarla yallı getmişəm…

Happy
Happy
1
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş