Qorxma, ölüm ayrılıq deyil… – Cavid Musanın şeiri

3 0

“Azad Şuşa” Cavid Musanın iki maraqlı şeirini əziz oxucularına təqdim edr.

 

Cavid Musa

 

Evlənmək xəyalı qurduğum qadın

 

Mən səni sevirəm…

Səni görəndə ürəyimin

çırpıntılarını eşidirəm.

Bircə uçmağa yox qanadım,

Evlənmək xəyalı qurduğum qadın.

 

Açdığım hər qapının arxasında

səni görürəm,

Hər yerə səni özümlə aparıram.

Yanımdasan kölgə kimi,

Yenə səni axtarıram.

 

Bu şəhərdə doğulub,

Bu şəhərdə sənsiz bir qərib kimi böyüdüm.

Səni gördüyüm andan

Sehrinlə ovsunladın məni,

Saat kimi sevdim səni.

Nə tələsdim, nə gecikdim.

Yalnız, yalnız bu günəcən

Səni sevməyə davam etdim.

 

Bu dəli sevdanın mənə xeyri yox,

Xəyallar yol açır uçurumlara.

Baharda yarpaqlar düşünür fəqət

Nə olur-olsun yerə tökülməz.

Meyvələr də deyir ki, əlbət

İsti günlərin ömrü heç bitməz.

 

Gəl, payızın küləkli, yağışlı ordusu var.

Dünənin sevgi,

Bu günün ayrılıq duyğusu var.

Ümidlər bitəndə cəsarət gəlir.

Həyata başqa növ məhəbbət gəlir.

İçimdən boylanır xoş arzularım,

Düşüncəm qəlbimə kəlamlar deyir.

Ruhumun zirvəsi qalxır eşqəcən,

Gələcək ömrümə salamlar deyir.

 

 

Qorxma bu ayrılıq deyil

 

 

Dünən bizə biri qonaq gəldi,

Gecə xəlvətcə, sakitcə.

Səssiz-səmirsiz.

Qonaq gələndə

Çağrısı, xəbəri gəlir.

Xəbər gəlmədi.

Sormadı, soruşmadı.

Evdə kimsə varmı?

Gəlmək olarmı?

Qapını döymədi.

Qapının zəngi gəlmədi.

Evdə ailə-uşaq var? –

Bildi-bilmədi, girdi içəri.

O bağlı qapını

Necə açdı görəsən?

Bir hənir duymadım axı.

Görməsəm də,

Hiss edirdim evə gələn var.

Üstümə gəlir sanki dörd divar.

Çox vahiməli, çox şübhəli…

O gecə sübhə qədər uyumadım.

Qalxdım yerimdən.

Alnımda tər

Boğazımı qurudub qəhər.

Bir damcı su uda bilmirəm,

Boğuluram.

Nə baş verdiyini tuta bilmirəm.

Ölürəm.

Əzrail canımı almağa gəlib.

Son nəfəsim, son baxışlarım.

Ailəm ilə vidalaşma…

Oğlumun üzündən, gözündən öpürəm.

Allah, mənə son dəfə macal verib.

Sevdiklərimlə görüşürəm.

Ömür-gün yoldaşım – xanım əfəndi,

Gedirəm.

Kitablarımdan, balalarımdan,

Bir də masanın üstündə bayrağımdan

muğayat ol.

Qorxma, bu ayrılıq deyil.

Səni sevirəm, bunu bil.

Şükr olsun sənə, Rəbbim.

Mənə vidalaşmağa fürsət verdiyin üçün.

Ölüm – hər kəsin gördüyü,

Hər kəsin uduzduğu

Ən güclü rəqibdir.

Ölümdən qorxma,

Sadəcə hörmətlə yanaş

Qoy, o da səni hörmətlə aparsın…

Happy
Happy
0
Sad
Sad
2
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş