İlahi, lütfünə, sevginə şükr! – Kərim Kərimlinin şeiri

3 0

“Azad Şuşa” Kərim Kərimlinin bir şeirini əziz oxucularına təqdim edir.

 

Kərim Kərimli

 

Altmış yaşımın şeiri

 

Güzgütək baxıram öz ömrümə mən,

Baxdıqca gözümə “öz”üm görünür.

Özüm boylanıram bu ayinədən,

Özüm baxmayanda sözüm “görünür”.

 

İlahi! Bu qədər yaşı vermisən!

Şükr! Nə qədər yaşdan quru çıxmışam!

Nə qədər bulanıq illərdən keçib,

Bu başa, bu yaşa duru çıxmışam!

 

Sən yazan yol ilə mən yollanmışam,

“Ehtiyac” olmayıb azam yolumu.

Elə yazdırmısan, elə yazmışam,

Heç vaxt gərəkməyib “pozam” yolumu…

 

Sən qədər kim bilir nə yoğurmuşam,

Neçə qəm dəryasın içib gəlmişəm?!.

Qəvvastək haraya mən baş vurmuşam,

Hansı qəvvaslardan keçib gəlmişəm?!.

 

Sinəmi oxlara etmişəm sipər,

Sinəmin üstünə Sən əl qoymusan.

Sinəmin altına vermisən təpər,

Ora nə qoymusan – gözəl qoymusan!

 

Bir dünya vermisən, adı – ürəkdir,

Bu qəlbi qəlb ilə xəlq etməmisən.

Sevdiym – dünyada güldür, çıçəkdir,

Sevgimi nifrətlə qəlb etməmisən.

 

Demirəm günahsız mələk kimiyəm,

Günahım, bəlkə də, ağırdan ağır…

Nahaqqın başında şimşək kimiyəm,

Haqqın qarşısında fağıram, fağır.

 

İlahi, altmışa yetirdin məni,

Altmış il yaşadım sən deyən kimi.

Yenə də hər anı, hər saniyəni,

Yaşayıram sənin hədiyyən kimi.

 

O müqəddəs, uca adını hər an,

Qəlbimdə, dilimdə zikr edirəm mən!

Sənin mərhəmətin – hər dərdə dərman,

Lütfünə, sevginə şükr edirəm mən!

Happy
Happy
0
Sad
Sad
1
Excited
Excited
2
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş