Əlisəmidin bir üzü var – Kürün 70 yaşı tamam olur!

1 0

Bu gün şair Əlisəmid Kürün yubileyidir.

70 yaşı tamam olur.

Bundan əvvəlki yubileylərinin birində onun haqqında belə bir yazı yazmışdım:

 

“ƏLİSƏMİDİN ŞUŞADA ƏN AZI İKİ EVİ VAR…

…Şuşanın işğalından sonra camaatımız ölkəmizin 60-dan çox rayonuna səpələndi. Adamların kompakt şəkildə ən çox məskunlaşdığı yerlərdən biri də Yeni Yasamal oldu. O zaman şair Əlisəmid Kür Yeni Yasamaldakı təzə binalardan birində dövlətin ona verdiyi mənzildən imtina edərək, öz mənzilini məcburi köçkün ailəsinə bağışladı. Mənim yadımda bu cür addım atan cəmi 3 adamın adı qalıb. Əlisəmidi dedim, ikinci onun və bizim dostumuz şair Tofiq Qaraqaya idi. Üçüncü şəxs isə hüquq müdafiəçisi Arzu Abdullayeva idi, o öz şəxsi vəsaiti hesabına bir məcburi köçkün ailəsinə mənzil almışdı. Daha doğrusu, Arzu xanım həmin ailəyə pul vermişdi ki, özünə ev alsın. Bunu yazmaqla onların buna borclu olduğunu demək istəmirəm, sadəcə faktı qeyd edirəm…

Mətləbdən uzaqlaşdım…

Bu gün Əlisəmisin ad günüdür.

Gözəl və orijinal şair, yaxşı insan, səmimi patriot, əziz dost, ad günün mübarək!

100 yaşa!

Gün gəlsin Şuşada qonağımız ol!

Qonaq kimi yox, öz evin kimi gəl!

Şuşada sənin evin çoxdur, çox olacaq. Ən azı 2 evin olacaq. Biri mənim evim, bir də Bakıda öz evini verdiyin ailənin evi.

Öz evini köçkünə verdiyin kimi, onun da azad olunmuş yurddakı evini öz evin bilib gəl!

Ad günün mübarək!!!”

Bu gün mətbuat və sosial şəbəkələrdə Əlisəmidin ad günü olduğunu oxuyanda həm yuxarıda sizə təqdim etdiyim kiçik yazı yadıma düşdü, həm də elə faktın özü.

İstədim ki, əziz Əlisəmidi bir də təbrik edim.

Əziz dost, əziz qardaş, sənə bundan sonra da uzun illər sağlam yaşamağı və ilhamla yazıb-yaratmağı arzu edirəm.

 

Hörmətlə,

Kərim Kərimli

 

Hədiyyəmiz isə “Azad Şuşa”dandır.

 Bu gün 70 illik yubileyi olan şairin şeirlərini əziz oxucularımıza təqdim edirik.

 

***          ***          ***

 

Əlisəmid Kür

 

  1. Adamlar dəyişir havalar kimi

 

Çəkilib uzaqdan baxdım özümə, –

Gördüm görkəmim dəyişib,

Üst-başım tamam köhnəlib,

Dabanı yeyilib çəkmələrimin…

 

 

Tanrının gözünə dik baxdığımdan

Xəbərim olmayıb üzümə düşən qırışdan.

Yaman inanmışam arvad sözünə:

“ – Dağa bənzəyirsən sən bu duruşda”.

 

 

Güzgüdə özünə baxıb göz vuran

O şux, o kür adam mən deyilmişəm.

Adamlar dəyişir havalar kimi

İlahi, mən niyə dəyişməmişəm?!

 

 

Dünyaya piyada gəlib-gedənlər

Odu eee… yanımdan atlanıb keçir.

Ürək qızdırdığım, çörək kəsdiyim

Qəfildən üstümdən atdanıb keçir.

 

 

Mən koram… Sən hara baxırsan, Tanrım!

Sənin də oyunun yamannan-yaman.

Haqqın tərəzisi qurulan vaxtı

Kiminə taxt verdin, kiminə palan.

 

 

Çəkilib uzaqdan özümə baxdım, –

bir də üzə gülüb,

arxamca daş atanlara…

Yol üstə ilantək qıvrılanlara…

 

 

Başımın üstündə qovğalar kimi

Bu yağış adamlar, külək adamlar –

Bu payız oğlanlar, bu qış gözəllər,

Bu külək oğlanlar, kələk oğlanlar,

Bu payız gözəllər, bu xəzəl qızlar,

Dayanıb yolumda qovğalar kimi, –

Adamlar dəyişir havalar kimi, –

Niyə dəyişmədin, Cəfərin oğlu?!

 

 

 

  1. Adaşım, balabançı Kor Əlisəmid

 

– Bir adaşım yaşayır Kürdəmirdə,

Muradxanlı kəndində

Gecəyarı ekranda gördüm

Xəzər TV-də.

Əvvəl-əvvəl danışmadı, dinmədi,

dizləri üstə gözləri yol çəkdi

barmaqlarının.

Sonra adamlar yığışıb

könlünü aldılar onun,

ovutdular.

Çıxartdı üzə balabanı.

Dedi, mənim işim balabanla, neylədi

Adaşım, balabançı kor Əlisəmid.

Sonra gör neylədi

adaşım, balabançı Kor Əlisəmid.

Qəfil nəfəs verdi balabana,

Sığalladı asta-asta,

bala-bala.

Asta çaldı balabanı.

Hərəkəti yavaş-yavaş,

bala-bala.

Dağı arana daşıdı, aranı dağa.

Anasının balasını ağlatdı,

balasının anasını ağlatdı.

Qəribi çağırdı qürbətdən,

həsrətdən

yolu-yolağa.

Qəfil balabanı qoydu qırağa,

Ürəyinin işığı üzündə,

üzü nur,

üzü pir Əlisəmid.

Çalğı çoxdan qurtarıb,

nə baxırsan?

Əlləri üzündə,

gözləri barmaqlarının ucunda,

adaşım, balabançı Kor Əlisəmid.

 

 

 

  1. Ad günü keçirmir həbsxanalar

 

Bir qədəh zəhər,

boyu uzunu ipək kəndir

gətirdilər şairə ad günündə.

Səslər gəldi qulağına:

– İçək sənin sağlığına!

İçmədi!..

– İpək kəndir ölçülübdür boynuna,

Keçmədi…

Pıçıldadı öz-özünə

öz qanını içən şair,

“Azadlıq” sözündən asılan şair:

– Ad günü keçirmir həbsxanalar!

 

…Qismət etmə kafirə də

kamerada, dar otaqda

dönə saat kəfkirinə;

Neçə kilometr yol gəldi şair,

Yol uzanır, yol uzanır

Azadlığın ad gününə

burulğanlar içindən…

Səsin gəlsin, Xəlil Rza,

Səsin gəlsin,

Ad günü keçirmir həbsxanalar!..

 

 

 

  1. Ağı

 

 

Dəli çayların axarı

suların səsindən bəlli.

Mən keçdim,

Sən keçənmədin.

Torpağım heeey!

 

 

Sirri kor quyu dibində,

Dərdi üzündən bəlli.

Dəlisi ağıllı kimi,

ağıllısı dəli kimi

Millətim heeey!

 

 

Tapdaq altda gözü qalan

ocaq külündən bəlli.

Qorxağı qaçmağından,

İgidi ölümündən bəlli.

Məmləkətim heeey!

 

 

Yurdu talan olanım

İndi həsrətlə qol-boyun.

Ulayım qurdtək, ulayım

Millətim heeey!

Məmləkətim heeey!

 

 

 

  1. Alo, mən səni görürəm

 

Yuxarı mərtəbədən gələn mahnı

Ürəyimi göynədən vaxtda

əllərim qoynumda

uzanmışam çarpayıda.

Tavandan, divarlardan

Kədərli üzlər,

Dilxor maskalar asılır

Səni düşündükcə, qızım!

Hər oxunan nəğmə

Bir doğma anı yada salar,

Hər tanış səs bir doğma üzü

Canlandırar gözlərimizdə…

Telefon zəngi.

– Alo, Bakıyla danışın.

– Al-lo! Qızım, sənsənmi?!

– …

– Al-lo!

…2400 kilometrlik həsrətin içində

Qatar keçdi deyəsən.

Bir zahı bulud

Silkələdi telefon xətlərini.

Yüz saniyəlik sükutun arxasına

Sığdı bir insan ömrü.

– Alo! Alo!!

– A-ta! A-ta!

…Üzün yadımdan çıxır,

İlğım axır dalğa-dalğa

Yaddaşımın dörd olmuş gözündən.

Yuxu da yalanmış, fotoşəkil də yalan…

– Alo! Alo!

– Ata, məni eşidirsən?

– Al-lo, mən səni görürəm, qızım…

 

 

 

  1. Atamın ayaqları

 

Hara getdim dara düşdüm,

Atamın ayaqları süründü arxamca.

İndi

Atamın ayaqları Sibirdi,

Özü kimi ayaqları da yuxusuz…

Üz sürtdüm ayaqlarına,

Qəlpə giziltisindən

Diksindi qulaqlarım.

Çəliyi ayaqlarına başdaşı Atam!

Səcdənə gəldim,

Ayaqlarını suya qoy,

Dirilik suyu kimi ayağının suyunu içim, Atam oy!

Əlimdən nə gəlir daha

Ayaqlarımı verim, yeri, Atam!

Laylay atam, ayaqlarına laylay!

Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!

 

 

 

  1. Bir az aralıda həsrət və qürbət

 

Adil Mirseyidin əziz xatirəsinə

 

O, şair idi – onu deyirəm…

Güzgüdə oxşarını görüb

üzünü gizlədən adam,

güzgüdə yuxusu çin olan adam

baxıb görər

bu şəhər başdan-ayağa paltar dükanı…

 

Bir az aralıda

vitrində Rodenin “Mütəfəkkir”i

çılpaq,

Rubensin gözləri kədərli…

Bir az aralıda

Xəzər dənizi –

Kürün deltasında bir yaşıl yarpaq…

Bir az aralıda

intihar etməyə Sena çayı,

Plase des Vesker bağında

bir qərib türbə –

bir az aralıda həsrət və qürbət!

 

O, rəssam idi – onu deyirəm…

Küsəyən bulud adam –

Kətan tapmayanda yağlı boyada

ağ kağıza köçürərdi rəsmlərini,

sulu boyada çəkərdi göy üzünü –

göy üzü onu çəkərdi,

qeybə çəkilərdi buludlarda

küsəyən bulud adam,

bulud üstə çömbələn

adda-budda Budda adam…

 

O, şair idi,

O, rəssam idi – onu deyirəm…

Minor səsli nəğmə adam.

O – həm səsdi, həm də sözdü.

İki səsin dueti

iki sözün dueli deyil,

güzgüdən qaçan,

buluddan çıxan “Ay süvarisi”,

eşitdinmi?

Bir az aralıda

zəng çalır Bakıda Notr-dam kilsəsi…

Bir az aralıda

Parisdə Monpamasye məhəlləsi…

Cümə məscidinin azan səsi…

Bir az aralıda həsrət və qürbət…

 

Parisə gedən qatarlara

bilet satılmır Ləki vağzalında,

Qəbiristanlığında yer tapılır qərib şairinə.

Bir bax,

bir az aralıda

sevdiyin əncir ağacı əl uzadıb baş daşına…

 

Bir az aralıda

ana qəbri – vəfalı,

qardaş qəbri – aralı.

İnanmırdın, inanmazdın,

Bakı – Parisdən,

Ləki – Bakıdan vəfalı…

 

28 sentyabr 2014-cü il

 

 

  1. Dənsiz dəyirman daşları

 

Fırlanır dəyirman daşı

Baxıram, başım fırlanır.

Fırlanır dünya başıma

Torpağım, daşım fırlanır.

Saçı-saqqalı ağarmış

Sığal çəkmə alt daşına, üst daşına.

Un ələnmir üst-başına.

Dənsiz dəyirman daşları qəm ələyir,

Dərd üyüdür ömrün qışına.

Bu çərxi-dövran daşları

Dəyir, bir-birinə dəyir.

Dənsiz dəyirman daşları

Yeyir, bir-birini yeyir.

Acıdı dəyirman daşları

Dən gözləyir əvvəl-axır.

Tanrı dinmir, Tanrı susub

Çörəyimiz daşdan çıxır.

 

 

 

  1. Dilində sonuncu dua

 

Dostum Rafael Aydınoğluna

 

Məni çox incitmə, Tanrım,

Özün göndərən bəlayam.

Mən şeytana papış tikən

Sənin ərköyün balanam.

 

 

Nə Qurana əl basmışam,

Nə də xaç çəkmişəm, Tanrım!

Sənə qulaq asmamışam, –

Sənnən çox çəkmişəm, Tanrım!

 

 

Dərdin göyçəyin yollayan

Gərək bəndəsin də duya.

Qoymaya tövbə etməyə,

Dilində sonuncu dua.

 

 

Mən səndən küsmüşəm, Tanrım!

Üzə durdum hansı haqqla?

Ömrü borc vermisən, Tanrım,

Al ruhumu girov saxla!

 

 

 

  1. Dünyanın yalan günü

 

Rəsul Rzaya

 

Ölümünlə aldatdın bizi

aprelin birində – başaldatdı günü.

Yüyürdüm ölümün ardınca;

İnsan axını yol vermədi

çiynimi verəm

tabutun altına.

…Ölümün utana-utana gəlmişdi

Fəxri xiyabana.

Çəkinə-çəkinə,

qızara-qızara

girmişdi məzara.

Amma Sən,

“özün almışdın çiyninə tabutunu”.

O gün köşklərdə çiçək qalmamışdı,

O gün şehli göz yaşlarıyla

çiçəkləmişdi tabutun da!

Səndən uzaq.

Səndən nigaran

ölümündən xəbərsizdi Nigarın…

Dilim sözə möhtac,

əli gəlmirdi

ölümünə nəğmə qoşmağa.

“Belə olurmuş demək”

dünyanın yalan günü

adam aldatmaq?!

Ölüm xəbəriylə

adamı aldatmazlar, ustad!

 

 

 

  1. Kentavr

 

Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü.

Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı…

Bir də qulaqlarıma at kişnərtisi gəldi…

 

Dərdin arxasınca dördnala çapan

Bədəni at, başı adam,

Bu yarıat, yarıadam

Qaçmağa hallı adam

hara gedir, Yaradan?!

 

 

Sözünün dalında dağ kimi durub,

Hər gün bir sevdayla döyüşə gedir.

Dalına atdığı şələyə baxmır.

Xəndəyə yıxılmır, tələyə baxmır,

Özüylə söyüşə-söyüşə gedir.

 

At kimi yeriyir qəmin üstünə

Çapır, dördnala çapır,

Hara gedir qəm gətirir

Bir gün çörək tapır,

bir gün də tapmır…

 

“Mersedes” gözəllər keçir yanından

Vaxtı yox onlara gözucu baxa.

Faytona qoşulmuş ata boylanır,

Bu yarıat, yarıadama

ana boylanır

ata boylanır.

 

Kentavr şəhərdən baş aça bilmir.

Dəyənək qorxusu çıxmır canından.

Bu köçkün kentavr,

qaçqın kentavr

Polisin əlindən qaça da bilmir.

 

Bu qovur, o qovur,

Göydə Allah qovur, yerdə bəndəsi.

Kəpənək yuxusu qaçıb gözündən

Hələ kütə gedir onun kündəsi.

 

– Hara gedirsən, KENTAVR?

– Kimdən qaçrsan, KENTAVR?

Başın bədənindən ayrı,

Bədənin başından ayrı,

Özün-özündən qaçırsan,

Gedirsən qəmin üstünə

söyüşə-söyüşə,

Yaşamaqçün, ölməməkçün

Atlar örüşə gedir,

Kentavrlar – döyüşə!

 

 

 

  1. Qan bahasına

 

…Əvvəl-axır

buludlar dağılacaq

yağışların qanı bahasına.

Çəmənlər saralacaq

çiçəklərin qanı bahasına.

 

Əvvəl-axır

sevgilər yetim qalacaq

aşıqlərin qanı bahasına.

Köklənib ayrılıq havasına

yollar dərvişlərə qalar,

bir də qaraçı köçünə –

mahnıların qanı bahasına.

 

Hamı sevgidən doğulmur,

Hamı sevgiyə möhtacdı.

Əvvəl-axır söz dedim,

könül açdım.

 

Söz dedim sevdiyim qədər –

ürəyimin qanı bahasına.

buludlar dağıldı, keçər…

çəmənlər saralıb, köçər…

Sözlərim ürəyimin qanını içər,

İçər, –

ömrümün qanı bahasına.

 

…Qiyamət günüdü, yoxsa,

Yoxsa Miflərin dağılan günü…

Uğultusu eşidilir dərdlərin,

Zəlzələsi qabaqdadı kədərlərin.

 

 

 

  1. Qan-tər içində

 

Əqrəbləri itmiş saat kimiyəm,

Vaxt ölür, çökür içimdə.

Cin çapmış at kimiyəm,

Qan-tər içindəyəm, anam,

Qan-tər içində.

 

Zaman dolaşıq nər qovğasında

Şeytan-mələk davasında

Ürəyim əlimdən gedir,

Çırpınır qollarım qoynumda,

Gecəm qan-tər içində, anam,

Günüm qan-tər içində.

 

Bu əlim, bu da lal dilim,

Sözü xəmir kimi yoğuran dilim,

Cadar-cadar, dilim-dilim

Söz əkib-becərən dilim,

Sözüm qan-tər içində, anam,

Dilim qan-tər içində.

 

Alnımın qırış yerindən

Taleyin çaparı keçir.

Bu yurdun süyər yerindən

Bir ölüm qatarı keçir,

Elim qan-tər içində, anam,

Obam qan-tər içində.

 

Toxdayıb, səbrimdən asıldım,

Buğlanıb, ruhumdan asıldım,

Can hamı, qəbrimə qısıldım,

Söndüm qan-tər içində, anam,

Öldüm qan-tər içində.

 

 

 

  1. Uzun ayrılıqdan sonra

 

Uzun ayrılıqdan sonra dönəndə Vətənə

Kimi qucaqlasam birinci,

Qarşıma çıxanların heç biri inciməz.

Bir dost yazmışdı mənə:

“Sən qəribəsən, biz-yol gözləyən”.

Məni qarşılayanların

Heç biri inciməz, anam,

Səni qucaqlasam hamıdan əvvəl.

Uzun ayrılıqdan sonra

Yenidən sevmək

Yenidən doğulmaq kimi gəlir insana,

İzn ver oğluna yenidən doğulmağa,

Aç qoynunu, ana!

Qol-boyun gördükcə bizi

Dostlar da başlayar

Bir-birini qucaqlamağa.

 

 

 

  1. ***

 

Bir üzü var çörəyin –

arxası təndirdə qalır.

 

Bir üzü var torpağın –

ha şumla, çevir üstünə

arxasını görməzsən;

Torpağın bir üzü var

kürəyini görməzsən!

 

Çörəyini yeməzsən yalanın,

Yalanın min üzü var.

Mən sözü üzə şax dedim,

Sözümün bir üzü var –

Əlisəmidin bir üzü var.

 

 

 

 

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş