“…O sözün bir mənası da “axmaq”dır” – Fərhad Kərimlinin hekayəsi

3 0

“Azad Şuşa” Fərhad Kərimlinin “”Axmaq”” adlanan maraqlı bir hekayəsini əziz oxucularına təqdim edir.

***                 ***                 ***

 

Fərhad Kərimli

 

“AXMAQ”

Mirzə müəllim həmişəki kimi kompüter arxasında əyləşib işini görürdü. O, işini sevirdi. Azərbaycanın ən böyük nəşriyyatlarından birində redaktor işləyirdi. İşiylə bağlı daim qeydlər apardığı kitabçası və qələmi də kompüterinin yanında olurdu.

Bu gün o, Azərbaycanın məşhur yazıçılarından birinin detektiv romanını redaktə edib qurtararaq təhvil vermiş, bir gənc yazıçının hekayələr kitabını qəbul etmişdi.

Təzə kitabın redaktəsinə başlamamışdan əvvəl oturduğu kürsüdəcə arxaya

söykənib gözünü yumdu. Adəti idi, təzə işə başlamamışdan qabaq beləcə gözlərini

yumar, bir qədər dincələrdi. Sanki, fikrini cəmləşdirmək və gücünü səfərbər etmək

istəyirdi.

Təzəcə gözünü yummuşdu ki, telefonuna zəng gəldi. Gözünü açmadan sol əlini

könülsüz-könülsüz uzadıb masanın üstündəki ləvazimat dəstinin yanında səs sala-

sala öz səsinə də özü dingildəyən mobil telefonu götürdü:

– Bəli, – deyə astadan cavab verdi.

– Mirzə müəllimdi danışan? – telefondan gələn səs əsəbi halda soruşdu.

– Bəli, buyurun.

– Mən oğlunuz Samirin oxuduğu məktəbin direktoruyam. Təcili məktəbə gəlin.

– Nə olub? – deyə gözlərini açmağı ilə həyəcandan dik atılmağı bir oldu. –

Samirə nəsə olub?

– Gəlin, məktəbdə danışaq. Gözləyirəm.

Telefonu söndürüb cibinə qoyanda artıq qapıdan çıxmşdı. Maşınını iş yeri ilə

üzbəüzdə saxlamışdı. Pilləkənləri düşüb maşına tərəf qaçdı.

Yarım saatdan sonra artıq oğlunun oxuduğu məktəbdə idi. Maşından düşən kimi

onu qarşılamaq istəyən mühafizəçi-qapıçının heç üzünə də baxmadan həyət

qapısından güllə kimi keçib, məktəbin arxa qapısından içəri girdi. Qabaq qapı

həmişə bağlı olurdu. Yalnız bayramdan bayrama, bir də sentyabrda dərs açılan gün

açırdılar. Mirzə müəllim dəhlizdən sola burulub direktorun otağına doğru qaçdı.

Qapını döymədən içəri keçdi. Direktor öz yerində oturmuşdu. Qapının səsinə

başını qaldırıb gələn adamı gördü və ayağa qalxıb ona tərəf yeridi:

– Mən elə sizin haqqınızda əlimizdə olan məlumata baxırdım. Redaktor, eyni

zamanda yazıçı, şair, publisist və jurnalistsiniz. Keçin əyləşin.

Mirzə müəllim yalnız indi, direktorun göstərdiyi istiqamətə baxanda kabinetdə

onun stolunun qarşısındakı başqa, lakin daha uzun stolun bir tərəfində oğlunun və

onun sinif rəhbərinin, onların əks tərəfində isə təlim-tərbiyə işləri üzrə müavinin

oturduğunu gördü. Mirzə müəllim də keçib onun yanında əyləşdi. Oğluna baxıb dərindən köks ötürdü. Oğlunu sağ-salamat və zədəsiz-filansız gördüyünə görə xeyli sakitləşdi.

– Nəçi olduğumu niyə xüsusi vurğulayırsınız? – deyə üzünü direktora tutdu. –

Məni niyə çağırmısınız və oğlumun burada nə işi var?

– Sizin kimliyinizi öyrənəndən sonra daha çox təəssüf hissi bürüdü məni. Bunu

sizdən və sizin kimi bir şəxsiyyətin oğlundan heç gözləməzdim, xüsusilə də sizdən.

– Nə? – baxışlarını direktordan ayırıb oğluna yönəltdi. – Samir?!

Oğlu başını aşağı salıb cavab vermədi.

– Nəyi gözləməzdiniz? Nə olub? – deyə yenidən direktora baxdı.

– Baxın, Mirzə müəllim. Bilirsiniz ki, uşaqlar məktəbdə təkcə təhsil yox, həm də

tərbiyə alırlar. İnsan kimi formalaşırlar. Biz burada gələcəyin nümunəvi

vətəndaşlarını yetişdiririk. Bu işdə sinif rəhbərləriylə bərabər təlim-tərbiyə

mütəxəssisləri də rol oyanayırlar. Amma uşaqların tərbiyəsində başlıca amil

ailədir, ailə! Siz və sizin…

– Hüseyn müəllim, bağışlayın, sözünüzü kəsirəm, danışdığınız cümlələr əks olunan

onlarla kitab yazmışam, yüzlərlə kitab redaktə etmişəm, yüzlərlə əsər tənqid

eləmişəm, ondan da qat-qat çox məqalə yazmışam! – narahatlıq və qeyri-

müəyyənlikdən ürəyi partlayan qonaq hövsələsini basa bilmədi. – Nə olub? Bunu

deyin mənə!

– Bəs o kitablarda oğluna söyüş öyrədən atalar haqqında heç nə yazılmayıb? –

direktor da yazıçıya eyni tonda cavab verdi. – Yazmayıblarsa, birini mən yazaram,

baş qəhrəmanı da siz olarsınız. Oğluna söyüş öyrədən ata! Görün necə də

romantik səslənir. Görün necə də pafoslu alınır, – direktor rişxəndlə gülümsədi. –

Yazıb verərəm siz də redaktə edərsiniz. Elə sizin nəşriyyatda da çap etdirərik…

– Siz nə danışırsınız? – hirslə ayağa qalxdı, yumruğunu stola vurmaq istədi. Amma

oğlunun qarşısında bu cür hərəkət düzgün olmazdı. Mirzə müəllim oğlunun təlim-

tərbiyəsində həssas idi. Oğlu görüb təsirlənməsin deyə bircə səhv hərəkətə yol verməzdi. Özünü güclə saxlayıb aşağı oturdu.

– Oğluma söyüş öyrətdiyimi iddia edirsiniz?

– İddia eləmirəm, mən, ümumiyyətlə, heç nə eləmirəm. Olanı deyirəm…

– O olan nədir bəs? Nə olub axı?

– Mirzə müəllim, diqqətlə qulaq asın. Bu gün oğlunuz sinif yoldaşlarının birinə

söyüş söyüb. Özü də bu yaş üçün çox ağır söyüş. Müəllim onun üstünə qışqırıb.

Danlaya-danlaya gətirib mənim yanıma. Mən də danlamaq təhri ilə üstünə

qışqırdım ki, “Kimdən öyrənmisən, bu sözü?!.” Dedi ki, atamdan. İndi mən

deyiləm, sizsiniz, nə edərsiniz mənim yerimdə olsanız?

Mirzə müəllim əsəbləşsə də, özünü sakit göstərməyə çalışdı. İndiyə qədər oğluna bir şillə belə vurmamışdı. İndi, bu şəraitdə, başqa adamların yanında da heç istəməzdi.

– Hüseyn müəllim, mənim oğlum söyüş bilməz, pis söz danışmaz. Bəlkə bir

yanlışlıq olub, ya müəllimi səhv eşidib, ya başqa uşaq deyib, elə bilib ki, Samir

deyir? Hə?

Direktorun baxışlarından Mirzə müəllim anladı ki, ehtimallarının heç biri gerçək deyil. O, sakit olmağa çalışaraq, özünü ələ almaq üçün dərindən nəfəs alıb gözlərini yumdu. Bir neçə saniyə dözərək fikrini yenidən cəmlədi. Gözlərini açıb direktora dedi:

– Sizin nəzərinizdə söyüşcül valideyn kimi qalmaq istəmirəm. Samir yəqin ki,

qorxduğu üçün belə deyib. Çox sağ olun ki, məni çağırıb xəbər verdiniz.

Bağışlayın ki, oğlum belə bir iş tutub. Buna görə mən bir ata kimi, bir valideyn

kimi sizdən və bu işə qarışacağı olan başqa şəxslərdən üzr istəyirəm. Oğlumla isə

özüm danışıb hər şeyi aydınlaşdıraram. Bir daha narahat olduğunuza görə sizə

təşəkkür edirəm.

– Bu, bizim borcumuzdur, buyurun, – direktor da yumşalmışdı.

Mirzə müəllim ayağa durub direktorla əllə görüşdü. Sonra sinif rəhbəri və müvinlə başı ilə sağollaşdı. Samirə tərəf dönüb təəsüf hissiylə onun üzünə baxdı. İlk dəfə idi ki, oğlu onu biabır etmişdi. Oğlunun əlindən tutub qapıya doğru addımladı. Qapının ağzına çatanda ağlına nə gəldisə birdən dayandı. Oğlunun əlini buraxıb geri qayıtdı, direktora yaxınlaşdı. Bir azca masanın üstünə əyilib yavaşca soruşdu:

– Üzr istəyirəm, soruşmaq da yadımdan çıxdı, oğlum nə söyüş söyüb və mənim

öyrətdiyimi deyib?

Direktor sinif rəhbərinə və müavinə göz-qaş ilə çölə çıxmaqlarını işarə elədi.

Onlar da uzun illərdən bəri bir yerdə çalışdıqları direktorun him-cimini dərhal başa

düşüb, qıvraq qalxıb otaqdan çıxdılar. Direktor gözlərini sağa-sola qaçırdıb sonra

Mirzə müəllimin üzünə baxdı:

– Oğlunuz, hmmm..

– Deyin, deyin, çəkinməyin, onsuz da məndən başqa hamı bilir.

– Qəhbə…

– Nə? – Mirzə müəllimin bu sualı həm təəccüb, həm gülüşlə dolu idi.

– Gülməli bir şey yoxdur, – direktor üzünə ciddi ifadə verdi, – bəli, oğlunuz bu gün

sinif yoldaşına qəhbə deyib.

Bir neçə saniyəlik sükutu Mirzə müəllimin qəhqəhəsi pozdu. O, necə ürəkdən gülürdüsə, az qalırdı direktorun otağındakı qəndil titrəsin. Qəhqəhəni eşidən sinif rəhbəri və müavinlə bərabər katibə də içəri girib bu mənzərəyə baxmağa başladılar. Mirzə müəllim hələ də gülürdü və gülməkdən qıp-qırmızı qızarmışdı.

Beş dəqiqədən sonra direktor “T” şəkilli masanın baş tərəfindəki yerində, müavin və sinif rəhbəri qarşıdakı masanın bir tərəfində, Mirzə müəllim digər tərəfində əyləşmiş, ona salfet verən katibə isə Samirlə birlikdə qəbul otğına qayıtmışdı. Mirzə müəllim katibənin verdiyi salfetlə gülməkdən gözündən gələn yaşı silib direktora baxdı:

– Hüseyn müəllim, dünən oğlumla plastilindən maşın düzəldirdik, “iş”imizin şirin

yerində o, qəflətən məndən soruşdu:

– Ata, “qəhbə” nə deməkdir?

Əvvəlcə karıxdım, sanki körpəcə uşağın belə söz danışmasından pis olmuşdum.

Sonra özümü ələ alıb astaca soruşdum:

– Hardan eşitmisən o sözü, oğlum?

– Bu gün dərsdən çıxıb anamı gözləyəndə futbol oynayan uşaqlardan biri o birinə

dedi.

– Hə, qəhvə – kofe deməkdir, oğlum, – açığı nə, necə cavab verməli olduğumu

bilməyib, vəziyyətdən çıxmağa çalışdım. – İsti içkidir, – dedim.

– Yox e, bir adam o birinə niyə kofe desin? – cavabım onu qane etməmişdi. – Nəsə

başqa sözdür, – dedi.

– Hə, bildim, axmaq deməkdir. O sözün bir mənası da “axmaq”dır. Yəqin axmaq

demək istəyib, – deyə başqa cür inadkar oğlumu razı sala bilməyəcəyimi düşünüb

söhbəti dəyişməyə çalışdım, – bax, dedim, gör oxşatmışam “07”yə?

Otaq qəhqəhə ilə doldu.

– Deməli, balaca Samir dostuna, sinif yoldaşına “axmaq” demək istəyirmiş, –

deyə direktor sanki bayaqkı gərginliyə, əsəbi vəziyyətə görə üzrxahlıq edirmiş kimi

dedi. – Özü də təzə öyrəndiyi sözlə özünü daha çoxbilən kimi göstərmək

istəyirmiş. Biləndərliyini isə, bircə böyüklər anlayıb…

(Fərhad Kərimli. “Zəhərdən sərxoşlanan” (Hekayələr),

Bakı, “İstiqlal” nəşriyyatı, 2020. Səh. 31)

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
2
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş