Yağlıvənd – Yerimdi, Şuşa – Göyümdü… – Aydın Dadaşovun xatirəsinə

1 0

Məşhur kinoşünas Aydın Dadaşov əslən Yağlıvənddən – Dadaşlılar tayfasından idi. Dədə-babası Şuşaya köçmüş, oradan Ağdama və oradan da Bakıya yol al(ç)mışdılar. Ona görə də “dünyanın ən uzun şeiri” adlandırılan 500 bənd, 2500 misralıq “Azərbaycan unutdumu Şuşanı?!” əsərimdə ona aid olan bəndlərdə “Yağlıvənd”, “Qala”, “Şuşa” və “Aydın Dadaş” adlarını bir yerdə çəkmişdim.

Özünün də çox xoşuna gəlmişdi…

Doğma kəndindən və şəhərlərindən – Yağlıvənddən, Şuşadan, Ağdamdan, həmçinin Dadaşlılardan, Şəmsizadələrdən, Qarayevlərdən danışmaqdan yorulmazdı…

Təəssüf ki, artıq yeddinci dəfədir ki, ad gününü Aydın Dadaşovsuz qeyd edirik.

Ancaq, “…ölüm sevinməsin qoy”, Aydın müəllimin təkcə sayı 60-ı keçmiş kitabları, o cümlədən də mənim redaktə etdiyim “Müasir Azərbaycan kinosu” kitabı onun, yaratdıqları ilə əbədi yaşayacağını sübut edir…

 

Aydın müəllimə həsr olunmuş həmin bəndləri də “Azad Şuşa”nın əziz oxucularına təqdim edirəm:

 

…Aydın Dadaş, Dadaşlılar hardadı?

Yağlıvəndin, həm də Qalan dardadı…

İndi əziz ruhlar intizardadı,

Cismən deyil, istəyimiz – ruhani…

Azərbaycan unutdumu Şuşanı?!

 

 

Kino kimi gəlib keçir gözümdən,

Az qalıram, uçam-gedəm özümdən.

Heç doymaram söhbətindən, sözündən.

Yağlıvənddə, Şuşada çək kinonu,

Azərbaycan unutdumu Şuşanı?!

 

 

…Əziz şəhərimdi, doğma köyümdü,

Yağlıvənd – Yerimdi, Şuşa – Göyümdü…

O yerlər – Dünyamdı, Yerim-Göyümdü,

Göy altında dağlardan da ucanı, –

Azərbaycan unutdumu Şuşanı?!

 

Çox təəssüf ki, Aydın Dadaşov dünyalar qədər sevdiyi doğma yurdunun – Qarabağın azad olduğunu görmədi. Ancaq inana bilərik ki, azad ruhu indi azad Vətənin dinc göylərindən bərəkətli Qarabağ torpaqlarını seyr edib xoşhal olmaqdadır.

Bəli, bu gün Azərbaycanın məşhur kinoşünas alimi, kinodramaturq, ssenarist, rejissor, pedaqoq, filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, kino, televiziya, jurnalistika sahəsinin ən yaxşı mütəxəssislərindən biri olan Aydın Ərşad oğlu Dadaşovun (01.03.1952 – 15.03.2017) ad günüdür.

Ölkə və dövlət həm də layiqli və ləyaqətli oğullarının adları və şöhrətləri ilə tanınır, onlar bu dünyada olanda da, bu dünyadan köçəndən sonra da onların çiyinləri üstündə bərqərar olur.

Azərbaycanın belə oğullarından biri də Aydın Dadaşovdur.

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş