Əjdaha ilindən nə gözləyirsiniz? – sorğu

1 0

“Azad Şuşa” öz daimi oxucularına aşağıdakı suallarla müraciət edib:

 

  1. 2024-cü ildən nə gözləyirsiniz?
  2. Yeni ildə hansı əsas arzunuzun həyata keçməsini istərdiniz?

Qeyd edək ki, respondentlərimizin bəziləri konkret suallarımıza daha geniş cavab verib. Onların da, qısa cavab verənlərin də heç birinin cavabına müdaxilə etmədən əziz oxucularımıza təqdim edirik.

 

Akif Məftun Tofiqoğlu

Şair

  1. Yeni ildən bütün Yer üzündə müharibələrin qurtarmasını, sülh, əminamanlıq olmasını gözləyirəm.
  2. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını, bütün köçkünlərin öz Vətəninə qayıtmasını arzulayıram.

 

 

İlham Qəhrəman

Şair

 

2023-dəki uğurlarımız heç vaxt yaddan çıxmaz. Qarabağda hökmü-rəvan olduq. Ordumuz Xankəndinin sevincinin savabına batdı. Şuşaya batan tikan kökündən kəsildi. Vətən başdan-başa bir libas geyindi.

2024-cü ildə azad olan torpaqlarımızın minalardan təmizlənməsini, müharibə şəraitinin ədalətli sülhlə əvəz olunmasını, Naxçıvandan və Qazaxdan qoparılmış kəndlərimizin öz əzəli və əbədi sahibinə qaytarılmasını arzu edirəm. Dədə-baba yurdumuzda mülk hüququmuzun tanınmasını istəyirəm. Laçına gedəndə özümü ögey kimi hiss etməməyi arzulayıram. Bu çox ağır hissdir.

 

Keçən ildən paralel olaraq 5 kitab üzərində çalışıram. İkisini – bayatılar və Laçın lətifələri kitablarını tamamlayıb nəşriyyata təqdim etmişəm. Qarşıdan Laçın şəhərinin bünövrəsinin qoyulmasının 100 illiyi gəlir. Bu münasibətlə “Laçın – 100. Ədəbi antologiya” adlı kitab hazırlayıram. Kitabda ta qədimdən indiyə kimi Laçın ərazisində yaşayıb yaratmış şairlərin, eləcə də nasirlərin yaradıcılığından ibarət nümunələr yer alacaq. Tək işləyirəm, çox ağır bir işdir. Ümumiyyətlə, Laçının 100 illiyi ilə əlaqədar 3 kitab nəzərdə tutmuşam – ədəbi  antologiya, “Laçın lətifələri” və yenidən işləyib mətnlərini artırdığım “Laçın folkloru”. 2024 mənim üçün iki “24” və üç “4”lə əlamətdar olacaq. Hələ sıralamada 3 dənə “2” də var. 24.04.2024-də 65 yaşım tamam olur. Hər şeyi rəqəmlərin öhdəsinə buraxıram, görək başımıza nə gəlir.

Yeni ildə hamının evinin bacasından tüstü çıxsın! Uşaqlara xöşbəxtlik arzulayıram. Ən gözəl nəğmə körpə gülüşüdür. Qoy Azərbaycanda körpə gülüşü bol olsun!

 

Orduxan Kərimov

Keçmiş döyüşçü, istefada olan polis polkovniki

 

2023- cü il bizim üçün olduqca fərəhli il oldu. Xoşbəxt il oldu, qələbələr ili oldu. İndi də artıq Şuşaya köçməyə və orada yaşaağa hazırlaşırıq. Bu, 2024-cü ilin ən xoşbəxt hadisəsi olacaq yəqin. Ancaq inanıram ki, başqa uğurlarımız da olacaq.

Arzu edirəm ki, mənim dostlarım, qonşularım, qohumlarım, yaşıdlarım, hamımız brlikdə Şuşaya qayıdaq, orada yaşayaq, tez-tez görüşək, Bazar başı – Meydan gəzək, Cıdır üzünə, İsa bulağına gedək. Allah tezliklə o günləri qismət eləsin, arzumuz budur 2024-cü ilə.

2024-cü ildə dünyada sabitlik olsun, daha müharibə olmasın. Gələn il sülh müqaviləsi imzalansın, əmin-amanlıq olsun, xalqımız bir də silahlaran istifadə etməyə məcbur olmasın.

Cənubi Qafqazda olan üç respublikadan heç biri köçüb Marsda yaşayası deyl. Ona görə də separatizmin, faşizmin, revanşizmin kökünü kəsmək lazımdır ki, bundan sonra ünyanın bu səfalı və gözəl guşəsində bir daha müharibə olmasın.

Yekunda bir daha qeyd etmək istəyirəm ki, hər gün Şuşaya həmişəlik köçüb qayıtmağı gözləyirik, bu barədə düşünürük. 2024-cü il üçün hələlik ən böyük arzumuz budur.

Gələcək nəsillərimizi artıq Şuşada tərbiyə edək.  Şuşalı kimi tərbiyə edək. Nəvələri məktəbə aparaq, onlara keçmişdən danışaq. Baş vermiş hadisələr haqda, qəhrəman oğullar haqqında qoy bilsinlər ki, nə necə olub.

 

Tağı Türk

Yazıçı

2023-cü il həm şəxsi həyatım, həm də ölkəmiz üçün çox yadda qalan il oldu. Bu ilin ən önəmli hadisəsi isə Qarabağla bağlı məsələlərdir. Xüsusi ilə, Xankəndi və digər şəhər və rayonlarımızın işğaldan azad edilərək suverenliyimizin tam təmin olunması ilin ən gözəl hadisəsi kimi mənim daim xatirimdə qalacaq. Bütün bu çətin əldə edilmiş uğurlardan sonra düşünürəm ki, 2024-cü il daha gözəl il olacaq. Artıq düyünə düşmüş Qarabağ probleminin həllindən sonra ölkədə iqtisadi məsələlərin həlli daha da asanlaşacaq, bu isə istər-istəməz bizim maddi rifahımıza yaxşı mənada təsir göstərəcək.

2024-cü ildə həyata keçməsini arzu etdiyim ən birinci məsələ Qarabağa köçümüzün təmin olunmasıdır. Ümid edirəm ki, 2024-cü ildə didərgin düşdüyümüz dədə-baba torpaqlarımıza qayıdacaq, orada çalışıb, yazıb-yaradacağıq.

Sorğunu Murad hazırladı

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş