Şuşa, Cıdır düzü, Şəhidlər Xiyabanı

3 0

23 il ayrılıqdan sonra Şuşa torpağına qədəm basdığım andan yenidən avtobusa minib yola düşdüyüm anadək ötən 48 saat ərzində getdiyim, mümkün olan vaxt çərçivəsində xeyli yerə baş çəkib ürəyimin yanğısını az da olsa soyutmaq istədim. Ürəyimin məni həyəcanla çəkib apardığı birinci yer Şəhidlər Xiyabanı oldu.

1995-ci ildə Şuşanın işğalının 2-ci ildönümü günlərində Bakıda “Azərbaycan” nəşriyyatında çap edilmiş “Hələ Şuşalıykən…” adlanan ikinci kitabıma şair-publisist Əli Mahmudun yazdığı “Qan rəngli kitab və ya ön söz əvəzi”ndə belə sətirlər var: “Kərim bilir ki, kitabda haqqında söhbət açdığı şəhidlərin əksəriyyətinin məzarları saraylarımız, qəsrlərimiz kimi viran qalıb, düşmən tapdağı altındadır. Ona görə də unutqanlığımızdan qorxur. Qorxur ki, yenə də özümüzə “sadiq qalaq”. Bu səbəbdən şəhidlərin adına tarixlər boyu solub-saralmayan yaddaş çələngi toxuyub. Bu çələng qan rəngindədir və bizi qana-qan intiqamına çağırır.

İnanıram ki, Kərim Kərimlinin bu kitablarını doğma Qarabağa, Şuşaya, Meşəliyə, Kərkicahana, Malıbəyliyə, Quşçulara, Cəmilliyə, Şırlana, Xocalıya aparacaq və şəhid məzarlarımızın üstünə çiçək dəstəsi kimi qoyacağıq”.

Ötən 26 il ərzində mənim qəlbimdə bu inam yaşayıb və zaman-zaman kükrəyərək yaşamağa stimul verib, mübarizəni davam etdirməyə ruhlandırıb. Avqustun 29-da şair Əli Mahmudun da (“Vaqif poeziya günləri” bayramının iştirakçılarından biri də Əli müəllim idi), mənim də bu arzumuz çin oldu.

…Və Şuşada Cıdır düzü yaxınlığındakı Şəhidlər Xiyabanını orada uyuyan mübarizə və döyüş yoldaşlarımın əksəriyyəti haqqında söhbət açdığım kitablarımla birlikdə ziyarət etmək, o müqəddəs torpaqdan bir ovuc öpüb tutiyə kimi gözlərimin üstünə qoymaq, əziz dostlarımla fikrən ünsiyyətdə olaraq onlara bir növ hesabat vermək mənə qismət oldu.

Şuşanın Şəhidlər Xiyabanı şəhərdən Cıdır düzünə qalxan yolun dikdirində, Vaqifin məqbərəsindən sonra sol tərəfdə düzənlik bir yerdə salınmışdı. Həmin ərazi Cıdır düzü, yaxud Mir Fəseh qəbristanlığına bitişikdir.

 

 

Burada xeyli sayda şəhidimiz dəfn olunmuşdu. I Qarabağ müharibəsi vaxtı birbaşa döyüş meydanında, o cümlədən 26 yanvar 1992-ci ildə keçirilən Daşaltı əməliyyatında şəhid olan qəhrəman döyüşçülərlə yanaşı, erməni terrorunun qurbanı olan, o cümlədən 28 yanvar 1992-ci ildə Ağdamdan Şuşaya uçan və dinc sakinləri gətirən helikopterin Xankəndində cəmləşmiş cani terrorçuların vurub partladılması nəticəsində həlak olan günahsız azərbaycanlılar dəfn edilmişdi.

Erməni vandalizmi bu məzarlığa münasibətdə də kəllə-çarxa vurub. Xiyabandakı qəbirləri dağıdıb yerini düzləyiblər. İndi əziz şəhidlərimizin uyuduğu torpağın üstündə yaşıl otlar yaşıl xalı kimi sərilib.

Şəhidlər Xiyabanı diqqətlərin ona yönələcəyi və müvafiq tədbirlərin görüləcəyi günü səbirsizliklə gözləyir. Aydın məsələdir ki, bu da həm vəsait, həm də vaxt tələb edən işdir. İnanıram ki, buna da növbə çatacaq. Onsuz da Şuşa daha əbədi olaraq öz həqiqi sahiblərinə, sakinlərinə qovuşub və bütün işlər səliqə-səhmanla, planlı şəkildə müntəzəm olaraq həyata keçiriləcək. O cümlədən də, Şəhidlər Xiyabanının bərpası.

Zənnimcə əziz şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanının bərpası iki üsulla həyata keçirilə bilər. Birinci çətin yoldur. Bu şəhidlərin dəfn edildiyi hər bir məzarın yerini xüsusi texnologiya vasitəsilə müəyyən edib elmi üsullarla həmin məzarın kimə məxsus olduğunu müəyyən etmək və qəbirüstü abidəsini düzəltməkdir. İkincisi isə əziz şəhidlərimizin indi artıq ümumi məzarına çevrilmiş həmin balaca düzənlikdə ümumi xatirə kompleksinin ucaldılmasıdır. Həmin kompleksi bir qədər irəli çəkməklə sırf xiyaban ərazisini yay-qış çiçəkləyən bir bağçaya da çevirmək olar. Fikrimcə vaxtı çatanda müvafiq orqanlar şəhid ailələri ilə də məsləhətləşərək ən düzgün qərarı qəbul edəcək.

Şəhidlər Xiyabanını ziyarət etdim. Sanki tanıdığım insanların hər biri ilə ayrı-ayrılıqda pıçıldaşaraq az da olsa söhbət elədim, dərdləşdim. Bir-birimizi təbrik elədik, bir-birimizi bağrımıza basıb kövrəldik. Onlara dedim ki, gözünüz aydın olsun, qanınız yerdə qalmadı. Ruhunuz nigaranlıqdan qurtuldu. İndi siz Şuşanın yüksək bir məqamında fəxrlə və rahat yaşaya bilərsiniz. Sizin daim yolda qalan, indi isə azadlığa qovuşan gözləriniz bizim sevincdən dolan gözlərimizdən də xoşbəxtdr. İndi sizin uzun illər intizar çəkən qəmli qəlbiniz bizim Cıdır düzünü ziyarətdən yelkən kimi dolan xoşbəxt qəlbimizdən də fərəhli və bəxtəvərdir. İndi siz bizdən də canlı, ürəkli və məğrursunuz. İndi sizin hər biriniz daha Azad Şuşanın Azad Şəhidisiniz.

Şuşanın Şəhidlər xiyabanından ayrılanda yenə də dizlərimi yerə qoydum. Bir ovuc torpaq götürüb cibimdə gətirdiyim torbaya tökdüm. Mən Şuşanın azad olunmasından sonra oradan torpaq götürüb ölkəmizin başqa yerlərinə aparılmasına ehtiyac olduğunu düşünmürəm. Təbii ki, bəzi istisnalar var. Məsələn, Şuşasız illərdə “Şuşa!” dedyə-deyə dünyadan qovrula-qovrula gedən insanların məzarına səpmək üçün bir çimdik götürmək olar. Yaxud da buna oxşar başqa bir məqsəd üçün. Mənim də Şəhidlər Xiyabanından torpaq götürməyimin səbəbi buna oxşardır. Bir çimdik şair Şahmar Əkbərzadənin qəbrinə səpəcəyəm öz əlimlə. Bir çimdik də yola düşməyimdən bir müddət əvvəl “Qayıdanda Şuşadakı Şəhidlər Xiyabanından bir azca torpaq gətir!” – deyə məndən xahiş edən şəxsə vermək üçün…

 

 

Şəhidlər Xiyabanın ərazisindən çıxıb getməyə hazırlaşarkən bir də orada uyuyan şəhidlərimizə baş əyib onları bir-bir xatırlamağa çalışdım. Orada xatırladığım əziz adamların burada oxucularımın da yadına salmaq istəyirəm. Ancaq, buraya orada xatırladığım ardıcıllıqla, yəni hansının hansınmdan qabaq və ya sonra yadıma düşdüyü kimi deyil, adlarının baş hərfinə əsasən yazıram.

 

  1. Arzu Bəhram oğlu Ələkbərov;
  2. Azər Həsən oğlu Biliyev;
  3. Asif Qarakişi oğlu Qarayev;
  4. Bahar İsa qızı Zalova;
  5. Eyvaz Cəmil oğlu Abutalıbov;
  6. Əkrəm Xosrov oğlu Zalov;
  7. Famil Kamal oğlu Ələkbərov;
  8. Fazil Xəzri oğlu Əzizov;
  9. Habil Qabil oğlu Məmmədov;
  10. Habil Umudvar oğlu Abbasov;
  11. Kamil Sabir oğlu Bəşirov;
  12. Namiq Əkrəm oğlu Zalov;
  13. Nazim Tofiq oğlu Məhərrəmov;
  14. Nəriman Şükür oğlu Quliyev;
  15. Pənah Əsgər oğlu Muxtarov;
  16. Pərviz Şəmsəddin oğlu Abbasov:
  17. Ramiz Bulud oğlu Qənbərov;
  18. Pərviz Varaşil oğlu Həşimov;
  19. Rizvan Yusif oğlu Vəliyev;
  20. Rövşən Bulud oğlu Teymurov;
  21. Sara Asif qızı Əliyeva;
  22. Sərxan Dayandur oğlu İsmayılov;
  23. Şahin Hüseyn oğlu Ləzgiyev;
  24. Şahverdi Bəhlul oğlu Səfərov;
  25. Telman Qəhrəman oğlu İsmayılov;
  26. Zahid Rəfael oğlu Nəsirov;
  27. Zahid Vəliş oğlu Ələkbərov;
  28. Zaur Kamil oğlu Quliyev.

 

Bu siyahını yazarkən kiminsə adının yadımdan çıxa biləcəyini, yaxud kiminsə adının yanlış olaraq buraya daxil edə biləcəyimi düşünərək bir neçə hörmətli dosta müraciət etdim. Ümumi rəy əsasında hələlik alınan siyahı budur. Əlbəttə, başa düşürəm ki, əlavələr və düzəlişlər təklif ediləcək. Kimsə bu cür dəqiqləşdirmələr təklif etsə, minnətdar olaram.

 

Bir də inanıram ki, təkcə Şuşadakı Şəhidlər xiyabanında dəfn edilənlər deyil, Şuşanı, bütün Qarabağı vaxtilə müdafiə, indi isə azad edərkən canından keçmiş şəhidlərimizin heç biri heç vaxt unudulmayacaq!

 

…Şuşada, Cıdır düzündəki Şəhidlər Xiyabanından çıxıb üzü aşagı “Sürünçək daş”a tərəf yönələndə yadıma məşhur “Salam, Şuşam” şeirindən bir misra düşdü: “Sürtüm üz-gözümü “sürünçək” daşlarına…”

 

Azad və Xoşbəxt idim…

 

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
3
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
1
Rəy bildir
Xəbəri paylaş