Şuşa şəhərində, Mikayıl Gözəlov küçəsində… – Kərim Kərimli yazır

2 0

İşğaldan azad olunan yurdlarımızda iş qaynayır. Axıb gələn xəbərlər arasında bəzən insanı kədərləndirən, bəzən hətta hiddətləndirən məlumatlar da olur. Lakin buna baxmayaraq məsələnin özü ayrıca bir böyük xoşbəxtlikdən ibarətdir: Qarabağ tamamilə azaddır və orada hazırda intensiv dinc quruculuq, tikinti, təmir, bərpa, abadlaşdırma işləri aparılır.

Bu ümumi prosesin tərkb  hissəsi olan ayrıca bir xətt də orada həyata keçirilən kadr siyasətidir. Təbii ki, ümumi prosesdə, siyasi və ya iqtisadi sistemdə görülən işlərdə uğurların əsasən bir kadrın qazancı olduğunu qeyd etmək o qədər də doğru olmazdı. Nailiyyət də, uğursuzluq da (heç vaxt olmasın!) hamınındır, komandanındır. Ancaq, nə qədər olmasa da kadr məsələsi hər halda cidi məsələdir və başqa amillərdən nəinki az əhəmiyyət daşımır, məncə, hətta çox ciddi və vacib əhəmiyyətə malikdir.

Qarabağda məsul vəzifələrə təyin edilmiş adamların uzun bir siyahısını tərtib etmək olar. Onların müsbət keyfiyyətləri barədə də uzun-uzadı danışmaq və yazmaq olar. Lakin mən bu yazımda Şuşa uğrunda canından keçmiş Mikayıl Gözəlov haqqında danışmaq istəyirəm. Bu gün onun qətlə yetirilməsinin 32-ci ili tamam olur.

Sual doğa bilər ki, onun şəhid olması ilə bu gün Qarabağda həyata keçirilən kadr siyasətinin nə əlaqəsi var? Cavabı sadədir. Bir neçə gün əvvəl Mikayıl Gözəlovun qızı Səbinə xanım Gözəlova işğaldan azad ediləndən sonra Şuşada tikilib istifadəyə verilən ilk məktəbin direktoru təyin edilib.

Qeyd edim ki, Mikayıl Gözəlov da müstəqil Azərbaycanda “rayon icra hakimiyyəti” institutu yaranandan sonra Şuşada bu vəzifəyə təyin olunan ilk şəxs idi. Ondan əvvəl isə rayona faktiki olaraq rəhbərlik edən iki şəxsdən biri olaraq Şuşa rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsini daşıyırdı.

Mən Səbinə xanımı bu vəzifəyə təyin olunması münasibətilə artıq təbrik eərək uğurlar diləmişəm və inanıram k, ona göstərilən etimadı doğrultmaqla yanaşı fədakar atasının da həmişə uca olan adını bundan sonra da daha da ucaldacaq.

Oxucuda elə təsəvvür yarana bilər ki, mən bu yazını və xüsusilə də məhz bu sözləri Səbinə xanım həmin vəzifəyə təyin olunduğu üçün yazıram. Ancaq bu belə deyil.

Mikayıl Gözəlov haqqında indiyədək bir kitabımda ayrıca bəhs etmiş, bir kitab yazıb çap etdirmiş, bir neçə xüsusi buraxılış çap etmiş, “Şuşa”, “Qarabağ”, “Ədalət”, “Gənclik”, “Azadlıq”, “7 gün” və başqa qəzetlərdə və son dövrlərdə saytlarda, daha çox sosial şəbəkələrdə silsilə yazılar dərc etdirmiş, bir neçə filmin və bir neçə televiziya verilişinin təşkilində, çəkilişində, xeyli sayda xatirə tədbirinin hazırlanmasında və keçirilməsində iştirak və özüm də çıxış etmişəm.

Eləcə də mənim yazdıqlarımdan xeyli müəllif öz yazılarında, kitablarında, verilişlərində, filmlərində istifadə edib.

Bu gün adını burada qeyd etdiyim Səbinə xanım hələ 2018-ci ilin aprel ayında müsahibələrinin birində müxbir Əntiqə Rəşidin “ – Böyüdünüz, boya-başa catdınız, Mikayıl Gözəlov haqqında geniş və hərtərəfli məlumat topladınız. Hazırda bir vətəndaş olaraq, Mikayıl Gözəlov sizin ücün kimdir?” sualına belə cavab vermişdi: “ – Təsəvvür edirsiniz, atamı mənə onunla bağlı xatirəsi olan insanlar anlatdılar. Kərim Kərimlinin Mikayıl Gözəlova həsr etdiyi “Qəlbimizdə bir ad yaşar” kitabında toplanan xatirələr tanıtdı. Torpağına, Xalqına, Dövlətinə xidmət edən Vətən oğlu, İdeal Ata, əlçatmaz Şəxsiyyətdi Mikayıl Gözəlov!”

Mikayıl Gözəlov bilavasitə səngərdə həlak olmayıb, lakin məhz ön cəbhədə, müharibənin mərkəzində və məhz Qarabağ uğrunda mübarizəmizdə bizi zəiflətmək və Şuşanın işğalına yol açmaq məqsədilə öldürülüb. Hərçənd, o hər gün, hər axşam səngərlərdə olurdu, döyüşçülərə baş çəkirdi. Ona qarşı sui-qəsd elə oralarda da törədilə bilərdi. Əslində bir neçə dəfə cəhd edilmişdi, amma baş tutmamışdı.

11 dekabr 1991-ci il, axşam saat 19.00-19.15 radələrində Şuşa rayon İcra Hakimiyyətinin başçısı, həmin vaxt bütövlükdə bölgənin faktiki rəhbəri və cəmi 15 gün əvvəl statusu ləğv edilmiş artıq keçmiş muxtar vilayətin bütün azərbaycanlı əhalisinin faktiki lideri olan və Şuşanın müdafiəsində xüsusi rol oynayn Mikayıl Qoca oğlu Gözəlovu iş kabinetində, vəzifə başında avtomatdan atəş açmaqla xaincəsinə qətlə yetirdilər.

Az müddətdə hadisə yerinə xeyli adam toplaşdı.

Gecə isə onun nəşini böyük bir izdiham doğlub boya-başa çatdığı Ağdam rayonunun Mərzili kəndinə yola saldı.

Axşam da, gecə də hamı ağlayırdı. Ağsaqqal-qarasaqqal – hər yaşdan olan kişilər belə hönkürürdü.

Mən və  rəssam dostum, hazırda Şuşa Dövlət Musiqili Dram Teatrının baş rəssamı olan Valeh Məmmədli də bu dəhşətli, qanlı hadisədən sarsılanlar arasında idik. Camaatımızın bu hadisəyə olduqca həssas yanaşmasına, hamının hönkürtü ilə ağlamasına görə Valehlə aramızda olan qısa dialoqu xatırlayıram:

– Mən başa düşmürəm, – üzümü Valehə tutub dərin kədər, sonsuz bir hüznlə dedim, – Gözəlovu camaat doğrudanmı bu qədər çox istəyirdi? Əgər istəmirdilərsə niyə belə hamı hönkürüb ağlayır? Yox, əgər istəyirdilərsə, bəs onda…

– Niyə qorumadılar, hə, onu? – deyə rəssam dostum sözümü kəsdi. – Əzizim, camaatın çoxu Gözəlovu ağlamır, öz gününü ağlayır. Gözəlovdan sonra çətin ki, Şuşa qala.

Bu cavab məni daha da titrətdi.

Məşhur bayatı məhz həmin gecə yarandı:

 

Mən aşiq Şuşa qala,

Yolları şüşə qala.

Gözəlov öldü, getdi,

Çətin ki, Şuşa qala.

(Ancaq bu bayatını Şuşa işğal olunanadək Valehlə məndən başqa Şuşada heç kim bilmədi.)

Yuxarıda Səbinə xanımın müsahibəsindən verdiyim kiçik parçada adı çəkilən kitabıma xatirəsi daxil edilən şəxslərdən biri də Mikayıl Gözəlovun dostu Fərman Salahovdur. Burada Fərman müəllimin mənim xahişim əsasında danışdığı böyük xatirədən kiçik bir parçanı da qeyd etmək istərdim: “…Məsləhət belə old ki, Mikayılı öz doğma rayonuna aparaq – Ağdamın Mərzili kəndində dəfn edək. Gecə saat təxminən 1-2 radələrində maşın karvanı Şuşadan, demək olar ki, işıqsız çıxdı. Zarıslı kəndi ilə Turşsu qəsəbəsi arasında “Şahpələngin bulağı” deyilən yerdə Ağdamdan gələn – Mikayılın ölümündən xəbər tutan qohum, dost və yaxın adamlar Mikayılın ailə üzvləri ilə birlikdə bizimlə qarşılaşdılar. İlk rastlaşdığım Qoca dayı oldu. Biz qucaqlaşıb ağlaşdıq. Bir o sözü eşitdim ki, Qoca dayı ağlaya-ağlaya mənə dedi ki, Mikayılı axıra qədər nə üçün qoruya bilmədiniz? Şuşadan gedən adamlarla bir balaca söhbətdən sonra hamılıqla Mərziliyə yola düşdük. Hamımız xəcalət, hamımız günahkar kimi dinmir, danışmır, yalnız göz yaşlarında təskinlik tapırdıq.

Qoca dayının sözü qulağımda tez-tez səslənir, faciənin səbəbini araşdırırdım. Lakin bir çıxış tapa bilmirdim. Yaddaşımda Mikayılın 14 dekabr 1979-cu ildə baş vermiş bir hərəkəti toplaşdı…

…Və öz-özümdə Qoca dayıya cavab verdim: Mikayıl kişi kimi yaşayıb və kişi kimi də ölübdü”. (Kərim Kərimli, “Qəlbimizdə bir ad yaşar”, Bakı – 1996, səh. 157)

İnsanın  özünə məxsus xüsusiyyətlərini bəzən kiçik bir detal bütün tərcümeyi-halından daha aydın göstərə bilir. Mikayıl Gözəlov 44 yaşının tamamına 4 ay qalmış həlak olanadək onun həyat yoldaşı İsmət xanım da, övladları – hamısı azyaşlı və körpə olan üç qızı, bir oğlu da Şuşada idi. Şəhərin hər gün bombalanmasına, demək olar ki, hər gün ölüm-itim olmasına baxmayaraq Mikayılın son nəfəsinə qədər İsmət xanım övladlarını götürüb Şuşadan çıxmamışdı. Bəzi adamların gizlincə, bəzilərinin də utanmadan açıq şəkildə Şuşanı tərk edib getdiyi olduqca təhlükəli bir vaxtda və şəraitdə o zaman rayonun və eləcə də bölgədəki bütün azərbaycanlı yaşayış məntəqələrinin rəhbərlik məsuliyyətini fədakarlıqla daşıyan Gözəlov öz ailəsini də Şuşaa saxlamışdı. Bir daha qeyd edirəm ki, o vaxt Gözəlovun uşaqları çox kiçik idi. Sona, Səidə və Səbinə adlı üç azyaşlı qızı və 3 yaşlı sonbeşiyi – Müşfiq anaları ilə birlikdə hər saniyə təhlükə altında yaşayırdılar. Hətta camaat arasında belə bir söhbət də yayılmışdı ki, şəhər şiddətli bombalanan vaxtlarda Mikayıl Gözəlovun atası, Qarabağda el ağsaqqalı kimi tanınan Qoca Gözəlov bir neçə dəfə zəng edib, bir neçə dəfə də Şuşaya gələrək, yaxud adam göndərərək oğlundan xahiş edib ki, icazə versin, körpələri Ağdama – Mərziliyə, yaxud Ağcabədiyə , İsmət xanımın ata evinə aparsınlar. Mikayıl atasına qəti cavab vermişdi: “Mənim balalarım heç kimin bomba altında yaşayan uşaqlarından artıq deyil! Bir də mən ailəmi buradan çıxarsam, Şuşada bir adam da qalmaz!”

Mikayıl Gözəlov haqqında çox yazmaq, çox danışmaq olar. Ancaq bu, əlbəttə ki, bir xatirə məqaləsinin norması deyil.

Ancaq bir neçə detalı da qeyd etməklə fikrimi və yazımı yekunlaşdırmaq istəyirəm.

“Mikayıl Gözəlovu kim öldürdü və niyə?” – bu sual 32 ildir cavabını gözləyir. Gözəlovun ölümündən 32 il keçsə də, hələ bu sualın cavabı tapılmayıb.

Buna çox ehtiyac varmı? Bu cavab hökmən tapılmalıdırmı?

Gözəlovun ölümü əvvəlcədən təşkil olunmuş və yaxşı planlaşdırılmış bir sui-qəsd idimi?

Yaxud sadəcə bir caninin təsadüfi törətdiyi qətl idi?

Bütün bu suallar 32 ildir ki, öz cavabını gözləyir. Mikayılı qətlə yetirən şəxs isə uzun illər ömürlük cəza çəkdiyi həbsxanada bir neçəı il bundan əvvəl dünyasını dəyişib.

Mənim fikrimcə bu suallara yalnız bir məsələyə görə dəqiq cavab verilməli idi:

– Şuşanın işğalına doğru gedən (aparan, aparılan) yolda Mikayıl Gözəlovun öldürülməsi hansı əhəmiyyətə malik idi? Mikayılın ölümü Şuşanın düşmənə təslim edilmməsi planına daxil idimi?

Məncə əsas məsələ budur! Çünki, o illərdə Mikayıl Gözəlov Şuşanın və Dağlıq Qarabağ Muxtar Vilayətinə (vilayət statusu Mikayıl müəllimin qətlindən 15 gün əvvəl ləğv edildi) daxil olan bütün azərbaycanlı yaşayış məntəqələrinin müdafiə edilməsində əsas rol oynayan üç əhəmiyyətli fiqurdan biri, bəlkə də birincisi isdi.

Onun ölümü Şuşanın işğalı prosesini sürətləndirdi və asanlaşdırdı. Bu qətl hadisəsi sadə camaatın da, Şuşanı qoruyan fədailərin inamını çox kəskin şəkildə sarsıtdı.

Ancaq indi artıq biz Mikayıl Gözəlovun övladının Azad Şuşada öz ixtisasına uyğun yüksək vəzifəyə təyin olunması barədə xəbər dərc edirik və camaatımız bu xəbəri də 27 sentyabr 2020-ci ildən üzü bəri çoxlu şad xəbərlər kimi bir-birinə sevinə-sevinə çatdırır.

Şuşa artıq həmişəlik azaddır!

Mikayıl Gözəlovun da, onun kimi Şuşa uğrunda canından keçmiş əvvəlkili, sonrakılı bütün şəhidlərimizin də ruhu şaddır.

İndi Müşfiq Mikayıl oğlu Gözəlovun ailəsində Mikayıl Müşfiq oğlu Gözəlov adlı br oğul böyüyür…

Hələ dövlətimiz tərəfindən yüksək təltifə layiq görülməmiş, hələ adı rəsmən əbədiləşdirilməmiş (Şuşa rayonunda onun adı bir kolxoza verilmiş, Şuşa şəhərində bir küçənin adı dəyişdirilərək Mikayıl Gözəlov küçəsi adlandırılmış və yaşadığı binaya xatirə lövhəsi vurulmuşdu) Mikayıl Qoca oğlu Gözəlovun adını yaşadan bir oğul…

Babasına layiq oğul olcağına, təbii k, inanırıq, əmink.

Gün gəlsin Azad Şuşada Mikayıl Gözəlov küçəsində babasının abidəsini ziyarətə getsin.

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
1
Excited
Excited
0
Sleepy
Sleepy
1
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş