Yumruq bayraq kimi qalxdı və…

0 0

Gördüyünüz bu şəkil bir az əvvəl Facebookda qarşıma çıxdı. Başa düşdüm ki, ağsaqqal dostum Hacı Əkbər Ağdamda şəhid oğlu qəhrəman Sənanın məzarını tapıb və bərba edərək üstündən başdaşı əvəzinə müvəqqəti lövhə asıb…

Həm sevindim, həm də kövrəldim…

Görün başımıza nələr gəlir. Sizcə desək ki, “Şəhid övladının məzarını tapdığına görə səni təbrik edirəm!” nə qədər çöçün gələr adama?!

Amma mən başqa cür demək istəyirəm. Əziz qardaşım Hacı Əkbər müəllim! Səni bağrıma basıram. Elə hesab et ki, (hərçənd bu çox çətin məsələdir) o ağır, çətin dəqiqələrində biz də sənin yanında olmuşuq. Əlbəttə igid şəhidimizin son mənzilini tapa, onu yenidən “canlandıra”, “həyata qaytara” bildiyinə görə mən də çox sevinirəm.

Bir də ona sevinirəm ki, hələ 18 il əvvəl mən üzümü sənə tutub demişdim:

Qaldır yumruğunu bir bayraq kimi,

Düşmənin başında zindana dönsün.

O yumruq qalxdı, düşmənin başında zindana döndü, onu əzdi və yurdlarımızı azad etdik. Və xalqımız ona “Dəmir yumruq” adı verdi.

Yadındamı, sənə bunu da demişdim:

…Əminəm, Ağdamda solan gülünü,
Yenidən can verib bitirəcəksən!


Bax, əziz Əkbər müəllim, bu gün sən o gülünü yenidən can verib bitirirsən.
Mən yenə də əminəm ki, bütün şəhər və kəndlərimizdə bütün güllərimiz yenidən çiçək açacaq və bütün yarımçıq arzularımız çin olacaq. Bütün məqsədlərimizə çatacağıq.

İndi dostum Hacı Əkbərə müraciətlə yazdığım, ancaq həm də könlümün istəkləri, arzuları ifadə olunan şeiri “Azad Şuşa”nın oxucularına da təqdim edirəm. Çünki burada ifadə etdiyim arzular artıq bu gün bir-bir çiçək açmaqdadır.

Qarabağ elləri yenə güləcək

Ağdam cəbhəsinin fəal döyüşçülərindən biri, keçmiş tabor komandirinin müavini, şəhid atası dostum Hacı Əkbər Rüstəmliyə…

Sən məni ağlatdın bir kaman kimi,
Göz yaşı insana məlhəm olarmı?
Vətənin itirmiş bir üryan kimi,
Bir kimsə qəlbimə məlhəm olarmı?

Soruşma! Hər sual bir oxa dönüb,
Batır gözlərimə, göynədir məni.
Dərdə bax!!! Var dünyam tam yoxa dönüb,
Bu dərd havalı tək oynadır məni.

…Sən də bağ salmışdın Ağdam elində,
Hanı ətir saçan gülün, ay Əkbər?!
İtirdin hesabın ayın-ilin də,
Töküldü çöllərə elin, ay Əkbər!!

Tabor komandiri, şəhid atası,
Hansı daha uca, daha əzizdir?
Udub hayqırtının əksi-sədasın,
Gizlədən səngərlər nə kimsəsizdir…

Göz yaşı nicatmı? Susmaq qızılmı?
Səndən soruşuram; cavabın hanı?
De kimin əlilə bu hökm yazılmış,
Beləmi tərk edək qoca dünyanı?!!

“Atəşkəs!” dedilər, atəşi kəsdik,
Heyhat! Nə itirib, nəyi qazandıq…
Biz göydə Tanrını, Günəşi kəsdik,
Millətin AZADLIQ HAQQINI dandıq!!!

Sən Komandir, mən Əsgərəm, söylə sən:
Nədən bu həyatdan olmuşuq bezar???
Şuşasız ömürdü yel kimi gedən,
Nə doğma beşik var, nə doğma məzar!!!

Bəsdir! Ömr elədik yalquzaq kimi,
Qoy bütün igidlər meydana dönsün.
Qaldır yumruğunu bir bayraq kimi,
Düşmənin başında zindana dönsün.

…Əminəm, Ağdamda solan gülünü,
Yenidən can verib bitirəcəksən.
Sıxıb köksün altda dərdli könlünü,
Müqəddəs yurduna yetirəcəksən.
İnan ki, tezliklə o gün gələcək,
Qarabag elləri yenə güləcək!!

Kərim Kərimli. 15 yanvar 2003-cü il.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş