Xocalı – vəhşi əsrin vəhşi əsəri

1 0

Xocalı azad ediləndən sonra birinci yazı

 

Xocalı haqqında yazdığım bu geniş məqalənin birinci yarımbaşılığına seçdiyim ad yəqin ki, birmənalı qarşılanmayacaq və mübahisə doğuracaq. Niyə belə yarımbaşlıq qoyduğumun səbəbini və ümumiyyətlə bu barədə düşüncələrimi söyləyim.

 

Xocalı şəhəri 1992-ci ilin bu günkü günü – fevralın 26-da işğal olunub, yandırılaraq yerlə yeksan edilib. İşğalın səbəbləri, onu törədənlər və nəticələr barədə indiyədək kifayət qədər yazılıb, mən də bu barədə yazmışam, çəkmişəm, araşdırma aparmışam və s. Ancaq, bunlar barədə bir qədər snra danışacağam. Hələlik başqa məsələyə toxunmaq istəyirəm. Həmin gündən – 26 fevral 1992-ci ildən indiyədək yalnız bir dəfə mənim də daxil olduğum bir qrup Xocalıya gedib. Yəni ötən 29 il ərzində ayağı leqal şəkildə Xocalı torpağına dəyən ilk azərbaycanlılardan biri də mənəm. 1998-ci ilin avqust ayının sonu və sentyabrın əvvəlində (iki dəfə) baş tutan bu səfərdə iştirak edən azərbaycanlılardan Xocalını yalnız mən tanıyırdım və məhz buna görə də bizim məsələyə yanaşmamız, münasibətimiz və hisslərimiz də fərqli idi. Bundan başqa bu 29 il ərzində başqa hər hansı azərbaycanlının Xocalıya gedib-getməməsi barədə məndə məlumat yoxdur. Bəlkə də olub, lakin bu barədə çox az adam bilir. Məsələn, hansısa kəşfiyyat qrupu nəyisə öyrənmək məqsədilə gedə bilərdi. Orada olan əsir və girovlarımızdan da bəzilərinin Xocalıda işlədildiyi və işgəncələrə məruz qaldığı barədə də müxtəlif vaxtlarda məlumatlar səslənib. Lakin onlar oradan çıxmamışdılar, biz işğaldan sonra ora gedənlərdən danışırıq. O da aydındır ki, bizim səfərimiz də işğal altında olan Xocalıya səfər idi. Marşrutumuzu, hərəkət qrafikimizi özümüz təkcə müəyyənləşdirmirdik. Düzdür, proqramdan bəzən çıxa bilirdik, lakin, bunu da çoxluq edə bilmirdi. Yalnız mən bəzi məsələlər üzərində təkid edir və buna nail olurdum. Bəli, mənim fikrimcə bu səfər 29 ildə yeganə Xocalı ziyrəti sayıla bilər.

Oxucuda dərhal sual yarana bilər ki, bəyəm Xocalı indi artıq azaddırmı? “Əziz Şuşa, sən Azadsan!” bəyanatı kimi inamlı və eşqli bir bəyanat Xocalı üçün deyilməyib axı! Bəyəm indi bizim istənilən bir vətəndaşımız, lap elə heç olmasa hansısa Xocalı sakini öz şəhərinə, evinə gedə bilirmi? Xocalının azad olmasına hansı sübutumuz, bunu deməyə hansı əsasımız var axı? Haqlı və düzgün suallardlır. Ancaq bizim səfər etdiyimiz dövr də daxil olmaqla ötən 29 il ərzində dünyanın rəsmi qurumları, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr, dövlətlər, məşhur siyasi və ya ictimai xadimlər Xocalının əslində bizim olduğunu, əslində Ermənistan tərəfindən işğal edildiyini və orada misli görünməmiş qətliam törədildiyini rəsmi şəkildə etiraf etmək istəmirdilər, bunu açıqcasına bəyan etməyə ürək eləmirdilər. Bəli, bir çox ölkələrin ali məclisləri, dövlət və hökumət orqanları, bəzi beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanımaq istiqamətində ciddi sənədlər qəbul ediblər. Lakin, bunlar heç də bir tendensiya halına gəlməyib, bir ənənə şəklini almayıb və çox ciddi çalışmalar, əziyyətlər bahasına başa gəlib. Əksər hallarda ciddi beynəlxalq dairələr, demək olar ki, hamı bizi çəkindirməyə, ovutmağa, sakitləşdirməyə, başımızın altına yastıq qoymağa çalışırdı. Ermənilər isə bu qədim Azərbayvcan şəhərinə tamamilə yiyələnərək adını dəyişmiş, qətlıiam gecəsində yandırdıqları, ondan sonra isə çapıb-taladıqları ata yurdumuzu sonradan öz dədələrinin malı kimi məskunlaşdırmağa başlamışdılar və xeyirini, bəhrəsini də kifayət qədər yaxşı görürdülər.

 

Haşiyə. “Dədələrinin malı kimi” dedim, yadıma bir məsələ düşdü. Xocalı qan gölündə boğulana qədər ayrıca rayon yaradılması və rayon mərkəzinə də şəhər statusu verilməsi ilə əlaqədar yaranmış ən əsas vəzifələrə erməni ilə qohumluğu olanlar təyin edilmişdi. Yüksək vəzifəlilərdən kiminin arvadı, kiminin anası, kiminin də qaynanası erməni idi. Elə bu da erməni vandalizmi təmsilçilərinin bəzilərinə imkan verirdi ki, Xocalıda qalan bəzi əmlaka öz qohumunun malı kimi yanaşıb oğurluğuna “legitimlik” donu geyindirə bilsin.

Mən özümü millətçi hesab etmirəm, insanlara da onların milliyyətinə görə yanaşmanın tərəfdarı deyiləm. Ailə məsələsində də başqalarının işinə qarışmağı yaramazlıq hesab edirəm. Kimin hansı millətin nümayəndəsi ilə ailə qurmalı olduğunu isə həmin insanın öz hüququ sayıram. Ancaq xalqın qarşısına çıxıb, yaxud KİV-də üzünü tamaşaçılara, dinləyicilərə, oxuculara tutub “Erməni çox murdar, çox iyrənc millətdir! Erməni bizim düşmənimizdir və dünyanın ən alçaq məxluqudur!” kimi sözlər işlədib, axşam evə gedəndə həmin “murdar, iyrənc, alçaq düşmən”dən olan ailə üzvünə müraciətlə “Qıvrım saçlım, mənə bir çay ver, it kimi yorulmuşam”, yaxud “Mama, yeməyə nə var, acından ölürəm” deyə müraciət edən kəsləri də başa düşə bilmirəm. Bəyəm bu ikiüzlülük deyilmi? Sən xalqa bağıra-bağıra deyirsən ki, erməni murdardır, ancaq evdə olanlar murdar deyil! Əslində bu onların şəxsi işidir, lakin, dövlətin əhəmiyyətli postlarına sahib çıxmasalar. Çünki adam rəsmən, açıq şəkildə, çəkinmədən ikiüzlülük, riyakarlıq edirsə, ondan hər cür xəyanət və saxtakarlıq gözləmək olar. Necə ki, ötən 33 il ərzində dəfələrlə bu cür xəyanətlərlə üzləşdik, o cümlədən Xocalıda da… O cümlədən Xocalı məsələsində də…

 

Mətləbə qayıdaq. Hazırda isə situasiya bir qədər başqa cürdür. Xocalıda da başqa yerlərdə olduğu kimi Ermənistan işğalçılarının və Qarabağa gəlmə separatçıların istədikləri kimi meydan sulaması daha əvvəllər olduğutək mümkün deyil. Azərbaycan son 33 ildə ilk dəfə olaraq düşmənə öz gücünü necə lazımdır göstərib. Azərbaycanın rəşadətli ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın işğal altında olan əksər məntəqələrini misilsiz bir döyüş şücayəti ilə azad edib. Üç rayonumuz isə 10 noyabr bəyanatının şərtlərinə əsasən döyüşsüz geri qaytarılıb. Hazırda Rusiya sülhməramlılarının bilavasitə nəzarəti altında olan hissəyə isə hələlik əlimizin çatmaması bizim üçün müvəqqətidir. Mən əminəm ki, proses davam etdikcə yavaş-yavaş hazırda müşkül kimi görünən bütün məsələlər həllini tapacaq. Xocalı hava limanı məhz AZAL-ın rəhbərliyi altında fəaliyyət göstərəcək. Xankəndi bölgənin ən iri şəhəri və inkişaf etmiş bir mərkəz kimi məhz Azərbaycan Respublikasınıən inzibati-ərazi bölgüsü çərçivəsində yeni həyata başlayacq. Hazırda sülhməramlı koningentin nəzarəti altında olan bütün bölgələr məhz ölkəmizin tərkibində və məhz Azərbaycan manatının “əhatə dairəsində” inkişaf etməyə, çiçəklənməyə başlayacaqdır. O cümlədən Xocalı rayonu və Xocalı şəhəri də. Məhz buna görə də mən Xocalını artıq azad olunmuş hesab edirəm. Ən azı azadlığının bünövrəsi qoyulmuş və hazırda digər işlərinin davam etdiyini düşünürəm.

 

Yuxarıdakı fikrlərimə qayıdaraq onu da qeyd etmək istəyirəm ki, əgər indiyədək biz Xocalının Ermənistanın işğalı altında olduğunu deyir və dünyadan da buna adekvat münasibət umurduqsa, bu gün artıq bilirik ki, Xocalıda hazırda erməni varsa da yalnız bölgədəki Rusiya qüvvələrinin hesabınadır və bunun da vaxtının başa çatacağı aydındır. Əgər indiyədək dünya ölkələri, beynəlxalq təşkilatlar bölgənin erməni əhalisinə qarşı güc tətbiq etməyin, məsələni müharibə yolu ilə həll etməyin və dolayısı ilə ərazimizi işğaldan azad etməyimizin əleyhinə idilərsə, 44 günlük Vətən müharibəsindən sonra artıq problemin o şəkildə qoyuluşu gündəlikdən çıxıb. İndi dünya üçün də, bizim üçün də, əks tərəf üçün də əsas faktor bölgədə Rusiyanıən mövcudluğu məsələsidir və Rusiyanın burada olması faktının özü açıq şəkildə sübut edirki, Xocalı da daxil olmaqla bütün haqqında söhbət gedən ərazilər məhz Azərbaycanındır və tez, ya gec tamamilə Azərbaycanın suverenliyi çərçivəsinə də daxil ediləcək.

 

Ona görə də ürəklə deyə bilərik ki, bu yazı Xocalı azad ediləndən sonra ilk yazımızdır və indi bir çox vətəndaşımıza dumanlı görünən bu məsələ tezliklə tamamilə aydınlaşaraq tam reallığa çevriləcək.

 

Xatın, Xirosima, Xolokost, Xoca-Arık, Xocalı…

Kərim Kərimli

(Ardı var)

Happy
Happy
0
Sad
Sad
1
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş