Bəyməmməd Quliyev: “Artıq xocalılar Xocalıya qayıdacaqları günə hazırlaşırlar”

0 0

Birinci Qarabağ savaşları zamanı torpaqlarımızın müdafiəsi uğrunda yüzlərlə şəhid vermiş xocalılar igid oğul və qızların hünərləri ilə daim fəxr edirlər.

Aylarla düşmən mühasirəsində köməksiz qalan xocalılar mübarizliyi, döyüşkənliyi ilə torpağa nə qədər bağlı olduqlarını göstərdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım törətdilər. Ancaq xocalılar düşmən önündə əyilmədi, sona qədər mərdliklə mübarizə apardılar. Baxmayaraq ki, mənfur düşmən Xocalını yer üzündən sildi, lakin xocalılıları sonuncu nəfərinə kimi məhv etməyi bacarmadı. Bu gün də xocalılılar erməni vandalizminin ifşasında var qüvvələri ilə iştirak edir. Bəli, xocalılılar da “Dəmir yumruq”la düşmən başına ağır zərbə endirənlərin sırasında öz sözlərini dedilər, qisaslarının alınmasında öz güclərini, qeyrət və vətənpərvərliklərini göstərdilər.

        2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 30 ilə yaxındır düşmən tapdağı altında inildəyən torpaqlarımızın həsrətilə yaşayan, səbri tükənmiş bir xalqın ən böyük arzusu, müqəddəs haqq savaşı oldu. Bu haqq savaşının sonunda qələbə qazanan  Müzəfər Azərbaycan Ordusu öz gücü, məharəti ilə bütün dünyanı heyran etdi. Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz bizim yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildilər. Məhz, onların sayəsində qələbə sevincini, qürurunu yaşayırıq.

        Xocalı da neçə-neçə qəhrəmanlar, mərd oğullar yetişdirib. Öz dədə-baba torpağını görməyən Xocalı gəncləri qəhrəman oğullarımızın döyüş yolundan ilhamlanaraq Vətən müharibəsinə könüllü yazıldılar. Xocalı igidləri qəhrəmanlarımızın şərəfli döyüş yolunu davam etdirməyi özlərinə borc bildilər. Vətənpərvər oğullarımız torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda, həm də şəhidlərimizin qisasını almaq məqsədilə döyüşlərə qatıldılar, öz şücaətlərini göstərdilər. Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Xocalı rayonundan olan döyüşçülər şəhidlik mərtəbəsinə ucaldılar.  Bu müharibədə şəhidlik mərtəbəsinə ucalan səkkiz  xocalı balasının da məzarı müqəddəs ziyarət yerimizə çevrildi. 44 günlük müharibədə Xocalı rayonundan qazilər də oldu.

       Hələ Xocalının özündə ikən həmrəy olan xocalılar köçkünlük illərində də respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmaqlarına baxmayaraq, daim bir-birilərini axtarıblar, xeyir-şərdə bir yerdə olublar. Xocalı müsibətini yaşayan sakinlərimiz qisasımızın alınması üçün, torpaqlarımızın işğaldan azad olunması uğrunda əsl vətəndaş kimi arxa cəbhədə fədakarlıqları ilə xalqımızın birliyini bir daha təcəsssüm etdirdilər.

        Xocalı soyqırımından 29 il ötsə də, onun yarası heç  vaxt qaysaqlamır, ağrısı-azarı səngimir, soyqırımın müsibətləri daim ürəkləri parçalayır. Hər fevral ayı gələndə xocalılar üçün sanki həmin müsibətli günlər yenidən qayıdır. Ancaq Vətən müharibəsində  şanlı, müzəffər ordumuzun düşmən üzərində qələbəsindən və Xocalı qatillərinin məhvindən sonra xocalıların üzünə sevinc, qəlbinə fərəh gəldi. Xocalı müsibəti Xocalıya qayıdarkən səngiyə, şəhidlərimizin ruhu o zaman şad ola bilər. Biz bu amalla daim dövlətimizə, ölkə başçısına sadiq olmuşuq. İnamımız, müqəddəs arzumuz gerçəkləşir. Zəfər günündə bəşər tarixində ən ağır faciəni yaşamış xocalıların ilk ziyarət yeri şəhidlərimizin ruhlarının əbədiləşdirilməsi üçün ucaldılmış abidələr oldu. Hər dəfə faciəmizi yad etmək üçün getdiyimiz abidələr önünə bu dəfə həm də qələbə müjdəsini çatdırmaq üçün tələsdik. Artıq xocalılar ədalət rəmzi olan Xocalıya qayıdacaqları günə hazırlaşırlar.

 

Bəyməmməd QULİYEV,

Xocalı rayonunun Kosalar kənd sakini,

təqaüdçü müəllim

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş