Əvəz Həsənov: “Şuşaya çatıb maşından düşəndə ayaqlarım yerimirdi”

0 0

“Azad Şuşa”dan: Şuşa və digər rayonlarımız işğaldan azad olunandan sonra ürəklərdəki qəm-kədər, həsrət və nisgil şəlalə kimi çağlayan sevinc və qürur hissi ilə əvəz olundu. Həyatımız elə bil ki, yenidən mənalanmağa başladı.

Məlum məsələdir ki, Azərbaycan xalqı ötən 30 il ərzində torpağını azad etmək eşqindən bir an da əl çəkməmişdi. Və bu Böyük Eşq bizi Qələbəyə apardı.

Ancaq ötən illərdə də, Şuşa işğalda olduğu müddətdə də xalqımızın ayrı-ayrı nümayəndələri daim müxtəlif üsullarla doğma Vətənə can atıb. İmkan düşəndə isə hətta ziyarət edənlər də olub.

Onlardan biri də tanınmış hüquq müdafiəçisi, konfliktoloq və politoloq, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovdur. Əvəz müəllim uzun müddət hərbi əsirlər, girovlar və itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olan Beynəlxalq İşçi Qrupun (BİQ) həmsədri kimi həmin kateqoriyadan olan şəxslərin axtarışı ilə məşğul olub. Elə bu səbəbdən də dəfələrlə işğal altında olan bölgələrimizə, o cümlədən də Şuşaya səfər edib.

Əvəz müəllimin həmin səfər təəssüratlarından yaranan xartirələrinin bir qismini oxucularımıza təqdim edirik.

 

 

2000-ci ilin fevral ayı idi. Bakıda bir görüşə dəvət almışdım. Bu görüşdə uzun müddətdir ki, tanıdığım rusiyalı hüquq müdafiəçisi, almaniyalı və gürcüstanlı ekspertlərin mənimlə sülhyaratma mövzusunda söhbət aparacağından xəbərdar idim. Uzun söhbətdən sonra mənə təklif olundu ki, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı, əsir və girovların azad olunması üzrə hər üç ekspertin təsis etdiyi Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə əlaqələndiricisi olum. Təbii ki, məcburi köçkünlər və itkin düşmüş şəxslərin ailələri ilə iş mənim üçün yeni deyildi. 1993-cü ildən ictimai fəaliyyətlə məşğul olmağa başlayandan işlədiyim əsas auditoriya məhz bu kateqoriyadan olan insanlar idi. Lakin, işin məsuliyyətini, problemin ölkə və münaqişədə olan tərəflət üçün nə qədər aktual olduğunu, həmin şəxslərin qohumları ilə işin nə qədər ağır olacağını bildiyimdən bu təklifə sevinmədim. Başa düşürdüm ki, bu fəaliyyətə başlayandan sonra daha mənim həyatım əvvəlki kimi olmayacaq.

Bu təklifə razı olmağımı ailəmə necə deyəcəyimi götür-qoy edirdim. Həyat yoldaşım eşidəndə, “bu elə sənin gördüyün işlərdir” deyib tərəddüdlərimi yox etmək istəmişdi. Məsələni anama necə deyəcəyimi isə fikirləşirdim ki, bir həftədən sonra Beynəlxalq İşçi Qrupun həmsədri Bernhard Clasendən məktub aldım ki, bizim regional görüşümüz keçiriləcək və artıq növbəti səfəri Yerevan və Xankəndinə edəcəyik. Daha fikirləşmək üçün vaxt yox idi. Anama növbəti dəfə Tbilisidə konfransa dəvət olunduğumu dedim.

 

Beynəlxalq İşçi Qrupun üzvləri Tbilisidə

 

Tbilisidə qrupun üzvləri ilə görüşümüzdən sonra səhəri gün Yerevana yola düşdük. Ermənistanda heç vaxt olmamışdım, ümumiyyətlə uşaq vaxtı belə oraya səfər etmək şansım olmamışdı. Amma, münaqişə ilə məşğul olduğumdan ermənilərlə görüşlərdə çox olurdum və oraya səfər məndə ciddi təəccüb doğurmurdu. Orada çox ağır görüşlərimiz oldu. İtkin düşmüş şəxslərin qohumları, ailə üzvləri ilə görüşdük, onların arqumentlərini dinlədik, əsir və girovların məsələləri ilə məşğul olan dövlət rəsmiləri ilə görüşüb axtardığımız itkin azərbaycanlılar haqqında məlumatları dəqiqləşdirmək üçün uzun görüşlər apardıq.

Ən maraqlı sürpriz isə ertəsi gün idi. Biz səhər tezdən Qarabağa yola düşməli idik. Yol boyu həmsədrlərlə eyni maşında görəcəyimiz işlər, görüşəcəyimiz adamlar, Azərbaycan tərəfində rəsmilər və qohumlardan itkin düşmüş şəxslər haqqında bizə verilən məlumatları müzakirə edirdik. Ancaq, mənim fikrim Qarabağda idi. Biz Zabux qəsəbəsinə çatanda artıq yollar tanış idi. Müharibəyə qədər bu yolları görmüşdüm. Kəlbəcərdən bu yolla Qubadlı və ordan da aran rayonlarına getmişdim. Lakin, Zabux qəsəbəsində qoyulmuş buraxılış məntəqəsini keçəndən sonra hiss etdim ki, nəsə ağır bir yük məni aşağı dartır. Laçın şəhərindən çıxandan sonra üzü Qarabağ istiqamətində hər şey mənim üçün yeni idi. Qarabağda heç zaman olmamışdım. Təbii ki, xəritəsini, yollarını, şəhər və kəndlərini əzbər bilirdim. Amma, oxuduqların və şəkillərlə bildiyin  reallıqda gördüyündən tam fərqlidir.

Təsəvvür edin ki, hər zaman haqqında danışılan, hər kəsin cənnət kimi təsəvvür etdiyi məkana düşmüsən, ətrafda dağılan evlər, talan edilən kəndlərin fonunda sən cənnəti yox, dağılmış talelər və xarabazara çevrilmiş yurdları görürsən.

Xankəndinə qaranlıq düşəndə çatdıq. Yol boyu gördüyüm mənzərələr içimdə qəribə hisslər yaratmışdı. Ümid edirdim ki, səhər açılanda Şuşaya planlaşdırılan səfərdə könül rahatlığı tapacam. Şuşaya nahardan sonra qalxdıq. Yol boyu Şuşanı xəyallarımda canlandırmaq istəyirdim. Şuşa haqqında sovet dövründə çəkilən bir sənədli filmə baxmışdım, Şuşanın yollarını və şəhərin küçələrini elə filmdə olduğu kimi xoşbəxt təsəvvür edirdim.

Şuşanın dağılmış yolları ilə qalxdıqca məni nələr gözləyəcəyini başa düşməyə başlayırdım. Xan qızı bulağının yanına çatanda maşınımız dayandı. Həmkarlarım bütün yol boyu arxaya boylanıb mənim reaksiyama baxırdılar. Maşından düşəndə hiss etdim ki, ayaqlarımdan daş asılıb. Yeriyə bilmirdim.

(Ardı var)

 

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş