Hər gün bir qəhrəman doğulur – Pərviz Məmmədov

2 0

Bu gün martın 25-i 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən birinin – Pərviz Məmmədovun ad günüdür. “Azad Şuşa” igid döyüşçünün qısa, lakin mənalı və şərəfli ömür və döyüş yolu barədə məlumatı hörmətli oxucularına təqdim edir.

Məmmədov Pərviz Şakir oğlu 25 mart 2001-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 2007 -ci ildə İsrafil Şahverdiyev adına Laçın rayonu Ağanus kənd tam orta məktəbinin 1-ci sinfinə getmidir. Bir qədər sonra orta təhsilini Şuşa şəhər 18 nömrəli tam orta məktəbində davam etdirmişdir. 2018-ci ildə həmin məktəbi bitirmişdir.

O, 2 aprel 2019-cu ildə Azərbaycan Ordusu sıralarında hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə atılmış, 29 sentyabr 2020-ci ildə Füzuli – Cəbrayıl istiqamətində “Nügzar postu”nda qəhrəmancasına şəhid olmuşdur.

Pərviz hələ uşaq yaşlarında idmanın kikboksinq növünə böyük maraq göstərmiş, dəfələrlə müxtəlif yarışların qalibi olmuşdur.

Doğmalarının və döyüş yoldaşlarının dediyinə görə Şuşanı görmək Pərvizin ən böyük arzusu olub.

Əslən Şuşa rayonunun Turşsu kəndindən olan Pərvizin atası Şakir Məmmədov da Qarabağ qazisidir. O, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində qabaqca könüllü olaraq, sonra isə Şuşa rayon Polis Şöbəsinin əməkdaşı kimi Şuşadan Tərtərədək bütün cəbhə boyu döyüşlərdə iştirak etmiş və dəfələrlə yaralanmış, lakin yenə də ön xəttə qayıtmışdır. Elə Şuşa polisinin sıralarından da yaşa görə pensuiyaya çıxmışdır. Hazırda ailəsi ilə məcburi köçkün kimi Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmışdır.

Şəkildə: Pərvizgilin Şuşa rayonunun Turşsu qəsəbəsindəki evlərindən bir kadr.

 

Bu yazını hazırlayarkən şəhid qardaşımız qəhrəman Pərvizin atası Şakirin qardaşıoğlu, I Qarabağ müharibəsinin fəal iştirakçılarından biri, hazırda Bakıda fəaliyyət göstərən Şuşa rayon Turşsu qəsəbə Musiqi məktəbinin tar müəllimi Amil Məmmədovun da fikirlərini öyrəndik.

– Pərviz nəslimizin iftixarıdır, – Amil müəllim dedi. – Ancaq mən ona təkcə bizim qəhrəman kimi yanaşmıram. Bəli, mən, əlbəttə, fəxr edirəm ki, bizim Şuşamızın, Turşumuzun Pərviz kimi oğlu var. Fəxr edirəm ki, əmim Şakirin özü kimi oğlu da Vətən yolunda sinəsini düşmən qarşısında sipər elədi. Siz də yaxşı bilirsiniz ki, bu ailənin üzvləri lap ilk günlərdən Vətən yolinda çarpışıb və igidlik göstıəriblər. Ancaq Pərviz Məmmədov II Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq, torpaqlarımızı işğaldan azad edərkən şəhid olmaq ehtimalının çox böyük olduğunu bilərək, döyüşlərə atılaraq igidlik göstərən və Azərbaycanın ölməz şəhidlərindən birinə çevrilərək özü özünə abidə qoyan unudulmaz şəxsiyyətlərdən biridir. Biz onun özünü də çox sevirdik, xatirəsi də bizim üçün çox əzizdir…

Qeyd edək ki, Pərvizin daha bir əmisi – Qarabağda vaxtilə hamının qəhrəman kimi tanıdığı, yağıların tük saldığı Tahir Məmmədov da Şuşa uğrunda mübarizədə misilsiz xidmətlər göstərmişdi. Təəssüf ki, Tahir müəllim 2000-ci ildə avtomobil qəzasında dünyasını dəyişdi…

Bu gün şəhidimiz Pərviz Məmmədovun ad gününü kədər qarışıq fərəhlə qeyd edirik!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə igid döyüşçü Məmmədov Pərviz Şakir oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Onun bunlardan başqa daha iki mükafatı da var: – Ölməzlik və ümumxalq məhəbbəti!!!

“Azad Şuşa”

Happy
Happy
0
Sad
Sad
6
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş