Cənnət Ağdamın cəhənnəm xarabalıqları

0 0

“Azad Şuşa”dan: Ağdam işğaldan azad olunan gündən indiyədək ötən 5 ay ərzində bu mövzuda çoxlu yazılar yazılıb, oraya səfərə göndərilən arifdən naşıyadək çoxsaylı jurnalist və ictimaiyyət nümayəndələrinin xeyli reportajı və müsahibəsi dərc edilib. Oxucularımıza təqdim etdiyimiz bu yazı da həmin sıradandır, amma sıradan deyil…

 

Şah bulağın suyu, qarışqaların açdığı yol, danışan şəhid daşlar
Müqəddəs Ramazanda Ağdam ziyarəti
Yevlağı keçirik, Bərdəyə doğru Qarabağın ilıq havası vurur adamı.
Qarabağ həyatım, varlığımdır bil,
Ağdam bir gözümdür, Bərdə bir gözüm.
İki söz yaddaşım qurban sadağa,
Ağdam ilk sözümdür, Bərdə son sözüm.
Əli adlı şairin bu misraları qulaqlarımda səslənir, həm də muğam üstündə Firuz Səxavətin ifasında. Qarabağlılarda belədir, faciəni də, sevinci də musiqi üstündə yaşayarlar.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkil etdiyi media turla Ağdama gedirik. Qəzet və televiziya jurnalistləri, ümumilikdə, 42 nəfərlik heyətlə.
Anadır arzulara hər zaman Qarabağ
Bərdəni keçəndən sonra yoldaşlar sürücüyə dümdüz sür deyirlər, bu yol həm də Şuşaya aparır. Şuşa, Ağdam deyəndə dodaqlarımız beş yerdən çat verərdi dərdin ağırlığından, həsrətdən. İndi dümdüz yol Ağdama, ordan da Şuşaya aparır. O düz yolu necə gedə bilməmişik bu 28-29 ildə?.. Ağdam uzun müddətli döyüşlərdən sonra 1993-cü il iyulun 23-də işğala məruz qaldı. Ona qədər çox mübarizə apardı, çox yurdundan didərgin düşənlərə yurd yeri, çox əlacsızlara əlac, müharibənin ağuşuna düşənlərə ümid yeri oldu. Ağdam düşmən qarşısında dayanmırdı, döyüşürdü, düşməni yerində oturdurdu. Qarabağı zorla qana çalxamışdı düşmən. Bunlar artıq arxada qalıb, indi qələbə qazanmışıq. Yurd yerlərimizi azad etmişik. Ağdamı da həmçinin. 2020-ci ildə işğaladan azad edilən həmin Ağdamadır yolumuz.
Ağdamlı həmkarlarımız oturduqları yerlərdən qalxıb avtobusun içində ayaq üstdə qalıblar. Hamısı öz evini, həyətini, məktəbini görmək ümidindədir. Ağdamda daş üstündə daş qalmadığını bilirlər, amma gözlərdə yenə nə isə bir işarə görərik deyə ümid qığılcımları yanır.
Şəhid daşların qınağı
Kimsə deyir ki, Qərvənd kəndinə çatmışıq. Getdiyimiz yol həmin kəndin içindən keçir. Ətrafa acgözlüklə baxırıq, burda nə vaxtsa kənd olduğunu yalnız boş sahələr boyu dağılmış daşlar xəbər verir. Sökülmüş evlərin qırıq-qırıq edilib səpələnmiş daşları. Buraları bu qədər daşdan təmizləmək nə qədər vaxt tələb edər. Təmizləmək gərək olacaq, çünki bu saysız-hesabsız daş parçaları torpağa qarışdırılsa torpaq daşlaşar. Bu şəhid daşları yığıb onlardan dağ silsiləsi düzəltmək olar.
Baş Qərvənd çox böyük kənd imiş. Görənlər deyir ki, inkişaf etmiş, həm də varlı kənd idi. Evlərin qalıqlarından da bilinir, çoxdur.
“Kümbəz” restoranın yanından keçirik. Yaxşı balıq verərmişlər bu restoranda. Ağdamlı səfərdaşlarımız danışırlar ki, filan vaxt orda filankəslə oturub yaxşı yeyib-içmişik. Restoranı təsvir edirlər-belə böyük kümbəz formasında daş bina idi. İndi yerində daş qırıqları qalıb.
Bayaq keçdiyimiz postda bir-bir kimliyimizi yoxlayan polis bərk-bərk tapşırıb ki, yoldan kənara çıxmayın. Yalnız traktorun izi olan yerlərə ayaq basa bilərsiniz, xam yerlərə girməyin. Bir nəfər də bələdçi qoşdular bizə. Avtobusun qabağında maşınla gedir. Arabir düşüb avtobusun qabağında dayanıb bizə ətrafda gördüklərimiz barədə ətraflı məlumat verir. Əslində ətrafda görünənlər özləri çox məlumat verir. Məsələn, daşlar dil açıb danışır ki, insanabənzər məxluqlar, yox, dilim çaşdı, o məxluqlar insana bənzəmirdilər, onların: “Törətdiklərinin nəticəsində böyük, hündürmərtəbəli, geniş binalardan yalnız biz qalmışıq. Çox çalışdılar bizi yıxmaq, dağıtmaq, izimizi də itirmək üçün. 28 il qırıb-dağıtdılar, daşıdılar. Heç bir daş dözməzdi, biz dözdük”. Arada bizi də qınayırdılar o daşlar – niyə, illərlə bizi düşmən ümidinə buraxdınız? – deyə ərkyana qınaqla soruşurdular. Bələdçimiz ağdamlı Zülfü Qasımov isə indi görünməyən keçmişdən bəhs edir, Ağdamın abad günlərini təsvir edir.
Ot boy atıb hər iki tərəfdə dağınıq çay daşları yamyaşıl otların arasında qalıb. Yarıuçuq divarların daşları göz yaşları içində bizi qarşılayırdı. O göz yaşları sevincdən olsa da, lap dərinlikdə itməyən kədərin üstündən gəlir: “Bizi görün nə günə qoyublar, bir qolumuz yarıdan yuxarı qalıb, biri heç yoxdur, ayağımızın biri dizdən yuxarı, biri dibindən yoxmuş kimi. Harda idiniz?..”
Qulaqbatırıcı səs
Bizim də daşları sığallayıb, sizi yenidən quracağıq – demək keçir fikrimizdən, amma hələ də onlara yaxın durub sığal çəkə bilmirik. ARMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) əməkdaşları başımızın üstündə hər dəqiqə xəbərdarlıq edirlər, cığırdan çıxmayın. O uçulmuş-sökülmüş, daşları danışan evlərlə bizim aramızdan qırmız xətt keçir.
Dedilər ki, indicə bir minaaxtaran, baş leytenant minaya düşüb. Yeganə peşə sahibləridir ki, bircə dəfə səhv edirlər, o da həyatları, ən yaxşı halda hansısa orqanları bahasına başa gəlir. Ağdamı minadan təmizləyənləri adam qucaqlayıb öpmək, Allah qorusun demək istəyir. Necə ki, 44 günlük müharibəmizdə döyüşçülərimizi uca tuturduq, indi minaaxtaranları da o ucalığa çəkmişik.
Gözlərimiz qarşısında tank əlehinə minanı zərərsizləşdirdilər.
Partlatdılar yəni. Xəbərdarlıq olunduğu üçün gözlədiyimizə rəğmən qulaqbatırıcı səsdən hamımız diksindik. Görün, döyüşçülər nə yaşayıblar. Ona görə də hamıdan ucada təbii ki, bu torpaq uğrunda şəhid gedən oğullarımızdır. İndi onların qanlarından qızıl lalələr bitib Qarabağda.
Uzundərə yoluna çathaçatda yolun iki tərəfi qıp-qırmızı lalələrə bülənd olub. Yaşılla qırmızının qarışığı müqəddəs bayrağımıza bənzəyir.

Lalədən don geyib çəmənim-düzüm
Ağdam bir gözümdür, Bərdə bir gözüm.
Uzundərə yolu
Burda da Qulunun şeiri düşür yada. “Bəxtəvər daşın başına” deyən Qulu Ağsəsin bəxtəvər başına. Elə bir jurnalist yoxdur ki, Ağdamdan reportajında onun bu şeirindən sitat gətirməsin:
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..
Demək, Uzundərə bura imiş, enirsən aşağı düşürsən uzundərəyə, çıxırsan Ağdama.
“Bu Kötəl çayıdır. Burdan şəhər başlayır, Tofiq İsmayılov prospektidir. Burda Hadının oğlunun benzindoldurma məntəqəsi vardı. Bura “aqrokimya”dır. Solda yeni evlər idi, hamısı ağ daşdan tikilmişdi. Hə, 640 evlik yeni qəsəbə idi. Burda yarmarka vardı. Arxadakı Dəmiryol vağzalıdır”. Ağdamlılar belə şərh verirlər. Ətrafda hara haradır, bilinmir. Amma onlar xatırladıqları, hansısa bənzərtidən, işarədən tanıdıqları yerləri bizə nişan verirlər.
“Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlu Bakıdan alma ağacı gəitrib özü ilə. Deyir Ağdam məscidinin həyətinə əkəcəm. Yolüstü evlərinin axtarışına çıxdı, çətinliklə tapdı, gözlərindən yaş sel verib axdı. “Mən nə şəkli çəkib aparıb anama göstərim. Deyib evimizin şəklini çək gətir. Nə deyim, nəyin şəklidir deyim…” – özlüyündə özələnir. Elə bil, Tanrıdan soruşur.
Məscidin həyətində Nicat alma ağacını əkdi torpağa. Hərbiçilərimiz söz verdilər ki, onu qurumağa qoymayacaqlar, içdikləri sudan ona da verəcəklər. Su hövzələri də dağıdıldığından su tapılmır buralarda.
Hamı ümid edir ki, onun evi salamatdır, bəlkə, heç olmasaa, nə isə nişanə qalıb evindən. Qalmayıb, heç bir nişanə qoymamaq olub məqsədləri.
Məscidin həyətindəki it, yaxud danışan əşyalar
Ağdamın mərkəzində, məçidin həyətində bir it gördük. Yazıq it ayaq üstündə quruyub, qarşımzıa elə yüyürdü ki, illərin acı və insan həsrətlisi kimi. Qızlar ona bulka, çörək atdılar, yedi, yenə gəlib qarşımızda əllərini uzadıb yalmandı. Görəsən, bu it Ağdamda əvvəldən olandır, yoxsa işğalçılarla gəlib? Nə fərqi var, Allahın heyvanıdır, amma psixologiyası pozulub haldan-hala düşməkdən. Daşa da zülm edən, məzarlqları dağıdıb insan sümüklərini çıxardıb işgəncə verən məxluqlar görün itin başına hansı oyunu açıblar. Talesiz, sahibsiz heyvan…
Məscidin minbərindən baxırsan, ucu-bucağı görünməyən dağıntı… “Xarabalıq” deməyə dilim gəlmir. Faşizmin dağıtdığı Varşavanın şəkilləri yada düşür.
Hansısa xarici jurnalist yaxşı ifadə edib bu görüntüləri – Qafqazın Xirosiması.
Hardasa gözə həyat işarətləri dəyir. Məsələn, pas atmış dəmir çəlləyin üstündə parçadan geyilmiş, köhnə qadın ayaqqabıları var. Bizim ayaqqabılara oxşayır. Kişi gödəkçəsi isə onları xatırladır – düşməni.
Uçulmamış yeganə divara qolovanı ilə söykədilmiş at arabası kimə məxsusluğu barədə “susur”. Avtomat telefon aparatı bizdən qalmadır. Nar ağacının üstündə qurumuş narlar da bizdən bizə xəbər verir. Məzarlığın yerində salınmış yeni nar bağı isə adama çox yad gəlir.
Məzarlıq demiş, məzarlıq əvəzinə, cəmi beş-altı məzarın təxmini yeri müəyyən edilib nişan qoyulmuş məkana ziyarətə dönürük. Burda milli qəhrəman Allahverdi Bağırov dəfn edilib. Yanında başqa bir qəhrəmanın da məzarı varmış, onu da bərpa ediblər. Bərpa ediblər deyirik, amma yerin altı üstünə çevrilibsə…
Bu yerdə əsasən ermənilərin soyqırım etdikləri xocalılar dəfn olunubmuş. Məzarlarını da soyqırım edib düşmən. Məzarı da onlara çox görüb.
Nə göyündə quş uçur, nə torpağında qarışqa gəzir.
“Vətən səsi” adlı qəzetin baş redaktoru Elşən Əliyev deyir uşaq xəstəxanasına çatırıq: “Bu yol vaxtilə iki tərəfli olub, ortasında da park. Sağ tərəfdə doğum evidir, ardınca da uşaq xəstəxanası. Bizim uşaqlar hamısı burda dünyaya gəlib”.
Ağdam 50 küçədən, 5 kənd sahəsi, 2 məhəllədən ibarətdir. Məhəllələr 2 nömrəli və 81 nömrəli. 81 nömrəli məhəllədə 640 ev olub. Dayandığımız ərazidə 11 beşmərtəbəli bina varmış.
Axtarsan tapmazsan ərzi-dünyanı…
Gəl gəzək dünyanı belə yer hanı.
Bir vaxtlar gözəlliyini bu misralar vəsf edən Ağdamdan indi daş, dəmir qırıntısı qalıb. Nə göyündə quş uçur, nə torpağında qarışqa gəzir…
Dünyaca məşhur çörək muzeyindən bir divar qalıb, bizə keçmişindən xəbər verib, tarix danışan divar.
Ətraf dağıntıdır, amma o dağıntılartın arasında yamyaşıl otlar baş qaldırıb. Hava adamın ciyərlərini oxşayır, günəş üzümüzə gülümsəyir – bu cənnət demək deyilmi…
Yurd yerlərimiz mərdi-mərdanə dayanıb. Düşmən əlində orqanları kəsilmiş, başına müsibətlər açılıb, işgəncələr görmüş igid döyüşçü kimi dayanıb Ağdam, dim dik!
“6 nömrəli məktəb hardadır?” – soruşurlar. Zülfü müəllim daşı daş üstdə qalmayan bir tikili göstərib, bu de buradır – deyir. Araya sükut çökür.
Pənah xanın imarəti
İmarətə çatırıq. İmarətdə Pənahəli xanın iqamətgahı olub, sonra da məqbərəsi. Şuşa qalasını salan Pənahəli xan 1750-ci ildə Ağcabədinin Bayat kəndində yurd qurub. Sonra gəlib Ağdamda 1751-52 -ci ildə həmin bu sarayı ucaldıb. XVIII əsr qala divarları iki hissəlidir, evi və divanxanası. Qalanın adı da burdakı bulağın adından – Şahbulağından götürülüb. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.
Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli qala əvvəl yaşayış yeri kimi istifadə olunsa da, sonradan gözətçi məntəqəsi kimi saxlanıb. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olub. Xan dünyasını dəyişəndə burda dəfn edilib. Birinci məqbərə Pənahəli xanın, yarısı sökülmüş ikinci məqbərə oğlu İbrahim xanın, üçüncüsü nəvəsi Mehdiqulu xanın məqbərəsidir. Onlardan başqa ailədən dörd nəfər dəfn edilib. Sonuncu dəfn olunan Xan qızı Natəvan olub. Özü vəsiyyət edib ki, məni nəslimin yanında dəfn edin. Şuşadan Ağdama 38 km-dir, o qədər yolu Natavanı millət çiyinlərində gətirib, Ağdamda dəfn ediblər. Onun məqbərəsindən əsər-əlamət yoxdur. Natavanın məzarını da qazıblar. Pənahəli xanın məqbərəsini sağ-salamat saxlayıblar, amma qəbrini qazıb sümüklərini çıxardıblar.
O qədər vəhşiliyin şahidi olursan ki, dağıdılmamış bir bina, divar, yaxud kəsilməmiş ağac görəndə adam düşünür ki, görəsən, bunu niyə məhv etməyiblər? Nə fikirləri olub ki, bunu saxlayıblar – deyə düşüncəndə araşdırma aparırsan. Bu edilənlər insan əməli deyil, kəşf edilməmiş hansısa məxluqun törətdikləridir, hələ heç bir xalqın leksikonunda bu əməl ifadə edilməyib, ad qoyulmayıb buna.
Cənnət xarabalığı
“1982-ci ildən hər il ənənəvi olaraq mayın 2-də İmarətdə Natəvan qızlar bayramı keçirilib. Min nəfərin iştirakı ilə xor kollektivi Azərbaycan mahnıları ifa edərmiş. Minlərlə adam toplaşarmış həmin bayramlara. İmarətin belə günləri olub. 1989-cu ildə isə Ağdamda “Xarıbülbül” festivalı da keçirilib. Festivalda bütün orta Asiya respubilkalarından, Türkiyədən, Kanadadan, Amerikadan qonaqlar iştirak ediblər”.
Bunları bələdçimiz Zülfü dayı danışır. Düşünürsən ki, indi həmin adamları tapıb gətirəsən, göstərəsən ki, görün erməni xisləti o cənnətdən necə cəhənnəm yaradıb. Yox, o torpaqlar müqəddəsdir, şəhid qanı ilə azad edilib. Oranı cəhənnəm etmək istəyər erməni, amma edə bilməz. Tezliklə bütün Qarabağ yenə cənnətə çevriləcək, xarabalığı belə, cənnətdir. Cənnətin xarabalığı da cənnət olur. 3000 adamlıq Ağdam stadionu elə bil, hiss edir ki, sakinləri qayıdıb, tezliklə çal-çağırlı günləri geri dönəcək.
Bələdçimiz Zülfü dayı vaxtilə Ağdamda yaxşı vəzifələrdə çalışıb, amma bələdçilikdən heç bir təhsil almayıb. Di gəl ki heç bir muzeydə belə bələdçi görünməyib. O qədər sevgiylə geniş məlumat verir ki, dinləməkdən doymursan. Qarşıda hələ Şahbulağa da getməliyik, hava isə qaralmağa başlayır. Nə onun söhbətlərindən doymaq olur. Nə də Ağdamdan, Qarabağın cənnət havasından.
Ağdam dram teatrı ilə üzbəüz çinar ağacının altındakı binalardan qalan dağıntını çəkirəm videoya. Bu evlərdən birində “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yaşayıb. Ona göstərəcəm. Bu çinar ağacıdır, evinizin qarşısında olub, nədənsə saxlayıblar, amma evləriniz yoxdur.
Şahbulaq
Nələr görməyib Şahbulaq, dili olsaydı danışardı. Danışır da, eşidən eşidir. Suyu cənnət suyudur. Erməni çalışıb ki, özününküləşdirsin Şahbulağı, o adda qalanı da həmçinin, tikinti aparıb üstündə. Qalanın ruhu qırılmayıb. Elə bil, xəstə yatıbmış, indi sağalır.
Bayaqdan Ağdam ərazisində gözə dəyməyən qarışqalar Şahbulağa doğru yol alıblar, onların düzümünü tutub bulağa çıxa bilərsən, daşı ha daşı yuvalarına nə isə daşıyırlar. Həyat beləcə başlayacaq Ağdamda. İnsanlar da qarışqalar kimi dişi-dırnağı ilə yeni Ağdam tikəcəklər. Şahbulağı kimi qaynayacaq həyat Ağdamda.
Qarabağın ilıq günəşi iliklərimə qədər isitdi, ciyərlərim nəfəs aldı, torpağın, gül-çiçəyin, havanın, boyananın, yarpızın ətrini duydum. Heç yerdə bu qədər gözəl qoxumur bu sadaladıqlarım…
Şükür külünə,
şükür qayıdış gününə!
Ağdamdan qayıdırıq – kəlmənin gözəlliyinə şükür. Müqəddəs Ramazan günlərində qan bahasına geri aldığımız Qarabağa səfər etmək müqəddəs yerləri ziyarətdir.
Ziyarətimz qəbul olunsun, şəhidlərimizin ruhları şad olsun.
Ramilə Qurbanlı
“Azərbaycan”
Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

21 thoughts on “Cənnət Ağdamın cəhənnəm xarabalıqları

Comments are closed.