İçimdəki, gözümdəki məzarlara and olsun…

0 0
Kərim Kərimli

Xocalının qanı hopan…

 

Xocalıya, “Xocalı gecəsi”nə aid parçasını burada təqdim etdiyim “Dostlar, mənə xəbər edin!” adlı iri həcmli şeiri mən 44 günlük Vətən müharibəsi başlayandan 6 il qabaq yazmışdım. Bu gün Xocal günüdür. Artıq Azarbaycanın rəşadətli ordusu işğal altında olan yurdlarımızı azad edib. Hələlik əlimiz çatmayan yerlərin ayrılığı isə müvəqqətidir. O cümlədən də Xocalının… Amma andımız yenə də qüvvəsindədir. Vətən nə zaman çağırsa hər bir azərbaycanlı hazır əsgərdir!

 

…Xocalının qanı hopan
Qırmızı yerə and olsun!
Basdırılan topa-topa
Kəfənsiz gora and olsun!
Xocavənddə əlil, xəstə,
Diri-diri, dəstə-dəstə
Tonqallarda yandırılan,
Quyulara doldurulan
Qocalara, cavanlara,
Xocalıda yanıb qalan,
Qol-qanadı sınıb qalan,
Meşələrdə itən, batan,
Qar içində donub, “yatan”,
Gəlinciyi mərmi olan,
Mərmi boyda qəbri olan,
O körpəcə fidanlara,
Dərələrdə dizin-dizin
Sürünərək üzün-gözün
Orda qoyub gələnlərə,
Balasına məzar üçün
Buzu oyub gələnlərə,
Əl-ayağın qara şumda,
Gədiklərdə, aşırımda
Qazıb, əkib gələnlərə,
Mərmilərə, süngülərə
İçin töküb “gələn”lərə,
Beş övladla evdən çıxıb,
Bura sonsuz gələnlərə,
Adsız, sansız gələnlərə,
Ac canavar önündəki
Qurbanlara, şikarlara,
İçimdəki, gözümdəki
Bu məzarlara and olsun!
Mən hazıram! – Bunu bilin!
Ya ağlayın, ya da gülün,
Amma “Vətən! Vətən!” – deyib,
Pencəyini yüyrək geyib,
Xocalıya gedən olsa,
Xocavəndə dönən olsa,
Dostlar, mənə xəbər edin.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş